Corc Oruellin “Parisdə və Londonda səfil-sərgərdan” kitabından bir hissə

Литература

 

 
Bir gün, boş vaxtların birində Valenti özü haqqında bir əhvalat danışdı. 
“Bilirsən, övladım, bu otel həyatı çox yaxşıdır, amma işini itirdinsə, cəhənnəm əzabı çəkəcəksən. Yəqin ki, ac qalmağın nə olduğundan xəbərin var, deyilmi? Əlbəttə, yoxsa indi burda qab-qacaq yumazdın. Bax, mən zavallı bir qabyuyan deyiləm, mən ofisiantam, amma bir dəfə beş gün ac-yalavac dolaşdım. Beş gün bir tikə çörək belə dadmadım! 
 
Sənə deyim, o beş gün cəhənnəm əzabı idi. Yaxşı ki, kirayənin pulunu qabaqcadan ödəmişdim. Latın məhəlləsində, Müqəddəs Eloiz küçəsində, çirkli, ucuz, balaca bir oteldə qalırdım. Otelin adı Süzan Mey idi, imperiya vaxtında yaşamış məşhur bir fahişənin şərəfinə belə adlanırmış. Acından ölürdüm, ediləcək bir şey də yox idi; otel sahiblərinin ofisiant axtarmaq üçün gəldikləri kafelərə də gedə bilmirdim, çünki nəsə içmək üçün pulum yoxdu. Yataqda uzanmaqdan, getdikcə daha da zəifləməkdən və tavanda var-gəl edən taxtabitiləri seyr etməkdən başqa əlimdən bir şey gəlmirdi. 
 
Beşinci gün, günortadan sonra ağlımın yarısını itirmişdim artıq, ya da bu, indi mənə elə görünür. Otağımın divarında bir qadın başının solğun rəsmi asılmışdı və mən bu qadının kim ola biləcəyini düşündüm; təxminən bir saat sonra bunun Müqəddəs Eloiz, yəni bu məhəllənin qoruyucu müqəddəsi ola biləcəyini anladım. Əvvəllər heç fərqinə varmamışdım, amma indi rəsmə zillənərkən beynimdə çox qeyri-adi bir ideya doğdu.
 
“Qulaq as, əzizim,” öz-özümə söylədim, “belə getsə, sən acından öləcəksən. Nə isə etməlisən. Niyə Müqəddəs Eloiz anaya dua etməyi sınaqdan keçirmirsən? Diz çök və sənə bir az pul göndərməsi üçün yalvar. Onsuz da itirəcəyin bir şey yoxdur. Bir yoxla!”
 
Dəlilikdir, deyilmi? İnsan ac olanda hər şey edər. Həm də, dediyim kimi, bir zərəri də yoxdu. Yataqdan qalxdım, dua etməyə başladım. Dedim ki:
Əzizim Müqəddəs Eloiz, əgər varsansa, mənə bir az pul göndər. Çox istəmirəm – bir az çörək, bir şüşə çaxır almağa və gücümü toplamağa kifayət edəcək qədər. Üç-dörd frank bəs edər. Əgər bircə bu yardımı etsən, sənə nə qədər minnətdar olacağımı təsəvvür etməzsən, Müqəddəs Eloiz.  Və əmin ol, əgər mənə nə isə göndərsən, ilk işim küçənin aşağısındakı kilsənə gedib sənin adına bir şam yandırmaq olacaq. Amin!
 
Bu şam məsələsini söhbətə qatmağımın səbəbi odur ki, müqəddəslərin öz şərəflərinə şam yandırılmasından xoşlandıqlarını eşitmişdim. Əlbəttə, vədimi yerinə yetirəcəkdim. Amma mən ateistəm, bunun bir işə yarayacağına inanmırdım. 
 
Sonra yenə yatağa girdim, beş dəqiqə sonra qapı döyüldü. Mariya adlı bir qız idi, oteldə qalan kök bir kəndli qızı. Səfehin biri idi, amma yaxşı qızdı; məni olduğum vəziyyətdə görəcəyinə görə qayğılanmırdım. 
 
Məni görən kimi qışqırdı. “Nom de Dieu!” söylədi, “nə olub sənə? Günün bu vaxtında yataqda nə işin var? Üzün nə haldadır! İnsandan çox cəsədə oxşayırsan”
 
Yəqin ki, bərbad görünürdüm. Beş gün idi ki, yeməksiz qalmışdım, günün çox hissəsini yataqda keçirirdim, son üç gündə isə nə yuyunmuş, nə də üzümü taraş etmişdim. Otağım da donuz axuru idi sanki.
 
“Nə olub?” Mariya bir daha soruşdu. 
“Olan odur ki,” dedim, “İlahi! Acından ölürəm. Beş gündür heç nə yeməmişəm. Bax, məsələ budur. ”
Mariya dəhşətə gəlmişdi. “Beş gündür heç nə yemirsən?” dedi. “Amma niyə? Pulun yoxdur ki?”
 
“Pul!” dedim. “Səncə, pulum olsaydı, acından ölərdimmi? Vur-tut beş su varımdı, hər şeyim də girovdadır. Bax, görüm bu otaqda satılacaq və ya girov qoyulacaq bir şey tapırsanmı? Əlli santim gətirəcək bir şey tapa bilsən, deməli, məndən daha ağıllısan. ”
 
Mariya otağı araşdırdı. Ortalıqdakı tör-töküntünü ora-bura soxurdu; qəfildən həyəcanlandı. İri, qalın dodaqlı ağzı heyrətdən açıla qalmışdı. 
“İdiot!” deyə bağırdı. “Kəmağıl! Bəs bu nədir? ”
 
Otağın küncündən boş bir kerosin bidonunu qaldırdığını gördüm.  Hər şeyimi satmazdan öncə bir çırağım vardı, onun üçün həftələr öncə aldığım kerosinin bidonu idi. “Kerosin bidonudur. Boşdur. Nə olub ki? ”
 
“Axmaq! Sən buna üç frank yarım depozit verməmisənmi? ”
 
Əlbəttə. Üç frank yarım vermişdim. Bidon üçün həmişə pul alırdılar. Bidonu geri verəndə isə pulu qaytarırdılar. Lakin bütün bunların hamısını unutmuşdum. 
 
“Bəli”, söylədim.
 
“Səfeh!”, Mariya bir daha bağırdı. O qədər həyəcanlanmışdı ki, rəqs etməyə başladı; taxta başmaqları döşəməyə saplanacaq deyə qorxmağa başlamışdım ki, dayandı: “Axmaq! Sən dəlisən! Sən dəlisən! Niyə bunu dükana aparıb depozitini geri almamısan? Üç frank yarım orda dayanıb gözlərinin içinə baxır, sən isə acından ölürsən! Kəmağıl! ”
 
İndi inana bilmirəm, necə olub ki, bütün o beş gün ərzində bidonu dükana aparıb depoziti götürmək bir dəfə də olsun ağlıma gəlməyib. Nağd üç frank yarım və bu mənim ağlıma gəlməsin! Yatağın içində oturdum. “Tez!” deyə Mariyaya bağırdım, “mənim yerimə bunu sən et. Tindəki baqqala apar bunu, yüyür, tez ol! Qayıdanda da mənə yeməyə nəsə al! ”
 
Mariyaya bunları söyləməyə ehtiyac yox imiş. Bidonu qapıb fil sürüsünün çıxara biləcəyi bir gurultu ilə  pilləkənləri endi və üç dəqiqədən sonra geri döndü; bir qoltuğunda bir kiloluq çörək, digərində isə yarım litrlik şərab. Təşəkkür etmək üçün belə gözləmədən çörəyi qapıb dişlədim. Uzun müddət aclıqdan sonra çörəyin dadının necə olduğunun fərqinə varmısanmı? Soyuq, nəm, alaçiy – adamın ağzına yapışır sanki. Amma, ilahi, necə də yaxşı idi! Şərabı isə bir dəfəyə içdim, sanki birbaşa damarlarıma girdi və bütün vücudumda yeni qan kimi dövr etməyə başladı. Ax, hər şey dəyişmişdi! 
 
Nəfəsimi dərmədən bir kiloluq çörəyi aşırmışdım. Mariya əllərini ombasına qoyub mənim yeməyimə baxırdı. “Necədir, indi daha yaxşısan, hə?” mən bitirdiyimdə söylədi. 
 
“Daha yaxşımı?” dedim. “Əlayam! Beş dəqiqə öncəki insan deyiləm. İndi dünyada ehtiyacım olan bircə şey var – siqaret. ”
Mariya əlini önlüyünün cibinə saldı. “Siqaret ala bilmərsən”, dedi. “Pul yoxdur. Sənin üç frank yarımından qalan budur – yeddi su. Çatmayacaq. Ən ucuz siqaretin paketi on iki sudur. ”
 
“Onda ala bilərəm”, dedim. “İlahi, necə də bəxtim gətirib! Məndə də beş su var – tam bəs edəcək”.
 
Mariya on iki sunu alıb tütünçüyə getməyə hazırlaşdı. Və o an tamamilə unutduğum bir şeyi xatırladım. O, lənətə gəlmiş Eloiz Ana! Mənə pul göndərərsə, ona bir şam yandıracağam deyə söz vermişdim; doğrudan da, kim deyə bilər ki, duam baş tutmadı? “Üç-dörd frank”, demişdim. Ardınca da üç frank yarım gəldi. Qaçış yoxdu. On iki sunu şam almağa xərcləyəcəkdim. 
 
Mariyanı geri çağırdım. “Zəhmət çəkmə”, dedim, “hələ Müqəddəs Eloiz var – ona bir şam söz vermişəm. Səfehlikdir, deyilmi? Nəticədə siqaretsiz qalıram. ”
 
“Müqəddəs Eloiz?”, dedi Mariya. “Nə olub Müqəddəs Eloizə?”
 
“Pul göndərsin deyə dua etdim, bir dənə şam söz verdim” dedim. “Duamı qəbul etdi – hər halda, pul gəldi. Həmin şamı almalıyam. Adamı dilxor edir, amma mənə elə gəlir ki, sözümün üstündə durmalıyam. ”
 
“Yaxşı, bəs bu Müqəddəs Eloiz haradan ağlına gəldi?”, deyə Mariya soruşdu.
 
“Rəsmindən”, dedim və bütün söhbəti danışdım. “Bax, budur o”, dedim və divardakı rəsmi göstərdim.
 
Mariya rəsmə baxdı, sonra məni heyrətlərə salan bir qəhqəhə qopardı. Dayanmadan güldü, otaqda ayaqlarını yerə döyəcləyir və sanki partlamaqdan qorumaq üçün gonbul böyürlərini əlləri ilə sıxırdı.  Dəli olduğunu düşündüm. Yalnız iki dəqiqədən sonra danışa bildi. 
 
“İdiot!” nəhayət qışqırdı. “Sən dəlisən! Sən dəlisən! Doğrudanmı bu rəsmin önündə diz çöküb dua etdin?  Kim sənə söylədi bunun Müqəddəs Eloiz olduğunu?”
 
“Amma Müqəddəs Eloiz olduğundan əmin idim”, dedim.
 
“Axmaq! Müqəddəs Eloiz deyil bu. Səncə kim ola bilər?”
 
“Kim?”, dedim.
 
“Süzan Mey, otelə adını verdikləri qadın. ”
 
Süzan Meyə, imperiyanın məşhur fahişəsinə dua etmişəmmiş sən demə...
 
Amma əslində təəssüflənməmişdim. Mariya ilə ikimiz yaxşıca deyib-gülmüşdük; sonra da məsələni müzakirə edərkən aydın olmuşdu ki, Müqəddəs Eloizə heç bir borcum yoxdur.  Duaya cavab verənin o olmadığı dəqiq idi, ona görə də şam almağa ehtiyac qalmamışdı. Sonunda bir paket siqaretimi də ala bildim. ” 
 
Tərcümə: Rəşad Səfər
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade