Filin öldürülməsi

Литература

 

Kimsə qiyam qaldırmağa cəsarət etməzdi, amma bir avropalı qadın bazarda təkbaşına dolaşsaydı, çox ehtimal, birisi ağzındakı beteli çeynəyib onun paltarına tüpürəcəkdi. Polis zabiti olaraq mən də açıq-aşkar bir hədəf idim və fürsət düşən kimi gözümçıxdıya salırdılar. Bir dəfə futbol meydançasında qoçaq bir birmalı məni ayağı ilə vurub yıxmış, hakim (başqa bir birmalı) görməzdən gəlib üzünü yana çevirmiş, ətrafda olan kütlə isə iyrənc qəhqəhə qoparmışdı. Bu cür hadisələr dəfələrlə baş verirdi. Gənclərin hər tərəfdə rast gəldiyim istehzalı üzləri, onlar üçün təhlükəsiz məsafədə olduğumda arxamca qışqırdıqları təhqirlər sonda əsəblərimə təsir etməyə başladı. Gənc buddist rahiblər isə hamıdan betər  idilər. Şəhərdə onlardan minlərlə idi və sanki küçələrin tinində dayanıb avropalılara lağ etməkdən başqa işləri-gücləri yoxdu.

Bütün bunlar məni dilxor edir və işimi çətinləşdirirdi. Çünki həmin vaxt artıq imperializmin bir şər olduğu və bu işdən nə qədər tez əl çəksəm, o qədər yaxşı olacağı qənaətinə gəlmişdim. Nəzəri olaraq – və təbii ki, gizli – bütünlüklə birmalıların tərəfində, onlara zülm edənlərin, britaniyalıların isə əleyhinə idim. İcra etdiyim işə gəldikdə isə, sözlə ifadə edə bilməyəcək dərəcədə nifrət edirdim bu işə. Bu cür işlərdə imperiyanın çirkli əməllərini daha yaxından görmək olur. Qapısı qıfıllı üfunətli qəfəslərə tıxanmış zavallı dustaqlar, uzunmüddətli məhkumların qorxmuş, boz üzləri, bambuk çubuqları ilə cəzalandırılmışların çapıqla dolu yancaqları – bütün bunlar məni dözülməz bir günah duyğusuna düçar etmişdi. Amma perspektivdə edə biləcəyim bir şey yox idi. Gənc idim, təhsilim zəifdi və şərqdə yaşayan hər ingilisin məhkum olduğu yalqızlıq içərisində öz problemlərimi düşünməli idim.  Hətta Britaniya imperiyasının artıq çökməkdə olduğundan xəbərsiz, bu imperiyanın onu əvəzləyən gənc imperiyalardan daha yaxşı olduğunun isə lap az fərqində idim. Bildiyim yalnız o idi ki, xidmət etdiyim imperiyaya duyduğum nifrətlə, işimi mümkünsüz etməyə çalışan o iblis ruhlu balaca vəhşilərə qarşı olan hiddətim, qəzəbim arasında ilişib qalmışdım. Beynimin bir yanı ilə Britaniya Racının (“British Raj” – Britaniya müstəmləkə idarəçiliyi – tərc.) sarsılmaz bir tiranlıq, yorğun insanların iradəsini əbədi olaraq sıxıb əzişdirən bir məngənə olduğunu zənn edir, digər yanı ilə isə dünyada ən böyük həzzin bir buddist rahibinin qarnına süngü soxmaqdan ibarət olacağını düşünürdüm. Bu cür duyğular imperializmin normal əlavə məhsullarıdır; istənilən anqlo-hind məmurundan soruşa bilərsiniz, əgər onları xidmətdən kənar yaxalaya bilsəniz.

Bir gün dolayısı ilə ibrətamiz sayılacaq bir hadisə baş verdi. Özlüyündə xırda olay idi, amma imperializmin real təbiətinə - despotik hökumətlərin fəaliyyətlərinin həqiqi motivlərinə həmişəkindən daha yaxşı nəzər salmağıma imkan verdi. Həmin gün səhər tezdən şəhərin o biri ucundakı polis idarəsindən bir inspektor zəng edib bir filin bazarı dağıdıb-tökdüyünü söylədi. Zəhmət olmazsa, gəlib nəsə bir tədbir görə bilərdimmi? Nə edə biləcəyimi bilmirdim, amma nə baş verdiyini görmək istədim və poniyə minib yola düşdüm. Silahımı – 44 kalibrlik köhnə vinçestri də özümlə götürdüm, fil öldürmək üçün çox balaca idi, amma onu qorxutmaq üçün silahın səsindən istifadə edə biləcəyimi düşündüm. Yolboyu birmalılar məni saxlayır və filin törətdikləri barədə danışırdılar. Təbii ki, o, vəhşi deyil, əhliləşdirilmiş bir fil idi, sadəcə olaraq, hövrə dövrü gəlmişdi. Hövrə dövrü gələn digər fillər kimi onu da zəncirləyiblərmiş, amma  dünən gecə zəncirini qırıb qaçmışdı. Filin bu vəziyyətində onu idarə edə bilən yeganə insan – filin “mahout”u (fil sürən, fil təlimi məşğul olan şəxs – tərc.) onun dalınca qaçmış, ancaq səhv istiqamət götürmüşdü, indi isə on iki saatlıq bir məsafədə idi; fil isə səhər yenidən şəhərdə peyda olmuşdu. Birma əhalisi silahsız idi, ona görə də tamamilə köməksiz qalmışdılar. Fil artıq kiminsə bambukdan olan daxmasını dağıtmış, bir inəyi öldürmüş, bir neçə meyvə köşkünə hücum edərək nə varsa, basıb-yemişdi; həmçinin bələdiyyənin zibil daşıyan arabası ilə rastlaşmış, sürücü kənara tullanıb qaçmaq istəyəndə onu yaxalamış və vəhşicəsinə əzişdirmişdi.

Birmalı inspektor və bir neçə hind konstebli fili gördükləri yerdə dayanıb məni gözləyirdilər. Bura kasıb bir məhəllə, yamacboyu düzülmüş, palma yarpaqları ilə örtülü baxımsız bambuk daxmalarından ibarət bir labirint idi. Xatırlayıram, yağış mövsümünün əvvəllərinə rast gələn buludlu, bürkülü bir səhər vardı. Filin hara getdiyini dəqiqləşdirmək üçün insanları sorğu-sual etməyə başladıq, amma həmişəki kimi yenə də dəqiq məlumat ala bilmədik. Bu, şərqdə dəyişməz bir haldır; hekayə uzaqdan kifayət qədər aydın görünür, amma səhnəyə doğru yaxınlaşdıqca tutqunlaşır. Bəziləri deyirdi, fil bu istiqamətdə gedib, bəziləri deyirdi ki, yox, o biri istiqamətdə, bəziləri də ümumiyyətlə hər hansı fil haqqında eşitmədiklərini söyləyirdi. Çox da uzaq olmayan bir məsafədən çığırtı səsləri eşidənə qədər bütün bu əhvalatın uydurma olduğu qənaətinə gəlmişdim.  Kimsə yüksəkdən “Ay uşaq,  uzaqlaş buradan! Dərhal uzaqlaşın! ” deyə qışqırır və qoca bir qadın əlində çubuq daxmanın yanından çıxaraq çılpaq uşaq dəstəsini qəddarcasına qamçılayırdı. Daha bir neçə qadın da onun dalınca gəlir, dilləri ilə müxtəlif səslər çıxararaq bağırışırdılar; açıq-aydın görünürdü ki, uşaqların görməməli olduğu nə isə baş verib. Daxmanın ətrafına dolandım və ölü bir bədənin palçığın içinə sərildiyini gördüm. O, bir hindli idi, qara dərili dravialı (Hindistanda xüsusi dil qrupuna aid olan xalq– tərc.), demək olar ki, çılpaq bir hambal; təzəcə ölmüşdü. İnsanlar söylədilər ki, fil daxmanın yanından qəfil onun üstünə cummuş, xortumu ilə yapışmış, ayağını kürəyinə basmış və onu yerə batırmışdı. Yağış mövsümü olduğundan torpaq yumşaqdı, adamın sifəti yerdə bir fut dərinliyində və bir neçə yard uzunluğunda xəndək qazmışdı. Qolları yanlara açılmış və başı kəskin burulmuş halda qarnı üzərində uzanmaqdaydı. Üzü palçıqla örtülmüş, gözləri bərəlmişdi, ağaran dişləri isə dəhşətli bir iztirabı ifadə edirdi. (Yeri gəlmişkən, heç vaxt mənə ölülərin sakit, rahatlamış göründüklərini söyləməyin, indiyədək gördüyüm meyitlərin əksəriyyətinin dəhşətli görkəmi olub.) Nəhəng heyvan ayağının sürtünməsi nəticəsində adamın belindəki dəri dovşan dərisi kimi soyulmuşdu. Ölünü görən kimi yaxınlıqda yaşayan bir dostun evinə fil silahını götürməsi üçün çapar göndərdim. Ponini də artıq geri göndərmişdim, heyvanın qorxudan dəli olmasını və filin qoxusunu alan kimi məni belindən tullamasını istəmirdim.

Çapar bir neçə dəqiqədən sonra silah və beş dənə patronla qayıdıb gəldi, bu arada, bir neçə birmalı filin aşağıda, bir neçə yüz yardlıq məsafədəki çəltik sahələrində olduğunu söylədi. Mən irəliyə doğru getməyə başladıqda, demək olar ki, məhəllənin bütün əhalisi dəstə ilə evlərindən çıxıb mənim ardımca gəldi. Əlimdəki silahı görmüşdülər, fili güllələyəcəyəm deyə həyəcanla qışqırışırdılar. Evlərini dağıdarkən fil onlara maraqlı gəlməmişdi, amma indi vəziyyət fərqli idi, fil öldürüləcəkdi. Bu, onlar üçün kiçik bir əyləncəyə çevrilmişdi; ingilislərdən ibarət kütlə də bu cür hərəkət edərdi yəqin; bundan əlavə, filin ətinə də göz dikmişdilər. Bu da məni əsəbiləşdirirdi. Fili öldürmək niyyətində deyildim – silahı yalnız zəruri halda özümü müdafiə üçün gətirtmişdim, həm də insanın arxasınca kütlənin gəlməsi həmişə onun əsəblərinə toxunur. Təpə ilə üzüaşağı addımlayırdım, kənardan səfeh görünürdüm və özüm də özümü səfeh kimi hiss edirdim: çiynimdə silah və arxamda bir-biri ilə itələşən, hər an böyüməkdə olan insan izdihamı. Aşağıda - artıq daxmalardan uzaqda çınqıl yol başlayırdı, ondan sonra isə hələ ki, şumlanmamış, amma ilk yağışlardan sonra islanmış və ara-sıra kobud, cod otların bitdiyi min yardlıq palçıqlı çəltik sahələri gəlirdi. Fil yoldan səkkiz yard məsafədə dayanmışdı, sol tərəfini bizə çevirmişdi. İzdihamın yaxınlaşmasını zərrə qədər də hiss etmədi. Yerdən dəstə il ot çıxarır, onları təmizləmək üçün dizlərinə çırpır, sonra da ağzına soxurdu.

Yolda dayanmışdım. Fili görəndə dəqiq anladım ki, onu öldürməyimə gərək yoxdur. İşlək bir fili öldürmək ciddi məsələdir – bu, nəhəng və bahalı bir maşını dağıtmaq kimi bir şeydir – və əlbəttə ki, insan bunu, əgər etməmək mümkündürsə, etməməlidir. Sakitcə yeməklə məşğul olan fil həmin məsafədən bir inək qədər təhlükəsiz görünürdü. O zaman düşünmüşdüm və indi də düşünürəm ki, filin hövrə üçün etdiyi hücumlar artıq geridə qalmışdı; “mahout”u qayıdıb onu ram edənə qədər heç kimə zərər vurmadan gəzib-dolanacaqdı. Heç mən özüm də onu öldürmək istəmirdim. Yenidən vəhşiləşmədiyinə əmin olmaq üçün bir az onu izləmək və sonra da çıxıb getmək qərarına gəlmişdim.

Lakin həmin an ardımca gələn izdihama nəzər saldım. Böyük bir kütlə idi, ən azı iki min adam vardı və sayları hər dəqiqə artırdı. Yolu hər iki tərəfdən uzun bir məsafədə bağlamışdılar. Rəngarəng paltarlar üzərində sarı üzlər dənizini görürdüm –xoşbəxt, bu kiçik əyləncədən həyəcanlanmış üzlər, hamısı əmin idi ki, fil öldürüləcək. Onlar mənə, fokus göstərməyə hazırlaşan bir gözbağlayıcıya baxırmış kimi baxırdılar. Məni sevmirdilər, amma əlimdə silah varkən onların dəyərli baxışlarına layiq görülmüşdüm. Və qəfil dərk etdim ki, gec-tez mən bu fili öldürməliyəm. İnsanlar bunu məndən gözləyirdilər və mən bunu etməli idim; məni irəliyə itələyən ikiminlik arzunu üzərimdə hiss edirdim və bu, qaçılmaz idi. Əllərimdə silah dayandığım həmin anda, ağ insanın şərqdəki hökmranlığının mənasızlığını, bihudəliyini ilk dəfə anladım. Budur, mən, silahsız yerli insanlardan ibarət kütlənin qarşısında əlisilahlı ağ adam – tamaşanın aparıcı aktyoru kimi görünürdüm; amma reallıqda səhnənin arxasındakı o sarı üzlərin iradəsi ilə irəli-geri itələnən mənasız bir kukla idim. Həmin an dərk etdim ki, ağ insan tirana çevriləndə özünün də azadlığını məhv etmiş olur. Bir növ boş, idarəedilən müqəvvaya, bir “sahib”in şərti fiquruna çevrilir. Çünki onun hökmranlığının əsas şərti bütün həyatını “yerlilər”də təəssürat yaratmaqla keçirməkdir və beləcə, hər böhran anında “yerlilər”in ondan gözlədiyini etməyə məcburdur. O, bir maska taxır və sonda sifəti həmin maskaya alışır. Filə atəş açmalıydım. Mən silah dalınca adam göndərəndə artıq bu öhdəliyi öz üzərimə götürmüşdüm. Sahib sahib kimi hərəkət etməlidir; qəti, əzmkar görünməlidir, öz fikrində əmin olmalıdır və hər kəsə aydın olan hərəkətlər etməlidir. Əlimdə silah, arxamca addımlayan ikiminlik izdiham və mən zəiflik göstərərək çəkilib gedirəm, heç nə etmirəm – yox, bu, qeyri-mümkündü. Kütlə mənə güləcəkdi. Mənimsə bütün həyatım, şərqdə yaşayan hər ağ insanın həyatı kimi, bir məqsəd uğrunda aparılan mübarizədən ibarət idi – gülüş hədəfinə çevrilməmək.

Amma fili öldürmək istəmirdim. Fillərin malik olduğu ana qayğıkeşliyi ilə ot dəstələrini dizlərinə çırpmasına baxırdım. Mənə elə gəldi ki, ona atəş açmaq cinayət olardı. O yaşımda heyvanların öldürülməsindən vicdan əzabı çəkməzdim, amma heç vaxt fil öldürməmişdim və heç bunu arzulamamışdım da. (Nədənsə, iri heyvanları öldürmək həmişə pis təsir bağışlayır insana.) Bundan əlavə, heyvanın sahibi də nəzərə alınmalı idi. Fil canlı olaraq ən azı bir neçə yüz funt dəyərində idi; ölü filinsə dəyəri yalnız dişlərinin qiyməti qədərdir, təxminən beş funt. Lakin dərhal hərəkətə keçməli idim. Biz gəlib çatanda artıq orada olan və təcrübəli görünən bir neçə birmalıya sarı çevrildim, filin necə davrandığını soruşdum. Hamısı eyni şeyi söylədi: onu yalnız buraxdığınızda sizə diqqət yetirmir, amma çox yaxınlaşdığınızda üstünüzə cuma bilər.

Nə etməli olduğum mənə bəlli idi. Filə, tutalım, iyirmi beş yardlıq bir məsafəyə qədər yaxınlaşmalı və onun necə davranacağını yoxlamalı idim. Əgər hücum etsəydi, atəş aça bilərdim; əgər məni hiss etməsəydi, “mahout” geri qayıdana qədər onu orada təkbaşına buraxmaq ən yaxşısı olacaqdı. Amma bilirdim ki, bunların heç birini etməyəcəm. Zəif atıcı idim, torpaq da ki, yumşaq palçıq; hər addımda batmaq olardı. Əgər fil hücum etsəydi və mən onu vura bilməsəydim, şansım asfaltbasan maşının altında qalan qurbağanın şansına bərabər olacaqdı. Lakin o halda belə mən öz canım barədə, arxamda dayanıb diqqətlə izləyən sarı üzləri düşündüyüm qədər düşünmürdüm. Çünki həmin anda keçirdiyim qorxu hissi sözün adi mənasında olan qorxudan, yəni bu vəziyyətdə tək olarkən keçirilən qorxu hissindən fərqli idi. Ağ insan “yerlilər”in qarşısında qorxmamalıdır və o, ümumiyyətlə, qorxu nədir bilməməlidir. Beynimdəki tək düşüncə ondan ibarət idi ki, əgər nəsə yolunda getməsəydi, o iki min birmalı məni qovulan, yaxalanan, tapdalanan və təpədəki hindli kimi dərisi soyulan halda görəcəkdi. Və əgər bu baş versəydi, çox güman, bəziləri mənə güləcəkdilər. Bu isə baş verməməli idi.

Yalnız bir alternativ qalırdı. Patronları silahın sandığına doldurdum və yaxşı nişan almaq üçün yolun üzərinə uzandım. Kütlə sükuta qərq olmuşdu, saysız-hesabsız insan boğazından dərin, sakit, xoşbəxt bir nəfəs çıxırdı bayıra, sanki teatr pərdəsinin qalxmasını gözləyirdilər səbirsizliklə. Nəhayət ki, o xırda əyləncələrini yaşayacaqdılar. Silah, üzərində optik nişangahı olan gözəl bir alman tüfəngi idi. Fili öldürmək üçün bir qulaq deşiyindən o birisinə doğru uzanan xəyali xətti nişan almaq lazım olduğunu bilmirdim o zamanlar. Buna görə də - fil yanakı dayanmışdı - onun qulağını nişan almalı idim, mən isə faktiki olaraq qulağından bir neçə düyüm kənarı nişan almışdım, beyninin bir az irəlidə olduğunu düşünmüşdüm. 

Tətiyi çəkdiyimdə nə atəş səsi eşitdim, nə də silahın əks-zərbəsini hiss etdim – hədəfə dəyəndə həmişə belə olur – amma kütlə tərəfdən dəhşətli bir şadyanalıq hayqırtısı, nəriltisi gəldi. Və həmin anda, hətta güllənin gedib hədəfə çatmasına kifayət etməyəcək dərəcədə qısa müddətdə fildə sehrli və dəhşətli bir dəyişiklik baş verdi. O nə hərəkət edirdi, nə də yerə yıxılmışdı, lakin bədəninin hər hissəsi tamam dəyişmişdi. Qəflətən sustalmış, qırışıb-büzüşmüş, inanılmaz dərəcədə qocalmış görünməyə başladı, sanki güllənin qorxunc zərbəsi onu vurub yerə yıxmasa da, iflic etmişdi. Nəhayət – sanki uzun bir müddət keçmişdi, amma bəlkə də beş saniyədən çox olmazdı – fil ölgün halda dizləri üstünə çökdü. Ağzından su gəlirdi. Üzərinə dəhşətli bir qocalıq çökmüşdü. Elə bil, min yaşı vardı. Eyni nöqtəyə yenidən atəş açdım.  İkinci atəşdən də yıxılmadı, çarəsiz süstlük içərisində, dizləri üzərində dayanmışdı, çətinliklə də olsa, dik saxlayırdı özünü, ayaqları taqətdən düşmüş, başı isə aşağı sallanmışdı. Üçüncü dəfə atəş açdım. Bu dəfə atəşi ona kömək etmək üçün açmışdım. Dəhşətli ağrının onun bədənini necə silkələdiyi və dizlərindəki son gücü də alıb-götürdüyü açıq-aşkar görünürdü. Amma yıxılarkən sanki bir anlıq da olsa, yenidən qalxmaq istəmişdi; arxa ayaqları çökdüyündə yerindən aşırılan nəhəng qaya kimi dikəldi, xortumunu isə ağac kimi səmaya doğru qaldırdı. Birinci və sonuncu dəfə truba səsi çıxardı. Sonra yerə yıxıldı, qarnı mənə sarı, sanki uzandığım yeri də titrədən bir gurultu ilə.

Ayağa qalxdım. Artıq birmalılar yanımdan ötərək palçığın içi ilə qaçışmağa başlamışdılar. Aydın idi ki, fil daha ayağa qalxmayacaqdı, amma hələ ölməmişdi. Çox ritmik şəkildə nəfəs alırdı, uzun sürən və xorultulu bir təngənəfəslik içərisində idi, nəhəng qarnının yan tərəfi ağrı içində qalxıb-enirdi. Ağzı geniş açılmışdı – boğazının solğun-çəhrayı boşluğunu görə bilirdim. Ölməsini gözlədim xeyli müddət, lakin tənəffüsü azalmırdı. Nəhayət, sonuncu iki gülləni də ürəyinin yerləşdiyini ehtimal etdiyim hissəyə doğru atdım. Yoğun qan şırnağı qırmızı məxmər kimi axıb töküldü, amma hələ də ölməmişdi. Hətta güllələr belə bədənini tərpədə bilmir, işgəncəli tənəffüsü isə kəsilmirdi. Yavaş-yavaş və böyük əzab içərisində ölməkdəydi, amma məndən uzaqda, elə bir dünyada idi ki, heç bir güllə artıq zərər yetirə bilməzdi ona. Anladım ki, buna bir son verməliyəm. Nəhəng bir heyvanın hərəkət etməyə, hətta ölməyə yetəcək gücü olmadan yıxılıb-qalmasını görmək dəhşətli idi. Kiçik silahımı geri gətizdirdim, filin ürəyinə və boğazına doğru dalbadal atəş açdım. Heç bir təsiri olmadı. Əzablı tənəffüs saat tıqqıltısı kimi aramla davam edirdi.

Axırda, daha dözə bilmədim və oradan uzaqlaşdım. Sonradan eşitdim ki, filin ölməyi daha yarım saat davam edibmiş. Birmalılarsa hələ mən orada olanda bıçaq və səbətlərini götürüb gəlmişdilər; deyilənə görə, filin cəsədini az qala sümüklərinə qədər parçalayıblarmış.

  Sonralar, filin öldürülməsi barədə, əlbəttə ki, sonsuz söz-söhbət dolaşdı. Filin sahibi qəzəbdən dəli olmuşdu, amma o, sadəcə bir hindli idi və heç nə edə bilməzdi. Həm də mən hüquqi cəhətdən doğru olanı etmişdim, qudurmuş fil əgər sahibi tərəfindən idarə oluna bilmirsə, eynən qudurmuş köpək kimi öldürülməli idi. Avropalılar arasında isə fikirlər haçalanmışdı. Yaşlı insanlar deyirdilər ki, mən haqlıyam, gənclər isə bir hambalı öldürdüyünə görə fili güllələməyin biabırçı hadisə olduğunu söyləyirdilər, çünki bir fil istənilən murdar hambaldan daha dəyərlidir. Və sonunda hambalın fil tərəfindən öldürülməyinə sevinəsi oldum: hüquqi baxımdan bu, mənə fili öldürmək haqqı verirdi. Tez-tez özümdən soruşuram: bunu yalnız və yalnız axmaq kimi görünməkdən yaxa qurtarmaq üçün etdiyimi kimsə anlamışdımı görəsən?

Corc Oruell

Tərcümə: Rəşad Səfər

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade