Hitlerdən can qurtarmaq mümkün deyil - Bir almanın düşündükləri

Литература

 
Hitler haqqında hamının ağlına bir şey gəlir. Qəzetlərdə köşə yazanlar, piştaxta arxasında duranlardan Talk-show`lara qədər, həmçinin tarixçilər, naşirlər və siyasətçilər, televiziyadakı komediyaçılar və internetdəki zarafat yapanlara qədər hamının. Və hamı, hamı Hitler haqqında bir şey söyləyə bilir. Hitler yaşayır, Hitlər hər yerdədir - və elə gəlir ki, ondan can qurtarmaq mümkün deyil. 
 
Biz bunu istəyirik, ya yox: “Üçüncü Rayx” hər tərəfdə prezentdir - siyasətdə o demokratiyanın məğlubiyyəti haqqında pis xatirə kimi yer tutur, gələcək üçün xatırlama rolunu oynayır. Mediyada o sevimli arxiv sənədləri və yenidən qurulmuş şəhərlərdə memorial şəklində nəsihətverici materiallar kimi yaşamaqdadır. Gündəlik həyatda ona Graffiti, mahnı və şeir formasında, həmçinin vağzal tualetlərində müəmmalı cızma-qaralar şəklində rast gəlinir.  Bizim leksikonumuza, bizim zarafatlarımıza, bizim yuxularımıza və qorxularımıza Hitler, “Führer” yol tapmışdır – həmişə qəddar, insan simasında şeytan, cılız məsxərə fiquru, dəli, çaşmış birisi obrazında. Hansı təcəssümdə fərqi yoxdur, Hitler yaşayır.    
 
Bizim cəmiyyətdə, ən yüksək mədəni və elmi səviyyədə, həmçinin reklam və şoular axınında da buna rast gəlinir. Bir az məsafədə və müəyyən acı ilə, eyni zamanda daha çox təəcüblə bu gün demək olar ki: Hitler haqqında əvvəllər bu qədər danışılmırdı. Hamı üçün ilk baxışdan gözlənilməz olsa da, burada heç də tarix kitablarından məlum olan Adolf Hitler nəzərdə tutulmur. Bu gün gəzetlər və televiziya şərhləri ilə canlandırılan Hitler obrazı, daha çox törədilmiş və kölgə kimi bütün Avropanı və dünyanı dolaşan Hiler kabusudur. O, etirazetmə imkanı əlindən alınmış, medial dirildilmiş cəsəddir. Bu Hitler müharibə və soyqırım üçün yeganə günahkardır, belə ki, bir çoxlarının təsəvvüründə Holokausta da, müharibəyə də Hitler cavabdehlik daşıyır. Qorxunun, qəddarlığın belə banallaşdırılması, yalnız mürəkkəb tarixi və Holokaustu 90 dəqiqəlik filmdə, məqalə silsilələrində, prezentasiya və ya da bir saatlıq televiziya verilişində cəmləşdirdikdə ikinci dərəcəli effekt kimi alınmır. Buna həm də ona görə can atılır ki, bu almanlara  özlərini hər şübhədən, cinayətlər üçün bütün günahlardan və məsuliyyətlərdən azad etmək və hər şeyi onsuz da qəddarlıq personifikasiyası olan Hitlerin üstünə atmaq  imkanı verir.
 
Hərdən olanların müzakirəsi, günahkar və məsuliyyətlilik haqqında suallara gənclər, sərxoş şəkildə etdikləri yaramazlıqlara asanca verdikləri cavaba rast gəlinir: Üzrlü hesab edin, mən deyildim ki, o cildinə girdiyim Hitler idi. Bir daha təkrar olunmaz. Xahiş edirəm unudun. Belə oldu ki, bu Hitler obrazı retorik çoxməqsədli alətə çevrildi. O, bir tərəfdən kollektiv günah zibilliyinə və məsuliyyət daşıyıcısına, digər tərəfdən qorxu yaradıcı kabusa uyğun gəlir. Onunla hər şey etmək mümkündür, doğrudan hər şey. Və artıq xeyli vaxtdır ki, ondan müqayisə parametri kimi də istifadə edilir, məsələn bu günkü siyasətçilərin xəbisliyini səciyyələndirmək lazım gəldikdə deyilir ki, burada məsələ Hitler dövründə olduğu kimidir.  
 
Şimali Koreyanın despotu Kim Jong-İlin daxilində nə qədər Hitler var idi? Corc V. Buş necə idi? Bəs Barak Obamada vəziyyət necədir?  Bəlkə o da bir az Hitlerdir? Bəlkə lap az, cıqqılı? Bütün mövcud biliklər, bütün ədəb-ərkanlar adamı çox nadir hallarda sözlə ifadə oluna bilməyən Hitler-analogiyasını tətbiq etməkdən çəkindirir. Belə ki, Obamanın radikal müxalifəti öz ölkəsində öz prezidentini dövlət tibbi sığortasının tətbiqinə görə Hitlerlə müqayisə etmişdir.
 
Amma Hitler fiquru artıq çoxdandır siyasi səhnədən kənara çıxmışdır və hal-hazırda daha çox reklam fiquru kimi karyera yapmaqdadır - özü də heç kimin ağlına gəlməyən tərəfdən. Neonasistlər və faşistlər yox, daha çox adi məhsul reklamları Hitler vasitəsilə ucuz yolla qadağası olan şeylərin necə də xəbis olduğunu göstərirlər: məsələn, siqaret çəkmək, meşədə ağacların kəsilməsi, heyvan dərilərinin işlənməsi, heyvanların qəfəslərdə saxlanması. Ancaq yaxşı hisslərin yaradılmasında da Hitler yaddan çıxmır. Bəzən elanlarda deyilir ki, Asiya şorbası və ya Rumınya radiosu elə cazibədardır ki, hətta o Hitler kimi bir adamı da ələ ala bilər və razı sala bilərdi. Bu assosiyalar haraya qədər gedir, bu sualı satira jurnalı Titanic bir neçə dəfə kritik olaraq qoymuşdur. 
 
Hitler ilə oynamaq, ən azından Almaniyada hüquqi olaraq qoyulmuş sərhəddən kənara çıxmaq deməkdir. Almaniya cinayət məcəlləsinin 86a paraqrafına əsasən ana yasaya zid olan və qadağan olunmuş təşkilatların rəmzlərini ictimaiyyətə göstərmək qadağan olunur. Və rəmzlərə təkcə svastika,  qələbə runası və SS-divizionlarının uyğun kəllə sümükləri yox, həmçinin “Sieg Heil”, “Heil Hitler” və “Mənim şərəfim etimadımdır” kəlamları, o cümlədən Adolf Hitlerin başı olan şəkillər daxildirlər. Qadağa bu rəmzlərin istifadəsinin məqsədindən tam asılı olmayaraq tətbiq edilir. Sadəcə bir istisna halı vardır. Yalnız bu rəmzlərdən və kəlamlardan NS-rejiminə qarşı açıq və aydın şəkildə istifadə etməyə icazə verilir.
 
Bu hüquqi incəlik əlbəttə heç kimi Hitler fenomeni ilə məşğul olmaqdan çəkindirmədi. Hitler artıq çoxdandır bir zarafat və komediya fiquruna çevrilmişdir- orta statistik satira ustası ondan necə istifadə edirsə multiplikatorlar, yazarlar, teatr ustaları və musiqiçilər də həmçinin. 1961-ci ildə Adolf Ayhmanın Yerusəlimdə keçirilən məhkəməsindən yazan alman-yəhudi əsilli filosof Hannah Arendt reportajında Holokauts qurbanlarının təşkilatçısı haqqında  “Qəzəbin, qəddarlığın banallaşdırıılması” deməsi bu gün tam əksini tapmışdır.
 
Ondan yaxşıca pul qazananlar var

“Üçüncü Rayx”ın araşdırılması və bu sahədə aparılan müzakirələrə şou biznes də öz töhvəsini vermişdir. Hollivudun Holokausta üz tutması – “Anne Frank”, “Olmuş hekayə”, və əsasən də “Şindler siyahısı” filmlərinin işıq üzü görməsi Nasional Sosializmin şəxsləri, rəmzləri və məzmununa olan gündəlik münasibətlərə təsirsiz ötüşmədi. Əlbəttə bundan yaxşıca pul da qazanırlar: Oliver Hirşbiqelin 2004-cü ildə yaratdığı “Untergang” filmi almaniya kinoteatrlarında 4,5 milyon insan tərəfindən baxılmışdır, dünya üzrə bu film 92 milyon dollar gəlir gətirmişdir.  Hamburqda çıxan Der Spigel jurnalı 2010-cu ilə qədər Adolf Hitleri və digər nasistləri 46 dəfə jurnalın üz qabığında çap etmişdir. 1995-2009-cu illərdə televiziyada Hitler və II dünya müharibəsi haqqında Quido Knopp tərəfindən 13 sənədli film yayımlanmışdır. Paul Celan öz Holokausta həsr etdiyi kitabında “Ölüm Almaniyadan gələn cəlladdır” yazırdı. İndi bu bir lənət kimi səslənir: Həmişə, həmişə söhbət ölüm və dağıtmaqdan gedəndə, Hitler alman cəlladdı kimi o saat yada düşür. 1989-cu ildə Henrik M.Broder Spigel jurnalında yazırdı: “Nədir adamları belə ələbaxan edən? Axı bunlar, belə adlanan konservatorlar və bir neçə nasistlər ONUN tarix məzarlığından dirildiyini görsələr, o saat gözləri şüşələnər və əlləri tərləyər. Bunu belə izah etmək olar ki, “Üçüncü Rayx” haqqında istənilən müstəvidə müzakirələrin aparılması, istər tənqidi, istər apologetik, istərsə də  affirmativ olsun, həmişə böyük maraqla qarşılanır. Ancaq o da aydın deyil ki, Hitler adını eşidəndə adamlar niyə və nə üçün gülürlər. Qorxudan gülür? Yoxsa almanlar öz tarixləri ilə həddən ziyadə ikiüzlü, yalan, qorxaq və axmaqcasına davrandıqlarına görə? Səfeh söz seçiminə və yalan qayğı və eyni zamanda gizli məftunluqdanmı gülürlər?
 
Maraqlıdır ki, söhbət “Alman tarixinin qara bəndi”ndən gedəndə almanlar çox dəqiqlik və qorxaqlıq göstərirlər. Onlar hər halda amerikanlıdan, ingilisdən və israillidən də daha  dəqiq olurlar. Elə bil ki, onlar öz  doğru, antifaşist düşüncə tərzlərini bu yolla isbata çalışırlar, təəssüf ki, çox gecikmiş bir vaxtda. “Üçüncü Rayx” haqqında zaraftların həddi ölkələrdən və doğum illərindən asılıdır. Tendensional olaraq müharibədən zərər çəkmiş nəsil öz yaşadıqları tarix ilə anlaşılacaq şəkildə daha həssas davranır, nəinki, gənc nəsil və uzaq ölkələrdə yaşayan insanlar. Hər ikisi bu mövzuya böyük məsafədən yanaşırlar: böyük hörmət və böyük qayğısızlıqla. 
 
Adam düşünür ki, zaman keçdikcə Hitler Almaniyası və onun cinayətlərinin müzakirəsini təkcə şou biznesə verilməsi heç də yaxşı deyil. Çünki, zaman keçdikcə daha çox tarix şahidləri, həm qurbanlar, həm də cinayətkarlar, dünyasını dəyişəcək və “Üçüncü Rayx”, dünya müharibəsi və Holokaust haqqındakı xatirələr daha çox abstraktlaşdırılacaq. Bu baş verdiyi anda interpretasiyalar, banallaşdırmalar və təhriflər üçün daha geniş imkanlar açılacaq və qorxulu orasıdır ki, məsələnin tarixi tərəfi getdikcə arxa plana keçəcək.
 
Kim bilir: bəlkə də gənc nəsil monitor arxasında oturub YouTube-də “Üçüncü Rayx” və Hitler haqqında tarix kitablarında olduğundan da çox məlumat toplayacaq. Başqa sözlə desək: Bəlkə də tarixi faktları bulvar qəzetləri, həvəskar komediyaçılar və hollivudun ixtiyarına vermək lazım deyil, əksinə bu tendensiyanın qarşısını almaq lazımdır, nə qədər ki, imkan var. Çünki qorxunun, qəddarlığın banallaşdırılması durmadan davam edir və sonu görünmür. Hələ buna sevinmək lazımdır ki, “Üçüncü Rayx”, Hitler və Holokaustdan 70 il keçməsinə baxmayaraq çox adam bu haqqda nə isə deyə bilir. Amma bu yalnız klişelərdən və eybəcər zarafatlardanmı ibarət olmalıdır?  
 
Almancadan tərcümə edən: Dr. Rezo Əliyev (Almaniya)
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade