Rusiya rüşvətdən sərxoş olub

Литература

Vladimir Voynoviç

Bir dəfə dostum Boris bizdəki qonaqlıqda doyunca içdi. Ona belə içkili halda sükan arxasına keçməməyi məsləhət gördüm. “Axı niyə belə deyirsən? – o soruşdu”. “Sən ki, ayıq deyilsən, - mən dedim. – Məgər polisdən qorxmursan?” “Xeyr, - Boris cavab verdi, - Cibimdə üzərində Benjamin Franklinin rəsmi olan etibarlı sənədim var. O həmişə dadıma gəlir”. Boris bu sözü deyib cibindən yüz dollarlıq əskinaza bükülmüş sürücülük vəsiqəsini göstərdi.

Əlbəttə yol polisinin rüşvət aldığını mən də bilirdim, ancaq onun qarşısına ləyaqətli polis çıxacağından qorxurdum. “Sən nə danışırsan, yol polisi işləmək üçün gərək rəisə haqq ödəyəsən. Əgər siravi yol polisi rüşvət almasa, rəisinə nə verəcək? Moskvanın yarısından çoxu saxta sürücüklük vəsiqəsilə maşın sürür. Ləyaqətlə yaşamaq istəyən axmaq məmurlar isə ömür boyu bürokratik bataqlıqda çabalayıb dururlar. Ona görə də, 100 dollarını verirsən kefin necə kəsir sürürsən”.

Rüşvətxorluq və dövlətin pulunu dağıdıb yemək Rusiyada həmişə olub, istər Leninin oktyabr inqilabından əvvəl, istərsə də sonra olsun. Amma əvvəllər rüşvət bugünki qədər geniş vüsət almamışdı. İndi hər yerdə, hər şeyə görə rüşvət alırlar. Borisin dediyinə görə kim, özündən yuxarıya rüşvət vermirsə, aşağıdan da almasına imkan vermirlər.

Rüşvətxorluq ölkənin dövlət orqanlarının əksəriyyətində dərin kök atıb, çiçəkləyib və bu halla mübarizə həmişə ya faciə ilə, ya da məğlubiyyətlə bitir. Polislər də, prokurorlar da, gömrükçülər də rüşvət alır. Bir sözlə rüşvətdən xilas yolu yoxdur.

Bu yaxınlarda moksvaətrafında bağ evlərinin yerləşdiyi çox gözəl bir qəsəbəyə getmişdim. Mən QULAQ-ı xatırladan hündür hasarlı və mühafizəçiləri olan dəbdəbəli evlərin yanından keçdim. Zövqsüz şəkildə bəzədilmiş, tikilməsinə xeyli pul xərclənmiş evlərə baxıb, bunların kimə məxsus olduğunu soruşdum. Mənə dedilər ki, bu evlərin birində Moskva merinin köməkçisi, digərində məşhur müğənni, o birisində isə Moskvadakı prokurorların birinin oğlu yaşayır. Amma ən dəbdəbəli imarət gömrük xidmətinin kiçik zabitinə məxsus idi.

Rüşvət Rusiya üçün Çeçenistan müharibəsindən daha təhlükəlidir. Bizim çeçen separatçılarına silah və avadanlıq satan rüşvətxor generallarımız, zabitlərimiz, məmurlarımız və polislərimiz olmasaydı, çeçen müharibəsi indi çoxdan bitmişdi.

Bu yaxınlarda Rusiya televiziyasında Qroznuyla Moskva arasında işləyən sərnişin avtobusunu göstərirdilər, bu eynilə Dubrovka kinoteatrının 120 kiloqram partlayıcı ilə tutan çeçen yaraqlılarının Moskvaya gəlmək üçün istifadə etdikləri avtobuslardan idi. Bilindiyi kimi orda girovları azad etmək üçün keçirilən əməliyyatda xeyli adam həyatını itirdi.

Avtobusun sərnişinlərindən biri özü ilə parçaya bükülmüş və polis itlərinin rahatlıqla aşkarlaya biləcəyi kəskin qoxulu, xüsusi mayeyə salınmış partlayıcı maddə gətirirdi. Onun üstünü heç kim axtarmayıb, güya daha heç kim bizim avtobusları axtarmır. Avtobusunda belə sərnilşinlər apardığından xəbəri olmayan sürücünün sözlərinə görə isə yol boyu onun avtobusunu düz əlli dəfə saxlayıblar. Hər dəfə eyni şey təkrarlanıb.

Polis soruşub: “Qiyməti bilirsən də?” Sürücü isə dinməz-söyləməz rüşvətini ödəyib yoluna davam edirmiş. Əgər o polisin haqqını ödəməsəymiş, avtobusu saatlarla dayanacaqda saxlayıb sonra buraxarlarmış, ki mənzil başına çatmaq üçün günlərcə vaxt lazım olacaqmış.

Çeçenistan müharibəsi hələ də öz qaydasında davam edir və bu heç də Əl-Qaidənin və bütövlükdə “Terrorçu Aləmin” çeçenləri dəstəkləməsinə görə deyil. Müharibə davam edir, çünki çeçenlərin müttəfiqi rolunda rüşvət çıxış edir. Çeçenistanı vergilərlə əhatəyə almış, camaatı soyub soğana çevirən rus polisi, hərbiçisi, aradüzəldənləri və oğruları terrorçulara silah və partlayıcı maddələr satır, minalanmış sahələrin xəritəsini verir və onları saxta sənədlərlə təmin edir. Çox uzağa getməyək elə bu ilin mayında Kaspiyski şəhərindəki terror aktında terrorçular rus hərbiçilərindən alınmış silahlardan istifadə etmişdi.

Çeçen separatçılarının müasir tipli silahları var. Bəs bunlar hardandır? Onların gizləndiyi dağlarda silah satılan mağazalar yoxdur. Onlara qarşı vuruşan rus əsgərinin isə silah oğurlayıb satmağa böyük ambarları var. Təkcə silahmı? Bəzi kiçik hərbi birliklərin komandirləri öz əsgərlərini köləliyə belə satırlar.

Rusiyada rüşvət faciəvi miqyasa çatıb, ona qarşı isə güya ciddi mübarizə aparılır. Rüşvətə görə cəza tədbirlərini sərtləşdirməkmi? Bu addım ancaq və ancaq rüşvətin miqdarının artımına xidmət edir. Cəza nə qədər sərt olsa, ondan yayınmaq üçün bir o qədər çox haqq ödəmək lazım gələcək.

Məmurlar rüşvətlə mübarizə aparmaq istəmirlər, çünki onlar özləri xirtdəyəcən rüşvət içindədilər. Buna görə də “qara camaat” bu halı anlayışla qarşılayır. Adətən onlar öz şəhərlərinin meri haqqında deyirlər: Əlbəttə, o dövlətdən oğurlayır, amma bir baxın şəhərimiz üçün nə qədər işlər görüb.

Adətən insanlar işinə ləyaqətlə yanaşan, əməksevər məmurları da sevmirlər. Nəyə görə? Tutaq ki, qatar biletinin qiyməti 100 rubldur, amma kiçicik miqdarda “şirinlik” ödəməklə mənzil başına 50-cə rubla da gedib çıxmaq olar. Bu halda həm sərnişin, həm də bələdçi qazanır. Bir dürüst qadın mənə danışmışdı ki, o bir dəfə qatara bilet alıb, amma bələdçi onu qatara buraxmayıb ki, bu qatar biletli sərnişinlərə xidmət göstərmir.

Rüşvət milyonlarla rusiyalı üçün gündəlik həyatın bir parçasıdır. Əgər siz oğlunuzun orduda xidmət etməsini istəmirsinizsə, onda hərbi komissarlıqdakı məmurlara pul verib onun adını çağırışçıların siyahısından çıxartdıra bilərsiniz, ya da həkimə pul verib onu “hərbi xidmət üçün yararsız” yazdıra bilərsiniz. Attestatınızda nə yazılmasından asılı olmayaraq pul sizin üzünüzə istənilən kollecin qapılarını açar. Əgər cibinizdə polisə peşkəş edəsi artıq Ben Franklin varsa, sərxoş vəziyyətdə sükan arxasına əyləşib sürət həddini aşa, qırmızı işıqda keçə bilərsiniz.

Böyük Pyotrun nazirlərindən biri olan Aleksandr Menşikov rüşvətə qarşı müharibədə qalib gəlməyin mümkün olmadığını yaxşı başa düşürdü. Çar Pyotr rusların qanına işləmiş rüşvətxorluqla vuruşmaqdan bezəndə, rüşvət alan məmurları dar ağacından asdırmağa qərar verir, onda Menşikov onun qulağına pıçıldayır: “Əlahəzrət, belə davam etsə sizin heç bircə təəbəniz də qalmayacaq”.

O gündən yüz illər keçib və vəziyyət getdikcə daha da dəhşətli məcraya düşüb. İndi dövlət rüşvətin kökünü kəssə, vətəndaşlarını itirə bilər. Digər yandan biri çıxıb rüşvətə “dur” deməsə, vətəndaşlar dövlətsiz qala bilərlər.

Çeviri: Namiq Hüseynli

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade