post-title

Kitab cildləri haqqında

Orxan Pamukdan qısa bir yazı

 

• Yazmaqda olduğu kitabın cildi haqqında təsəvvürü olmayan bir roman yazarı  təhsilini tamamlamış, artıq yetişmiş, lakin onu yazıçı olmağa sövq edən saflığını da demək ki, itirmişdir.

• Bütün böyük oxuma təcrübələri və həzzi sonralar xatirələrimizdə  o kitabların cildləri ilə assosiasiya olunur.

• Bugün bizim kitabları cildinə baxaraq alan oxuculara və bu oxucular üçün yazılmış kitabları dəyərsiz hesab etməyən tənqidçilərə daha çox ehtiyacımız var.

• Roman cildlərində qəhrəmanların üzlərini detallı olaraq göstərmək, oxucunun və yazarın təxəyyülünə qarşı edilmiş qəbuledilməz bir hörmətsizlikdir.

• Qırmızı və qara adlı kitabın cildini qırmızı və qara rəngdə dizayn edən, Mavi ev adlı romanın cildinə mavi bir ev, Qala adlı romanın cildinə isə bir qala şəkli yerləşdirən dizayner adamda onun mətnə hörmət etdiyi təsəvvürünü oyatmaz, əksinə, mətni heç oxumadığı təsəvvürünü yaradar.

• Oxumuş olduğumuz bir kitabın cildi  illər sonra rastımıza çıxarkən bizə kitabdakı dünyanı və həyatımızın ötən bir dövründə  bir küncdə oturaraq bu dünyaya necə daxil olduğumuzu bizə xatırladan emblemə çevrilir.

• Kitab cildləri kitabdakı dünya ilə bizim yaşamaqda olduğumuz adi dünya arasında bir keçid işarəsi rolunu oynayırlar.

• Kitab dükanlarını canlı, zəngin və cəlbedici edən şey kitabların deyil, cildlərin çeşidli olmasıdır.

• Bizim zehnimizdə kitab adları da insan adları kimidir: bir kitabı bir-birinə bənzəyən milyonlarla kitab arasından ayırd etməyə kömək edir. Kitab cildləri isə insan üzünə bənzəyir: ya yaşadığımız bir xoşbəxtliyi bizə bütün gücü ilə xatırladar ya da bizə heç tanımadığımız bir xoşbəxtlik aləmini vəd edər. Buna görə də kitab cildlərinə insanların üzünə baxdığımız kimi vuğunluqla baxırıq.

Tərcümə: Səbinə Ağayeva

Kultura.az

Yuxarı