post-title

Sevginin insan yaşamında tutduğu yer

İnsanların böyük çoxluğunun, sevgi duyğusuna yanaşmasında bir anlaşılmazlıq gözə çarpır: bir yandan sevgi, poeziyanın, romanların, pyeslərin başlıca konusudur; o biri yandan da, adlı-sanlı sosioloqların çoxu, özlərini görməzliyə vuraraq, bu duyğunu danmağa çalışırlar, bunu ondan da görmək olar, hələ indiyiə kimi hansısa iqtisadi, siyasi islahatlar planı işləniləndə, burada sevgi duyğusunun da bir faktor olaraq, saya salındığını görən olmamışdır. Mən isə sevgiyə belə yanaşmanı düzgün saymıram, sevgini, insan yaşamında ən önəmli duyğulardan biri kimi dəyərləndirirəm. Bununla yanaşı olaraq, bu duyğunun azad bir şəkildə inkişaf edə bilməsini əngəlləyən istənilən ictimai sistemin, insanlığa yaraşmayan, amansız bir sistem olduğunu düşünürəm.

 

 
(Bertran Rasselin 1950-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü almış “Evlilik ilə əxlaq” kitabından bir parça.)
 
Sevgi, özünün bitkin sayıla biləcək anlamında, yalnız elə iki kimlik arasında baş verən cinsi ilişkilər kimi anlaşılmamalıdır, düzdür, sevgi insanlar arasında cinsi ilişkilərin yaranmasına gətirib çıxarır, ancaq bu ilişkilərin gerçəkləşməsi, sevənlərin çox yüksək bir emosional coşqunluq halında, özü də onların həm psixoloji, həm də  fizioloji durumlarına, sözün yaxşı anlamında, təsir göstərərək baş verir. Bu emosional coşqunluqlar isə, haracan desən yüksələ də bilər. Ancaq burası da vardır, “Tristan və İzolda”1 kimi əsərlərin örnəyindən gördüyümüz bu yüksək coşqunluq, indiyə kimi biri-birini sevmiş sayı bilinməz kişilərlə qadınların yaşamında uyğunsuzluq doğurmamış, onlar arasında heç bir anlaşılmazlıq  yaratmamışdır.
 
Bu emeosional coşqunluğu, bədii formalarla yetərincə açıqlaya bilməyin örnəkləri çox azdır, ancaq bu duyğunun özünün baş verməsi, ən azından Avropada, gözəçarpacaq qədər çoxdur. Bir sözlə, sevginin bir toplumda, başqa birisindən daha çox gözə dəyməsi, məncə, heç də əxlaqi özəlliklərlə yox, ən çox ənənələrlə, bir də ictimai quruluşlarla bağlıdır. Çində sevgi çox az üzləşilən bir duyğudur, gözlərindən heç nə yayınmamış çin tarixçiləri belə öz kitablarında ondan çox az söz açırlar, ən çoxu, hansısa yaramaz qaravaşın imperatoru sevgi oyunu ilə aldatmasından ötəri yazıb keçirlər. Çin mədəniyyətində, güclü emosiyalara uymaq bəyənilməmiş, insanın istənilən durumlarda ağla arxalanaraq davranmasına üstünlük verilmişdir. Bu, bir azca, bizim toplumda XVIII yüzillikdəki oturuşmuş durumu  andırmaqadır. Böyük Fransız İnqilabını, romantizmlə bağlı bir çox hərəkatları, Böyük Dünya savaşlarını görəndən sonra, artıq bizim yaşamımızda ağılın ağalıq eləmədiyini hamımız çox yaxşı bilirik, kraliça Annanın2 çağında çox geniş yayılmış, insanların ancaq ağıla arxalanmaqla doğru-düzgün yaşaya biləcəklərinə olan inamın yanlışlığını bu gün artıq hamı bilir. İş burasındadır, psixoanaliz elmi formalaşmağa başlayanda, ağıl özünün üzüdönüklüyünü bir daha, bu dəfə elmi baxımdan göstərmişdi. Çağdaş yaşamda üç ağlasığmaz fəaliyyət türü vardır, bunlar: din, savaş, bir də sevgidir. Ancaq iş burasındadır, sevgi ilə ağılın arasında heç bir qarşıdurma yoxdur, istənilən ağıllı insan bu duyğuya qapıla, onun dadını çıxara, bununla yanaşı olaraq, ağıllı olaraq qala da bilər. Səbəbini bu kitabın başlanğıcında anlatdığımız kimi, çağdaş dünyamızda din ilə sevgi arasında gözəçarpacaq bir öcəşkənlik vardır. Mən bu qarşıdurmanın aradan qaldırıla biləcəyinə inanıram; bu öcəşmənin yaranmasının başlıca səbəbi isə, başqa dinlərdən fərqli olaraq, xristianlığıqda asketizmin olması ilə bağlıdır.
 
Ancaq çağdaş dünyamızda sevginin dindən də qat-qat qorxulu olan başqa bir yağısı da vardır, bu yağının “incilini”–müqəddəs kitabını isə, “iş və iqtisadi uğurlar” kimi adlandırmaq olar. İndi dünyanın çox yerlərinndə, ən çox da Amerikada, belə bir söz tez-tez işlənir: “sevgi gərək insanın karyerasını əngəlləməsin, kiminsə sevgisi öz işindəki uğurlarını əngəlləyirsə, deməli o, qanmaz adamdır”. Ancaq, elə bütün başqa sorularda olduğu kimi, burada da tarazlığın gözlənilməsi çox önəmlidir. Bir sıra bəlli durumlarda, öz karyerasını bütünlüklə sevgiyə qurban vermək doğrudan da igidlik sayıla bilsə də, ancaq başqa çoxlu durumlarda karyerasını büsbütün sevgiyə qurban vermək doğrudan da qanmazlıq sayıla bilərdi; ancaq bundan da qat-qat artıq qanmazlıq, sevgini büsbütün karyeraya qurban vermək sayılmalıdır, həm də burada hansısa igidlikdən danışmağın özü belə yersiz görünür. Ancaq qazanc dalınca qaçmaq prinsipləri üzərində qurulmuş toplumlarda, dediyimiz bu, sevginin karyeraya qurban verilməsi durumu istər-istəməz, özü də sıx-sıx yaranır. Örnək üçün, Amerikada yaşayan adi bir biznesmenin yaşamını götürüb baxın. Yeniyetməliyini başa vuran kimi biznesə atılan bu adamın bütün düşüncəsi, bütün enerjisi, ancaq maliyyə uğurları qazanmağa yönəlmişdir. O hələ nə qədər gəncdir, aradabir vaxt tapıb fahişələrin yanına gedib özünün cunsi istəklərini ovudur; sonradan o, evlənir, ancaq onun maraqları ilə xanımının maraqları büsbütün biri-birindən ayrı olur, demək olar, onlar arasında heç vaxt gerçək bir doğmalıq olmur. O öz ofisindən çıxıb, çox gec, yorulub əldən düşümüş bir durumda evə qayıdır; gün doğmamış, xanımı hələ yuxudaykən, qalxıb işə gedir; bazar günləri o, pul qazana bilmək üçün çox gərəkli olan sağlamlığını qoruya bilməkdən ötrü, qolf oynamağa gedir. O, xanımının istəkləri ilə üzdə razılaşsa da, ürəyində onun bu istəklərini qadınlıq şıltağından başqa bir şey saymır. Evlilikdən qıraqda kiminləsə sevişmək üçün onun vaxtı yoxdur, ən acınacaqlısı isə o, elə evlilikdə də sevişməyə vaxt tapa bilmir, ola bilsin, ara-sıra işi ilə bağlı getdiyi ezamiyyətlərdə fahişələrlə görüşə bilir. Onun xanımı, sürdüyü bu ömürlə bağlı olaraq, seksual baxımdan çox soyuqqanlı olur, bunun da başlıca səbəbi onun öz xanımına qarşı istiaqanlılıq göstərməməsidir. Bu gənc amerikalı biznesmen, həmişə özünün alt şüurunda nəyəsə gərək duyur, öz ömründə nəyinsə çatışmadığını düşünür, ancaq bu istəklərin haradan doğduğunu anlaya bilmir. Onun başı bütünlüklə işə, fanatı olduğu boks yarışmalarına baxmağa, yaxud da toplumda sol radikal qüvvələrin sıxışdırılmasına həsr olunmuş kompaniyalarda vaxt keçirməyə elə bərk qarışmışdır, artıq sevgini biryolluq unutmuşdur. Onun xanımı da, elə onun kimi, alt şüurundan gələn bir duyumla yaşamında hansısa anlaşılmaz çatışmazlıqların olduğunu düşünməyə başlayır, darıxmağını aradan qaldırmaq üçün ucuz mədəniyyət örnəkləri ilə özünü ovundurmağa çalışır; öz ərinə qarşı dönüklüyü ağlına belə gətirməyən bu qadın, azad düşüncəli, ağgünlü yaaşayan insanlara öcəşməyə yönəlik düşüncələrə qapılmağa başlayır. Beləliklə də, seksual istəklərinin ödənilməməsindən yaranan bu çatışmazıq, kişidə də, onun xanımında da, insanlara qarşı nifrət duyğusu doğurmağa başlayır, ən pisi isə, onlar bu nifrətlərini, ictimai rəy, yüksək əxlaq adı altında pərdələməyə başlayırlar.
 
İnsanların belə qaragünlü olması isə, seksual istəklərin ödənilməsi ilə bağlı yanlış bir konsepsiyanın ucbatından baş verir. Apostol Pavel bu konuyla bağlı belə düşünürdü: nikahda insanları biri-birinə bağlayan, yalnız cinsi ilişkilərdir; bu baxış isə xristianlıq təlimi ilə əxlaqının başlıca konsepsiyası olaraq götürülmüş, sonradan insanların yaşamlarına daşınmışdır. Seksə olan nifrətləri əxlaqçıların gözlərini bağladığından, onlar seksual ilişkilərdə yaxşı olan heç nə görə bilmirdilər. Ona görə də, kimsə gəncliyində, kor-koruna, onların bu təlimini qəbul eləyirdisə, özünün ən dəyərli, ən dadlı duyğularının ömrünə gətirə biləcəyi böyük sevinclərini biryolluq itirmiş olurdu.
 
Sevgi, biri-biri ilə cinsi ilişkilərdə olmaq istəyindən qat-qat böyük olan bir gerçəklikdir; o, insanın təklikdən qurtulmasının ən başlıca aracıdır, sevgisini tapa bilməyən neçə-neçə kişilərlə qadınlar, öz ömürlərini təklikdə keçirərək, puç eləmişlər. Ruhlarının dərinliklərində insanların çoxu dünyanın soyuqluğu, qara kütlənin amansızlığı qarşısında qorxu hissləri keçirməkdədirlər; bununla yanaşı olaraq, onların ürəklərində incəliyə, sevgiyə can atan çılğın duyğular da vardır, kişilər bu duyğularını, özlərinin qabalaığı, yekəbaşlığı, yaramazlığının, qadınlar isə bunu, öz hikkələri ilə yersiz qovğalarının altında gizlədirlər. Qarşılıqlı, çılğın sevgi, davam etdiyi sürədə, bütün bunlara son qoyur, bizim mənliyimizin üstündən bu qabalıqları silib atır, büsbütün dəyişilmiş iki kimsənin ruhca qovuşmasından yaranan yeni, gözəl bir birlik yaradır. Təbiət insanları təklikdə yaşamaq üçün yaratmayıbdır. Belə olsaydı, onda insanlar öz aralarındakı gərəkli bağlılaqların, qarşılıqlı yardımların olmaması ucbatından, öz bioloji varlıqlarını qoruyub saxlaya da bilməzdilər. Burası da var, insansevər, yaxşı tərbiyə görmüş kimsələr, ortalıqda sevgi yoxdursa, heç vaxt cinsi əlaqələrə girmirlər, bir insanın cismani, ruhani varlığının başqa bir insanın cismani, ruhani varlığı ilə birləşməsindən sonra, ancaq onda, cinsi istəklərdən gərəkən yetkin bir həzz duymaq olur. Kimsə öz ömründə bu mərhəmliyi duymayıbsa, bu sayaq biri-birinə isnişməni, qarşılıqlı sevgini yaşamayıbsa, onda öz ömründə tapa biləcəyi ən dəyərli nəsnələrin yanından ötüb keçmişdir. Burası da var, bu dəyərli nəsnələri əldən buraxanlar, çox vaxt bunu ya alt şüurları ilə, ya da elə birbaşa anlamağa başlayır, ruhlarını incidən bu sarsıntılar onlarda gözügötürməzlik, amansızlıq duyğuları doğurur, başqalarının üstündə tiranlıq eləmək istəyi yaradır. Belə çıxır, sosioloqların görməli olduqları önəmli işlərdən biri də, sevginin insan yaşamında öz gərəkən yerini tuta bilməsi üçün əlverişli durumlar yaratmağa çalışmlıdırlar, öz ömründə sevgi duyğusunu yaşamayan insan heç vaxt yetkin bir kimsə sayıla bilməz, demək, sevginin aşıladığı istiqanlılıq, yaxşılıqsevərlik duyğuları ilə başqalarına yanaşa da bilməzlər, belə insanların ictimai fəaliyyətləri isə, topluma ziyandan başqa heç nə gətirə bilməz.
 
Bəlli durumlarda, bəlli dönəmlərdə, çoxlu qadınlarla kişilər çılğın sevgi duyğusunu yaşamalı olurlar. Haçansa bu duyğuları yaşamayanlar, gerçək sevgi ilə, acgöz cinsi instinktin fərqini ayırd eləyə bilmirlər. Örnək üçün, yaxşı tərbiyə görmüş gənc qız, ortalıqda sevgi olmadan kiminləsə öpüşməyin yolverilməz olduğunu yaxşı bilir; öz bakirəliyini qoruyub saxlayan bu gənc qız ərə gedəndən sonra qurbana çevrilir–daha doğrusu o, qısa sürən, keçici olan seksual cazibənin tələsinə düşür, elə onda da ilişib qalır, ancaq öz yaşamında artıq belə cinsi ilişkiləri sınaqdan keçirmiş qadın, bu cazibənin gerçək sevgi olmadığını bildiyindən, onu sevgi ilə qarışdırmaq kimi yanlışlığa qapılmır. Mənə elə gəlir, uğursuz evlənmələrin səbəbini burada axtarmaq gərəkdir. Ancaq, ortalıqda qarşılıqlı sevgi olanda belə, yenə də bu duyğulara ağu qatan bir durum yarana bilər, bu isə sevgi duyğusunu yaşayanların hansısa günah işlətməsi ilə bağlı düşüncələrin olmasından doğulur. Belə düşüncələrin yaranması üçün bəlli arqumentlər də vardır. Örnək üçün, Parnell özünün şorgözlüyü ilə doğrudan da gunah işlətmişdi, elə bu gözüdağınıqlığına görə də İrlandiyanın ona bəslədiyi ümidləri doğrulda bilməmişdi. İş burasındadır, sevgidə günahın olması ilə bağlı düşüncələr, bunun fərqində olmayanların da sevgi duyğularına ağu qata bilir. Sevgi özündə olan bütün yaxşılıqları ancaq bir durumda bütünlüyü ilə üzə çıxara bilir: o gərək bütün məhdudiyyətlərdən azad olsun, səmimi olsun, bir də ürəyin ən dərin qatlarından gəlsin.
 
Sevginin günah sayılması düşüncəsi,–evlilikdən sonra da belə düşünənlər var,–ənənlərlə bağlı tərbiyədən gəlir, istər qadın, istərsə də kişi olsun, hər ikisinin alt şüurunda qorunub saxlanılır; bu yanlışlıq təkcə elə ənənvi baxışlara bağlı olan kimsələrdə yox, həm də açıq düşüncəli, geriçilikdən uzaq kimsələrdə də qalmaqdadır. Sevgiyə belə yanaşmanın biriri-birindən seçilən sonucları olur: kişilərdə bu, onların sevgiyə canatmalarının(love-making) kobud, xoşagəlməz xarakter almasında özünü göstərməkdədir, onlar sevginin gəlib çatdığı sonluqda qadınların cinsi yaxınqlıqdan gözlədikləri həzzi bütün dolğunluğu ilə ala bilmələri üçün onlara göstərilməli olan incə davranışları, deyilməli olan gərəkən sözləri bilmirlər. Bu azmış kimi, onların bir çoxu qadının cinsi yaxınlıqdan həzz almalı olduğunu belə anlamaq istəmirlər, həm də bunun suçunu özlərində axtarmaqdan da uzaq olurlar. Bununla yanaşı olaraq, ənənəvi tərbiyə ilə böyümüş qadınların bir çoxu, cismani yaxınlıq eləməkdə soyuqluğa, yersiz özünü qorumağa qapılırlar. Onların bu çatışmazlığını yalnız oynaşları ola biləcək kişilər aradan qaldıra bilərdi, ancaq öz qadınının belə özəlliklərini onun üstünlükləri sırasına yazan ərləri isə, onların bu özəllikləri ilə öyünürlər, beləliklə də, çoxillik evlilikdə onların ilişkiləri beləcə soyuq, formal bir xarakter daşıyır. Bizim babalarımız öz xanımlarını heç vaxt anadangəlmə çılpaq görməmişdilər, onların xanımları da belə bir “iyrənc duruma” düşməyi ağıllarına gətirməkdən qorxub çəkinərdilər. Qadın-kişi ilişkilərində belə anlaşılmaz durumlar bu gün də qalır, özü də biz düşündüyümüzdən də qat-qat çoxdur. Bu çatışmazlıqların adlaya bilənlərdə belə, yenə də keçmişdən qalma çəkingənlik duyğusunun qalıqları saxlanılmış olur.
 
Çağdaş dünyamızda, sevgi duyğusunun bütövlüyünü korlayan, onun bütün dolğunluğu ilə gerçəkləşməsinin qarşısını alan bir psixoloji durum da vardır. Çoxlarının yaşadığı bu psixoloji durumun adı, özünün fərdi bütövlüyünü itirmək qorxusudur. Bu çox böyük bir anlamazlıq olsa da, ancaq neyləmək olar, çağdaş dünyamızda belə bir əskiklik özünü göstərməkdədir! İnsanın fərdiyyəti, ayrılıqda götürülərək dəyərləndirilə bilən bir gerçəklik deyildir, insan dünya ilə ilişkilər qurmadan yaşaya bilmədiyi üçün, onun fərdiyyəti də arası kəsilmədən dəyişir, ona görə də özünün bütövlüyünü, toxunulmazlığını qoruyub saxlamaq gücündə deyildir. Bütünlüklə özünə qapılmış fərdiyyət, şüşə qəfəsə qoyulmuş bitki kimi çox keçmədən saralıb solardı; bunun tərsinə olaraq, başqaları ilə ilişkilərdə olmaq fərdiyyəti artırıb böyüdür. Sevmək, uşaqları olmaq, işləmək fərdin dünyayla əlverişli ilişkilərinə yol açır. Bu sırada sevgi birinci yerdə dayanır. Bundan başqa da, sevgi olmasaydı,  atalıq-analıq sevgisi də yarana bilməzdi. Doğulan uşağa ata ilə ananın hər ikisindən pay düşür, onlar biri-birini sevməsələr, onda birisi uşağında özünə oxşarlığa baxıb sevinəcəksə, o birisi öz doğmaca uşağının sevmədiyi kimsəyə oxşadığını görüb öfkələnəcəkdir.
 
İnsanın bağlı olduğu iş, heç də həmişə onun dünyayala əlverişli ilişkilərinə yol açmır–burada hər şey görülən işin mənəvi dəyərindən asılıdır. Ancaq pul qazanmaqla bağlı olan işin heç bir mənəvi dəyəri olmur, mənəvi dəyəri olan işlər, işçinin ürəyini coşdurmalı, onun gözlərini dünyaya açmalı, ona, həm öz işinə, həm də insanlara qarşı sevgi aşılamalıdır. Kİmsə sevgi adı altında başqasını ələ keçirməyi, ona yiyələnməyi, ondan cismani yararlanmağı başa düşürsə, bərk yanılır, bunun adı sevgi deyildir, bu da elə pul qazanmaq düşkünlüyünə oxşar bir nəsnədir. Qarşılıqlı ilişkilərin sevgi adlana bilməsi üçün, kişi, yaxud da qadın, gərək sevdiyinin də mənliyinə öz mənliyi qədər önəm verə bilsin, onun duyğularını, istəklərini özününkü qədər anlayıb duya bilsin. Bunun üçünsə gərək mənlik duyğusu özünün istər insinktiv, istərsə də şüurlu qatını, başqasının mənliyini öz içinə ala biləcək qədər genişləndirə bilsin. Ancaq bizim yağılıqlarla, öcəşkənliklərlə dolub daşan toplumda, protestantizmlə, romantizmdən qaynaqlanan fərdiyyətçilik kultuna tapınmaq baş alıb getdiyindən, bu dediyimiz sayaq qovuşma da get-gedə azalmaqdadır.
 
Əski əxlaqi dəyərlərdən əl çəkmiş çağdaşlarımız arasında, gerçək anlam daşıyan sevgi üçün yeni bir qorxu törənməkdədir. Cinsi ilişkilərə göz qoyub, bu işi görmək istəyənlərə sorumluluq aşılayan əxlaqi dəyərlər ortadan çıxanda, insanlar harada oldu, necə gəldi cinsi ilişkilərə girməyə başlayırlar; onlar seksə: heç bir duyğu, incəlik, insani bağlılıq olmadan baş verən adi bir olay kimi baxmağa alışırlar; onların bir çoxu isə seksə nifrətlə yanaşmaqdan belə çəkinmirlər. Oldos Xakslinin4 romanı belə yanaşmaların qabarıq bir örnəyi ola bilər. Onun bu romanlarının qəhrəmanları da, cinsi ilişkilərə elə apostol Pavelsayağı, fizioloji akt kimi baxırlar; seksin hansı yüksək dəyərlərlə bağlı olduğunu görünür yerli-dibli bilmirlər. Buradan isə, asketizmə keçmək üçün vur-tut bircə addım qalır. Bu adamlar sevginin özünəməxsus olan bir idealının, həmdə ancaq özünəməxsus olan əxlaqi normalarının olduğunu anlamaq belə istəmirlər. Bu normaları isə, bir yandan xristian təlimi, o biri yandan da çağdaş gəncliyin əyyaşlığı, sıxışdırıb toplumdan çıxarmış, gözdən-könüldən uzaq salmışdır. Ancaq ortalıqda sevgi olmadan baş verən cinsi ilişkilərdə insanın cinsi istəklərinin yetərincə ödənilmədiyini də unutmaq olmaz. Mən bununla, sevgi olmadan cinsi ilişkilərin baş verməsinin bütünlüklə gərəksiz olduğunu demək istəmirəm, belə olardısa onda biz yenidən sevginin qarşısında onun keçə bilməyəcəyi hündür hasarlar çəkmiş olardıq. Mənim deməyim odur, sevgi olmadan baş verən cinsi ilişkilərin heç bir böyük dəyəri yoxdur, belə ilişkilər olsa-olsa gerçək sevgiyə çata bilmək yolunda sınaqlar sayıla bilərdi.
 
Beləliklə də, gördüyünüz kimi, sevgiyə, insanın yaşamında ən sayğılı yerlərdən birini tutmaq yaraşır. Ancaq bununla yanaşı, sevgi, onun qarşısında qanunlarla adətlərin qoyduğu istənilən maneələri adlayıb keçməyi bacaran, ipə-sapa yatmayan bir gerçəklikdir. Sevgililərin uşaqları doğulana kimi, sevgi qarşısıalınmaz bir güclə irəliləyir. Ancaq uşaqların doğulması ilə sevgi özünün öncələrdəki gücünü itirməyə başlayır, insan soyunun davamının bioloji tələblərinə boyun əyməli olur. Evlilikdə olanlar arasında yaranan hər hansı öcəşkənlikdə, etik normalar araya girməyə başlayır, uşaqların gələcək taleyinin eqoistcəsinə özünüsevməkdən üstün tutulması tələb olunur. Evlilikdə olan kişi ilə qadın arasındakı ilişkiləri nizamlayan ağlabatan etik normalar, onlar arasında baş verən bu öcəşkənliyi yumşaltmağı bacarır, onlara təkcə öz uşaqlarını sevməyin az olduğunu, uşaqların, öz ata-anaları arasındakı sevgini duymalarının da önəmli olduğunu anladır. Ona görə də, əks cinslər arasındakı ilişkiləri nizamlamağa çalışan istənilən ağlabatan etik normalar, ailədəki uşaqların maraqlarını gözləmək şərti ilə, kişi ilə qadın arasındakı sevgi ilişkilərinə qarışmaqdan çəkinməlidir. Biz bu sorunun daha geniş araşdırılmasına, kitabımızın ailədəki ilişkilərlə bağlı başlığında baxacağıq.
 
 
Yorumlar.
 
1. Burada VIII-IX yüzilliklərə aid olunan kornoullu kralın xanımı İzolda ilə, onun ərinin qardaşı oğlu olan Tristan arasında olan sevgi ilə bağlı əfsanədən söz açılır. Görünür Bertran Rassel burada Rixard Vaqnerin, faciəvi-romantik sevgini ön plana çəkildiyi “Tristan və İzolda” operasından söz açır.
 
2. Kraliça Annanın çağı deyəndə Bertran Rassel,  XVIII yüzillikdə yaşamış ingilis maarifçiləri Defonu, Svifti, Addisonu, Stili, Poupu anmışdır.
 
3. Çarlz Styuart Parnell(1846-1891)—irland millətçilərinin lideri, tanınmış publisit olmuşdur. O, İrlandiyaya muxtariyyat verilməsi uğrunda çalışmışdır. Onun evlilikdən kənar sevgisi olması üzündən arvadı ilə boşanması, İrlandiyada ona qarşı böyük bir xalq qınağı yaratmışdı. İrlandiya katolik ölkəsi olduğundan, burada boşanma cinayət sayılırdı. Rassel də bu olayı anaraq, Parnellin öz xalqının gözündən düşməsindən söz açır.
 
4. Oldos Xaksli(1894-1963)—ingilis yazıçısıdır, onun çoxsaylı romanlarında ingilis ziyalıları satirik görünüşlərlə oxuculara təqdim olunurdu.    
 
Tərcümə: Araz Gündüz
Yuxarı