«Bəstəkar tanıyıram, müəllimlik edir, aldığı maaş altmış beş manatdır.» - Müsahibə

Интервью

 
- Firudin bəy, musiqiyə gəlişiniz, bəstəkarlıq sənətini seçiminiz barədə bir az danışardınız.
 
- Uşaq yaşlarımdan musiqiyə həvəsim vardı. Altı, yeddi yaşlarım olardı, dayım mənə tar aldı. O vaxtı "Uzun ömrün akkordları" filmi yeni çıxmışdı. Orda belə bir səhnə var: "Leyli və Məcnun"un premyerasından bir neçə saat əvvəl orkestrdəki musiqiçilər arasında mübahisə düşür. Bir xeyli musiqiçi teatrı tərk edib gedirlər. Xəbəri bəstəkara çatdıranda deyir "iki stəkan çay gətirin, notları yenidən yazım". Bu səhnədən çox təsirləndim və qərara gəldim ki, ifaçı olmaqdansa, bəstəkar olum. Daha asan iş kimi göründü gözümə... Yavaş-yavaş musiqiyə marağımın artdığını görən valideynlərim məni musiqi məktəbinə tar sinfnə qoydu. Yazdığım parçaları kiməsə göstərməyə utanırdım. Bir dostum vardı, o, məndən xəbərsiz mənim musiqi yazmağımı musiqi müəlliməm Azadə Mehdiyevaya xəbər vermişdi. Sonralar həmin müəlliməmin mənə çox köməkliyi dəydi. Məni bir çox bəstəkarlarla tanış elədi. Musiqi məktəbini bitirəndən sonra Asəf Zeynallı adına musiqi məktəbində də xor drijorluğu təhsili aldım. Sonra da Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasına daxil oldum. Müəllimlərim Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və Nazim Mirişli olub. Müəllimlərim çox yaxşı olub. 
 
- Bu gün məmləkətimizdə musiqi təhsilinin vəziyyəti sizcə nə yerdədi?
 
- Çox aşağı səviyyədədi. Bir misal çəkim: Bu gün Azərbaycan musiqi təhsili sahələrində oxuyan şagirdlərə, tələbələrə 50-ci illərdə vəfat etmiş bəstəkarları müasir bəstəkarlar kimi keçirlər. Çünki, həmin təhsil proqramlarının hamısı 60-cı illərdə yazılıb. Sonra yetmişinci illərdə durğunluq oldu. Səksənlərdə də SSRİ dağıldı və ölkə çökdü. 90-lardan sonra da həmin dərslikləri tərcümə edərək istifadə etməyə başladıq.
 
Hal-hazırda Azərbaycanda musiqi təhsili sistemi necə ki, Üzeyr Hacıbəyov tərəfindən sıfırdan yaradılmışdı, indi də eləcə sıfırdan yaranmalıdı. Bunun bir əlacı var ki, dünyada gedən prosseslərdən, eləcə də dünya musiqi təhsli sistemindən xəbərləri olan Fərəc Qarayev, Firəngiz Əlizadə kimi bəstəkarlar və bunlardan başqa xaricdən gəlmiş ekspertlərin iştirakı ilə komissiya yaratmalı və bu komissiya da Azərbaycan musiqi təhsili sistemini yenidən qurmalıdı. Bütün müəllimlərin də hamısı attestasiyadan keçməlidir. 
 
- Bir ara xarici ölkələrə xeyli sayda musiqiçilər köçüb getdilər. Sizcə, bu axın nəylə əlaqədar idi? Maddiyyatla, yoxsa, sadaladığımız problemləri ilə?
 
- 90-cı illərdə ki, SSRİ dağıldı, o zaman nəinki bizdə, eləcə də imperiyanın tərkibinə daxil olan bir çox ölkələrdən xarici ölkələrə axın yarandı. Həmin insanların ən çox üz tutduqları ölkələrdən biri də Türkiyə oldu. İş o həddə gəlib çatmışdı ki, bizim çox güclü bəstəkarlarımızdan biri olan Aqşin Əlizadə də ölkəni tərk edib, Türkiyənin Van şəhərində solfecio dərsi verməyə məcbur olmuşdu... 
Amma indi də o baxımdan vəziyyətin ürəkaçan olmasını demək olmaz. Gənc bəstəkar tanıyıram, müəllimlik edir, aldığı maaş altmış beş manatdır. 
 
- Bəs niyə xaricdə qalıb işləmirlər?
 
- Mən özüm bir müddət başqa ölkədə işləmişəm. Gəldiyim nəticə də bundan ibarət olub ki, sən nə edirsən et, bütün hallarda kənardan gəlmə insan olursan. Yəni nə qədər olsa da, adama bu cür yanaşırlar. Bunun bircə variantı var ki, gərək çox yeniyetmə yaşlarından çıxıb gedib orda yaşayasan, həm də təhsilini davam etdirəsən. Amma müəyyən yaşdan sonra xaricə getmək, orda həyat qurub yaşamaq, üstəlik sənətlə məşğul olub özünü təsdiq etmək çox çətindi. 
 
- Ziyalı, xüsusilə rusdilli ziyalı və xalq arasında cəmiyyətdə yaranan problemə münasibətiniz necədi? 
 
- Əlbəttə bizdə belə problem var. Özü də bu tək rusdilli problemi deyil. Məsələn, ailələr var ki, uşaqlarını türk, ingilis və digər dillər dərslər keçirilən məktəblərə qoyurlar. Onların cəmiyyətdəki davranışları ilə bizim öz dilimizdə təhsil alan şagirdlərin davranışlarında nə qədər fərq olunduğu açıq-aydın hiss olunur. Bunun da səbəbləri yəqin ki, yerli əhalinin, yəni azərbaycanlıların dilində keyfiyyətli təhsil olmamasıdır. Təhsilin səviyyəsi yüksəlməlidi. 
 
- Musiqimizdə qadınların yeri necə görünür?
 
- Musiqimizdə qadınların yeri başdadır. Məsələn, Bəstəkarlar İttifaqının sədri qadındır. Yəqin ki, xaricdə ən çox tanınmış bəstəkarımız elə odur. Əsərləri Üzeyr Hacıbəyovdan da, Qara Qarayevdən də daha çox ifa olunur dünyada. Sonra Rəhilə Axundova vardı. Bir neçə nəfər gənc xanımlar da var, xaricdə yaşayırlar. Ümumi olaraq az olsalar da amma olublar və yaxşı işləyiblər.
 
- Ümumiyyətlə yaradıcılıqda qadın, kişi söhbətlərinə münasibətiniz necədi?
 
- Münasibətim belədir ki, istər ədəbiyyatda, istər musiqidə, istərsə də yaradıcılığın başqa sahələrində qadın min illər boyu onun boynuna biçilən məişət işlərini bir kənara qoysa, yaxşı işlər edə bilər. Ümumiyyətlə, həm yaradıcı qadın olmaq, həm də məişət işləri ilə əlləşmək çox çətindi.
 
- Siz filmlərə də musiqilər yazmısınız. Rejissorlarla münasibətiniz necə olub? Mübahisələr baş verir, ya güzəştə gedirsiniz?
 
- Mənim üçün rejissorlarla işləmək hələ ki, bir çətinlik yaratmayıb. Əsas odur ki, rejissoru öz fikirlərinə əsaslanaraq inandıra biləsən. Məsələn, rejissor var ki, öz filmini əvvəldən axıradək görür və təklif edir ki, filan kadrda musiqi lazımdı. Bəstəkar da görəndə ki, o düz deyir razılaşır. Bəzən də rejissor təklif edir ki, filan kadrda başqa bir musiqi lazımdı. Təbii ki, bəstəkar rejissoru inandıra bilsə, onun təklifi də önə keçir. Yəni mənimlə iş prossesi zamanı rejissorlarla elə böyük narahatçılıq olmayıb. 
 
Ümumiyyətlə, belə fikirləşirəm ki, filmdə hər şeyə görə rejissor cavabdehdir. Əgər musiqi pisdirsə, yenə də rejissorun daşıdığı bir məsuliyyətdi. Çünki filmdə musiqidi, rəsmdi bunlar hamısı köməkçi vasitələrdi. Filmin əsas yiyəsi bütün hallarda rejissordu. Tərif edirlərsə də rejissoru tərifləsinlər, tənqid edirlərsə də yenə də rejissorun yaxasından yapışsınlar. Bu mənim film musiqisinə olan fikrimdi. 
 
İş prosesində də ssenarini oxumaqdansa, çəkilmiş filmə baxıb musiqi yazmağın tərəfindəyəm. Ssenaridə tempi hiss etmək çətin olur. Çəkilmiş materiala baxıb musiqi yazmağı daha üstün tuturam və onu da qeyd edim ki, filmlərə musiqi yazmağı çox sevirəm. 
 
- Tar ixtisası üzrə bitirmisiniz. Tardan başqa hansı alətlərdə ifa etməyi, musiqi bəstələməyi xoşlayırsınız?
 
- Mən o qədər də professional ifaçı olmadığım üçün xüsusi bir alətlə mənim professional münasibətim yoxdu, istisna hallarda ifaçı kimi səhnədə görünürəm. Amma musiqi yazanda, yazılacaq musiqinin xarakterinə, janrına görə "iş aləti"m dəyişir; bu piano, gitara, tar, ya da başqa bir alət ola bilər. Bəzən isə ümumiyyətlə musiqini alətsiz yazıram. Beynimdə musiqi tamamilə hazır olur, sonda uzağı onu alətdə yoxlayıram. Amma əsasən pianoda bəstələyirəm.
 
- Muğama münasibətiniz necədi?
 
- Muğama münasibətim o qədər geniş bir mövzudur ki... Çünki həm özüm muğam ifaçısı olmuşam, həm sonrakı dövrlərdə başqa musiqilərlə kontaktımdan sonra muğama olan baxışlarımın dəyişməsi də bu məsələdə əsas rol oynayıb. Muğam əslində xalq musiqisi yox, ənənəvi professional musiqi sayılır. Çünki, muğam orta əsrlərdə ciddi musiqiçilərin, alimlərin, riyaziyyatçıların üzərində işlədiyi bir musiqi janrıdır. Amma bizdə muğam sanki daşlaşıb. Bunun da başlanması təxminən sovet dövrünə təsadüf edir. Bizdə muğamlar konkret melodik strukturlardan ibarət olubdu. Halbuki, əvvəllər Şur muğamı deyiləndə, konkret melodik strukturlar deyil, Şur səs düzümündə ifaçı-bəstəkarın özünün bətələdiyi musiqi nəzərdə tutulub. 
 
Avropadakı alətlərin bir çoxu mürəkkəbləşdirilərək, təkmilləşdirilərək həm də musiqilərini yeniləyiblər. Bizdə isə belə olmayıb. Axırıncı təkmilləşdirdiyimiz alət 19-cu əsrdə İran tarının əsasında təkmilləşdirilən Azərbaycan tarı olub. Ona görə də hesab edirəm ki, muğam da artıq muzeyləşib. 
 
Tarı, kamançanı, balabanı, sazı və digər alətlərimizi bir az da təkmilləşdirməyə və yeni alətlər yaratmağımıza ehtiyac var. Bunun üçün də yerli və əsasən İran, Türkiyə, Ərəbistandan yaxşı alət düzəldən ustalar dəvət etmək olar.
 
- Qərb musiqi alətlərindən ən çox hansının Azərbaycanda yayılmasını, ifaçılarının çoxalmasını istərdiniz?
 
- Ən elementar fakt olaraq onu deyə bilərəm ki, gitara aləti konservatoriyada tədris olunmur. Çünki sovet dövründə gitara ciddi alət sayılmayıb. Amma indi artıq dünyada ən çox yayılmış alətlərdəndir. Hələ başqa alətlərin adını çəkmirəm. Ya da ki, götürək elə violençeli. Yadımdadı, bir neçə il əvvəl dalbadal neçə il Bakı Musiqi Akademiyasına violonçel ixtisası üzrə sənəd verən olmadı. Hələ guya bura Rostropoviçin vətənidi. Bu da təbii ki, ondan irəli gəlib ki, hər bir valideyn öz övladının rifahını istəyir. Valideyn bilir ki, violonçel aləti ilə təhsilini bitirmiş insan bu ölkədə öz ailəsini dolandıra bilməyəcək. Demək elə eləmək lazımdı ki, violonçel ifaçısı gələcəkdə öz ailəsini saxlaya bilsin ki, həmin alətə də tələbat yaransın. Ya da birdəfəlik o ixtisası və ümumiyyətlə klassik qərb musiqisini yığışdırsınlar.
 
- Mətbuatda publisist yazılarla da çıxış edirsiniz. Həm mətbuatda, həm ədəbiyyatda gedən prosseslərə necə baxırsınız. Vəziyyət sizi qane edir?
 
- Kənardan baxan bir adam kimi fikirləşirəm ki, vəziyyət yaxşıdı. Çünki yadıma gəlir ki, 2000-ci ilin əvvəllərində kitab oxumaq və yazmaq kimi böyük bir problem vardı. Amma indi yazanlar da, oxuyanlar da çoxalıb. Çox yazılmasının tərəfdarıyam. Oxunmasa belə bir xalq nə qədər çox yazırsa, yazıyla məşğul olursa, o qədər də tarixdə qalma şansı çox olur. Çoxlu yazmalı, oxumalı, tərcümələr etmək lazımdır. Yeri gəlmişkən qeyd edim ki, bizdə tərcümə sahəsində də güclü problemlər var. Bir ölkənin bəlkə də elə ordu qədər strateji sahəsi onun tərcüməçilik sahəsidi. 
 
Beş yüz il əvvəl bizim dildə kiminsə şeir yazması ilə qürurlansaq da, indi adi vətəndaş hansısa idarəyə gedəndə bir ərizəni doldura bilmir. Amma bir millətin məktəbdən başlayan yazmaq, oxumaq vərdişləri olsa, ardı da sözsüz ki, yaxşı gələ bilər. Günah da xalqda deyil, o hər şeyi yaxşı görür və bilir. Sistem, təhsil düzgün qurulsa, xalq da yaxşı oxuyar, savadlanar. 
 
- Gələcək planlarınız barədə nələri qeyd edə bilərsiniz?
 
- Bu aralar bir neçə səhnə musiqisi yazıram, yaxın gələcəkdə yeni bir simfonik əsər yazmaq planım var. Bir də yaxın illərin birində xaricdə səs rejissorluğu ixtisası üzrə kursa getmək planım var.
 
Samirə Əşrəf
"Ədalət" qəzeti
Kultura.az | Developed by Samir Yahyazade