Seymur Baycan: “Dünyada ən böyük əzab qərb təfəkkürü ilə şərq ölkəsində yaşamaqdır”

Интервью

 
 
Bütün bu çətinliklərə baxmayaraq, Seymur Azərbaycanda tanınan yazarlardan biridir. O, Azərbaycan dilində yazır. Diqqətinizə  çatdırdığım müsahibə yazıçıyla rus dilində aparılıb. Seymur özünü “üçüncü sort ölkə” yazıçısı adlandırır. O, Azərbaycanda azad insan olaraq öz ünvanına “mavi, erməni və mason” kəlmələrini eşitməsindən bəhs etdi. Ədəbiyyatçı Ermənistanda da tanınan  qoca Anarı yada saldı, “Facebook”un onun qarşısında açdığı qapılardan,  Gürcüstana bəslədiyi ümidlərdən, müsəlman ermənilər, xristian azərbaycanlılardan, “Daş yuxular” adlı zəif və Qarabağ müharbəsi haqqında ən yaxşı roman sayılan “Quqark” haqqında danışdı. Ona  “evini dağıdanlarla  sülh haqqında necə danışa bilirsən?” sualını verirlər,  o isə “müharibə başlasa, mən onlardan birini öldürə bilərəmmi?” sualına cavab axtarır.
 
- Sən dəfələrlə postsovet Ermənistanda olmusan. Səni burda ən çox nə qıcıqlandırır?
 
- Müəyyən bir dövrdə Ermənistana tez-tez səfər edirdim, müxtəlif təbəqələrdən olan fərqli insanlarla görüşürdüm. Geriyə qayıdanda isə vəziyyətim çox da yaxşı olmurdu. Məni danlayırdılar, təzyiq edirdilər, haqqımda yazırdılar, qışqırırdılar... Bilirsən, elə insanlar var ki, heç bir vətəndaş mövqeyi göstərmədən daim gündəmdə qalmaq istəyirlər. Hər zaman aktual qalmaq və bununla bərabər xalqın simpatiyasını qazanmaq üçün asan bir yol var: erməniləri söymək və sülh istəyənləri satqın adlandırmaq. Həmin vaxt məhz belələri məni xorla söyməyə başladılar. Bir dəfə Ermənistandan qayıdanda Bakıda mənə qarşı iki mətbuat konfransı keçirildi, hətta onların birində “Seymuru ölkədən qovaq,  qoy hara istəyir ora da getsin”  kimi çağırış səsləndi. Lakin Qarabağa bizim rektorlar, səfirlər və başqa hakimiyyətyönlü intelektuallar gedən zaman bu insanlar susdular, çünki onlar bilirdilər ki, bu səfərlər hakimiyyətin icazəsi ilə baş tutub. Mən isə növbəti dəfə onların ikiüzlülüklərinin şahidi oldum. 
 
Ən kiçik məişət problemləri ilə yaşamaq və üstəlik vətən xaini adlandırılmaq çox çətindir. Bir tərəfdən onları anlamaq olar: axı onlar hər şeyi sifarişlə edirlər, onların kiminsə həqiqətən sülh istəməsinə inanması çox çətindi. Ümumiyyətlə isə, bütün bunlardan çox yoruldum, sülhməramlı proyektlərdə az-az iştirak etməyə başladım. Baxmayaraq ki, bu proyektlərin sayəsində mənə maraqlı olan bir çox hadisələrin şahidi olurdum. Yaradıcılığımda yeni bir dövr başlamışdı. Müharibə və sülh haqqında çoxlu yazılar yazmağa başladım, “18,6 sm”, “Quqark”  romanları çap olundu. Hələ də xatirimdən çıxmayan çox sayda insanlarla tanış oldum, söhbət etdim. O zaman mənim ağlıma belə sual gəlmişdi: “Görəsən müharibə başlasa, mən onlardan birini öldürə bilərəmmi?”.
 
Anladım ki, erməni xalqının ən böyük problemi  erməni diasporasıdır. Azərbaycanlıların onlar haqqında nağıllar danışmasına baxmayaraq, erməni xalqı diasporanın əsarətindədir. Onlar Ermənistana ildə bir dəfə gəlirlər, dincəlirlər, şəkil çəkdirirlər, ağlayırlar, gülürlər və çıxıb gedirlər. Sadə xalq isə real problemlərin içində yaşamağa davam edir. Xaricdəki ermənilər  normal, sivil dövlətlərdə hüquqları qorunaraq yaşayırlar. Bu bizim bir neçə günlük hansısa rayona gedib dincəlib, şəkil çəkdirib geri dönməyimizə bənzəyir. Yerli əhalinin çətinlikləri, problemləri bizim üçün uzaqda qalır. 
 
Ermənistanda Azərbaycandakı kimi məni eyni mənzərələr qıcıqlandırır: şadlıq evləri, böyük lüks avtomobillər, kədərli simalar, zövqsüz geyimlər, kosmetikadan istifadə edə bilməyən qizlar... Səhv etmirəmsə,  belə bir məşhur deyim var: köləliyin elə bir həddi var ki, qullar öz qandallarını sevməyə başlayırlar. Mən həm Azərbaycanda, həm də Ermənistanda qulların artıq öz qandallarını sevdiyini gördüm. Onlardan çoxu ilk dəfə idi azərbaycanlı görürdülər və mən bu baxışlarda təbliğatın insanlara necə pis təsir etdiyini müşahidə etdim. Onlara baxanda yazığım gəlirdi. Biz bir-birini öldürmək üçün vuruşan qladiatorlarıq, yerlərində əyləşib izləyənlər isə tamaşaya baxıb həzz alırlar. 
 
Müsəlman ermənilər və xristian azərbaycanlılar
 
- Bəs bizim cəmiyyətlər  bir birindən nəylə fərqlənirlər? 
 
- Mən erməniləri xristian azərbaycanlılar, azərbaycanlıları isə müsəlman ermənilər adlandırmağı çox sevirəm. Biz bir-birimizə çox oxşayırıq: mətbəximiz, musiqimiz, mentalitetimiz. Yəqin ki, məhz  bu səbəbdən biz bir-birimizi bu qədər asanlıqla oğurluqda ittiham edirik. “Siz bizim yeməyimizi oğurladız, sizsə bizim musiqimizi oğurladız” kimi axmaq mübahisələr hələ də davam edir. Bu mübahisələri davam etdirənlərin sayı o tərəfdə də, bu tərərfdə də az deyil.
 
Bəlkə də bu qədər oxşar olduğumuz üçün bir-birimizlə bu cür amansız düşmənçilik edirik. Özünəbənzərlərlə mübarizə çox amansız olur. Bir dəfə Yexednazorda musiqi festivalında idim. Çıxış edənlər mahnı çalırdılar, oxuyurdular, oynayırdılar. Erməni dilini bilməsəm də, aparıcını anlaya bilirdim, çünki onun danışıq tərzi, üslubu, üzündəki ifadə mənə çox tanış idi. O, şeir oxuyurdu, mən isə öz cangüdənimə bu şeirin dünyada tayı bərabəri olmayan vətən haqqında olduğunu söylədim. Cangüdən çaşqın halda bunu hardan bildiyimi soruşdu. Bu haqda mən “18,6 sm” kitabımda yazmışam. Gördüm ki, Azərbaycandakı kimi Ermənistanda da bir qrup insan ərəb şeyxi kimi yaşayır, başqaları isə güclə özünə bir qarın yemək tapır. 
 
Qoca Anarı Ermənistanda da tanıyırlar
 
-Yazıçının, rəssamın vətandaş mövqeyi olmalıdır və onlar bunu nümayiş etdirməlidirlərmi?
 
- Əlbəttə. Yanğın olan zaman şairin şeir oxuması mənasızdır. O, yanğını söndürməyə borcludur. Bizdə elə şairlər və yazıçılar var ki, sevgidən, məhəbbətdən, güllərdən, kəpənəklərdən yazır, Kafkadan, Folknerdən danışırlar, Tarkovskini müzakirə edirlər. Onlar burunlarının ucunda baş verənləri görmürlər, görmək istəmirlər. Onlar reallığı  görməmək, insanların çağırışlarını eşitməmək üçün  əlləri ilə gözlərini yumublar. Pazolininin “Sodomun 120 günü” filmi yadıma düşür – orada da yaradıcılıqdan, yüksək materiadan danışılar, artistcəsinə siqaret çəkirlər, lakin sadə xalqın həyatını görmək istəmirlər. 
 
Ümumiyyətlə, bizdə yaradıcı adamlar üç yerə bölünür: birincilər - rəsmi statuslu yazıçılardır. Onlar müxtəlif nazirliklərdə mətbuat katibidirlər, baş redaktordular, baş nazirin müavinidirlər. Sonuncu məsələn, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, öz bayağı pyesləri ilə bütün Azərbaycan teatr səhnələrini zəbt edib. Əgər teatr hansısa bir festivalda iştirak edirsə, mütləq baş nazirin müavininin pyesi festivala aparılmalıdır. Onlar hər yerdə qarşımıza çıxır: teatrlarda, televiziyada, yubiley gecələrində. Ədəbiyyata yeniliyin gəlməməsi üçün onlar televiziya və teatrdan başqa, artıq məktəb dərsliklərinə də hücum ediblər. 
 
Bizdə Anar adlı yaşlı yazıçı var (onu  Ermənistanda da tanıyırlar). O artıq 24 ildir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri kreslosunda oturur. Onun dövlət tərəfindən maliyələşən qəzetləri və jurnalları var. Ofisi şəhərin mərkəzindədir. Bu qoca kimi istəyir çap elətdirir. Təbii ki, onun öz tələbləri var: onu tərifləməlisən, nəinki onu, şair atasını da dahi şair adlandırmalısan. Onun haqda belə detallı danışmağımın səbəbi bu cür insanların həm sovet dövründə, həm də bugünümüzdə  mövcudluğunu göstərmələridir.  Belələri Ermənistanda da var. Onlar o vaxt bir şey deyirdilər, indi başqa şey deyirlər, əvvəl ateist idilər, indi dindar olublar. 
 
Anarın atası donosçu idi, o, sevdiyim şair haqqında yuxarıya məlumatlar ötürmüşdü. Həmin şairi Sibirə sürgün etmişdilər və o, orada vəfat etmişdi. Təsəvvür et ki, atası onun haqqında donos yazır, oğlu Anar isə şair haqqında bir neçə il əvvəl çəkilən filmə ssenari yazır. Belə alınır ki, ata şairi Sibirə sürgünə göndərir, oğlu isə onun haqqında ssenari yazır.
Bunu heç kimə izah eləmək olmur, xalq onları sevir, müxalifət liderləri onlar haqqında “vətəndaş mövqeyi olmasa da yaxşı yazıçıdır” deməklə onlara haqq qazandırırlar. Xalq arasında belə fikir yayılıb ki, onlar dissident olublar, amma bu dissidentlərə  müxtəlif ordenlərin verilməsinin, Kislavodsk, Yesentuki, Yaltada dincəlmələrinin səbəblərini heç kimə izah etmək olmur. Belə yazıçıların oğlanları prokurorluqda, polisdə, gömrükdə, səfirliklərdə çalışırlar. 
 
İkinci tip yazıçılar yaradıcı adam rolunu oynayanlardır. Onlar guya şairdilər,  yaradıcılıq prosesindən, ilham pərisindən danışırlar. Əslində isə onlar  biznesmen və fırıldaqçıdırlar. Misal üçün onlardan biri bu yaxınlarda restoranların birində 250 qonağın iştirakı ilə ad günü keçirib. O tədbirdə monopolistlər, prokurorlar, vəzifəli adamlar iştirak edirdilər. Şairin özü isə bizneslə məşğuldur, tikinti materialları satır və bununla bərabər ruh haqqında şeirlər yazır, guya allahla danışır və buna bənzər fəndlərdən istifadə edir. Ag günü ilə bağlı tədbir şair haqqında çəkilmiş fimlə başlayır: o tənhadır, ağaclarla söhbət edir, çayla danışır, çəmənlikdə oturub düşünür. Ad günündə isə 250 nəfər qonaq var. Xalq belələrini sevir. Düşünürlər ki, şair məhz belə olmalıdır. 
 
Üçüncü tip yazıçılar tamadalar, savadsız, aqrar insanlardır. Belələrindən birinə “Yüz ilin tənhalığı” romanını oxumusanmı sualını verəndə,  o, “oxumamışam, amma romanı mənə danışıblar” cavabını verib. 
 
Bir də var - mənim kimilər, mənə bənzərlər. Bizim öz mühitimiz var. Lakin dediyim kimi bizi xalq arasında özünə diqqət cəlb etmək üçüb ancaq söyüş yazan, tərbiyəsiz küçə adamları kimi tanıyırlar. Bax belə.
 
- Sülh bizə nəyə görə lazımdır? 
 
- Müharibənin əsl üzünü heç bir film, heç bir kitab göstərə bilməz. Müharibə sözünün arxasında qan, göz yaşları, dağılmış evlər, məktəblər, uşaq bağçaları, ölüm, zorlanmalar və əlbəttə ki, insan simasının itirilməsi durur. Hələ də elə insanlar var ki, müharibə zamanı nə etdiklərindən, necə adam öldürdüklərindən, ev dağıtmaqlarından danışırlar və hətta bununla fəxr edirlər.  Elə insanlar da var ki, müharibədə iştirak ediblər, adam öldürüblər lakin hər şey bitəndən sonra əziyyət çəkməyə başlayıblar. Mən yaxşı bir adam tanıyıram, müharibə başlayanda o, əyninə hərbi forma geyindi. Hər şey bitdikdən sonra isə, o, qorxulu yuxular görürdü, müharibədə gördüyü adamlar onu izləməyə başlamışdı və bu onun psixikasını tamamilə darmadağın etmişdi. Mən və sən müharibənin nə olduğunu gördük. İkimizin də taleyi bənzərdi, nələri gördük, necə yaşadıq və müharibə həyatımızı necə alt üst elədi. Bunu başqalarına izah eləmək çətindir. Demək olar mümkün deyil. Ona görə də yeniyetmələr,  gənclər müharibə haqqında iştahla danışanda mən onlara həm gülürəm, həm də yazığım gəlir.  
 
Yaxınlarımdan biri məndən soruşdu: “Axı onlar senin evini dağıdıb, sən onlarla necə sülhdən danışa bilərsən?” Sonra açıq dedi: “Mən müharibədən qorxuram və buna görə pasifist olmuşam”. 
 
Bəli, mən qəhraman deyiləm. Mənim üçün qorxaq olub sülh  istəmək, qəhrəman olub müharibə istəməkdən daha yaxşıdır.  Qoy hamı mənə qorxaq desin, mən bu sözü qəbul edirəm. Lakin mənim bəlli bir vətəndaş mövqeyim var və məhz ona görə yaşadığım varlı ölkədə mövcud olmaq mənə çox çətindir, demək olar ki, qarşımdakı bütün qapılar bağlıdır. 
 
Fikir vermişəm, demək olar bütün pasifistlərin vətəndaş mövqeyi var - bizlərdə buna malik olmaq çətin məsələdir. Qoy mən qorxaq olum, bu ölkədəki vəziyyəti dəyişmir, banal və sadə olan reallığa təsir etmir.  Bütün bu hərbi marşlar, vətən haqqında danışılan nağıllar, yazılan şeirlər – bunların hamısı bizim yaşadığımız faciələrin dekorasiyalarıdır. Vətənimizdə varlılar kef edir, səngərlərdə isə  ancaq kasıbların uşaqları öldürülür. Nəyə görə indiyə kimi bir vəzifəli şəxsin, oliqarxın, biznesmenin övladı cəhbə bölgəsində öldürülməyib? Nəyə görə sərhədlərdə ancaq kasıb ailələrin min bir əziyyətlə böyüdülmüş övladları öldürülməlidir? Cəbhə  bölgəsində əsgər ölümü haqqında oxuyanda dəqiq bilirəm ki, o, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq,  kasıb ailənin övladıdır. Mənə bu haqda danışmaq çətindir. Yorulmuşam. Bizim insanlar təbliğatın təsiri altında yaşayırlar, başqa cür düşünməkdən qorxurlar. Qəbul etmək lazımdır ki, gec və ya tez normal insan kimi yaşamağa başlamalıyıq. Biz qonşuyuq. Bütün milləti başqa bir yerə köçürmək mümkün deyil. Bu problemi necəsə həll etmək lazımdır. Xalq bu barədə fikirləşmək istəmir və açıqcasına söyləyir ki, münaqişənin həlli bizdən asılı deyil, siyasətçilərdən asılıdır.
 
İnsanlar taleləri ilə o qədər barışıblar ki, sülh haqqında danışan hər kəsi söyürlər. Mən əlimdən gələn hər şeyi edirdim - məqalələr yazdım, müsahibələr verdim, reportajlar hazırladım, bir neçə dəfə Ermənistana səfər etdim. Başqa nə edə bilərəmki? Bütün bunlar mənə çox baha başa gəldi. Çox güman bu müsahibədən sonra da haqqımda danışan tapılacaq. Lakin yenə də davam edirəm, təbiətim belədir. Mən “Quqark” romanını yazanda bütün yaşananları, hər şeyin necə başlamasını yadıma salmağa başladım. Əvvəlcə hər şey çox qeyri-ciddi başlandı, insanlarda maraq oyandı. Tədricən vəziyyət nəzarət altından çıxmağa başladı. Gördüklərimi yadıma salaraq anladım ki, qısa zaman ərzində çox hadisə baş vermişdi. İndi mən çox istərdim ki, “Quqark” romanı mənimlə bərabar eyni hadisələri yaşayan insanların olduğu Ermənistanda çap olunsun. Misal üçün sənin atan... Onlar məni başqa ölkə vətəndaşlarına nisbətən daha yaxşı anlayarlar. Əgər bu romanı Almaniya və ya Ermənistanda çap eləmək seçimim olsaydı, mən məmnuniyyətlə  Ermənistanı seçərdim.  
 
“Daş yuxular” zəif romandır
 
- “Daş yuxular” romanı xoşuna gəldimi? 
 
- “Daş yuxuları” oxumamışam. Həmin romandan əvvəl o çox zəif bir roman çap etmişdi. Roman o qədər zəif idi ki, mən düşündüm ki, Əkrəm artıq öz yaradıcı gücünü sərf edib bitirib. “Daş yuxuları” oxumasam da, müəllifi bacardığım qədər müdafiə etdim. Romanı yox, müəllifi müdafiə edirdim, çünki müəllifi yazdığı bədii əsərə görə ittiham etmək düzgün deyil, gülüncdür.
 
Romanı oxumamış fikir bildirə bilmərəm, lakin oxuyan dostarın fikrincə, roman çox zəif alınıb. Dostlarım ədəbi zövqləri formalaşmış çox obyektiv insanlardır. Əkrəm böyük bir iş gördü. Birincisi, çoxdandır ölkədə kütləvi olaraq ədəbiyyat haqqında danışılmırdı. İnsanlar “roman”, “ədəbiyyat”, “yazıçı” sözlərini eşitdilər, bu az deyil. İkincisi isə, Əkrəm topu erməni intelektuallarına atdı - “mən öz işimi gördüm, indi növbə sizindi”. Bu səbəbdən ona təşəkkür etməliyik. 
Əylislinin romanı hesabına mənim romanım Qarabağ müharibəsi haqqında yazılmış ən yaxşı roman hesab olunur. 
 
- Əgər Əkrəm Əylisli romanın çapıyla bağlı səninlə məsləhət etsəydi, ona nə söyləyərdin?
 
- “Daş yuxular” romanını oxuyan bir çox insan  “Quqark”ı bədii keyfiyyətlərinə və obyektivliyinə görə daha çox bəyəndiklərini söylədilər və onların fikrincə, “Quqark” Qarabağ müharibəsi haqqında yazılmış ən yaxşı roman hesab oluna bilər. Onlar bunu deməyə məcbur oldular, belə ki, Əkrəm öz romanı ilə onları çox pis cəzalandırdı. Mənə romanın təriflənməsi yox, Əkrəmin onları “Quqarkı” tərifləməyə məcbur etməsi çox xoş təsir bağışladı. Onlar çox yazıq görsənirdilər və mən növbəti dəfə onların ikiüzlülüyünün şahidi oldum. Başqa vaxt onlar “Quqark” haqqında bir kəlmə də deməzdilər. 
 
Əkrəm bizim cəmiyyətin yazılmamış bir qanununu unutmuşdu: həm yaxşı yaşayıb, həm də qəhraman olmaq olmaz. O deputat idi, ordenlər alırdı, oğlu gömrükdə işləyirdi. Ancaq bizdə azad insan yoxsul yaşamalıdır. Azad olmaq və yaxşı yaşamaq hələ ki. mümkün deyil. Əkrəm qəhraman olmaq istədi və ona bunun o qədər də asan olmadığını basa saldılar. Bizim cəmiyyətdə hakimiyyətlə yaxşı əlaqəsi olan insanlar var, onlar pul alırlar, rahat yaşayırlar, kef çəkirlər. Belələri həm də qəhraman olmaq istəyəndə, hakimiyyət onları asanlıqla cəzalandırır. Əkrəm hakimiyyətlə təmasda olmasıyla bərabər, həm də qəhraman olmaq istədi və azad olmağın nə qədər çətin olduğunu gördü. O kimlərlə iş birliyində olduğunu anladı. Yaxşı ki, bütün bunları o, öz gözləri ilə gördü və bəlkə də yaşanan bütün bu hadisələrdən sonra həqiqətə bir qədər də yaxınlaşdı. O təcrübəli insandır, çox şeylər görüb, yaşayıb,  o bütün bunları bilməli idi. 
 
“Facebook” bizə geniş imkanlar yaratdı
 
- Sənin oxucuların kimlərdir?
 
- Əsasən gənclər. Bizə uzun müddət danışmağa tribuna vermədilər. Ali məktəblərin qapıları  üzümüzə bağlıdır, televiziya və radio da həmçinin. Mən və dostlarım qəzetlərdə çap olunurduq və yenə də problem yaşayırdıq, kiçik qonorarlar, qadağan olunmuş mövzular. Bir qəzetdə bir mövzudan, başqa birində başqa mövzudan yazırdım. Biz nə istədiyimizi müəyyən bir dəstəyə çatdıra bilirdik. “Facebook” istifadəçilərinin sayı artdıqca, biz ilk dəfə kütləylə ünsiyyət şansı əldə etdik və bunun nəticələrini görməkdəyik. Gənclər kitab oxumağa başlayıblar, çoxları öz düşüncə tərzlərini dəyişiblər, fərqli tərzdə geyinməyə başlayıblar. 
 
İndi Bakıda tez-tez kitab oxuyan gənclə rastlaşıram. Əvvəl nadir halda kitab oxuyan görmək olardı. 5-6 il əvvəl yazdıqlarım indi oxunmağa başlayıb. Yəqin, bəzi şeyləri insanlara çatdırmaq üçün daima təkrarlamaq lazımdır. Yaşlı nəsil bir qədər yorulub, indi yalnız gənclərlə işləmək lazımdır. Bəlkə onlar nəyisə dəyişə bildilər. Yaşayarıq görərik, zaman göstərər. 
 
Bilirsən Yura, hansısa mügənninin, idmançının evi, maşını, pulu, şöhrəti olan dövrdə maarifçilikdən danışmaq çox çətindi. Valideynlər düşünürlər ki, ev, pul, şöhrət əldə etmək üçün kitab yox, mahnı oxumaq kifayətdir. İntelektuallar pis şəraitdə yaşayanda, televiziya isə daim müğənnilərin, idmançıların prestijli evini, maşınını nümayiş edəndə kitabın nüfuzu aşağı düşür, ölür. İndi bəzi insanlar anlamağa başlayıb ki, bu, belə davam eləyə bilməz. Biz inkişafa və normal yaşayışa mane olan problemləri göstərib, izah etməyə müvəffəq olduq. Məncə, əsl intelektualın üzərinə düşən əsas rol və vəzifə məhz  bundan ibarətdir. 
 
-Seymur, niyə Azərbaycandan köçmürsən?
 
-2003-cü ildən sonra anlamağa başladım ki, bizim mentalitetimiz yaşamağımıza mane olur. İnsanların mentalitet adlandırdığı şey əsl zülmdü. Mən bunun haqqında yazmağa başladım və çoxları məni başa düşmədi, hələ də başa düşməyənlər var. Məni erməni, mason, yəhudi, mavi, casus adlandırmağa başladılar. Dostum bəstəkar Elmir Mirzoyevin fikrincə, Azəbaycanda azad insan “erməni”, “mavi”, “mason” alandırılmağa məhkumdur.
 
Siyasi müxalifətdə olmaq çətindir, amma mədəni müxalifətçilik ondan da çətindir. Misal üçün, sən deyəndə ki, bizim təbiətimiz dünyanın ən gözəl təbiəti deyil, musiqimiz o qədər də gözəl sayılmaz, mətbəx də o şəkildə - o zaman ölkə əhalisinin böyük əksəriyyətinin düşməninə çevrilirsən. Milliyyətin fərqi yoxdur, biz insanıq və insan kimi yaşamalıyıq. Bu bir qədər banal və pafoslu səslənə bilər, ancaq bu belədir. Biz mürəkkəb dildə yazılmış kitablarda, filmlərdə, fəlsəfi esselərdə suallarımıza cavab axtarırıq, əslində isə cavablar çox sadədir. Bu yaxınlarda bir qız özü haqda mənə yazıb. Ailəsi maddi imkansızlığı səbəb gətirərək magistratura təhsilinə tələb olunan iki min dolları ödəməkdən imtina edib. Lakin, o ərə gedəndə, ailəsi onun cehizi üçün bir həftədə on min dollar pul topladı. 
 
Bizdə ictimai nəqliyyatda bəzən boş yer olanda belə, yaşlılar cavanlardan onara yer verməyi tələb edir. Bir dəfə xalam çox həyacanlı halda evə gəldi, bərk qəzəblənmişdi, “dünyanın axırıdır, dünyanın axırıdır” deyirdi. Sən demə, avtobusda ona heç kim oturmağa yer verməyib. Mən ona yer verməyənlərin düzgün hərəkət etdiklərini dedim və soruşdum ki, o özü dövlət strukturlarında, məktəblərdə, xəstəxanalarda öz hüququnun qorunması üçün nə edib?. Yaxşı olardı ki, o avtobusların normal qaydada işləməsini, təmiz və təmirli olmasını tələb edərdi.
 
Bilirəm ki, Ermənistanda da böyük toy mərasimləri və yaslar təşkil eləyirlər. Azərbaycanda da Ermənistanda da insanlar bu mərasimlərə böyük pullar xərcləyirlər və bu mərasimlərlə bir-birini bezdirirlər. Bəlkə də arada cüzi fərqlər var, lakin vəziyyət çox oxşardır. Mən bir qadın tanıyırdım, kasıbçılıqda dolanırdı, qonşular onu yeməklə təmin edirdilər. O vəfat edən zaman Rusiyadan oğlu gəldi. Ağladı, kədərləndi, sonra  təmtəraqlı ehsan verdi. Masanın üstündə hər şey var idi, hətta ekzotik meyvələr də. Amma biz hamımız bilirdik ki, o, anasının sağlığında ona heç yüz dollar da göndərməmişdi. O yazıq qadın yasında masanın üstünə düzülənlərdən sağlında yeməmişdi. 
Təqribən hər beşinci azərbaycanlı kreditlə əldə olunmuş bahalı telefona sahibdir. Biz özümüz üçün deyil, qohumlar, qonşular üçün yaşayırıq. Bütün bu “özünügöstərmələr” insanların həyatlarını məhv edir. Mən elə bu haqda yazıram.
 
Onlar bu cür yaşamağın mümkün olmadığını anlayırlar və buna görə çox aqressivdirlər. Bəlkə də dediklərim kiməsə boş və mənasız görünə bilər, amma bütün bunların hamısı bir yerdə cəhənnəmə bənzər mentalitetimizi təşkil edir. İnsanların yaslarda külli miqdarda  pul xərcləyib uşaqlarının təhsilinə pul xərcləməmələri bəyəm problem deyil? Yasda xərclədikləri pulların ən azı on faizini təhsil üçün xərcləsəydilər, vəziyyət indikinən qat-qat yaxşı olardı. Biz sərmayəmizi gələcəyə deyil, keçmişə qoyuruq. Bəlkə biz nə vaxtsa güclü və mədəni olmuşuq, lakin indi biz kimik? Xoşbəxtlik nə dünəndir, nə sabah, xoşbəxtlik bugündür. Monqollar da nə vaxtsa dünyanı işğal etmişdilər, indi isə rusların və amerikanlıların Çingizxan haqqında çəkdiyi film kimi bir film çəkə bilmirər. Bu halda, şan-şöhrətli keçmiş nəyimizə lazımdır? Sən öz şairin, yazıçın haqqında bir film çəkə bilmirsən, amma keçmişinlə fəxr edirsən. Bu normal hal deyil və mən bunu artıq 10 ildir insanlara başa salmağa çalışıram. Əlbəttə, mənə həm maddi, həm də mənəvi olaraq çox çətindir. Mənə deyirlər “nağıl yaz və biz səni qiymətləndirək, kitablarını alaq”. Özümü Azərbaycanda yad hiss edirəm, amma bununla belə ölkədən getməyi düşünmürəm. Ona görə yox ki, mən öz vətənimi çox sevirəm, sadəcə mənim artıq 37 yaşım var. Artıq yorulmuşam, çox yorğunam. 
 
Kirayəşin yaşadığın halda, yüzlərlə insan səni mason, qərbin agenti, pul müqabilində yazı yazıb mentalitetimizi söyən publisist adlandırır, belə yaşamaq çox çətindir. Əlbəttə, onlar öz mentalitetlərini yüksək qiymətləndirir və düşünürlər ki, doğrudanda qərb ölkələrinin fondları bizə mentaliteti dağıtmaq üçün pul ödəyir. Gülməlidir. Onlar təccüblənirlər ki, kimlərsə pul almadan yazı yazır, hansısa ideyaya inanırlar. Qullar azad insanları görə bilmir, tanımaq istəmirlər. Amma çox vaxt qulların qəzəbi mənim üçün ilham mənbəyi olur. 
Avropada yeni həyata başlamaq üçün mənim həvəsim, gücüm yoxdur. Mənim orada çoxlu dostlarım var, onlar da müəyyən mənada çətinlik çəkirlər. Bəziləri artıq öyrəşiblər, bəzilərinə isə hələ də çətindi. Ölkəni tərk edib yeni həyat başlamağa özümdə güc görmürəm. 
 
Mən üçüncü sort ölkənin yazıçısıyam
 
- İndi nəyin üzərində çalışırsan?
 
- İndi hekayələr üzərində çalışıram, altısı artıq hazırdı. Paralel olaraq həm də həftəlik “Reytinq” qəzeti üçün yazılar yazıram. Kitablar oxuyuram, filmlərə baxıram. Pulum olanda Tiflisə gedirəm. Orda özümü çox rahat və azad hiss edirəm. Tiflisi çox sevirəm. Orada yazıçı, şair dostlarım var. Onlarla ünsiyyət mənim üçün çox xoşdur. Qiymətlər də orada daha münasibdir. Kitab klubunda oturub kitab oxuyuram, həm də istirahət edə bilirəm. Bakı çox bahalı şəhərdir. Burda bir “book club” var, lakin yazıçı olaraq ora gedə bilmirəm, çox bahalı yerdir. 
 
Əsasən gənclərə ünsiyyətdə oluram. Mənim yaşıdım olan dostlardan çox az qalıb, bəziləri köçüb, bəziləri yoxa çıxıb, biri yorulub, biri fəaliyyət dairəsini dəyişib pul qazanmaqla məşğuldur. Azərbaycanda kitab satışıyla və qonorarlarla dolanmaq olmur. Yaxşı ki, mənə və tutduğumuz yola qiymət verən bir neçə adam var və onlar bizə kömək edir. Olardan biri mənə pul verən zaman pulu mənə deyil, öz övladının gələcəyi üçün verdiyini deyir. Yaxşı ki, belə insanlar var. Onlar varlı deyillər, sadəcə anlayırlar ki, yazmaq üçün maddi kömək lazımdır. Biz Robinzon Kruzo kimi yaşayırıq, hamı hər şeyi özü eləməlidir, özümüz özümüzü müalicə eləyirik, özümüzə dərs keçirik, kitab yazmağı öyrənirik, sonra çap üçün pul axtarırıq, çap olunan kitabları dükanlara paylayırıq. Bundan başqa, özümüz özümüzə oxucu yetişdirməliyik. Bizim ədəbiyyat kitablarımız sovet dövründəki kimidir, heç nə dəyişməyib və biz dünya ədəbiyyatında baş verən hadisələrdən xəbərsizik. Bu səbəbdən insanlar yeni ədədbiyyatla tanış olanda, özlərini itirərərək avtomatik “bu ədəbiyyat deyil” qənaətinə gəlirlər. Tənqidçilər “Quqark” romanı haqqında yazmağa başlayanda, mən anladım ki, onlar dünya ədəbiyyatında nə baş verdiyindən xəbərsizdilər. Əlbəttəki romanda zəif hisslər, səhvlər var, lakin onların tənqid elədiyi tərəflər məhz romanın müsbət tərəfləri idi. 
 
Bizim oxucularla üniyyət o qədərdə rahat deyil, çox əsəbləşirəm. Hətta bunu özümə qadağan etmişəm. Onlar özlərini əmin etmək istəyirlər ki, yazı yazmağa başlasam, səndən yaxşı yazaram. Onlar məhz bu tərzdə danışır və verdikləri sualları cavab xatirinə yox, öz fikirlərini təsdiq etmək üçün verirlər. Başqaları öz həyatlarını danışırlar və onlar haqqında roman yazmağı təklif edirlər. 
 
Bilirəm ki, mən üçüncü sort ölkənin yazıçısıyam və bunu tez-tez təkrarlamaqla reallıq hissini itirməməyə çalışıram. Bu hissi itirən insan, xüsusən yaradıcı insan çox gülməli görsənir. Üçüncü sort ölkə yazıçısı olmaq çox çətindi, xüsusən də bir qədər fərqli tərzdə yazan yazıçı üçün. 
 
Xalq arasında tanınmaq və yazıçı kimi qəbul olunmaq istəyirsənsə, ilk öncə bunun hakimiyyət tərəfindən təsdiq olunması lazımdır. Kimisə işə düzəldə bilməlisən, kiminsə uşağını əsgərlikdə yaxşı yerə salmalısan, bağ evin olmalıdır, oğlun gömrükdə və ya səfirlikdə işləməlidir. Dövlət tərəfindən ordenlərlər, mükafatlarla təltif olunmalısan. Xalq arasında isə mən sadəcə mənasız yazılarla diqqət cəlb etmək istəyən küçə oğlanı kimi tanınıram. Onlar haqqımda bu fikirdədirlər. 
 
Gürcüstan bizə ümid verir
 
- Bizim regionun sakinləri və şəxsən sənin üçün inkişaf yolunda seçim problemi varmı? Qərb, yoxsa Şərq, Avropa, yoxsa Asiya, Amerika, yoxsa Rusiya?
 
- Bəli, bizim regionda belə bir problem var. Bəziləri düşünür ki, Amerika və Avropa bizim sadəcə yox olmağımızı istəyir. İndi masonlar haqda danışmaq, masonlar haqda kitablar oxumaq, nağıllar uydurmaq çox dəbdədir. Bununla əsasən, qeyri-ciddi və savadsız adamlar məşğul olurlar. Əlbəttə, biz Rusiyadan çox asılıyıq, Rusiyanın sayəsində Avropa mədəniyyətiylə tanış olmuşuq. Əgər sabah Rusiyada yaxşılığa doğru dəyişiklik baş versə, bu, avtomatik olaraq bizə də təsir edəcək. Buna görə də, mən Rusiyada demokratiya uğrunda mübarizə aparan insanları çox qiymətləndirir və sevirəm. Rus ədəbiyyatını çox sevirəm. Rusların sayəsində teatr, opera, akademik musiqi yaratdıq. Zəif və ya güclüdür, bunun məsələyə dəxli yoxdur. Bir çox müsəlman ölkələrində akademik musiqi ümumiyyətlə yoxdur. Bizdə var və bu heç də az deyil. 
 
Bir çoxlarında güclü sovet nostalgiyası var, onları başa düşmək olar. O vaxt həqiqətən də bugünkinə nisbətən yaxşıydı. Bu insanlar bütünlüklə ümidlərini itiriblər. Və onları sabah nə gözlədiyini bilmirlər. İndi sovet dövründə olan uşaq baxçaları, məktəblər, kitabxanalar yoxdur. Elə kəndlər var ki, son 10 ildə bir nəfər də olsun ali məktəbə daxil ola bilməyib. Kitabxanaları darmadağın edib restoranlara, mağazalara çevirdilər. 
 
Rus mədəniyyətinə böyük hörmət bəsləməyimə baxmayaraq, bu gün orada baş verənlər sadəcə biabırçılıqdır. Biz uzun müddət bir yerdə yaşamışıq və bu olduqca vacib nüansdır. Bir misal gətirmək istəyirəm, bizim Türkiyəylə çox yaxşı münasibətlərimiz var, çox adam orada yaşayır, işləyir və oxuyur. Türkiyədə polis rüşvət almır və bizim insanlar bunu çox təbii qarşılayırlar. Yəni, bu çox normal haldır, türk polisi rüşvət almamalıdır və özünü polis kimi aparmalıdır. Amma nə vaxtki gürcü polisi rüşvət almamağa başladı, bu, Azərbaycanda demək olar ki, hər yerdə söhbət mövzusuna çevrildi. 
 
Buna qədər deyirdilər ki, rüşvət bizim qanımızdadır, biz həmişə rüşvətxor olmuşuq və həmişə də olacağıq. Gürcüstanda baş verən dəyişikliklər bizim insalara böyük təsir göstərdi. Bir çoxları artıq xalqı yox, hakimiyyəti günahkar görməyə başladı. Şevernadze hakimiyyəti dövründə Gürcüstanda rüşvətxorluq və korrupsiya özünün intibah dövrünü yaşayırdı. Gürcülər göstərdi ki, rüşvətsiz yaşamaq olar və bu mənada Gürcüstan bizə çoxlu arqumentlər verdi. 
 
Mən üç il əvvəl sanatoriyada müalicə olunurdum. Həkimin qəbul otağında yaşlı bir kişi ilə tibb bacısının söhbətini eşitdim. Tibb bacısı deyirdi ki, rüşvət bizim qanımızdadır, biz belə yaradılmışıq. Qoca kişi isə Gürcüstanı nümunə olaraq göstərdi və dedi: "Saakaşvilidən soruşanda ki, Siz korrupsiyanın, rüşvətxorluğun kökükünü necə kəsdiniz? O cavab verdi ki, mən özüm almadım və başqaları da almadı".
 
Bu söhbəti eşitmək mənim üçün çox xoş idi. O kişi başa düşmüşdü ki, xalq günahkar deyil, günah sistemdə və bizi idarə edənlərdədi. Ola bilsin ki, Gürcüstanda yuxarı səviyyədə korrupsiya var. Buna baxmayaraq, Gürcüstan bizim üçün ümid mənbəyidir. Biz gərək insanları başa salaq ki, günahkar sistemdir. Bu mənada Şimali və Cənubi Koreya ən gözəl nümunədir.  
 
Mən özüm nə düşünürəm?.. Bu suala cavab yüz il əvvəl verilib. Bizim klassiklərimizdən biri deyib ki, dünyada ən böyük əzab qərb təfəkkürü ilə şərq ölkəsində yaşamaqdır. Avropa mənim üçün coğrafi məkan deyil, Avropa mənim üçün təfəkkür tərzidir. Düşünürəm ki, Avropa mədəniyyətinin alternativi yoxdur, bir çoxları bunu başa düşərək Avropa haqqında hədyanlar danışırlar. Bir müşahidəmi bölüşmək istəyirəm. Avropanın tənqid edən adamlar avropalıları ucdantutma gey, lezbiyan, fahişə adlandıranlar öz övladlarını oxumaq üçün Avropaya göndərirlər. Onlar Avropa istehsalı olan avtomobilləri sürür, Avropa klinikalarında müalicə olunur və deyirlər: "Şərqdə adamlar hamamda çiməndə Avropada tualet yoxuydu". Bununla belə, onlar avropasayağı geyinir, Avropada istehsal olunmuş sabundan, şampundan və tampondan istifadə edirlər... 
 
 
Müsahibəni apardı: Yuri Manvelyan
 
Kultura.az | Developed by Samir Yahyazade