Mirzə Şəfi və sevgisi

Литература

 

Əlisa Nicatın “Gəncəli müdrik” romanını tarixi roman həvəskarlarının çoxunun oxuduğunu düşünürəm. O romanı mütaliəsindən sonra ilk işim Fridrix Bodenştedtin “Mirzə Şəfi haqqında xatirələri”ni tapıb oxumaq oldu. Vazeh Avropadan gələn tələbəsinə şərqi öyrətdi, tələbəsi isə onu qərbə tanıtdı. Mirzə Şəfi gənc Fridrixə dərs deməyə başlayanda ona özünü belə tanıdıb: “Mən, Mirzə Şəfi, Şərqin tanınmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan”.

Gəncədə yaşayasan və şərqin tanınmış alimi olması iddiasında olasan. Bəlkə də Bodenştedt olmasa idi, şeirləri ilə sevgi çələngi hörən Vazeh öz müdrikliyini dünyaya tanıtmadan məzarına aparacaqdı.
Amma yox. Tarix onu başqa bir tələbəsi ilə də öz səhifələrinə yazacaqdı. Bu barədə bir azdan.

Şəfi 1794-cü ildə Gəncədə xanlığın saray memarı olan bənna Kərbəlayi Sadıqın ailəsində doğulub. Mədrəsini bitirdikdən sonra Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik etdiyinə görə “Mirzə” ünvanını qazanır. Lakin hadisələr elə gətirir ki, Püstə xanım İrana qaçmalı olur, Şəfiyə dəstək verən tacir Hacı Abdulla vəfat edir (Şəfi atasını erkən yaşda itirir), buna görə də mədrəsədə gözəl xətti olduğuna görə iş tapır.
Tarix qəhqəhələrlə doludur. Gəncə mədrəsəsinin bir küncündə mirzəliklə məşğul olasan, bir gün Gəncəyə iyirmi yaşlarında bir gənc gətirilsin və o gəncin ruhanilər sırasına qoşulması istənilsin, lakin Şəfi ilə tanış olandan sonra həmin gənc dinin ən qatı tənqidçisinə çevrilsin:
“Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:

- Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?
- Ruhani olmaq istəyirəm.
- Demək, riyakar və şarlatan olmaq istəyirsən....Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get.

Mirzə Fətəli baqşa bir peşənin arxasınca getdi, əgər Gəncədə ilkin məqsədinə çatsaydı, Azərbaycan tarixi nələrdən məhrum olardı, düşündünüzmü? Biri Qori seminariyası. Gerisini düşünün artıq.

Almaniyadan gələn tələbə

1840-ci ildə Şəfi Tiflisə köçür, Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə türk, ərəb və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Dörd il sonra Şəfinin yanına Almaniyadan bir insan gəlir və şərqi, türk dilini öyrənmək istəyir. Bu şəxs Qafqaz canişini general Neytqardtın təklifi ilə Tiflisə gələn, Almaniyanın Hannover şəhərində doğulan şair Fridrix Bodenştedt idi. Bodenştedt xatirələrində yazır: “Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar dilini öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi. Xoşbəxtlikdən, arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu”.

Xatirələr olduqca maraqlıdır. Bodenştedtin yazı tərzindən aydın olur ki, Şəfi onu müəllim-şagird münasibətlərindən əlavə öz duyğularını bölüşdüyü bir insan kimi görüb. Bir gün Fridrix ondan soruşur:

- Mirzə Şəfi, heç sevmisənmi?
Şəfi Hafizdən qəzəl oxuduqdan sonra ona deyir:
-Yox, indi mən sevmirəm, ancaq bircə dəfə aşiq olmuşam. Mənim kimi heç bir kəs belə vurulmayıb!”

Şəfi kimə vurulmuşdu?

Bu İbrahim xanın qızı Züleyxa idi. Vazeh irsindən qalan şeirlər arasından 15-i Züleyxaya yazılıb. Vazeh onu belə anladıb: “Heç bilmirəm sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxa zərif qad-qamətindənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq dolaşıb gərdəninə tökülmüş uzun hörüklərindənmi deyim? Yoxsa Şiraz çiçəkləri kimi ətirli nəfəsindənmi sənə söz açım?”

 “Xatirələr”ə görə, Vazehin nakam məhəbbəti bu cür olub: İbrahim xanın axşamlar evdə olmamasından istifadə edən Vazeh qızın evinin eyvanı görsənən tərəfdə gəzərək Camidən və Hafizdən qəzəllər oxuyaraq onun diqqətini cəlb eləməyə çalışır, nəhayət belə davam edən günlərin birində ağ çadraya bürünmüş Züleyxanın sirdaşı Fatma ona gizlicə yaxınlaşır, sevgisinin qarşılıqsız olmadığı xəbərini çatdırır və onlar gizlicə görüşməyə başlayırlar. Lakin bu xoşbəxtliyin ömrü cəmi altı ay çəkir. Belə ki, hərbi səfərdən qayıdan İbrahim xan qızını özünə tay bildiyi Əhməd xana vermək üçün toy tədarükü görməyə başlayır. Artıq çıxış yolu qalmadığını görən Şəfi Fatmanı sevən erməni tacir Akimin köməyi ilə Züleyxanı qaçırır.
Lakin gecə daldalanacaq tapdıqları kənddə Əhməd xanın adamları onları yaxalayır, Mirzə Şəfi ağac zərbələri ilə cəzalandırılır. Şəfi Züleyxanı uzun müddət unutmur: “Vaxt vardı biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!”
 Lakin Mirzə Şəfi yanıldı. Gənclik məhəbbəti ilə yanaşı müdriklik dövrünün də sevgilisinin olacağını unutmuşdu. Bu Hafizə idi. Şəfi bir gün evlərin arasında gəzərkən damın başında bir qız görür və həmin gün bütün rahatlığı pozulur. Eynilə Züleyxada olduğu kimi qızın da ona xoş münasibət bəslədiyini bilib evlənmək qərarına gəlir, lakin qızın tacir atası kasıb olduğu üçün Hafizəni ona vermək istəmir. Lakin görünür, Tanrı bu dəfə hökmünü vermişdi. Çox keçmir ki, Hafizənin atası sarılıq xəstəliyindən dünyasını dəyişir və Şəfi nəhayət ki sevgisinə qovuşur”.


Bakıxanovun yanında içilməyən içki

Bodenştedt xatirələrində Mirzə Şəfini şərab içən kimi göstərir. Onun yazdığına görə Tiflisdə tanış olduğu adamlar içərisində biliyinə və vəzifəsinə görə seçilən şəxs Bakı xanlarının nəslindən Abbasqulu xan olub. Bodenştedt Abbasqulu xanın Rusiyaya böyük məhəbbəti olan, əsərlərinin gücünə görə tənqid edilə bilinməyən şəxsiyyət olduğunu söyləyir, Şəfinin yaratdığı “Divani-hikmət” məclisində onun fikirlərinə qulaq asdığını, Abbasqulu xanın “Fatma tar çalır” şeirini ondan yadigar olaraq özünün yazmasını xahiş etdiyini qeyd edir:
“Abbasqulu xan otaqdan çıxanda Mirzə Şəfi qarşısındakı şüşəni götürüb özünə şərab süzdü və içəndə mən soruşdum:

- Sən xanın yanında niyə içmədin, Mirzə Şəfi?
- O, dindar adamdır. Dindarlar şərab içmirlər.
- Sən də ancaq onun dindar olduğuna görə içmədin?
- O, məndən yaşlı, həm də rütbəcə böyük adamdır. Mən onun yanında içsəm, onu təhqir etmiş olardım”.

Şəfi erməni kişilərini eyibləyir

Xatirələrdən bəlli olur ki, Bodenştedt İrəvana səfər edir, oradan qayıtdıqdan sonra “Divani-Hikmət”ə Şəfiyə gördüklərini danışmağa gəlirlər. Onlar Şəfiyə erməni qadınlarının ağır zəhmətlə böyük daşlardan soba tikmələrini danışırlar. Şəfi bundan əsəbləşərək deyir: “Eyib olsun, onların kişilərinə. Ən yüksək qiyməti qadınlara vermək lazımdır. Bu gözəl məxluqun əziyyət çəkməsində ancaq kişilər günahkardırlar”.

Mirzə Şəfi sual edir

Xatirələri oxuduqca Mirzə Şəfinin qadınlara verdiyi önəm insanı heyrətləndirir. Görünür, onun qadınlar haqqında dediyi bütün fikirlərin altında Züleyxa və Hafizənin gözəlliyi yatırdı. Xatirələrdən seçdiyim qadınlar haqqında dediklərinə diqqət edin:

• Qadına qəlbən, nə qədər bağlansan, bir o qədər onu yaxından tanıyırsan, öyrənirsən. Yaxşı tanıdıqdan sonra, bir o qədər də çox sevirsən. Nə qədər onları çox sevirlər, bunun əvəzində, bir o qədərdən də artıq onlar bizi sevirlər. Çünki əsl məhəbbətə onlar qarşılıqlı cavab verirlər.
• Ən ülvi məhəbbət yüksək ağıl deməkdir. Bu dünyada qadından yüksək nə ola bilər?
• Qadın yer üzündə Allahın həqiqi varlığıdır!
• Gözəl qadının əlini öpmək ən dadlı yeməklərdən üstündür.
• Onlardır xoşbəxtlik tacının ən qiymətli daşı.
• Kim ki, onların tərəfdarıdır, həyat da onlarındır.
• Qadınlar o zaman gözəlləşər, çiçək kimi açırlar ki, onu bəsləyib qoruyasan.

Şəfidən qalanlar

1851-ci ildə Bodenştedt “Mirzə Şəfinin nəğmələri”ni çap etdirir, geniş səs gətirən bu şeirlər Fridrixin başının gicəlləndirir və o, şeirlərin müəllifinin özü olduğunu yazır, lakin tarix onun bu əməlini bağışlamır, şeirlər öz həqiqi sahibinin imzasına qovuşur. “Nəğmələr” Avropada dəfələrlə çap olunur, fransız, ingilis, italyan, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcümə edilir. Yalnız Almaniyada 1922-ci ilə qədər 169 dəfə çap olunur. Bu gün əldə olan şeirlər alman dilindən tərcümə olunsa da, Şəfiyə, şərq ədəbiyyatına məxsusluq özünü saxlayır.   Tiflisdə Şəfi Qriqoryevlə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan  “Kitabi-türki”ni yazır. Şəfi 1852-ci ildə vəfat edir. Onun yaşamını Əlisa Nicat “Gəncəli müdrik” adlı romanının ön sözündə bir cümlə ilə göstərib: “Mirzə Şəfinin ömrü boyu bacardığı şeir yazmaq və sevmək olub”.

Ölərkən Züleyxanı xatırlamışdımı? Kim bilir, biz isə onun bir nəğməsi ilə Züleyxanı xatırlayırıq.

Vaxt var idi güclü, cavan qolumla,
Səni bərk-bərk. qucaqlayıb öpərdim.
Gənclik getdi... Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək... nə dərdim!
Mənim həyat üzüyümün qaşısan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir
Ürəyə bax... neyləyirsən yaşı sən.

Qaynaq:

1. Fridrix Bodenştedt: “Mirzə Şəfi haqqında xatirələr”, Bakı, “Yazıçıs”, 1987
2. M.Ş. Vazeh: “Nəğmələr”, Bakı, “Şərq-Qərb”, 2004
3. Salman Mümtaz: “Mirzə Şəfi Vazeh”, Bakı, “Nurlan”, 2005
4. M.F. Axundov: “Əsərləri-III cild”, Bakı, “Şərq-Qərb”, 2005

Dilqəm Əhməd

Yazı ilk dəfə Kulis.Az-da dərc olunub

Kultura.az | Developed by Samir Yahyazade