«Azərbaycan ictimaiyyəti bizə çox sürprizlər göstərə bilər»

Интервью

 

Rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovla televiziya, kino sahəsində mövcud durum, problemlər və çıxış yolları haqqında söhbətləşmişik. Müsahibəni oxucularımıza təqdim edirik.

- Əli İsa bəy, son iki həftədə Təhsil Nazirliyinin (TN) və İctimai Televiziyanin (İTV) rəhbərləri dəyişdi. Mən söhbətə İTV-dən başlamaq istəyirəm, həmkarınız Cəmil Quliyevin telekanalın rəhbərliyinə gətirilməsindən sonra hansı dəyişiklikləri gözləyirsiniz?

- İTV-də rəhbər dəyişikliyi ilə bağlı iki nüans var, birincisi, yeni rəhbər Cəmil Quliyev ali məktəbdə müəllimim olduğundan bu barədə danışanda müəyyən korrektə gözləyirəm. İkincisi İTV əvvəlki formatında da ictimai televiziya funksiyasını yerinə yetirmirdi. Müxalifət seçkidən seçkiyə ekranlarda görünürdü, halbuki, İTV-nin funksiyası odur ki, istənilən məsələlərdə ictimaiyyətin bütün spektrlərinin münasibəti nümayiş olunmalıdır. Hətta idmanda da alternativ fikir deyən adam ekranda görünməlidir. Amma bunlara baxmayaraq əvvəlki rəhbərlik dövründə müəyyən addımlar atılırdı, məsələn, Məhəmməd Füzuli haqqında proqram olanda, Müsavat Partiyasının üzvü, filoloq Vurğun Əyyub iştirak edirdi, yaxud dövlət tədbirlərinin işıqlandırılmasında bir az məsafə saxlayırdılar. Yəni Az.TV kimi deyildi. Sonuncu kadr dəyişikliyinin məqsədi isə islahatlar yox, seçkiyə hazırlıqdır. Bir sözlə, İTV bundan sonra “dövlət televiziyası” formatına istiqamətlənəcək və ictimai funksiyasını itirəcək.

- Ona görə Az.TV-nin “Mədəniyyət” kanalının sədrini İTV-yə rəhbər gətirdilər?

- Yox, əslində, Cəmil müəllim kompromis fiqur kimi təsdiq olunub. Bilirsiniz ki, İTV-nin konkret funksiyası var, kanalda daha vacib vəzifə müavindir və həmin vəzifəyə Azər.TAC-dan Bəxtiyar müəllimi gətirdilər. Əslində, Azər.TAG kimi ofisioz və odioz qurumdan bir nəfəri İTV-yə müavin gətirməkləri redaktə siyasətinin necə olacağının göstəricisidir. Bununla da İTV iqtidar kanalı olacaq, ictimai kanal yox.

- Bu baxımdan postsovet məkanında olan ictimai kanallar hansı səviyyədədir?

- Mənim yalnız Rusiyanı izləmək imkanım olub. Bu ölkədə birinci kanal ORT hesab olunur, vaxtilə kanala oliqarxlar nəzarət edirdi. Məsələn, Berezovski siyasi məqsədləri naminə ORT-dən istifadə edə bilirdi. Bu cəhətdən məlumatlılığım azdır, amma Rusiyanın televiziya bazarı modelində çox yaxşı nümunə var: dövlətin dəstəklədiyi kanallar fəaliyyətdədir, bundan başqa cəmiyyətin “nəfəs alması” və mövqeyini ifadə etməsi üçün kanallara da yer ayrılıb. Konkret olaraq, REN-tv-nin adını çəkə bilərəm. Azərbaycanda isə “nəfəslik” funksiyasını tam yerinə yetirən televiziya yoxdur.

- “Nəfəslik”dən söz düşmüşkən, İTV necə olmalıdır və cəmiyyətin hansı istəklərinə cavab verməlidir?

- Doğrusu, bu suala Qulu Məhərrəmli və Zeynal Məmmədli daha dolğun cavab verə bilər. Mən bu barədə ekspert yox, istehlakçı, tamaşaçı kimi danışa bilərəm. İTV vergi ödəyicilərinin vergisi hesabına formalaşdığından ödəyicilərin bütün spektrini təmin edən kanal olmalıdır. Baxın, Azərbaycanda parlament, yaxud prezident seçkiləri keçirilir, pozuntulara baxmayaraq müxalifət də seçkilərdə səs alır, o zaman, nə üçün İTV-də alternativ fikrə yer ayrılmır? Dövlət və kommersiya kanalından fərqli olaraq, ictimai televiziyanın ideal formulu bütün alternativlərə meydan verilməsidir.

- Peşəkarlığa qayıdaq, adi bir misal, Az.TV-nin “Səhər” proqramı bir gün öncə İsveçdə “Avrovision” beynəlxalq mahnı yarışmasının Azərbaycandan fərqli olaraq zəif hazırlanması barədə məlumat yayırdı, bu cür yanaşma televiziya qaydalarına cavab verirmi?

- Yəqin ki, Az.TV zəif hazırlıqdan danışanda, büdcə göstəricilərini nəzərdə tutub. Bəli, İsveçin bu yarışmayla bağlı büdcə göstəriciləri bizdən dəfələrlə azdır, amma effektivliyi çox yüksəkdir. Eyni zamanda, İsveçin hazırladığı təqdimatın zövqlülüyünü hamı qeyd edirdi. Ən başlıca məqam odur ki, İsveçdə vergi ödəyicilərinin pulu xərclənsə də, dövlət bundan qazanc götürür. Bizdə isə “Cristal Holl”a xərclənən vəsaitin yaxın 5-10 ildə qazanc gətirəcəyi hələ mümkün deyil. Ona görə də isveçlilər büdcə vəsaitini ağıl və qayğıyla xərcləyirlər.

- Əli İsa bəy, bir televiziya olaraq Az.TV haqqılnda müxtəlif fikirlər səslənir, hətta yazıçı Seymur Baycan bu kanalı digər kanallardan daha yüksəkdə dayandığını demişdi, çünki bu kanalın göstərdiyini digərləri efirə verə bilmir...

- Nə mənada?

- O mənada ki, bu kanal hakimiyyəti ardıcıl olaraq ifşa edir...

- Sizə qəribə gələ bilər, mən 20 il Az.TV-nin əməkdaşı olmuşam, bu kanalda siyasi təbliğatdan uzaq olan telefilm yaradıcılıq birliyində portret, mədəni mövzuda sənədli filmlər çəkmişəm. Az.TV-nin bədii janrda gözəl ənənələri var, məsələn, Ramiz Həsənoğlunun qoyduğu tamaşaları göstərə bilərəm. Amma ötən əsrin 80-ci illərinin sonundan Az.TV siyasi təbliğatın quluna çevrildi. O zaman Az.TV-də məşhur aparıcı vardı, Vüsal Əfəndiyev, həyatı da faciəvi sonluqla başa çatdı, əvvəl həyat yoldaşını baltalayıb öldürdü, sonra özünü 6-cı mərtəbədən atıb intihar etdi. Həmin illərdə onun mətnlərindən adam şoka düşürdü, çünki ilk dəfəydi belə şeylərlə rastlaşırdıq. Əslində, Az.TV siyasətin quluna çevriləndən sonra indiki hala düşdü. Bu günlərdə məşhur rus yazarı və ictimai xadim Dmitri Bıkovun bir fikrinə rast gəldim, o, deyir ki, bir qayda olaraq, avtoritar rejimlər öz vətəndaşlarının gerizəkalılığında maraqlıdırlar. Amma tarix göstərdi ki, istənilən sistemdə gerizəkalılıq çox təhlükəlidir. Çünki sabah əcnəbi politexnoloq gəlib gerizəkalı kütləni istədiyi kimi istifadə edə bilir. Yəni sistem düşünən və ağıllı vətəndaşlarının çoxluğunda maraqlı olmalıdır. Azərbaycanda televiziyalarının əsas verdiyi mesaj bundan ibarətdir: düşünmə, əylən, analiz etmə, əylən! Bu isə çox təhlükəli tendensiyadır. Ümumiyyətlə, bütün dünyada televiziya “kef elə!” mesajını ötürməklə məşğuldur, ancaq bununla yanaşı “düşün!” mesajı da var. Bayaq dediyim kimi, Rusiyada NTV və ORT ilə yanaşı REN-tv, sənədli kino kanalları var ki, ictimai baxımdan aktual problemlərə münasibət bildirilir. Bəli, əyləncə reytinq və pul gətirir, ona görə “kef elə!” mesajı televiziya üçün sərfəlidir. Ancaq müdrik sistem başa düşür ki, “düşün!” və kitab oxumaq mesajları da olmalıdır, bu mənada balansı gözləyirlər. Bizdə bu balans yoxdur.

- Mətnlərdən söz düşmüşkən, telekanalların mətnləri publisistika, xəbər baxımından Sizi razı salırmı?

- Mətnləri dinləyəndə həmin adamın kitab oxumağı və analitik təfəkkürə malik olub-olmaması hiss olunur. Təəssüf ki, Azərbaycan cəmiyyətindən analitika tamamilə gedib, yəni analiz etmək, düşünmək yoxdur. Putin də avtoritar adamdır, ancaq onun təbliğatı analiz üzərində qurulub. Yəni onun təbliğatçıları sistemi belə qurur: Rusiyada müxtəlif problemlər var, amma yaxşı tərəflər pis tərəflərdən çoxdur və perspektivdə bundan da yaxşı olacaq. Bizdə belə model götürülüb: total pozitiv, pis yoxdur, hər şey əladır, bundan sonra daha yaxşı olacaq. Yalnız Almaniyada vəziyyət pisdir. Bu cür yanaşma isə əks-effekt verir, təbliğatı aparan siyasi komandanın reytinqini azaldır. Ümumiyyətlə, əqli fəaliyyət fiziki fəaliyyət kimi güc tələb edir, yəni oturub düşünməyə meylli deyil, ona görə ekran qarşısında divana uzanıb kef etməyi xoşlayır. Bununla belə dövləti idarə edənlər bilməlidir ki, beyinsiz vətəndaşlar bir gün ona qarşı da çevriləcəklər. 


- Rusiyada sənədli, elmi-bədii film kanallarının olduğunu dediniz, Azərbaycanda niyə bunlar yoxdur, potensial zəifdir, yoxsa ölkə kiçikdir?

- Ölkə kiçik olsa da, büdcə böyükdür. Yəni elmi, sənədli kinonu təbliğ edən kanalda da işləyən bilən adamlar var. Kadr problemi ola bilər, amma 6 ay CNN-ə kursa göndərmək imkanı da var. “Əl-Cəzirə” birdən-birə Qatarda əmələ gəldi, çünki bir komandanı CNN-ə təcrübəyə göndərib kadr problemini həll etdilər. Problem ondadır ki, Azərbaycan cəmiyyəti birrəngləşmə təhlükəsi qarşısındadır, bəlkə buna qarşı mübarizə var. Amma “yuxarı”dan ötürülən mesaj budur ki, rəng də, atmosfer də onların dediyidir. Məsələn, “Mədəniyyət” kanalı fikir və təhlil meydanı olmalıydı. ANS-də olan “Dahilərin divanı” layihəsi bu kanalda yayımlanmalıydı, əsl mədəniyyət proqramıydı, baxmayaraq ki, ANS-ə reytinq gətirmirdi, amma yaxşı veriliş idi. Yəni, Cəfər Cabbarlı, Hüseyn Cavid, Üzeyir Hacıbəyov yaradıcılığına polemik münasibət qoyulmalıydı.

- Azərbaycan cəmiyyəti dediklərinizə hazırdırmı?

- Bilirsiniz, biz cəmiyyətin arxasıyca getməməliyik, cəmiyyəti öz arxamızca aparmalıyıq. Tutaq ki, cəmiyyət sabah pornoqrafiya və narkotik satılan dükanlara hazırdır, nə olsun, biz bunu etməməliyik axı. İndi şou-maqazin verilişlərinə bəraət qazandıranlar “cəmiyyət bundan bizi istəyir” deyir. Əslində, cəmiyyəti nəyə kökləyirsənsə, onu da istəyir. Amma bizim kanallarda heç olmasa mədəniyyət, tarix baxımından alternativ fikir olmalıdır. Dramaturgiya bunun üzərində qurulur: iki əks fikrin çarpışması, televerilişin də elə bir dramaturgiyası olmalıdır. Bizdə bu yoxdur!

- Ümumiyyətlə, televiziya Azərbaycan tamaşaçısına nə verməlidir?

- Son 30-40 ildə orta və ali məktəb səviyyəsi aşağı düşüb. Məsələn, mən oxuduğum məktəbi atam da bitirib, o, deyirdi ki, onların təhsil aldığı dövrdə məktəb daha güclüydü. Bu mənada biz bir-birimizi maarifləndirməklə məşğul olmalıyıq, yəni təhsilin zəifliyindən doğan səbəblər aradan qalxmalıdır. Mən kino sahəsində olsam da, jurnal buraxılışda iştirak etsəm də, kino tarixini vərəqləyəndə məlum olur ki, son 30-40 ili bilmirəm, halbuki, çox maraqlı şeylər var. Sadəcə, əlimizə kitab alıb oxumalı və bir-birimizə danışmalıyıq. Bax, televiziya bunları verilişlərdə və sənədli filmlərdə əks etdirməlidir.

- Bəs televiziyalar hansı bədii filmlərə üstünlük verməlidir?

- Azərbaycan kinosu haqqında bir stereotip yaranıb: hara baxırsan, Məşədi İbad, Təhminə və Babək. Amma Aydın Kazımzadənin tərtib etdiyi “Azərbaycan kinosu” kataloquna baxsanız, orda filmlərin mövzuları da var, 60-70-ci illərdə onlarla məişət və sevgi filmi çəkilib, heç olmasa bunları ekrana çıxartsınlar. O cümlədən, 80-90-cı illərdə sənədli filmlər çəkilib, məsələn, Nəriman Əbdürrəhmanlının ssenarisi əsasında Vaqif Azəryarın “Sərhəd” filmi, sərhəd dağılandan sonra Araz sahilində qohumlar toplaşıb bir-biriylə danışırdılar, diktor mətni yoxdur, sadəcə, həmin danışıqlar. Yaxud Vaqif Azəryarın “Torpaq” filmi, Bakıya gələn ilk məcburi köçkünlərin dəhşətli durumundan bəhs olunur. O vaxt mərhum Nüsrət Kəsəmənli “Pəncərə” verilişində Aydın Dadaşovun sənədli filmlərini ardıcıl olaraq göstərirdi. Məsələn, onun “Kreslo” filmi sovetin fəal xanımlarından biri, kolxoz sədri Gilas Verdiyevanın monoloqu əsasındadır. Monoloqda belə məqam vardı: məni vəzifədən çıxartdılar, kabinetimdəki kreslonu evə aparmaq istədim, amma onu da mənə qıymadılar. Prinsip etibarıyla, cəmiyyətə həqiqəti göstərmək lazımdır. Bu gün televiziyada yalan, yaxud bəzədilmiş yalan o qədər geniş yer alıb ki, biz heç cəmiyyətimizin necə olduğunu bilmirik. Halbuki, sabah Azərbaycan ictimaiyyəti bizə çox sürprizlər göstərə bilər. Bu mənada kino cəmiyyətə güzgü tutmalıdır.

- Söhbətimiz zamanı “bunlar olmalıdır, həyata keçməlidir” kimi fikirlər üstünlük təşkil etdi, əgər bu istəklərimizi reallaşdırmayacağıqsa, bizi hansı gələcək gözləyir?

- Belə bir termin olub, rus dilində, “çelovek pravila” adlanır, hərfi tərcümə etməyək, yəni o adam üçün geri çəkilmənin, kompromisin müəyyən həddi var, ondan o tərəfə ölsə də, geri çəkilməməlidir. Bu mənada bizim cəmiyyətin kompromisinin bir həddi olmalıdır. Təbii ki, mən oktyabr seçkilərinə ümid edirəm, yəni cəmiyyətin ikinci nəfəsi açılacaq. Əgər bu seçkilərdə də irəliyə addım olmasa, hər bir vətəndaş öz seçimini etməlidir. Mən bu gün yalan danışan film çəkmirəm, yaxud göstərmirəm və təbliğ etmirəm. O cümlədən, yalan danışan kino xadimlərinin yanında deyiləm. Əgər payız ümidlərim puça çıxsa, baxışım daha sərt olacaq, artıq alternativ kino cəbhəsi, alternativ televiziya cəbhəsi haqqında düşünmək lazımdır. “Fokus” jurnalının son sayında Türkiyənin solçu rejissoru Yılmaz Güneyin assistentiylə müsahibə var. O, deyir ki, Yılmaz Güney nəinki öz qonorarını solçu müxaliflərə verirdi, həbs təhlükəsində olan solçuları öz evində gizlədirdi, hətta hansısa hərəkat yoldaşına nəsə ötürmək lazım olurdusa, çəkiliş meydançasını həmin yerə salırdı. Bəlkə rejissor nöqteyi-nəzərindən həmin məkan ona lazım deyildi, sadəcə, əməliyyatı keçirmək üçün çəkilişi ora salırdı. Gərək, dövlət kinematoqrafçıların ona qarşı cəbhə açmasına maraqlı olmamalıdır. Amma cəmiyyətin payız ümidləri doğrulmasa, mən vətəndaş olaraq kameramı silaha çevirib sərt filmlər çəkəcəyəm.

Natiq CAVADLI

"Bizimyol" qəzeti

Kultura.az | Developed by Samir Yahyazade