Azadlıq və Tanrı

Сеймур БАЙДЖАН

 

Nə yoxsuldu dünyanın
söz emalatxanası!
Lazım olan bir sözü
Kimdən, ya hardan alaq?

Ən münasib çıxış yolu yaxşı əməllərlə tövbə etməkdir. Günahın böyüklüyü vicdanın həssaslığıyla ölçülür. Günahın böyüklüyü vicdanın həssaslığına münasibdir. Vicdan nə qədər həssasdırsa, günah da bir o qədər böyükdür. Əgər insan deyilən bir varlıqda vicdan yoxdursa, o, günah hissinin də nə olduğunu bilməyəcək. O, özünü bir az da haqlı hesab edərək, insanlığa yaraşmayan hər cür hərəkəti edə biləcək. Əgər insan deyilən bir varlığın vicdanı həssasdırsa, o, hətta keçmişdə törətdiyi yüngülvari zorakılığı da özünə dərd edəcək.
Vudi Alenin bir filmi var. Filmdə deyilir ki, insanın nə qədər cəza alması önəmli deyil, əsas odur ki, insan özü özünü günahkar hesab etsin. İnsan özü bağışlanmağı üçün vasitələr axtarsın.

***

Bəzi ağır sualların çox sadə cavabı var. Sadəcə, insan ağır suallara sadə cavablar aldıqda bununla razılaşmır, daha ağır mətnlərdə öz suallarına cavab axtarır. Sadə mətnləri elə gərginliklə oxuyur ki, ən sadə mesajları belə tuta bilmir. Biz fikrimizi ifadə etmək üçün başqa mətnləri köməyə çağırmaq məqsədiylə axtarışa çıxanda daha çox sadə mətnlərlə rastlaşırıq. "Robinzon Kruzo", "Qulliverin səyahəti", "Mauqli"... Dəb və forslanmaq üçün oxuduqlarımızı çətinliklə tapırıq. Eqomuz imkan vermir ki, ağır sualların sadə cavabları ilə kifayətlənək. Yaş ötür və bunu dərk etdikdə isə daha gec olur. Həyatın da elə ən ağır tərəflərindən biri odur ki, məşq yoxdu. Birbaşa səhnəyə çıxırsan. Nəyin düz, nəyin səhv, nəyin savab, nəyin günah olduğunu dərk edincə baxırsan ki, ömrün yarısı getdi.

Axtardığımız yanımızdadı, amma biz onu görmürük. Buyurun, hind yazıçısı, nobel mükafatı laureatı Taqor sadə dillə yazılmış bir hekayəsində bu məsələnin bədii həllini verib. Sadə dillə yazılmış bu kiçik hekayənin məna ağırlığı ölçüyəgəlməzdir:

Ölüm qədər arıq, kilkə saçlarını toz basmış, dodaqları tutqun qəlbi kimi möhkəm qısılmış, gözləri öz dişisini axtaran işıldaquşsayağı yanan azğın bir sərsəri iksir daşı axtarırdı.
Qarşısında ucu-bucağı görünməyən dəniz uğuldayırdı. Gurultulu dalğalar ara vermədən gizlin xəzinələrdən danışıb, onların dilini anlamayan bu nadana gülürdü.
Onun, bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da gətirmirdi, çünki axtarış onun həyatının yeganə qayəsi olmuşdu.
Okean ağuşunu daim irişilməz səmaya açan kimi. Ulduzlar irişilməz həddə çatmaq üçün daim dövr etdikləri kimi.
O da, kilkə saçlarını toz basmış o divanə də tənha sahillərdə veyillənə-veyillənə, iksir daşı axtarırdı. Bir dəfə bir kəndli uşaq ona yaxınlaşıb soruşdu:
- Söylə görüm, belindəki bu qızıl zənciri haradan tapıbsan?
Divanə diksindi, - bir zaman dəmirdən olan həmin zincir doğrudan da dönüb qızıl olmuşdu; bu, yuxu deyildi, amma o divanə bu dəyişikliyin nə vaxt baş verdiyini duymamışdı. O, vəhşi bir hərəkətlə əllərini başına apardı, - of, necə olmuşdu, necə olmuşdu ki, özü də bilmədən belə bir müvəffəqiyyətə nail olmuşdu?
O, artıq vərdiş etmişdi, - yerdən daşları qaldırıb, zəncirə toxundurur və bir dəyişiklik olub-olmadığına heç baxmadan, daşı tullayırdı. Beləliklə, divanə iksir daşını həm tapmış, həm də itirmişdi.
Günəş qüruba enir, göy üzünü başdan-başa zər bürümüşdü. Divanə taqətdən düşmüş, beli bükülmüş, qəlbi kökündən qopardılmış bir ağac kimi puç olmuş bir halda itirdiyi xəzinəni yenidən axtarmağa başladı.

* * *

Bir az cəsarətli olsaq və sadə cavablardan qorxmasaq görərik ki, "Tanrı nədi?" sualına ədəbiyyatda "Tanrı vicdandır" cavabını tapa bilərik. Məhz vicdan və mərhəmət hissini daima oyandırmaqla, qıcıqlandırmaqla ədəbiyyat zəifləri güclülərdən qorumağa cəhdlər edib. Buna görə vicdan hissini önə çəkən əsərlər zaman-zaman asanlıqla dövriyyəyə girir.
Knut Hamsun deyirdi ki, yazıçı yazmaqla daima tövbə edir. Əlbəttə, bunu bütün əsərlərə şamil etmək olmaz. Lakin elə əsərlər də var ki, insan onları oxumaqla da bir növ tövbə etmiş olur. Bu əsərlər heç olmasa, bizim vicdan limitimizi bir balaca qoruyur, bəzən də artırır. Düzdü, oxumuş qatillər də var. Buna görə Conatan Svifi deyirdi: "Pozulmuş şüur yırtıcı insan kütlüyündən daha pisdi".
Amma işin başqa tərəfi də var. Lyosa deyir: "Əgər ədəbiyyat insanlarda hətta azadlığın illuziyasını yaratsa belə, bunun özü diktatorlar üçün çox qorxuludu".
Dəqiq ifadədi. Elə buna görə də zora söykənmiş bütün sistemlər ədəbiyyatı nəzarət altında saxlamağa çalışıblar. Sözü mühasirəyə alıblar. Bunun nəticəsidir ki, ədəbiyyat digər sahalərə nisbətən daha çox itki verib. Sürgünlər, həbslər, edamlar, işgəncələr, intiharlar...
Söz imperiyalar yaradıb, söz imperiyalar çökdürüb. Hansı din, hansı sistem sözə zorakılıqla cavab veribsə, nufuzunu itirib. Sözə zorakılıqla cavab verən sistemin, dinin, hər hansı təşkilatın yaxşı reputasiyası ola bilməz.

***

"Azadlıq nədir?" sualını eşidəndə həmən Şarl De Kosterin "Ulenşpigel əfsanəsi" əsərindən bir məqamı xatırlayıram. Aşağıdakı cümlələr mənim üçün "Azadlıq nədir?" sualına verilmiş ən sadə və ən gözəl cavablardan biridir. Deməli, uşaq evə girmiş quşu tutub qəfəsə salmaq istəyir. Birdən atası onu səsləyir:
- Sən nə atılıb-düşürsən
- O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
- Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istədiyi vaxt istidə və kölgədə otura bilsin.

Seymur Baycan

Kultura.az | Developed by Samir Yahyazade