post-title

Maşın dağıdanlar

İngiltərə tarixində “maşın dağıdanlar” və ya “ludditlər” adlanan bir hərəkat olub. “Ludditlər” sözü hərəkatın yaradıcısı sayılan Ned Ludd`un adı ilə bağlıdır. Bəs niyə maşın dağıdanlar? Bunun üçün gərək əhvalatı danışım.

 

1763-cü ildə Ceyms Vatt buxar maşınını kəşf etməsi sənayedə inqilaba gətirib çıxardı. Əvvəllər insanlar mahudu öz evlərində əl dəzgahları ilə toxuyurdular. Bu, ağır zəhmət tələb edən, əziyyətli, həm də baha başa gələn istehsalat üsulu idi. Buxar maşını kəşf olunduqdan sonra isə dəzgahlar maşınlar vasitəsilə işlədilməyə başladı. Yanyana düzülmüş onlarla mexaniki dəzgah buxar maşınının köməyi ilə mahud toxuyurdu. Bu isə ev şəraitində toxunulan mahuddan daha az əmək, daha az vaxt və daha az xərc tələb edirdi. İstehsalatın mərkəzləşdirilməsi rəqabəti də aradan qaldırdı. Əvvəllər evlərində toxuculuqla məşğul olan insanlar indi sahibkarlar üçün işləməli idilər. Fabriklərdə işləyib qarşılığında maaş alırdılar. Bu gedişat fəhlələrin vəziyyətini xeyli pisləşdirdi. Onlar daha çox işləyib, daha az maaş alırdılar. Vəziyyətləri xeyli ağırlaşan və aclıq çəkən fəhlələr, bəlanın səbəbini maşınlarda görüb, kütləvi şəkildə maşınları sındırmağa başladılar. Lakin, təbii ki, bu çıxış yolu deyildi və axmaq hərəkət idi. Nəticəsi də olmadı və sənaye inqilabı baş verdi. Onlar prosesin qarşısını ala bilmədilər. Tarixdə isə onların adı “maşın dağıdanlar” kimi qaldı.

Əhvalatı danışmaqla demək istədiyim o idi ki, proses gedirsə onun qarşısını almaq heç cür mümkün deyil. Hələ-hələ dağıtmaqla, uçurmaqla, həbs etməklə, cibinə nəşə atmaqla heç mümkün deyil. Tarixdə belə örnəklər çoxdur. İndiki vəziyyətdə Azərbaycan hakimiyyəti də özünü maşın dağıdanlar kimi aparır. Dağıdıcılıqla, kobudluqla, repressiya ilə prosesin qarşısını almağa çalışır. Ancaq, arabir açıb tarixi vərəqləmirlər ki, bunun mümkün olmadığını başa düşsünlər. Bəlkə də tarixin oxuyub nəticə çıxarmaq üçün lazım olduğundan xəbərsizdirlər.

Emil Bağırov

Kultura.az

Yuxarı