Xarici görünüş və daxili mahiyyət

Литература

 

1913-cü və ya 1914-cü illərdə - dəqiq demək çətindi - mətbuatda yazıları həddən artıq maraqlı görünən tənqidçi peyda oldu. Fikirlərini humanist şəkildə ifadə etməsiylə bərabər həm də çox bəddi şəkildə tənqid yazırdı. Yazılarından tənqidçinin geniş dünyagörüşə malik olduğu, hadisələrə həssas münasibəti isə asan həyat sürməməsinə dəlalət edirdi.  Lakin bununla bərabər optimizm, dirililik, yaxşıya doğru inam və poeziya stili hiss olunurdu.

Hərdən ona – Rendolf Borna kiçik bir məktub yazmaq keçirdi ağlımdan, amma müxtəlif səbəblərdən bunu heç vaxt etməmişdim. Zaman keçirdi, böyük vətən müharibəsi başlandı və bu dövr ərzində mən “İndianalının tətili” ("A Hoosier Holiday") kitabını yazıb çapa verdim.

Bu kitabı çapa verməmişdən öncə, yazı prosesi dövründə mənə çox təsir edən bir hadisə yaşandı. Bu hadisə noyabr və ya dekabr, bəlkə də yanvar ayında, günün qaranlıq saatlarında baş vermişdi. Mən Onuncu küçə və Altıncı avenyunun kəsişməsində yerləşən axşam məhkəməsinin yanından keçirdim. Hava qaranlıq idi, qar yağırdı və mən Altıncı avenyu tərəfə dönəndə indiyənə qədər heç vaxt görmədiyim balacaboy, qorxunc, çirkin bir karliklə toqquşdum. Onun bədəni deformasiya uğramışdı: ayaqları qısa, sinəsi geniş, qolları uzun idi, başı isə geniş və sümüklü çiyninə yapışmışdı. Bundan başqa başı inanılmaz dərəcədə boyük idi. Qarşımda duran fiqurun qorxuncluğundan sarsılmış halda dayandığımdan, onun gözlərindəki ifadəni görə bilmədim. Ancaq başının formasını və ağzının asimmetrik olmasını, böyük sifətində gözlərinin bərəlməsini və başındakı yumşaq papağı görə bildim. Qaranlıq da olsa, bu adamın zövqlə geyimi nəzərimə çarpdı.

Yanından keçəndə hiss elədim ki, içimdə yaranan naməlum hissdən bədənimdən yüngül titrətmə keçdi. Yadıma düşür ki, onun yanından bir-iki addım keçəndən sonra niyə belə ürpəndiyimi düşünüb yolumu davam etdim. Görəsən nəyə görə təbiətin bu qəribə varlığı məni qorxudaraq silkələdi? Və nəyə görə bu adama simpatiya və anlayış göstərmədən kənara çəkilmədim? Amma olan oldu, yəqin mən onu incidəcək heç nə etmədiyimi düşünüb, tezliklə bunu başımdan çıxarmağı lazım bildim. Mütəmadi olaraq mən onu tamamilə unutdum.

Bir dəfə, “İndianalının tətili” kitabı çap olunanda (1915 və ya 1916-ci illərdə)- bəlkədə üzərindən bir neçə ay keçmişdi - günortadan sonra, işlədiyim studiyanın qapısı döyüldü. Qapını açanda həmin karlikin qapının önündə dayandığını gördüm. Mən onu dərhal tanıdım və indi qapının qarşısında ona baxıb nə vaxtsa küçədə toqquşub, qəribə hisslər keçirib ürpəndiyimdən bir az utandım. Bu arada isə o məni böyük və mavi gözləri ilə süzərək, özünü təqdim etdi. Bu Rendolf Born idi və o mənimlə danışmaq istəyirdi. Mən qarşımda duran insana neçə müddət idi məktub yazmaq istədiyimi anlayanda, həqiqi təəssüf hissi keçirdim. Məni valeh edən ağlın, dərrakənin bu cür bədəndə yerləşməsini görəndə əmin oldum ki, bəzən ruh bədən ölçüsünün kiçilməsi sayəsində böyüyür, inkişaf edir. Mən ona bacardığım qonaqpərvərliyi göstərdim, kaminin yanındakı kresloya oturmağa dəvət elədim, içkiyə qonaq etdim, onun işlərinin dərinliyinə, üslubuna yüksək qiymət verdiyimi və nəhayət, belə qonağımın olmasından fəxr etdiyimi söylədim.

Özünəməxsus tərzdə kresloya əyləşib (xüsusui bədən quruluşuna görə) ayağını ayağının üstünə aşırdı və baxışları ilə məni süzməyə davam etdi. Bu an mən onun yalnız gözlərini görürdüm. Bunu nəylə izah edim - mistika, yoxsa içimdəki gizli hansısa bir hisslərin təsiri - amma birdən qarşımda kiçik insanın xarici görünüşü qəfildən itərək, iti dərrakəyə sahib, ağıllı, uzaqgörən bir insanı görməyə başladım. Biz onunla bir saat maraqlı söhbət etdik. Amerika haqqında, “İndianalının tətili” kitabımda təsvir etdiyim xalqın sosial və mənəvi inkişafından danışdıq. O öz həyat təcrübəsindən nümunələr gətirərək maraqlı fikirlər söyləyirdi. Onun sözlərinə görə o, heç vaxt kasıblıq yaşamayıb. Ailəsi prestijli əlaqələrə malik olub. Dəqiq yadımda deyil, Harvardda, Prinstonda, yaxud Yeldə universitet bitirmişdi. Universitetdə oxuduğu illərdə öz fiziki qusurlarına görə heç bir universitetin verə bilməyəcəyi həyat dərsi alıb. Acığını söyləsək, o məhz buna görə mənim yazdıqlarımı daha yaxşı anlayırdı və bunu söyləmək üçün yanıma gəlmişdi. Bizim aramızda simpatiya və qarşılıqılı anlaşma yarandı və qəribə də olsa, o söhbətdən bugünə qədər mən qarşımda balaca karlik yox, parlaq intelektinə harmonik olan hündür, güclü, möhkəm bədən görürəm.

Bu doğurdanda belə idi: ona baxarkən mən, onu ilk dəfə gördüyüm kimi təsəvvür edə bilmirəm. Mən artıq onu başqa cür görə bilmirdim. Onu müxtəlif səbəblərə görə fərqli yerlərdə görməyimdən asılı olmayaraq, hər zaman maraqlı insanların, cazibədar xanımların və bəylərin arasında görmüşəm. Onun eybəcər bədəninə  heyrətamiz təfəkkür sığışdırılmışdır və hansısa bir qüvvə bu təfəkkürün sayəsində əyri bədəni daha düzgün formaya salırdı. Sonda mən həqiqi səbəbi tapdım: insanın zəkası onun bədəninin hərəkətverici qüvvəsidir və məhz bu cür parlaq zəka onun xarici görünüşünü onu tanıyan hamı üçün möcüzəvi şəkildə dəyişdirmişdi. Bir dəfə mən onu restoranların birində, ölkənin aparıcı həftəlik qəzetlərinin baş redaktorları ilə gördüm. Başqa bir vaxt onu təqribən eyni şəraitdə hamının tanış olub söhbətləşmək istəyəcəyi üç gənc və gözəl xanımın əhatəsində gördüm. Hərdən məni kirayələdiyi evinə çaya dəvət edirdi və hiss edirdim ki, subay olsa da, evi evdar, tələbkar sahib tərəfindən idarə olunur. Onun malik olduğu dəyərin anlaşılması, qəbul olunması onu hər zaman diqqətdə saxlayırdı və mən özümdə bunun iki dəfə şahidi oldum.

Bir müddət sonra eşitdimki o ağır xəstədir, ölüm ayağındadır və təəssüf ki, deyilənlər təsdiqini tapdı. Mən onun vəziyyətinin pis olduğunu eşidən kimi yanına getdim, lakin halı o qədər pis idi ki, heç kimi qəbul eləmirdi. Sonra mən oturub ona bir məktub yazdım. Məktubda onunla dostluğumuza  nə qədər dəyər verdiyimi, onun şəxsiyyətinə hörmət etdiyimi, onun tənqidçilik istedadına valeh olduğumu yazdım və ümid etdimki məktub ona çatdırılacaq.

Lakin hansısa səbəbdən mən məktubun üzərindəki ünvanı səhv yazmışdım və onun ölümündən bir qədər sonra məktub mənə geri qaytarıldı. Beləliklə mən anladım ki, ona və dostuğumuza aid yazdığım xoş sözlər onun tərəfindən oxunulmadı.
 

1933

Rus dilindən tərcümə etdi: Leyla Cahangirova

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade