post-title

"Limonka"

Rus yazıçısı Eduard Limonovla “tanışlığım” Azad Yaşarın tərcüməsində oxuduğum hekayə ilə başladı. Marağımın arxasınca düşüb, bığlı-qarınlı “Böyük Polis”ə çevrilmiş Bakının bapbalaca kitab mağazalarında Limonovun kitabların axtarmağa başladım. Məlum oldu ki, çoxları heç, belə bir yazıçının olduğunu da bilmir.

 
Bir kitab mağazasının sahibi isə Limonovdan şəxsən zəhləsi getdiyini, onun kitablarının “ayağı”nın bizim gözəl-göyçək Bakıya dəyməyəcəyini dedi. Ən azından, o, özü Limonovun əlindən tutub bura gətirməyəcəkdi:

- Səbəb?
- Ondan zəhləm gedir. İnsanlarımızın onu oxumasını istəmirəm...
- Bu adam müxalif düşüncə adamıdır, maraqlı həyat hekayəsi var. Ən azından bu ölkənin oxuyanları böyük qonşumuzda baş verənlərə rus intellektualının münasibətini bilməlidir, ya yox?
- Mən insanlarımızın onu oxuyub, təsir altına düşməsini istəmirəm...

Kiçik dialoqumuzun yersiz mübahisəyə çevrildiyini gördüyümdən mövzunu dəyişmək üçün kitab mağazasını təriflədim...
 
Son günlərdə sıxılmış limona bənzədiyimi görən dostlarım əla-ayağa düşüb hər yerdə Limonovun kitabını axtarmağa başladılar. İlk səda elə, Limonovun doğulduğu, böyüdüyü həbsə atıldığı, dissidentli etdiyi, New Yorkda “qulluqçu”ya çevirdiyi, amma heç cür “öldürə biləmədiyi” Rusiyadan gəldi. Bəzən fikirləşirəm, 9 milyonluq ölkədə niyə istədiyin kitabı tapmaq bu qədər çətindir?! 

İndi Limonovun bir kitabı əlimin altındadır. Kitabın üz qabığı... 


 
YOX! YOX! 

Gördüyünüz kimi, qalstuklu-pencəkli, bir ayağı üz üstə sərilmiş ağacda, bir əli çənəsinin altında, dərin düşüncələrə dalmış şəkil-filan yoxdu orda. Heç arxa fonda şəlalə-filan da yoxdur. Üz qabığında metro və avtobusdakə insanların üz büzüşdürmələrinə, heyrətlərinə, bəzən (qadınların və ola bilsin birdə homoseksualların) seksual marağına səbəb olan su içinə girmiş başsız və qurşaqsız lüt kişi şəkli var. Bu lütün bədəni bıçaqla çərtilib yazılmış cümlələrlə doludur. 

Deyə bilərsiniz ki, zatən şəkildən hər şeyi görürük, daha bu təffərrüat nəyə lazım?! 
 
İş ondadır ki, Azərbaycanda nəşr edilən bir çox kitabların üz qabıqlarındakı şəkillər öz primitivliyi, mənasız görünüşü ilə adamı kitabdan uzaqlaşdırır. Kitab bəlkə də dəyərlidir, amma üz qabığı bəs edir ki, minlərlə kitab içərisində o ya itib-batsın, ya da dərhal diqqət çəksin. Mövzudan uzaqlaşmayım, oxuyanlar nə demək istədiyimi anladı.
 


Limonovun dediyi kimi “kitabı hardan istəsəniz, ordan oxuya bilərsiz”, çünki bu kitab Limonovun sularında üzdüyü dənizlər, okeanlar, çaylar, göllər, seyrindən bəzən feyziyyab olub bəzən nifrət etdiyi fontanlar, limnalar, sevişdiyi qadınlar, müharibələr, həbslər, mühacirətlər, siyasi fəaliyyətlər və daha nələrdən bəhs edən, hər biri ayrı xatirələrdən hörülmüş kitabdır. Limonova da bir söz haqqı tanıyıb kitabı haqqında fikirlərini oxuyaq:

“Əlinizdə tutduğunuz bu kitabın adı “Sular kitab” adlanır. Onu “Zaman kitabı” da adlandırmaq olardı. Çünki o, zamandan bəhs edir. Ancaq mən suyu üstün tutdum. Su, axır, təmizləyir... Bir də siz, axı, eyni suya bir dəfədən artıq girə bilməzsiniz. 

Nəticədə qəribə bir əsər ortaya çıxdı: coğrafi və tale əhəmiyyətli təsadüflərlə dolu xatirələr kitabı. 
 
Hə, bax beləcə, mən 1982 –ci ilin bir günü çox qəribə insanlarla birgə, Adriatik dənizinin sahilində - Venesiyada idim. Bundan 11 il sonra isə Adriatik sahilinin əks tərəfində - çiynimdə avtomat, indi artıq rəhmətə getmiş Knin Respublikası hərbi polisinin tərkibində, balkanlarda gəzişirdim. 1974-cü ilin yayında isə bir fransızın idman maşınında gözəl qadınların müşayəti ilə Qaqradan keçib, Qudaut tərəfə üz tutmuşdum. 1992-ci ildə isə çəmənliklə örtülmüş Qudautun sahilində - Abxaziya Respublikasına köməyə gəlmiş avantürist idim. 

Həm də məlum oldu ki, mən zamanın okeanında ən “essentiels” maddələr axtarıram. Necə? Bax beləcə: İlk dəfə əlyazmanın 40 səhifəsini oxudum, ancaq qadınlar və müharibədən başqa heç nə görmədim. Avtomatlar və sevimli dişilərimin deşiyinə tökülmüş sperma – müdriklikdən uzaq keçən həyatımın toplamı bu idi. Belə bir seçimin edilməsinin günahını kitabın yazıldığı yerin - dövlətin düşmənlərinin saxlanıldığı hərbi türmənin boynuna atmaq lazımdır. 

Bu kitabda özünə yer eləmiş bəzi epizodlar mənim digər kitablarımda da var, ancaq digər kontekst içində verildiklərindən, onlar dərinlikdən uzaq idilər və xüsusi olaraq seçilmirdilər. Onlar daha çox eskiz xarakterli idi. Bu kitabda isə onlar müstəqillik əldə ediblər. 
 
“Sular Kitabı” həyatın suları haqqındadır. Elə buna görə də, oradakı epizodlar xatirələrin yaddaşı, yaxud suda üzən maddələr kimi qəsdən qatışdırılıb. Oxucu, sizin qarşınızdakı orijinal xatirələr kitabıdır. Həmişə mənim meyillənməm ikili xarakterli olub. Uşaqlıqdan mən özümü həm Don Juan, həm də Kazanov kimi göstərmişəm. Özümü eyni anda həm gələcək əsgər, həm də inqilabçı (Bakunin və Çe Qavara istiqamətli) kimi apardığımdan ikiləşdim: qarşınızda “Bolivya gündəlikləri” ilə “Kazanovun xatirələri”nin qarışığı olan kitab durmaqdadır”. 

P.S. Kitabın dili çox sadə və axıcıdır. Rus dilini yaxşı bilməyənlər də oxuya bilər.
 
Emin Aslan
Kultura.Az
Yuxarı