post-title

Azərbaycanda azadlıq düşüncəsi

Azərbaycanda bu gün azad düşüncənin aşağı səviyyədə olmasını bir neçə amillərlə əlaqələndirərdim. Fikrimcə, bunun əsas səbəblərindən biri 69 il sürən Kommunizm rejimi və din oldu. Bu yazıda Kommunizmin nəticələrini qısa olaraq əhatə etməyə çalışacam. Kommunist rejimi nəyi məhv etdi?

 

Rəqabəti, azad seçim etmək hüququnu, marağı, azad düşüncə tərzini və mülkiyyət hüququnu. Birinci iqtisadi anlayışda inkişafın ən zəruri şərtidir. Rəqabət olmasa heç kimin yeni araşdırmalar etməyə, yeni əmtəə istehsal etməyə marağı olmaz. Başqa dil ilə desək şirkətlər bazara daha da yaxşı və keyfiyyətli məhsul çıxarmaqçün bir-biriləri ilə mübarizə aparmalıdırlar. Bütün dünya səviyyəli brendlər yeniliyin, azad düşüncənin və azad seçim etmək hüququnun nəticəsidir. IBM, Microsoft, Google, Toyota, CISCO, Mercedes, Apple və s.

Sonuncu – mülkiyyət isə azadlığın vacib şərtidir. Burada mülkiyyət anlayışı təkcə ev maşın və s. bu kimi mənalarda istifadə edilmir. Daha geniş mənada - ideya, vaxt.. ümumi desək bir individiumun ixtiyarında olan bütün toxunulan (fiziki olaraq) və toxunulmayan dəyərlərin toplusudur. Mülkiyyət vacibdir, çünki müəyyən tarixçilərə görə azad cəmiyyətlərin yaranması məhz mülkiyyətçinin öz mülkiyyət hüququnu tələb etməsindən başladı. Özəl mülkiyyətin məhvi isə insanın öz mülkiyyəti üzərində azadlığını məhv etdi. Azərbaycan da istisna olmadı. Yeri gəlmişkən Marks da öz Kommunist Partiyasının manifestində belə də deyirdi: “Kommunistlər öz nəzəriyyələrini bir vəziyyətlə ifadə edə bilərlər – özəl mülkiyyətin məhvi ilə”.

İnsanların azad seçim etmək hüququnun, azad düşünmək hüququnun, özünü ifadə etmək hüququnun isə Kommunizm rejimi tərəfindən məhv olmasını isə müzakirə etməyəcəm. Aydındır ki, insanlar nə istədiklərini istehsal edə bilirdilər, nə istədiklərini vaxtında və ya ümumiyyətlə ala bilirdilər, 1970-80-cı illərdə SSRİ-də yəhudilərin fizika sahəsində elmi iş yazmağının qadağan edilməsi isə onu göstərir ki, insanlar hətta istədikləri ixtisası və peşəni də azad seçə bilmirdilər. Ümumiyyətlə, liberal ideyaya görə bir insanın azadlığını mövzuya qoymaq, onun haqda danışmaq, yazmaq, onu müzakirə etmək artıq özü-özlüyündə azadlığı parçalamaqdır. Rusiyada doğulan və sonralar ABŞ-da yaşamış yəhudi əsilli məşhur qadın yazıçı və filosof, fəlsəfədə obyektivizmin əsasını qoyan Ayn Rendin 1961-ci ildə işıq üzü görmüş məşhur “For the New Intellectual” kitabından bir cümləni qeyd etmək istəyirəm:

"Sosializm (Marksa görə sosializm kommunizmə çatmaqçün bir vasitədir) – insanın öz istəkləri üçün yaşaya bilmək hüququnun olmaması haqda bir doktrinadır. Onun həyatı və onun işi ona məxsus deyil və onun varlığının bircə əsası cəmiyyətə qulluq etməkdir. Cəmiyyət öz növbəsində isə onu (fərdi) öz arzuları üçün istədiyi yerdə qərar verə bilər".

Yaxşı tərcüməçi olmadığımdan sitatın əslini də qeyd etmək istərdim:

"Socialism is the doctrine that man has no right to exist for his own sake, that his life and his work do not belong to him, but belong to society, that the only justification of his existence is his service to society, and that society may dispose of him in any way it pleases for the sake of whatever it deems to be its own tribal, collective good." 

Gördüyümüz kimi Sosializm anlayışı özü-özlüyündə nə qədər insani ideyaları, bərabərlik ideylarınını əks etdirsə də, nəticədə bunun əksi, insan azadlığının məhdudlaşdırılması və insanın onun arzularından və istəklərindən asılı olmayaraq cəmiyyət tərəfindən istismarıdır. Din tərəfindən yaradılmış “tanrı köməyin olacaq” ifadəsini sosialistlər dəyişərək “cəmiyyət sənə kömək olacaq” edib cəmiyyəti bir fərdin üzərində tanrı etdilər və bununla da fərdin özü-özünə yardım etmək vərdişini məhv edərək onu bacarıqsız, cəmiyyətdən kənar mövcud ola bilməyən və yalnız kütlələrdə yaşaya bilən bir canlıya çevirdilər. Məhz bu kimi dəyərlər insanların azadlıq haqda olan bütün anlayışlarını məhv etdi və onların azadlığını praktikada istifadə etmək imkanını qadağan etdi. 

Farhan Huseynli

Kultura.az

Yuxarı