Kandid

Литература

 

Volter bu kitabı 1758-ci ildə yazıb, Avropa ölkələrinin bir çoxunda qadağan olunsa da, gələcək dövrün samizdatları kimi gizlicə nəşr olunub yayılmışdı. Povestdə alman filosofu Qotfrid Leybnisin optimist baxışları (“dünyanın mümkün ola bilən ən yaxşı durumunda olması”) tənqid edilir, Volter bəzi hissələrdə açıq ironiya ilə daha kəskin mövqe sərgiləyir. Maraqlıdır ki, Volterin özü də bu dünyanın ən yaxşı hala doğru getdiyinə inanmış, təbiətin və ya Tanrının dünyanı harmoniya ilə idarə etməsi fikrinə dəstək olmuşdu. Fəqət, 1755-ci ildə Lissabonda baş verən güclü zəlzələ reallıqla nəzəriyyənin bir-birini inkar etməsi gerçəkliyini ortaya çıxarmışdı.
Yəni insan yanılmışdı.

Povestdə mənim üçün ən maraqlı obraz manixeyçi Martendir. Marten haqlı olaraq Kandidə deyir: “Mən bizim bu yer yumrusunda baş verən işlərə göz yetirdikcə, birdən mənə elə gəlir ki, Tanrı ondan əlini üzüb, buraları hansısa yamanlıq törədən bir varlığa bağışlayıb; sözsüz, təkcə Eldoradodan başqa. Bu uzun ömrümdə qonşuluqdakı şəhərin yox olmasını istəməyən bir şəhər, qonşusunu yox eləməyə çalışmayan bir adam görə bilmədim”.

Kandid dövründə hələ də bir manixeyçinin yaşamasına inanmasa da, Martenlə dost olur və onlar uzunmüddətli fəlsəfi müzakirələrə dalırlar.

Manixeyçilik III əsrdə Mani Pətik oğlu tərəfindən yaradılmış, Ön Asiyada dövrünə görə geniş yayılmış bir təriqətdir. Romadan tutmuş Çinə qədər geniş bir ərazini əhatə edib. Dövrün tanınmış filosofu Avqustin də bir müddət manixeyçi olub, Romada manixeyçilərin bir qrupu fəaliyyət göstərib. Sonralar isə manixeyçilik Avropada kilsəyə qarşı yönələn bidətçi hərəkatlara təsir göstərib.

Maninin Sasani şahına dediyi “qılıncı sözlərimlə əvəz edəcəm” sözü çox uzaq gələcək üçün də müəammalı olaraq qalacaqdı. Manixeyçilər Yer kürəsinin ilahi bir yanlışlıq sonunda yarandığını düşünürdülər. Əslində isə insanlar Tanrı Hörmüzdün yaratdığı ilahi padşahlıqda (povestdə Eldorado həmçinin ora işarədir) yaşayacaqdılar, lakin təsadüfi bir yanlışlıq sonunda insanlar bu dünyaya müvəqqəti olaraq məskunlaşdılar. Bu dünyada isə şərin hər zaman xeyirə qalib gəldiyinə inanan manixeylər bütün dünya ləzzətlərindən əl çəkərək asketik ömür sürür, bir növ ölümlərini, ilahi səltənətdə yaşayacaqları xoş günləri gözləyirdilər.

Marten haqlı idi. Zatən “Kandid”də dönəmin Avropa dövlətlərinin bir-biri ilə apardığı savaşlar, sürgün olunan krallar, sultanlar, yandırılan, asılan yeni təfəkkürlü insanların təsvir edilməsi dolayısı ilə Martenə haqq qazandırırdı. Sanki Tanrı dünyanı başqa bir şər gücə əmanət edib hansısa başqa dünyaları ilə məşğul olmağa getmişdi. Lissabondakı səbəb-nəticə əlaqəsinə sığmayan qorxunc zəlzələ də dolayısı ilə manixeyçini haqlı çıxarırdı.

Volterin nə düşündüyü isə povestin sonuncu cümləsində idi: “Biz gərək öz bağımızı becərməyə ərinməyək”.

Povestdə Kandidin müəllim dediyi, daima hər bir şeyin yaxşılığa doğru getdiyinə inanan, baş verən pisliklərin isə təbii olduğuna, sonucda mümkün ola biləcək ən yaxşı halın bərqərar olacağına inanan filosof Panqlos haqlı idimi?
Həqiqətən, dünyada hər şey yaxşılığa doğru gedirmi?

Dini mətnlərə inansaq, birmənalı inkarı görərik. Zatən insanlar Qiyamət günü, əzab-əziyyətlə müjdələnib.

Heç nə yaxşılığa doğru getmir, hər kəs özünün yaxşı bildiyi anlayışı zorakı şəkildə həyatına pərçimləyir.

Ümumi, “yaxşılığa doğru” gedən bir anlayış yoxdur. Sadəcə, fərdi yaşantılarını daha yaxşı etməyə çalışan güclülər və bunu bacarmayan zəiflər var. Marten orada haqsız idi ki, manixeyçilər sadəcə, ölümü gözləyirlər, bu dünyadan imtina ediblər. Panqlos isə haqsız idi ki, daim hər şeydə yaxşılıq işartısı axtarırdı, hətta burnunun və qulağının bir hissəsi sifilisdən dolayı kəsilsə də. Burası aydındır ki, təbiət insanın deyil, insan təbiətin bir parçasıdır, lakin təbiətin hər cür üzü ilə mübarizə aparmaq üçün yeganə yol GÜCLÜ olmaqdan keçir. Siyasətdə də, sevgidə də.

Dilqəm Əhməd

“Gündəlik teleqraf”

Kultura.az | Developed by Samir Yahyazade