post-title

Xilas etmək hər zaman mümkündür

Bütün klassika Azərbaycan hakimiyyətinin əleyhinədir. Sadəcə, əsərlərdə yazılanlarla ölkədə baş verənlər arasında paralellər aparmaq lazımdır. Bunu da zəruri olaraq qeyd etməliyəm ki, bu işlə müxalifət düşərgəsinin gəncləri məşğul olmalıdır. Amma müxalifət düşərgəsində bərqərar olmuş gənclər üçün namaz qılmaq, çayxanada laqqırtı vurmaq, liderlərinin fotolarını facebookda paylaşıb altında heyranlıqla dolu cümlələr yazmaq kitab oxumaqdan daha savab, daha vacib əməl sayıldığına görə, dünya ədəbiyyatından xəbərləri yoxdur.

 

Bir nəsə deyib keçək mövzumuza. Deməli, dünya ədəbiyyatının şedevr nümunələri ilə ölkəmizdə baş verənlər arasında əlaqə tapmaq və paralellər aparmaq lazımdır. Bu zaman bizim işimizə daha çox sadə əsərlər yarayır. Nədən ki ədəbiyyatın missiyası həm də asanlaşdırmaqdır, mürəkkəbləşdirmək yox. Məsələn, AzTV-nin təbirincə desəm, heç də uzağa getməyək, Daniel Defonun "Robinzon Kruzo" əsərini götürək. Azərbaycanda adam özünü Robinzon Kruzo kimi hiss edir.
Sən hər şeyi özün etməlisən. Özün özünün həkimi olmalısan. Özün özünə müəllimlik etməlisən. Hərbi xidmətdə özünə ülgüc, botinka, forma almalısan.
Əgər yazıçısansa, pul tapıb kitabını nəşr etdirməlisən. Sonra bu kitabları qucağında kitab mağazalarına daşımalısan. Özün öz oxucunu yetişdirməlisən.
Bir sözlə, yaşamaq, oxumaq, sağ qalmaq istəyən adam hər şeyi özü etməlidir. Məktəbə süpürgə, pərdə almalıdır. Dövlət hardadır, nazirliklər nə üçündür, bilinmir. Belə çıxır ki, dövlət insanlara yardım etmək əvəzinə yaşamalarına mane olur.

Təxminən, 10-15 gün əvvəl gürcü telekanalında veriliş gedirdi. Dörd adam kitabların əhatəsində söhbət edirdilər. Hər tərəf kitab idi. Deyəsən, çəkiliş kitab mağazasında aparılırdı. Yazıçı dostumdan soruşdum ki, bu nə verlişidir? Dedi ki, kitab haqqında danışırlar. Yazıçıları, şairləri, tənqidçiləri dəvət edirlər, söhbətləşirlər.
Dedim: - hər kanalda belə veriliş var?
Dedi: - hə, var, amma hər kanalda başqa cürdür. Hərəsinin öz üslubu var.

Ağlamaq tutdu məni. Doqquz milyonluq ölkədə kitab haqqında bir dənə də veriliş yoxdur. Dəhşətdir! Sadəcə, faciədir! Faciənin buynuzu olmur...
Bəzi dostlar çox yanlış olaraq deyirlər ki, şou verlişləri gəlir gətirir, kitab haqqında verlişlərə baxan azdı, intellektual verlişlər reklam gətirmir. Bu baxımdan, müəyyən mənada telekanallarda intellektual, düşündürən, öyrədən verlişlərin olmamasına haqq qazandırırlar. Yaxşı, necə olur ki, kasıb Gürcüstanda hər kanalda kitab haqqında verilişlər var, amma əhalisi Gürcüstandan iki dəfə çox olan, Gürcüstandan qat-qat varlı Azərbaycanda kitablardan bəhs edən veriliş yoxdur?
Bəzi insanlarımız gürcülərlə müqayisə olunmağımızdan bərk əsəbləşirlər. İstəyirlər ki, onları fransızlarla, ingilislərlə, almanlarla müqayisə edək. Bəribaşdan deyim, bunu görməyəcəklər.

Bəli, şou lazımdır. Onu qadağan edə bilməzsən. Mümkün deyil. Şou çox yerdə üstünlük təşkil edir. Nədən ki dayaz adamların sayı düşünən, ən azı düşünmək istəyən adamların sayından çoxdur. Amma bununla belə, hər bir kəsə özünü ifadə etmək şansı verilməlidir. Ekranı Faiqlə, Aygünlə, Nadirlə 24 saat doldurmaq olmaz, icazə verin, gəlsin bir yazıçı, bir rəssam, bir fikir adamı bir saat öz işindən, öz sahəsindən danışsın. Yüzü baxmaz, biri baxar. "İntellektual verilişlər gəlir gətirmir",- söhbəti ciddi arqument deyil.

Birincisi, ölkədə monopoliya hökm sürür. Ağ almanı ölkəyə bir adam gətirir, yaşıl almanı digəri. Ciddi bizneslə məşğul olmaq üçün mövcud hakimiyyətin siyasi iradəsini qəbul etməlisən. Ölkədə rəsmi olaraq bir milyonçu yoxdur. Bir adam deyə bilməz ki, mən kartof, ayaqqabı, balıq, maşın, qarpız, telefonəsatıb milyonçu olmuşam. Təkcə bu fakt ölkədə biznes mühitinin nə qədər acınacaqlı olduğunu göstərir. Əgər normal bizneslə məşğul olan adam hakimiyyətin siyasi iradəsini qəbul etməyə məcburdursa, deməli, o, alternativ fikir daşıyıcıları ilə əlaqəyə girə bilməz.

İkincisi, bizim ölkədə hakimiyyətin siyasi iradəsini qəbul edən, siyasi iradəni diktə edən adamların çoxu yaradıcılıqla məşğuldur. Roman, şeir, mahnı yazırlar. Onlara elə gəlir ki, əgər pul qazana bilibsə, deməli şeir, roman da yaza bilər. Qərəz, pul bizdə əsasən mədəniyyətdən uzaq adamlardadır. Hətta özünü yaradıcılıqla məşğul olan şəxs kimi təqdim edən pullular da belə mədəniyyətdən uzaqdırlar. Deməli, azad biznesin olmadığı ölkədə pul qazanmış adamlar mədəniyyətə pul xərcləməkdə həvəsli olmayacaqlar. Çünki o pulu ağılla qazanmayıb, şərait yaradıblar deyə, qazanıb. Ağılla pul qazanmayan adam ağıla hörmət etməyəcək, tam tərsinə, əlinə imkan düşdükcə ağılı hörmətdən salmağa, fikri alçatmağa çalışacaq və göstərmək istəyəcək ki, pul hər şeyə qadirdir. Bütün əməlləri ilə deyəcək ki, sən kitab oxumusan, nə olsun, mənim də pulum var, "vobşe" get hoppan! Belə bir adama gəlib desən ki,əay əmi, ay dayı, ay qardaş, millət naminə, vətən naminə bir az pul ver, bir verliş açaq, camaat baxsın, bir az maariflənsin... O vətən ki, o millət ki məclislərdə haqqında təmtaraqlı tost deyib, badə qaldırırsınız... Bu sözlərlə sən ona söyüş söymüş olarsan.

İntellektual verilişlər gəlir gətirmir, ona görə də telekanallarda intellektual verilişlər yoxdur, xalq daha çox şouya baxır kimi fikirlər səsləndirmək məsuliyyətdən qaçmaq deməkdir.

Bəli, ola bilsin, xalqın böyük hissəsi şouya baxmaq istəyir, amma düşündürən, öyrədən, maarifləndirən verilişlərə də baxmaq istəyənlər var. Şou verilişlər gəlir gətirirsə, bu o demək deyil ki, şou verlişlərəekranı 24 saat işğal etməlidir. Yaxud intellektual veriliş gəlir gətirmirsə, bu o demək deyil ki, düşündürən, maarifləndirən, yol göstərən, oxumağı, yazmağı, savadlanmağı təbliğ edən verilişlər olmamalıdır. Bəs dövlət hardadır, dövlət nə üçündür? Dövlət zəhmət çəkib bu verilişləri özü maliyyələşdirməlidir. Xalq şouya baxır, xalq şou istəyir demək, cığallıqdır. Xalq çox şey istəyə bilər, xalq başqa şeylər də istəyir. Bəs onlar niyə verilmir?
Yuxarıda da yazdığımız kimi dayaz adamların sayı düşünən, düşünmək istəyən adamların sayından çoxdur.

Düşünməyi bacaranların da borcudur ki, dayaz adamlardan bacardıqları qədər adam qoparıb öz sıralarına qatsınlar. Dövlətin də borcudur ki, bu işdə düşünənlərə yardım etsin, daha mane olmasın. Bizim ölkədə dövlətin görməli olduğu işi bir-iki fədakar adam görməkdədir, dövlət də onlara (indi bəzi özünü ağıllı hesab edənlər deyəcəklər ki, dövlət yox, hakimiyyət) yardım etmək əvəzinə mane olur.

Xalq şou istəyir,- deyənlərə bir cavabım var. Bu vaxta qədər hansı uşaq gəlib atasına, anasına deyib ki, ata, ana xəstələnmişəm, məni həkimə apar, həkim mənə dərman versin, iynə vursun? Uşaq ağlayır, qışqırır, amma valideynlər bilir ki, iynənin vurulması vacibdir. Xalqın, insanların da maariflənməsi təxminən bunun kimidir. Maariflənməyin min yolu var.

Bir lətifəni xatırladım. Bir nəfər deyir ki, mən eşşəyə kitab oxumağı öyrədəcəm. Vaxt keçir, vədə yetişir. Doğrudan da adamlar baxır ki, eşşək, qarşısına qoyulmuş kitabın səhifələrini diliylə çevirir. Mat qalırlar.
İşin hikməti isə ondan ibarət idi ki, adam kitabın vərəqləri arasına arpa töküb, eşşəyə diliylə kitabın səhifələrini çevirməyi öyrətmişdi. Bəli, maariflənmənin ən çox sınaqdan çıxmış yollarından biri kitabın arasına arpa tökməkdir.
Yazını isə İ.Brodskinin sözüylə bitirmək istəyirəm: "Dünyanı, yəqin ki, xilas etmək mümkün olmayacaq, amma ayrıca bir adamı hər zaman xilas etmək olar".

Seymur Baycan

Yuxarı