post-title

Viktor Pelevinin “Empire V” (Gerçək Üstinsan haqda dastan)romanından seçilmiş parçalar

...“Glamour” şotland sözündən yaranmış, cadugarlıq anlamını verən “grammar” sözündəndir. “Grammar” isə öz növbəsində “grammatica” sözündən gəlir. Orta əsrlərdə bu söz ilə elmiliyin dəyişik təzahürlərini, o cümlədən də savadlılıqla əlaqələndirilən sehr, magiya bilgiləri praktikasını ifadə edirdilər.

 

 

 
 
Orta əsr latın dilində “discursus” termini var idi, “ora-bura qaçma”, “önə-geriyə qaçış” anlamında... Qlamurun qara paxıllıq odunda uzun dəmlənmədən sonra yaranan boş anlamsız parıltılı oyununa diskurs deyilir.
...Adamın gerçək yaşı başına gəlmiş həyəcanlı təcrübələrin həcmidir.
... Din, “lokal kult”dur.
 
... Hər bir xalq (hətta hər insan) mütləq qayda olaraq öz dinini özü işləyib hazırlamalıdır, yad bitlərlə qaynaşan cır-cındırları istifadə etməməlidir: bütün xəstəliklər elə onlardandır... Bizim zəmanədə yüksəklərdə olan xalqlar —Hindistan, Çin və b. öz ölkələrinə yalnız texnologiya və kapital gətizdirir, dinləri isə yerli istehsalındı. Bu toplumların hər bir üzvü əmin ola bilər ki, sonrakı əlavələrə, mətni köçürənin səhvlərinə və ya tərcümə qüsurlarına yox, öz tarakanlarına dua edir. Bizdə idə... Kim tərəfindən, harada və nə vaxt yazıldığı bilinməyən mətn toplularının milli dünyagörüşün təməli etmək, strateji bilgisayara apqreyd etmə imkanı olmayan, mühafizə sistemində dəlikləri olan, soxulcan və viruslarla dolu, üstəlik də naməlum “usta” tərəfindən köçürülmüş dinamik *.dll kitabxanası olan, o üzdən də hər iki dəqiqədən bir bütün sistem donan, asılan əcnəbi dilində “windows-95” pirat fərziyyəsini yükləməyə bənzəyir. İnsanlara açıq ruh memarlığı, open sourse, gərəkdir. Lakin iudey-xristianlar çox bicdirlər. Belə çıxır ki, bu cür memarlıq təklif edən hər kəs kafir, antixrist, olacaq. Uzaq keçmişdə qalmış süni götdən uzaq gələcəyi kirlətmək — iudey-xristianlığın ən təsirli möcüzəsi bax, budur, çox guman ki...
 
... Anonim diktaturanın ideologiyası qlamurdur... İdeologiya, görünən vasitələrə haqq qazandıran görünməyən məqsədin təsviridir...
 
... Bütün müasir diskurs, elə qlamur kimi, paltar soyunub geyinməkdən ya da ictimai müzakirəyə izni olan bir neçə şeyin yeni qutusundan ibarətdir...
 
... Qlamur möcüzə vəd edir. Amma bu möcüzə vədi maska kimidir, həyatdakı ecazkarlığı gizlədir, sanki o heç yoxmuş. Paltar dəyişdirmə və maskalanma nəinki texnologiyadır, həm də qlamurun yeganə gerçək məzmunudur. Elə diskursun da...
 
...Neyrolinqvistik proqramlaşdırmanın verdiyi yeganə gerçək nəticə, neyrolinqvistik proqramlaşdırma kurslarını aparanın maaşıdır...
...”Filosoflar dəyişik yollarla dünyanı izah edir, iş isə onu dəyişdirməkdədir.” (K.Marks)
... Qlamurun məqsədi elə odur ki, adam həyatını rusvayçılıq və özünə nifrət dumanının içində keçirsin. “İlkin günah” adlandırılan bu hal gözəllik, uğur və intellektual parıltı obrazlarının istifadəsinin birbaşa nəticəsidir. Qlamur və diskurs öz istehlakçılarını səfalətə, axmaqlığa və yoxsulluğa sürükləyir. Bu keyfiyyətlər, əlbəttə, nisbidir, amma əməlli-başlı əzab çəkməyə vadar edirlər. Bütün insan həyatı bu rusvayçılıq və səfalət həyəcanlarını yaşamaqla keçir...
 
...Şərin nə olduğunu insan izahsız da, sadəcə instinktlə, içgüdüylə anlamağa qadır olduğu üçün, “vampirlər” elə edir ki, şər anlaşılan olmasın. Ciddi sehr aktıdır...
... Diskurs, elektrik tikanlı məftil kimi bir şeydir, amma insan bədəni üçün yox, insan beyni üçündür. O, girişi qadağan olan ərazini çıxışı qadağan olan ərazidən ayırır...
 
...İnsan sivilizasiyasının verimlilik, səmərəlilik amili çox aşağıdır...
...Bu gün heyvan həyatı sürmək imkanına malik yalnız işini-gücünü buraxmış milyonçu ola bilər: orqanizm üçün təbiətdə ən uyğun iqlim şəraitlərində yaşamaq, çox hərəkətdə olmaq, ekoloji təmiz qida yemək və bununla da belə heçvaxt heçnəyin qayğısını çəkməmək...
 
... İnsan beyni bugün üç əsas təsirin altındadır. Bu, qlamur, diskurs və adına xəbərlər dediyimiz bir şeydir. Adamı uzun müddət reklamla, ekspertizalar və hadisələrlə yedizdirəndə onun ürəyindən brend, ekspert və xəbər olmaq arzusu keçir. Bax elə bunun üçün də ruh üçün ayaqyolular mövcuddur, yəni internet-bloqlar. Bloq işlətmə, daimi qlamur və diskurs qusan zədələnmiş psixikanın müdafiə refleksidir...
 
...İnsan yaşamının uzunluğu elə hesablanmış ki, baş vermiş olaylardan ciddi nəticə çıxarmağa macal tapılmasın...
...Anonim diktaturanın ideologiyası qlamurdur. Anonim diktaturanın mədəniyyəti isə gəlişmiş postmodernizmdir. Gəlişmiş postmodernizm təkamülün elə bir mərhələsidir ki, o, ondan öncəki mədəni quruluşlara söykənməyi tərgidib yalnız öz təməli üstündə inkişaf edir...
 
... Siyasət səhnəsində hansı sözlər söylənildiyindən asılı olmayaraq, bir kəsin bu səhnəyə çıxması faktı qarşımızdakının fahişə və provokator olduğunu sübut edir. Çünki bu adam fahişə və provokator olmasa, onu heçkəs siyasi səhnəyə çıxmağa qoymaz, o əhatəni üç sıra pulemyotçu qoruyur...
 
...Həqiqətin təbiəti metafiziki yox, kimyəvidir. Səndə həyat güçü kifayət qədərdisə, onun üçün hər zaman söz ifadəsi tapılacaq. Sənin beyninin neyron zəncirlərini qızışdırmağa, canlandırmağa səbəb olan bir dua həmişə fikirləşib uydurmaq olar. Bu canlandırma həqiqətin müqəddəs nəfəsi kimi dərk edilib yaşanılacaq. Hansı sözlər olacağı isə önəmli deyil, çünki bütün sözlər bir-birinə bərabərdir, onlar, ağlı əks edən güzgülərdi sadəcə.
 
 
Çevirən: İlahə Ucaruh
Yuxarı