“Teatrın kökündə müxaliflik var”

Интервью

 

Sonuncu dəfə Akademik Milli Dram Teatrına nə zaman getdiyimi xatırlamıram, ancaq isveçrəli dramaturq Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi” pyesi haqqında söhbətlər “Azdrama”ya marağımı artırdı. Rejissor Rövşən Almuradlının qoyduğu tamaşaya baxandan sonra Azərbaycan teatrı haqqında son 20 ildəki təsəvvürlərim dəyişdi. Çünki son 20 ildə “Azdrama”da yalnız məmur-yazıçıların əsərlərinin qoyulması insanların teatra marağını heçə endirmişdi. Bu, yalnız mənim fikrim deyil, mövcud durum haqqımda dəfələrlə yazılıb. Ancaq “Yaşlı xanımın gəlişi” tamaşasında bəstəkar-rəssam işinin bir-birini tamamlaması və xüsusən aktyorlar Ramiz Novruz, Sənubər İsgəndərli və Nürəddin Mehdixanlı triosunun oyunu mövcud gerçəkliyə etirazı açıq şəkildə göstərirdi. Tamaşanın rejissoru Rövşən Almuradlı ilə söhbətimizdə də bu istiqamətdə yaranmış suallara cavab almağa çalışdım.

- Rövşən müəllim, Azərbaycanda uzun müddətdir insanların teatra getməməsi həm mətbuatda, həm də bu sənətin nümayəndələri tərəfindən vurğulanıb. Bu mənada, Azərbaycanla heç bir bağlılığı olmayan isveçrəli dramaturq Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə tamaşaçı marağının sirri nədədir?

- Əvvəla, deyirdilər ki, teatr öləcək, ölmədi, çünki canlı sənətdir. Biri var ekrana baxırsan və “bu məndən uzaqdır” söyləyirsən və şüuraltı mütləq sənə bir rahatlıq verir. Ki, sən o hadisələrdən kənardasan. Filmdə qan var, güllə var, sunami gəlir insanları aparır, evləri dağıdır və sairə. Hardasa orda olmadığından ləzzət alırsan, bu, insanın xilqətindədir. Biri də var onun içindəsən, bu, tamam ayrı bir təsir qüvvəsinə malikdir. Yəni biri var şəkil sənə nəsə deyir, biri də var canlı insan. İkincisi teatr minilliklərin sınağından çıxan sənətdir, mən son Avropa teatrından danışmıram, yuyuq oyunlarından, Antik yunan teatrından başlamış orta əsrlər, klassisizm dövrünün teatrının kökündə oyunla və oynamaqla döyüşmək var.

- Kiminlə: zamanla, yoxsa tamaşaçıyla?

- Tamaşaçıyla yox, tamaşaçı mənim özüməm, ətrafımdır, döyüş zaman və şəraitlə olur. Teatrın kökündə bir müxaliflik var, daha doğrusu mənim anladığım teatrın kökündə bir döyüş var. Niyə? İnsan doğulur və ölür, doğuluşdan ölümlə döyüşə-döyüşə gəlir, son məqama qədər, damarlarımızda ağ qanla qırmızı qan döyüşür, bütün həyatımız boyu qocalıqla, ölümlə döyüşürük. İkinci, rəssamın materialı rənglər, onun düşüncələridir, bəstəkarın ki, səsdir, melodiyadır, o, bizim eşidə bilmədiklərimizi eşidə bilir və onu gözəl təqdim edir. Aktyorunku duyumlarıdır, plastikasıdır, səsidir, fəaliyyətidir, rejissorun materialı isə mübarizədir! Rejissorun səhnəyə qoyduğu tamaşanın hər hüceyrəsində döyüş getməlidir, qarşıdurmalar olmalıdır, bu qarşıdurmalar yoğrulub yaşadığı cəmiyyətin eybəcərliklərilə döyüşməlidir. Müəllimim, Moskva Akademik Satira Teatrının baş rejissoru Valentin Nikolayeviç Pluçek mənə belə öyrədib, rejissorluğu ondan öyrənmişəm. İlkin müəllimlərim olub Adil İsgəndərov, Tofiq Kazımov, Vahid Abbasov... Bir daha deyirəm, teatr zaman və gerçəkliklə döyüşdür, həm də bir laboratoriyadır.

- Nəyin laboratoriyasıdır?

- Bütün incəsənətin.

- İddialı fikrə oxşayır...

- Teatr sintez sənətdir, arxitektura, rəssamlıq, musiqi, hətta heykəltəraşlıq, həm də ədəbiyyat və aktyor oyunu var.

- Ancaq kinonun daha çox sintez sənəti olduğunu vurğulayırlar...

- Kinoda artıq texnika da var. Amma teatr canlı olduğu üçün güclüdür. Özü də buna görə dünyanın heç bir yerində teatra gəlir mənbəyi kimi baxılmır, o qorunur, yaşadılır. Təbii ki, hər hansı dövlət və millət özünün incəsənətini qorumaqdan ötrü onu yaşadır. Qayıdaq laboratoriya məsələsinə. Yaranan incəsənətdə yeni axınlar, ötən əsrlərdə daha çox oldu, ekzistensializm, ekspressionizm, sürrealizm, modern, postmodern, avanqard və s. Bunların hamısı ilkin olaraq teatrda yoxlanılır, çünki teatr geniş yayılmır və böyük xərc tələb etmir. Əgər yoxlama zamanı yaşam haqqını alırsa, artıq incəsənətin bütün şaxələrində yayılır. Ona görə teatra laboratoriya kimi baxırlar. Üçüncü, teatr cəmiyyətin barometridir, cəmiyyət nədirsə, o da odur, döyüşür və göstərir.

- Bir daha ilk sualıma qayıdıram, Dürremanttın “Yaşlı xanımın gəlişi” əsərinin sirri nəydi ki, insanlar tamaşaya axınla gəldilər?

- Akademik Milli Dram Teatrının elə tamaşaları var ki, onlara da gəlirlər. Əgər bu tamaşadan söhbət gedirsə, bir neçə böyük tamaşa var ki, onlar bu gün vacib olan dəyərli tamaşalar sırasındadır. Söhbət əsərdən yox, tamaşadan gedir. Mən rejissor kimi hər hansı bir əsərin təqdimatı funksiyasını yerinə yetirmək istəmirəm, mənim üçün bu maraqsızdır. Eyni zamanda, mənim üçün maraqsızdır Dürremanttın 1956-cı ildə yazdığı alman dilli ədəbiyyat da, bunun nə olduğunu bilmək istəyirlərsə, gedib kitabxanada oxusunlar. Məni bu günün tamaşaçısı, Azərbaycan maraqlandırır. “Yaşlı xanımın gəlişi”nə gələk, dünyada iki cür teatr var: dramatik və epik teatrlar. Bunların da hər birinin minlərlə qolu olsa da, kökündə iki fərq var. Dramatik teatr deyir ki, mən ruhi dünya yaradıram, bəzən buna dəb olaraq, sokral dünya da deyirlər, beləliklə, mən bu hadisələri oynayıram, sən tamaşaçı da məndən aşağıda oturmusan, hünərin var qalx mən tərəfə, ab-havama daxil ol, həyəcanlan, zövq al. Epik teatr daha çox müasir dövrə bağlanır, əsasını Brext qoysa da, tarixi minilliklərə gedir. Epik teatr tamaşaçıya müraciət edir ki, sən məndən aşağıda deyilsən, mən sənin yanındayam, sən mənim yox. Mən hadisələri oynamıram, əksinə, hadisələri göstərirəm və bir vətəndaş kimi sənin cəsarət edib deyə bilmədiyin səviyyədə münasibət bildirirəm. Və mən səndən artıq deyiləm, gəl, səninlə çiyin-çiyinə verək, Mirzə Cəlil demişkən, ay mənim burnu fırtıqlı, şalvarlı yamaqlı qardaşlarım... Mən epik teatrın tərəfdarıyam və teatrın inkişafını, ümumiyyətlə, yaşamını bunda görürəm. Məsələn, mən “Kleopatra” hazırlayıram, anlamıma görə Azərbaycan tamaşaçısının nə vecinə ki, Kleopatra Antonionu sevib, yaxud Sezarı, bunlar mənə maraqsızdır. Əgər bu gün “Kleopatra”nı mən tamaşaya hazırlayıramsa, deyirəm ki, Roma gəldi, böyük məhəbbətə də baxmadı, tapdaladı, böyük sərvətə də baxmadı, tapdaladı və millətin azadlıq sevgisini tapdalayaraq Misiri aldı. Və Kleopatradan sonra Misir vassal dövlətə çevrildi, beləliklə, fironluq tarixdən silindi. Bunlar ayrı-ayrı yanaşmalardır. Hər tamaşa öz dövrü və tamaşaçısı üçündür. Mən ingilis əsərini ingilislər üçün hazırlamıram, Molyeri fransızlar üçün hazırlamıram, o cümlədən, “Yaşlı xanımın gəlişi”ni almandilli isveçrəlilərə hazırlamamışam. Əgər dediyim paralellər olmasaydı, tamaşanı hazırlamazdım.

- Nə yaxşı, teatr rəhbərliyi belə bir tamaşaya razılıq verdi? Ona görə sual yaradır ki, tamaşa indiki şəraitlə döyüş təəssüratını yaradır...

- Əvvəla, biz demokratik dövlətdə yaşayırıq, bu demokratik dövlətdə mən əminəm ki, tamaşa Mədəniyyət Və Turizm Nazirliyinin sifarişi və teatrın direktoru İsrafil İsrafilovun təqdimatıyla hazırlanıb. Bu əsərə razılıq verməliydilər, elə çətin bir şey yoxdur, bu da teatrın bir istiqamətidir.

- Amma tamaşada Azərbaycan gerçəklikləri var...

- Məgər, mən qeyri-gerçəkliklərdən danışsam, tamaşaçım gələcəkmi?

- Mən isə tamaşaya fərqli yanaşma sezdim...

- Yox, bəzən elə olur ki, müəyyən tamaşalara da gəlirlər.

- Rövşən müəllim, “Yaşlı xanımın gəlişi”nin cəmiyyətdə doğurduğu rezonansı sezmirsinizmi?

- Sezirəm və çox sevinirəm. Ona görə sevinirəm ki, yanaşmam doğrudur. Bu da bir yaradıcı adam üçün stimuldur. Aktyorun qazancı tamaşaçının finalında ona çalınan əllərdir, rejissor da həmçinin. O başqa məsələdir ki, Azərbaycanda ümumilikdə rejissura böyük bir problemə çevrilib.

- Bu problemin səbəbləri nədən ibarətdir, təhsildədirmi?

- Yox, belə deməzdim. Azərbaycanda kifayət qədər istedadlı və bacarıqlı rejissorlar var, ancaq yanaşma düz deyil. Mənim yanaşmam da fərdidir, mən sadəcə, belə görürəm. Azərbaycan teatrının inkişafına təkan verməkdən ötrü yeganə bir sərəncam vermək lazımdır: rejissorların səlahiyyətləri özlərinə qaytarılsın, artıq heç bir şey istəmirəm.

- Nədən ibarətdir səlahiyyətlər?

- Dünyanın hər bir yerində teatrlar rejissorların adıyla tanınır, Azərbaycanda isə müdirlərin. Axı çox vaxt müdirlərin də hamısı teatr adamı olmur, teatrın içində “bişmirlər”, tutaq ki, bəziləri təsərrüfatdan gəlirlər. Təbii, İncəsənət Universitetindən gələnlər də olur, incəsənətin içində “bişib”, bu da hardasa bir nöqsandır. Onu da deyim ki, bizdə bəzən direktor adlandırırlar, dünyanın hər bir yerində direktor rejissor deməkdir, amma biz onu bəzən məmur-müdirlərlə qarışıq salırıq. Teatrın başında rejissor dayanır və onların adıyla da tanınır. Məsələn, Lyubimov teatrı, Yefremov teatrı, Fokin teatrı, Brextin və başqalarının teatrları. Gələk, rejissorun işinə, repertuarı rejissor seçməlidir, bu, onun səlahiyyətidir. O, bilir ki, ədəbiyyatçıların təqdim etdiyi əsərlərin hansı zamanla döyüşə çevrilə bilər. İkinci, yaradıcı truppanı formalaşdırmalıdır, üçüncü, hər bir aktyorun yetişməsini və teatrın inkişaf xətlərini müəyyənləşdirməlidir, dördüncü, tamaşa və tamaşa ətrafı olan bütün problemlərin həlli ondan keçməlidir.

- Bir sözlə, rejissora azadlıq verilməlidir...

- Səlahiyyətlər verilməlidir, bu, onun işidir, əsəri mən seçməliyəm, truppanı formalaşdırmalıyam, yaradıcı xətti mən istiqamətləndirməliyəm. Bəzən deyirlər ki, Azərbaycanda şəxsiyyət-rejissor yoxdur, yəni Mehdi Məmmədov, Tofiq Kazımov, Adil İsgəndərov kimi, mən bu fikirlə razılaşmıram. Başqalarına cavabdeh deyiləm, amma mən özümü şəxsiyyət sayıram. Onlar mənim müəllimlərimdir, hər üçündən öyrənmişəm, sadəcə, onların səlahiyyəti vardı, mənim səlahiyyətim yoxdur. Məsələn, Adil İsgəndərov, gözünü bir dəfə ağardıb deyəndə ki, qada, get orda denən ki, qapıçı sabahdan səni teatra buraxmasın, o söz artıq o dəqiqə həll olunurdu. Mən hər hansı bir lazımsız aktyor haqqında bunu söyləsəm, “sən kimsən, sən bura tamaşa qoymağa dəvət olunmusan, sonra da çıxıb getməyə” cavabını eşidəcəm. Mən bir az kobud dedim, şükür ki, “Yaşlı xanımın gəlişi”ni hazırlayanda üst-üstə düşdü, direktor İsrafil İsrafilov seçimini edib mənə dedi, Mədəniyyət və Turizm Nazirliyi də sifariş verdi. Sabah üst-üstə düşməyəndə əsərdən imtina edirəm də. Ancaq bu onunla nəticələnir ki, illərlə tamaşa hazırlaya bilmirəm, 2005-ci ildə İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərini tamaşaya hazırlayandan 7 il sonra tamaşa ala bildim. Ömrümün 7 ili getdi.

- Dürremanttın tamaşaya qoyduğunuz əsəri haqqında 4 film çəkilib, hətta biri Seneqalda, 2 dəfə də Rusiyada tamaşaya qoyulub. Rusiya teatrlarıyla Sizin qoyuluş arasında fərqi deyə bilərsinizmi?

- Bəzi filmlərə baxmışam, “Lenkom” 2008-ci ildə hazırlamışdı, deyəsən, rejissor macar idi, onun müsahibəsini dinləmiş və tamaşadan parçaları izləmişəm. Bəli, fərqlidir, ancaq bədii keyfiyyətlərinə görə yox. Azərbaycan teatrının aktyorları heç bir teatrın aktyorlarından geri qalmayan yüksək və peşəkar aktyorlardır. Aktyorlar bu yolun həmfikirləri və əqidədaşlarıdır. Sadəcə, fərq ondadır ki, bu tamaşada yozum başqadır. Yuxarıda dedim, teatr zaman və məkan çərçivəsindədir, həmin dövrdə o zamana və məkana o tamaşa lazımdır, onların tamaşaçısına sözü rejissor həmin əsərin vasitəsilə o cür deyir. Aktyorlar da onunla çiyin-çiyinə verib həmfikirlər kimi o yolu gedir, bizim tamaşa Azərbaycan tamaşaçısından ötrüdür. Almaniyadan Bakıya gələn qonaqlar “Yaşlı xanımın gəlişi”nə baxdılar, ürəkdolusu danışdılar, bir cümlələri yadımda qalıb, deyirdilər ki, onlar Dürremanttın bir neçə tamaşasını görüblər, amma belə fərqlisini görməyiblər. Yəni cəsarətinə və həllinə görə.

- “Yaşlı xanımın gəlişi”ylə Azərbaycan tamaşaçısının istədiyini deyə bildinizmi?

- Tamaşaçının istədiyi səsləndiyi üçün tamaşaçı gəlir. Bir dəfə gənc rejissorlardan biri demişdi ki, Rövşən Almuradlının hazırladığı bu tamaşa o qədər rahatdır, ən savadsız tamaşaçından başlamış ziyalısına qədər onun nə demək istədiyini anlayır. Mən krossvord həll etmirəm ki, tamaşaçı gedib evdə “filan şey nə üçün idi” deyə baş sındırsın. Düzdür, bəzi məqamlar var, məsələn, tupik işarəsi həm küncə sıxılır, həm tribunaya, həm masaya çevrilir, yaxud, pərdə açılanda bütün yollar ona dirənir. Fikir verdinizsə, Hüllen sözünün üstündən asılan saatın əqrəbləri yox idi, başqa bir görüntü, borular yuxarıdan sallanmışdı, aşağıdan getsəydi, deyəcəkdilər ki, fabrik və zavod borusudur. Yuxarıdan sallanırsa, deməli, kanalizasiya borularıdır və şəhər onların altındadır. Bilirsinizmi, Hüllen adlı ümumiyyətlə şəhər yoxdur, Hüllen sözünün mənası da təzək deməkdir...

Natiq CAVADLI

"Bizimyol" qəzeti

Kultura.az | Developed by Samir Yahyazade