post-title

Viktor Pelevinin əsərlərindən parçalar

Gerçəkdənmi obyektiv reallığın inkarı tendensiyasının təməlində seksual məhrumiyyət dayanır?.. Donuzun boynu elə yaranmış ki, o, göyə baxammır. Amma bundan belə nəticə çıxarmaq olmaz ki, səma -- seksual nevrozdur... Onlar başqa davulların sədası altında addımlayır.

 
 
 
 
 "KDD" (Heçnədən heçnəyə keçid dövrün dialektikası) romanından 
 
...
 
Sizə elə gəlmirmi ki, xristian və kommunist proyektləri arasında birbaşa paralel var? O anlamda ki, hər ikisi də tarixi perspektivdə mövcuddur və zaman keçdikcə onların məzmunu bozarır, rəngsizləşir, çünki ilkin metafora get-gedə daha da uzaqlaşır? Nəzərə isə hər gün yeni bir şey dəyir. Xristian və ya kommunist olmaq üçün şüura hər səhər bizlərdən daha da uzaqlaşan nöqtədə biçimləndirilmiş ideyaları olan böyük konseptual apparat yükləndirilməlidir. İntellekt üçün əlçatmaz olan, zamanın indiki anından ibarət sarayı olan Budda yasalarından onları   fərqləndirən budur! Digər tərəfdən, bu saray otaqlarının birindən savayı xristianlığın mövcudluğu üçün başqa bir yer yoxdur. Bax elə buna görə də biz, tantrist-aqnostiklər, deyirik ki, Budda həm də Xristosdur.
 
... 
 
Sözlər həmişə dualistikdir, subyektiv-obyektivdir... Onlar yalnız konseptual düşüncəni əks edə bilir, orada isə həqiqətin heç izi-tozu da yoxdur. Sözlər, ən yaxşı halda, yönü göstərməyə cəhd edə bilər, o da təqribən. Lakin "Müqəddəs olana qədər bir kilometr ayaqyalın suda getmə yol var" yazısı olan göstəricinin ox işarəsini müqəddəs saymaq olarmı? Və ya "Burda möcüzə var idi" yazısı olan paslı xatirə işarəsini necə, müqəddəs saymaq olarmı?
 
...
 
 
Ümumiyyətlə, niyə fransız fəlsəfəsi mövcuddur?  Cavab belədir: bu, transmilli kapital tərəfindən bəşəriyyət elitasının diqqətini sivilizasiyanın qorxunc və rusvayçı sirrindən yayındırmaq məqsədi ilə maliyyələşdirilən  şıqqıltılı intellektual oyuncaqdır.
 
...
 
Xəyallarınız elə siz özünüzsünüz, nəsə zahiri bir şeyə can atırsınızsa, zahirinin daxildən başqa heç yerdə olmadığını anlamamağınızdan irəli gəlir yalnız, daxildə isə o, qətiyyən heçyerdə yoxdur. Ətrafınızdakı dəhşət hərdən elə qatı olur ki, deyirsiz: həyatda xöşbəxtlik yoxdur... Bəlkə də gerçəkdən də orada yoxdu. Lakin orda məhz nəyin olmadığını bilirsinizsə, deməli, o, hardasa hələ var. Onun necə olduğunu da bilirsinizsə, deməli, o artıq sizin özünüzdədir.
 
 
 
"Qulyabanının müqəddəs kitabı" romanından 
 
...
 
Bizlərdən hər biri öz hüdudlarından çıxaraq özünü dəyişdirə bilər.  "Fövqalqulyabanı" ifadəsinin mənası da elə budur: öz sərhədlərini aşan, özünü üstələyən. Fövqalqulyabanı Şərqdən gəlmir, Qərbdən də gəlmir, o, içəridə yaranır... Min illərdən çox bir zamanda daha yaxşı heçnə uydura bilməmişlər. Atom bombası, Quççi odekolonu, qeyri-hamar prezervativ, CNN xəbərləri, Marsa uçuşlar -- bütün bu əlvan möcüzələr dünyanın mahiyyətini ölçən tərəzinin yanından yel də olub keçməyiblər. 
 
...
 
Burdakı həyatın gizli dəhşəti bilirsən nədədir? Özünə bir köynək  ya araba  ya da daha nəsə alanda ağlında bu köynəkdə ya da bu arabada hara gedəcəyin yer obrazı var,  bu yer obrazı reklam təsiri altında yaranmış. Amma belə məskən reklam çarxından başqa heçyanda yoxdur, reallıqdakı bu qara dəliyə də Qərbin bütün ciddi filosofları matəm tutub ağlayır. 
 
... 
 
Nəzəri baxımdan hər bir ingilis aristokratı bu həyatda Budda ola bilər... İngilislərin ruhlarının bütün gücü ikiüzlülüyə gedir. Xoşgörüyə (dözümlülüyə) güc qalmır.
 
... 
 
Gerçəkdənmi obyektiv reallığın inkarı tendensiyasının təməlində  seksual məhrumiyyət dayanır?.. Donuzun boynu elə yaranmış ki, o, göyə baxammır. Amma bundan belə nəticə çıxarmaq olmaz ki, səma -- seksual nevrozdur... Onlar başqa davulların sədası altında addımlayır.
 
...  
 
Təkrar -- mütləq plaqiatdır demək deyil, bu postmodernin məğzidir, daha geniş desək, hər şeydə özünü göstərən müasir qeştalpın əsasıdır... Tarixin sonundan sonra daha nə ilə məşğul olmalı? Məhz sitatgətirməklik Klimaksoviçi plaqiatçıdan postmodernistə çevirir.
 
...
 
O heyrətləndirici may günləriydi ki, yaşıllıq və çiçəklər ölməzlərə, əbədi qələbə çalmışlara bənzəyirdilər. 
 
 
"Generation P" romanından
 
...
 
 Bu dünyada hər şey təfsir (interpretasiya) məsələsidir.
 
...
 
Ona görə də xristianların çoxdan dediyi və şüur vaurizasiyasının ("wow" ingilis sözündən.--Tərc.İ.U.) aparıb çıxaracağı dünyanın sonu hər anlamda büsbütün təhlükəsiz olacaq, çünki təhlükənin yönələcəyi kəs yoxa çıxır. Dünyanın sonu sadəcə bir televiziya verilişi olacaqdır.
 
...
 
 Adama elə gəlir ki, istifadə edən (televizoru.-Tərc.) o özüdür, əslində isə istehlak alovu, kiçik sevinclər verərək onu yandırıb yaxır. Bu, təhlükəsiz seks kimidir... Zibilin ekoloji yandırılma texnologiyasıdır... İnsan, öz təbiəti etibarilə gözəl və əzəmətlidir... Lakin o, bunu bilmir... Zibil də onun  bu bilgisizliyidir. Bu, əslində olmayan identitydir. Bu həyatda insan öz identitysinin zibilini yandırmasında iştirak edir. 
   -- Onun  həyatı yandırılırsa, onda niyə insan o oda baxmalıdır?
   -- Onsuzda siz o həyatlarla nə edəcəyinizi bilmirsiniz. Haraya baxsanız da, yenə də öz həyatınızın yandığı oda baxırsınız. Mərhəmət ondan ibarətdir ki, krematorilərin yerinə televizorlar və supermarketləriniz var. Həqiqət isə  budur ki, bunların hər ikisinin də funksiyası eynidir.
 
...
 
"Kollektiv qeyri-şüuri"nin nə olduğunu dəqiq bilənlərin hamısı artıq çoxdandı ki, metronun ağzında siqaret satır. 
 
...
 
Ona görə ki, 500-cü və ya 380-ci turbodizeli aldığın məqamadək özün elə poxa çevrilirsən ki, artrıq səni heçnə kirlədə bilmir. Yəni, əlbəttə, "Mersedes 600" aldığına görə poxa dönmürsən. Əksinə. "Mersedes 600" almaq imkanı ona görə yaranır ki, poxa dönürsən.
 
... 
 
Rusiyalıların şüuruna  reklamverən sifarişçinin şizobloklarını tətbiq etmək üçün yetərincə uzun zaman  əsas kanal kimi televiziya qalacaqdır. 
 
...
 
Postfreydizmdə hesab edilir ki, informasiya dövründə mənasız televiziya proqramlarına baxmaq üçün israf edilən enerji seksuallıqdan daha  çox sublimasiyaya uğramalıdır. 
 
...
Üçüncü dünya dövlətlərində milli düşünən ziyalı qalıqlarının neytrallaşdırılması naminə milli düşünən ziyalının yayğın cəhəti olan seksual məmnunsuzluğundan istifadə edilir.
 
 
 
 "Bon bayramında qonaq" hekayəsindən   
 
...
 
Hiss edirdim ki, qanadın, qılıncın və kipriyin kamil əyriliyində eyni ifadəedilməz bir prinsip dayanır.
 
...
 
Qınından çıxardılmış poladdan gələn birbaşa təhlükə, gündəlik həyatın gizli dəhşətindən müqayisədə mənə həmişə daha cılız gəlirdi. Əski çağlardan bəri insanlar qəlblərinin kasıb karxanalarında əldə edə bildikləri ən yaxşı şeyləri məhz bu gündəlik həyatdan kitablarda gizlədirdilər. Bir vaxtlar ara qarışanda, üsyanlar zamanı, torpağa  qəpiklər basdırılardı eyni beləcə. Fərq ondadır ki, pulu yerdə gizlətmə ehtiyacını yaradan qarmaqarışıqlıq dünyada nadir hallarda olur, kitablarda qorumağa çalışılan gözəlliyin sonsuz fəlakəti isə bu dünyada daimidir. Bu fəlakət də elə həyatdır. Əslində heçnəyi də qorumaq olmur, edama məhkum olmuş birisinin edamdan öncə fotoşəkillərini çəkməklə eyni bu cür  xilas etməyə cəhd etmək olar. Yeganə kitab tanıyırdım ki, müəllifi buna bənzər bir şey etməyə nail olmuşdu. Bu, "Haqakure"dir... Qədim şeirlər bəyan edirdilər ki, insan səmimiyyət yoluyla addımlayırsa, tanrılar heçvaxt ondan üz döndərməz... Kitab deyirdi ki, səmimiyyət yoluyla getmək, hər günü sanki artıq ölmüsən kimi yaşamaq deməkdir.
 
 
 "Külək axtarışı haqda qeyd" hekayəsindən
 
...
 
Səmanın bizə bəxş etdiyi yeganə daimilik dəyişikliklərdir. Qərarı Yol olan insanı dəyişikliklər qorxutmur, çünki onun qəlbi dərindir, içində də hüzur var, dünyada hansı dalğalar çağlasa da. Bu dalğalardan qorxmağa gərək yoxdu -- onlar, sədəf balıqqulağındakı günəş oyunlarına bənzər yalançı görüntülərdi. Digər tərəfdən, hüzura da həddindən çox can atmaq lazım deyil. Hüzur da, həyacan da eyni şeyin təzahürüdür, qutsal yolu məhz onda itirirsən ki, bir yalançı görüntüləri başqa yalançı görüntülərdən daha önəmli sayırsan.
 
...
 
Kamil müdriklər, bizi əhatə edən hər şeydə Yol görməyi öyrədirdilər, və, deməli, o, həmişə yanımızdadır... Yolu görmək və Yola malik olmaq eyni şey deyil.
 
... 
 
 
Hər bir dövr tənəzzül dövrüdür, dünyada hakimiyyət çağırıları (devizləri) dəyişilir yalnız. 
 
...
 
Göyün altında nə vaxtsa mövcud olan vahiməli sui-qəsd qəflətən mənə agah oldu...  Heç xəbərimiz olmadan hamımızın onun üzvləri olduğu bu sui-qəsd elə ətrafımızdakı bu dünyadır. Sui-qəsdin mahiyyəti də budur: dünya sadəcə ieroqliflərin təzahürüdür... Bir işarə həmişə başqa işarənin vasitəsilə müəyyənləşir... Öz səmimiliyini sübut edən təzahürlər bizi digər təzahürlərə yollayır.
 
...
 
İçimizdə yazıçı doğulanda Yolu tərk edirik... Həqiqətin qəbri, həqiqəti ölməz etmək üçün  işlətdiyimiz sözlərdədir. "Yaranmamaq, doğulmamaq və hər şey olmaq" -- bi ifadənin özü yaranışın, doğuluşun və bəsitliyin örnəyidir.
  
...
 
Göy və Yer konsepsiyalarının olmaması məhz başlanğıcdır... On minlərlə əşya konsepsiyasının olması mahiyyətcə doğum qapılarıdır ... Qutsal başlanğıc konsepsiyası qorunub saxlanılana qədər qutsal başlanğıc əlçatmaz olacaq. Konsepsiya yoxa çıxanda hansı qutsal başlanğıcdan danışmaq olar? Bax, mən elə bunu qutsal başlanğıc adlandırıram.
 
...
 
Həqiqət əzəldən yoxdur -- budur göylərin qoyduğu qanun. 
 
Çevirdi: İlahə Ucaruh
Yuxarı