post-title

Ədəbiyyatımızın dərgilərsiz halı

Son iki yüz ilin dünya ədəbiyyatı tarixinə baxdıqda onu dərgilərsiz təsəvvür etməyin mümkünsüzlüyü anlaşılacaqdır. Onlar yalnız yazıçı ilə oxucu arasında körpü deyildi. Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmırdı. Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik.

 

Məsələn, dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşar, qarşı görüşdə olan dərgilərin bir-biri ilə “müharibə”si ədəbi prosesə rəng qatar, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açardı.

Zaman sübut etdi ki, xüsusən Sovetlər dövründəki yaradıcı təşkilatlarla müqayisədə, çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı idi.

Məsələn, 20-ci əsr ispan ədəbiyyatının inkişafını “Helios” və “Renacimento” (“Dirçəliş”) dərgilərinin yoxluğunda necə təsəvvür etmək olar? Başda keçən yüzilin ən parlaq şairlərindən Xuan Ximenes olmaqla, bu dərgilər modernist istiqamətli şair və yazıçıların ocağı idi. Ispan şeirində və prozasında yeni bir mərhələnin başlamasına əvəzsiz xidmət göstərmişdi.
Yaxud 19-cu əsrin ortalarındakı “Provans almanaxı” dərgisini götürək. Tirajı öz dövrü üçün yetərincə yüksək olan - on minlərə çatan bu dərginin məqsədi XII-XIII yüzilliklərdə özünün çiçəklənmə mərhələsini yaşayan provans ədəbiyyatını dirçəltmək idi. Ümumiyyətlə isə ədəbi prosesə izləri uzun illər silinməyən təsir buraxmışdı.

Keçən əsrin əvvəli Fransa mədəniyyətini “Nuvel revyü fransez” dərgisinin yoxluğunda necə təsəvvür etmək mümkündür? Onun yaradıcısı isə sonralar Nobel ödülünə layiq görülmüş Andre Jid idi. 1909-cu ildə təsis edilən “Nuvel revyü fransez” fransız oxucusunu dünya şeir və nəsrinin klassikləri ilə tanıtmaqda misilsiz rol oynayan məşhur “Qallimar” nəşriyyatının meydana çıxmasına vəsilə oldu.

19-cu əsrin ortalarında Nikolay Çernışevskinin xidmətləri sayəsində ortaya çıxan “Sovremennik” jurnalının yalnız rus ədəbi, elmi fikrini deyil, ictimai-siyasi həyatını necə nüfuz altına aldığını, rəngləndirdiyini xatırlatmağa ehtiyac varmı?

Ya da “Sovremennik”dən qısa müddət sonra ortaya çıxan “Vremya” jurnalı - onun əsas əməkdaşı və redaktoru Fyodor Dostoyevski idi. “Vremya” dərgisinin missiyası “mədəniyyəti xalqın mənşəyi ilə yaxınlaşdırmaq, rus mədəni təbəqəsinin xalq kütlələrinin gizli və hərəkətsiz qalmış qüvvələri ilə birləşdirilməsi” olaraq elan edilmişdi. 19-cu əsrin ikinci yarısında rus ədəbi və ictimai fikrinə “Vremya”nın necə damğa vurduğunu qeyd etmək isə artıqdır.

Bilmirəm bu qədər fərqli nümunələr bundan sonra bundan sonra anladacaqlarımı daha dəqiq ifadə etməyə kömək edəcəkmi? Hər halda, cəhd edək.

“Füyuzat” və “Molla Nəsrəddin”

Keçən çağın əvvəllərində Azərbaycan ictimai fikrinə iki dərgi damğasını vurdu. Bir tərəfdə “Füyuzat”, digər tərəfdə “Molla Nəsrəddin”. Bəli, məncə, onları daha çox ictimai-siyasi fikir jurnalları kimi qəbul etmək lazımdır. “Füyuzat”ın ideoloji ağırlığı, “Molla Nəsrəddin”in maarifçi missiyası öz yerində. Amma hər iki jurnalın birbaşa ədəbi yükümlülüyü yox idi. Hətta “Molla Nəsrəddin”də parlayan Sabir satirası və Mirzə Cəlil realizmi belə, ona yazının əvvəlindən bəri örnək göstərdiyimiz jurnallarla müqayisədə ədəbi dərgi donu biçməyə mane olur. Ədəbi polemikalarsız, tərcümələrsiz, tənqidlərsiz, ədəbi axınların toqquşmaları olmadan bir ədəbi dərgidən necə bəhs edə bilərik?

Sovet Azərbaycanının ədəbi jurnalları

Sonrakı dövrdə - Sovet Azərbaycanı illərində hər nə qədər ədəbi dərgilərin varlığından danışsaq da, Əkrəm Əylislinin redaktoru olduğu “Azərbaycan”ı istisna etməklə bir ədəbiyyat jurnalı olaraq, ədəbi prosesə damğa vuran hadisə göstərmək çətindir. Istər “Azərbaycan” olsun, istərsə də “Ulduz” - fərq etmir, hər ikisi ədəbi dinamizmdən, rəngarənglikdən məhrum idilər.
Ən dəhşətlisi isə odur ki, bu dərgilərin Sovet illərindəki ölüvaylığını bəlkə də o dövrün hakim siyasi-ideoloji gücünün ayağına yazmaq olardı, amma gəl gör ki, müstəqillik illərində bu dərgilər daha utancverici duruma düşdülər. Ədəbi prosesə təsir gücünü bütün itirdilər, tamam psevdolaşdılar, hətta əksəriyyət indi onların varlığından xəbərsizdir. Beləliklə: bu dərgilərin zövqsüzlüyünün, mənasızlığının, bozluğunun yalnız Sovet totalitar sistemi ilə əlaqələndirməyin yanlış olduğu anlaşır. Demək, problem, həm də əsas problem - onları ortaya çıxaranların müti zehniyyətindədir, onların aid olduğu Yazıçılar Birliyinin yarandığı gündən bəri təslim olduğu kölə ruhundadır, nökərçilik xislətindədir. Zatən Yazıçılar Birliyinin yaranış səbəbini də ədəbi köləlikdən, nökərçilikdən başqa bir yerdə axtarmaq gülməli olardı.

“Alatoran” fenomeni

90-cı illərin əvvəlində qısa müddətə nəşr edilən “Yol” qəzetini istisna etsək, qosqoca bir onillik dərin boşluqdan başqa heç nə ifadə etmir. Yalnız əsrin sonlarına doğru ədəbiyyatımızda modernist cəhdlərin başlaması həmin illərin boz-bulanıq havasında gələcək üçün ümid yaradırdı. Necə ki, 2000-lərdə “Alatoran”ın meydana çıxması ilə bu ümidin boşuna olmadığı ortaya çıxdı. Bu artıq ölü nöqtədən tərpəniş idi.
Çox ağır şərtlərlə, minimum imkanlarla nəşr edilən “Alatoran”ın yalnız Azərbaycan ədəbi fikrini, ədəbi zövqünü müəyyənləşdirməkdə deyil, bütünlükdə yenilikçi düşüncənin və maarifçi ruhun topluma hakim olmasında əvəzsiz rolu vardır. Onun çağdaş şeirimizə və nəsrimizə qazandırdığı imzaları bu günədək ədəbiyyatımıza ədəbi olduğunu iddia edən heç bir qurum və jurnalın qazandırmadığına şübhəniz olmasın. Indi bu fikri həzm etmək çətindir, amma zamanla onun doğruluğuna çoxları əmin olacaqdır. Heç bir şişirtməsiz-zadsız deyirəm, “Alatoran” bir fenomendir. Onun qiymətini tarix daha layiqincə verəcəkdir.
Nə yazıq ki, “Alatoran” meydanda tək qaldı, onun rəqibləri və müttəfiqləri meydana çıxmadı. Bunda isə istədiyiniz qədər səbəblər axtara bilərsiniz - siyasi, ictimai, mədəni, sosial. Amma səbəb nə olursa olsun, belə cəhdlər olmalı idi, çünki “Alatoran” dərgi mədəniyyətinin Azərbaycana necə bir şüur inqilabı gətirəcəyini isbatlamışdı.

Mənim inamım

Yazımızın adının isə bəzilərini qıcıqlandıracağını, onlara qeyri-ciddi təsir bağışlayacağını bilirəm. Kitabın, kağız mətbuatının yerini elektron kitablara və mətbuata verəcəyindən çox danışıldığı bir dövrdə bu cür sualla çıxış etmək çoxlarına məntiqsiz görünə bilər.
Amma mən hələ də Azərbaycan kimi mədəni şüur səviyyəsinin yoxsul olduğu, çoxluğun dəyişimə mühafizəkar yanaşdığı bir ölkədə ədəbi dərgilərin oynaya biləcəyi rola inanıram. Onların varoluşu, onların ətrafında fərqli, amma hər biri tərəqqipərvər düşüncə adamlarının toplanışı, onların toqquşmaları ədəbiyyata və ədəbi prosesə nəfəs verməklə bərabər, həm də bizi çox irəliyə götürə və çağa yaxınlaşmağımıza yardımçı ola bilər.
Hətta bu haqda mübahisə açmağa belə, hazıram.

Elnur Astanbəyli

Azadlıq.az

Yuxarı