Bizim seksual əxlaqımız

Литература

 

Fəqət, idrakın şüaları bəzi istisnalarla bu dumanı dağıda bildi. Hələ də ən qatı sis pərdəsi seksual sahənin üzərində qalır ki, bu da təbiidir, çünki seks insanlarının çoxunun həyatında ən güclü hisslərdən biridir.

Hər halda, çağdaş dünyadakı vəziyyətin, seksə münasibətdə dəyişən ictimai fikrə təsir göstərdiyi danılmazdır. Bu təsirin hansı dəyişikliklərə gətirdiyi ya da gətirəcəyini əvvəlcədən müəyyən dəqiqlikdə demək mümkünsüzdür, fəqət bu dəyişimdə yer alan bəzi qüvvələri sadalamaq, həmçinin onların cəmiyyətin özülündə hansı dəyişikliklərə səbəb olacağını müzakirə etmək mümkündür.

İnsan təbiətini göz önünə alsaq, evlilikdən kənar cinsi münasibətlərin çox az rastlandığı bir cəmiyyət qurmağın çətin olmadığını deyə bilərik.

Lakin, çağdaş həyatda bu nəticəyə çatmaq üçün lazım olan şərtləri təmin etmək praktiki olaraq mümkünsüzdür. Gəlin o şərtlərin nələrdən ibarət olduğuna baxaq.

Təknigahlılığı şərtləndirən ən mühüm faktor, azsaylı əhali və bu əhalinin mobilliyinin olmadığı bölgələrin mövcudluğudur. Əgər kişi nadirən evini tərk etməyə imkan tapır və nadirən arvadından başqa qadınlar görürsə, onun üçün sadiqlik asan olur, amma əgər o arvadı olmadan səyahətə çıxır yaxud sıx əhalisi olan şəhərlərdə yaşayırsa, sadiqliyi qorumaq problemi mütənasib olaraq çətinləşir. Təknigahlılığın daha bir önəmli dayağı önyarqıdır: adətən “günahın” əbədi cəzaya səbəb olacağına səmimi qəlblə inananlar, ondan çəkinməyə çalışırlar, müəyyən həddə qədər çəkinirlər də, lakin bu heç vaxt “günah” hissinin tələb etdiyi səviyyədə olmur. Üçüncü dayaq ictimai rəydir. Aqrar cəmiyyətdə ayrıca bir fərdin etdiyi hər şeydən qonşusu xəbərdar olduğundan, onun ictimai rəyin qınadığı şeylərdən qaçmağına ciddi stimulu var. Lakin, düzgün davranışı şərtləndirən bütün bu səbəblər, indi keçmişə nisbətən daha kəsərsizdir. İndi təcrid olunmuş halda yaşayan çox az insan var, cəhənnəm alovuna inamsa getdikcə zəifləməkdədir və böyük şəhərlərdə heç kim qonşusunun nə işlə məşğul olduğunu bilmir. Bu səbəbdən də, qadın və kişinin sənaye cəmiyyəti ortaya çıxmazdan öncəki dövrə nisbətən təknigahlılığa daha az meylli olması təəccüb doğurmur.

Əlbəttə, əxlaq qaydalarına əməl etməyən insanların sayının artmasına baxmayaraq, standartlarımızı dəyişməyə heç bir səbəb olmadığını deyə bilərik. Bəzilərinin tez-tez günah etdiklərini eşitsək də, günahın qaçılmaz olduğunu, bu günahdan yayınmağın və qoyulan əxlaqi tələblərə əməl etməyin əvvəlkinə nisbətən xeyli çətinləşdiyini bilməli və boynumuza almalıyıq. Buna cavabım o ola bilər ki, yaxşı ya da pis istənilən əxlaq qaydası, son nəticədə “o insan xoşbəxtliyinə kömək edirmi?” sualına gətirib çıxarır. Bir çox yaşlı adamlar uşaqlıqda onlara öyrədilənlərə sidqi-qəlbdən inanır və əgər yaşam tərzləri kilsə məktəblərinin əxlaq qaydalarına uymasa özlərini korlanmış kimi hiss edirlər. Burda verilən zərər təkcə insan şəxsiyyətinin şüurlu, hər şeyin fərqinə varan tərəflə, təhtəlşüur, infantil tərəfə bölünməsi ilə məhdudlaşmır, həm də əxlaqın hamı tərəfindən qəbul edilmiş faydalı tərəfləri ilə bərabər, əsaslandırılmamış tərəfləri də hörmətdən salınır və insanlar evlilikdən kənar seksin yolverilən olduğu halda, tənbəlliyin, ləyaqətsizliyin və vicdansızlığın da yolverilən olduğunu düşünməyə başlayırlar. Beləliklə sosial və iqtisadi inqilab prosesinin pisliklərin yerinə yaxşılıqları çıxdaş etmək ehtimalı yaranır.

İşlək seksual əxlaqa sahib olmaqda əsas çətinlik qısqanclıq impulsu ilə çoxnigahlılıq impulsu arasında münaqişədən doğur. Şübhə yox ki, qismən instinktlərə əsaslanan qısqanclıq, böyük ölçüdə şərtidir. Sədaqətsiz arvadına görə cəmiyyətdə lağ obyektinə çevrilən kişi ona heç meyli qalmasa belə qısqanacaq. Beləliklə, qısqanclıq sahiblik duyğusu ilə sıx bağlıdır və bu duyğunun olmadığı yerdə çox azdır. Həmçinin, sadiqlik ictimai rəyin müzakirə obyekti olmayanda da, qısqanclıq daha az nəzərə çarpır. Lakin qısqanclığı azaltmaq imkanları insanların düşündüyündən çox olsa da, ailə üzərində atanın hüquq və vəzifələri qaldıqca, qısqanclığın əvvəlcədən tam müəyyən edilmiş sərhəddləri cızılır. Bu sərhəddlər mövcud olduqca, kişi qaçılmaz olaraq arvadlarındanb uşaqlarının atası olduqlarına dair müəyyən bir zəmanət istəyəcək. Əgər qadın seksual azadlığa malikdirsə, onda atalıq aradan qalxmalı və arvad daha ərindən dəstək gözləməməlidir. Bu tədricən gerçəkləşə bilər, amma elə dərin sosial dəyişikliklərə səbəb ola bilər ki, onun yaradacağı effektin yaxşı ya da pis olacağını əvvəlcədən demək mümkünsüzdür.

Eyni zamanda, əgər nigah və atalıq sosial təsisat kimi saxlanılırsa, tam qarma-qarışıqlıqdan, “ömürlük” təknigahlılığa keçid üçün güzəştlərə getmək lazım gəlir. Hər bir ayrıca halda ən yaxşı güzəşt variantını tapa bilmək asan deyil, o zaman-zaman əhalinin vərdişləri və hamiləliyin qabağını alma metodlarının etibarlılığından asılı olaraq dəyişib. Bununla belə, güzəştlərə təsir edən bəzi şeylər haqqında əminliklə danışmaq olar.

Birincisi, həm fizioloji, həm də təhsil nöqteyi-nəzərindən qadının 20 yaşına qədər uşaq doğması arzuolunmazdır. Bu halda bizim əxlaqımız elə qurulmalıdır ki, belə hallar tək-tük müşahidə edilsin.

İkincisi, əvvəllər seksual təcrübəsi olmamış qadın yaxud kişinin, uğurlu nigahın əsasında duran təmiz fiziki zövqə çatmaq və partnyoru ilə aradakı oxşarlığı ortaya çıxarmaq bacarığına sahib olacağı şübhə altındadır.

Bundan əlavə, bir qayda olaraq iqtisadi səbəblər kişilərin evliliyi gecikdirməsinə gətirib çıxarır. Onların 20 yaşdan 30 yaşa qədər bəkarətlərini qoruyacağı nəinki mümkün deyil, heç psixoloji nöqteyi-nəzərdən arzuolunan da deyil. Bu halda oğlanların peşəkar fahişələrlə deyil də, öz çevrələrindəki və məqsədi pul yox daha çox zövq almaq olan qızlarla müvəqqəti münasibətlər qurması, yerinə düşər.

Üçüncüsü, boşanma bir tərəf o birisini ittiham etmədən həyata keçirilməli və ona heç bir halda ləkələyici bir şey kimi baxılmamalıdır. Uşaqsız nigaha partnyorların birinin təşəbbüsü ilə son qoyula bilər və ümumiyyətlə istənilən evlilik qarşılıqlı razılıqla, hər bir halda bir il qabaqcadan xəbərdar edilərək dayandırıla bilər. Əlbəttə, nigaha başqa səbəblərdən – çılğınlıq, sədaqətsizlik, amansızlıq və s. ucbatından da son qoyula bilər, ancaq boşanmaya ikitərəfli razılıq ən sadə səbəb kimi görülməlidir.

Dördüncüsü, seksual münasibətləri iyrənc iqtisadi asılılıqdan azad etmək üçün əldən nə gəlirsə edilməlidir. Dövrümüzdə qadınlar, eynilə fahişələr kimi öz seks ağasının sərancamında yaşayır və hətta müvəqqəti azad münasibətlərdə belə kişidən ortaq xərcləri üzərinə götürməsi gözlənilir. Nəticədə seksin pulla iyrənc şəkildə alveri baş tutur ki, əksər hallarda qadının motivi alverçilik elementləri olur. Hətta kilsənin xeyir-dua verməsi halında belə seks peşə olmamalıdır. Ev təsərrüfatını idarə etmək, yemək hazırlamaq, uşaqlara xidmət etmək üçün qadına pul ödəmək doğru sayılsa da, heç bir halda sadəcə kişiylə seksual münasibətdə olduğuna görə qadına pul ödəmək doğru deyil. Həmçinin qadının nə vaxtsa sevdiyi və sevimlisinə çevrildiyi kişinin dünyasını dəyişməsi halında hələ də onun varisliyindən verilən alimentlə yaşaması yolverilməzdir. Arvad da ər kimi, öz mövcudluğu üçün işləməlidir və işsiz arvada, jiqolonun (qadının xərci ilə dolanan kişi) layiq olduğu qədər hörmətə layiqdir.

 

II

 

Müasir seksual davranış qaydaları, insanın çox fərqli səviyyələrdə iki ibtidai meylini, hərəkətə gətirir. Onlardan biri həya, digəri yuxarıda bəhs olunan qısqanclıqdır. Həya hansısa formada və hansısa səviyyədə, insan irqi üçün universaldır, ancaq təyin edilmiş forma və ayinlərlə ya da ən azından müəyyən etiketlər çərçivəsində pozula bilən bir tabu yaradır. Heç də hər şey görünməməlidir və heç də bütün faktlar göstərilməməlidir.

Bu bəzi müasirlərin iddia etdiyi kimi, viktorian dövründə kəşf olunmayıb, əksinə antropoloqlar hədsiz utancaqlığın daha çox işlənmiş formasını ibtidai vəhşilərdə də aşkarlayıblar. Həyasızlıq konsepsiyası insan təbiətində dərin köklərə malikdir. Biz etiraz sevgisindən, ya da elm ruhuna sadiqlikdən, ya da Bayron sayağı özümüzü əxlaqsız hiss etmək üçün bu konsepsiyaya qarşı hərəkət edə bilərik, amma təbii bir istəyimiz kimi, onu tamam rədd edə bilmərik. Şübhəsiz ki, konkret cəmiyyətdə nəyin ədəbsizlik sayılacağını adət-ənənələr dəqiqliklə müəyyən edirlər, ancaq insan növünün universal yaşam xarakteri həyanın şərti olmayan bir mənbədən gəldiyinə inandırıcı sübutdur. Az qala bütün insan cəmiyyətlərində pornoqrafiya və eksqibisionizm (özü-özünə seksual həzz verərkən, bədənin intim yerlərini nümayiş etdirmək), dini ayinlərin bir hissəsi olduğu hallar istisna etməklə, təhqiredici hesab edilir.

Həya ilə bir psixoloji bağı olmayan, ya da olan tərki-dünyalıq, ancaq sivilizasiyanın müəyyən səviyyəyə çatması ilə ortaya çıxan insan həvəsidir və sonradan daha qüdrətli bir həvəsə çevrilə bilər. İncilin qədim kitablarında ona rast gəlmək mümkün deyil, amma daha sonrakı kitablarda, apokriflərdə (İncillə bağlı dini kitablar) və əhdi-cədiddə o qarşımıza çıxır. Eynilə yunanlarda da ilk vaxtlar ona az-az rast gəlirik və zamanla daha tez-tez qarşımıza çıxır. Hind tərki-dünyalığı çox tez ortaya çıxmış və böyük güc toplamışdı. Mən bu halın səbəblərinə psixoloji analiz vermək istəmirəm, amma bu spontan hissin, demək olar bütün sivil varlıqlarda ortaya çıxan zəif mövcudolma forması olduğuna şübhə etmirəm. Bu elə zəif mövcudolma formasıdır ki, şəxsiyyət özünü hamının hörmətinə layiq, xüsusilə də ruhani yaxud müqəddəs birisi kimi təqdim etmək istəmir. Çünki ali səviyyəli ləyaqət sahibi olmaqla, eşqibazlıqla məşğul olmaq bir yerə sığmır. Ruhun bədənlə bağlarını qırmaq arzusu dünyanın çox dinlərində ənənə halını alıb və bu günə qədər çağdaş intellektuallar arasında yayılmış bir arzudur. Fəqət, mənə belə gəlir, seksual əxlaqın formalaşmasında rol oynayan əsas faktor qısqanclıq olub. Qısqanclıq instinktiv şəkildə qəzəb yaradır, qəzəbsə özünə bəhanə axtararkən əxlaqi mühakimələrin əsasını qoyur. Yəqin ki, bu sahədə təmiz instinktiv hərəkat insan inkişafının erkən dövrlərində kişinin öz uşaqlarının atalığından əmin olmaq istəyi ilə güclənib. Bu sahədə təminat olmadan, ataxaqanlıq ailəsi mövcud ola bilməzdi və bütün iqtisadi şərtlər təmin olunsaydı belə, atalıq heç bir sosial təsisatın əsasında dayanan bilməzdi. Buna müqabil olaraq, başqa kişinin arvadı ilə seksual münasibət əxlaqsızlıq hesab olunub, amma evli olmayan qadınla belə münasibət azacıq da olsun qınanmayıb. Ailə sədaqətini pozanları lənətləmək üçün, qarma-qarışıqlıq yaratmaq və çox hallarda qan tökülməsinə rəvac vermək kimi yerinə düşən praktiki səbəblər vardı. “Troyanın Mühasirəsi” ərin hüquqlarına hörmətsizlikdən doğan bariz çevriliş nümunəsidir. Tarixdə buna bənzər hadisəni, daha kiçik miqyasda və iştirakçılar daha az hiddətli olduğu halda tez-tez görə bilərik. Əlbəttə, “Troyanın Mühasirəsi” hadisəsi yaşandığı dövrdə ərin arvad qarşısında öhdəlikləri hələ mövcud olmasa da, başqa kişilərin mülkiyyətinə hörmət etmək məcburiyyəti vardı. Qədimdə əxlaqlı ataxaqanlıq ailə sisteminin əsasında, bizim indi təhlil etdiyimiz hisslər dayanırdı: dominant mövqeyə sahib kişi çox böyük azadlığa malik olduğu halda, iztirab çəkən qadın ərinə tam boyun əymişdi və onun iztirablarına əhəmiyyətsiz bir şey kimi baxılırdı.

Yalnız qadınla kişinin bərabərliyi müddəası müasir dünyada yeni bir sistem yaranmasını tələb etdi. Bərabərliyə iki yolla təminat vermək olar: ya kişinin keçmişdə qadınların əməl etdikləri kimi təknigalılığa əməl etməsi tələbi qoymaqla, ya da qadını da bir növ köləlikdən azad edərək kişilərin sahib olduğu ənənəvi əxlaq qaydaları ilə yaşamasına izin verməklə. Bu iki yoldan birincisinə qadın hüquqları uğrunda mübarizənin pionerləri can atmışdır və bu günə qədər də kilsə tərəfindən məhz bu yola üstünlük verilir. İkinci yolun isə praktikada çoxlu sayda tərəfdarları olsa da, onlardan çoxu şəxsi davranışlarında bunun doğruluğuna şübhə ilə yanaşırlar. Həmin insanlar, bu sahədə yeni etik qaydaların gərəkdiyini etiraf edirlər, lazımi qaydaları tapmağın çətin olduğunu deyirlər.

Yeniliyin başqa bir mənbəyi, elmi dünya görüşünün seksual biliklərin qarşısına qoyulan tabunu laxlatması oldu. İnsanlar müxtəlif fəlakətlərlə, məsəlçün zöhrəvi xəstəliklərlə mübarizə apara bilmək üçün onlar haqda əvvəl icazə veriləndən daha azad danışmağın gərəkdiyin anlamağa başladılar. Həmçinin susmaq və məlumatsız qalmağın insanın şəxsiyyətində ağrılı izlər buraxa biləcəyi öyrənildi.

Sosialogiya və psixoanaliz ciddi tələbələri seksual obyektlərin susması taktikasını tədqiq etməyə gətirib çıxardı və bir çox müəllimlər də praktikada həmin məsələ ilə məşğul olmağa başladı. Bundan əlavə, insan davranışına elmi nöqteyi-nəzərdən baxanlar, hər hərəkəti “günah” kimi yozmurlar. Onlar, etdiklərimizin irsiyyətimizlə, təhsilimizlə və içində yaşadığımız mühitlə əlaqədar olduğunun fərqinə varırlar, belə davranışlara görə insanları ifşa etməkdənsə, cəmiyyətə zərər vurmaması üçün səbəblərini nəzarətdə saxlamaq gərəkdiyini anlayırlar.

Beləliklə, yeni seksual davranış əxlaqının axtarışında, köhnə əxlaqı doğuran, qədim irrasional hisslərin təsiri altına düşməməliyik. Doğrudur, onların təsadüfən bəzi doğru prinsiplərə aparıb çıxara biləcəyini qəbul etməliyik, axı bu hisslər hələ də içimizdə zəif formada olsa da yaşayır və problemlərimizin həlli lazım olanda aşkara çıxır. Açıq-açığında özümüzdən soruşmalı olduğumuz bircə sual var ki, “İnsan xoşbəxtliyinə kömək edəcək ən ağlabatan əxlaq qaydaları hansılardır?”, həmçinin bu qaydaların necə olursa olsun, universal və hər kəs tərəfindən əməl ediləcəyi şübhə altında olduğunu da nəzərdən qaçırmamalıyıq.

 

 

III

 

İndi isə gəlin erkən yaşlarda yaranan və asan formalaşan, lakin böyük şübhələr oyadan seksual predmetlər haqqında bilgiyə bir nəzər salaq. Uşaqlarla söhbət zamanı hansı qəbildən olursa olsun, heç bir faktı gizlətməyə sağlam bir səbəb yoxdur. Onların seks haqda sualları, elə balıqların davranışları ya da onları maraqlandıran hər hansı başqa bir adi şey haqda sualları qədər əhatəli cavablandırılmalıdır. Burda duyğusallığa yer yoxdur, çünki uşaqlar böyüklər kimi hər şeyi dərindən hiss etmir və söhbətin mətnaltı mənalarını tuta bilmir. Söhbəti arıların ya da çiçəklərin necə mayalanmağı ilə başlamaq yanlış addımdır, faktları dolambac yollarla çatdırmağa heç bir əsas yoxdur. Bilmək istədiyini öyrənən və valideynlərini çılpaq halda görməsinə izin verilən uşaq gələcəkdə şəhvətpərəs, seks mübtəlası bir şəxsiyyət olmayacaq. Formal biliksizlik şəraitində böyüdülmüş oğlan uşaqları isə, seks haqqında eşidən və bunu da başqa şeylər kimi tez-tez müzakirə edə bilən oğlanlardan daha çox seks barəsində düşünür və danışır. Formal olaraq qanuniləşdirilmiş seksual biliksizliklə yanaşı, bu haqda əməlli-başlı biliyə sahib olmaq uşağın içində böyüklərə qarşı yalançı, riyakar bir ruh formalaşdırır. Digər tərəfdən nadirən də olsa, həqiqətən seksual biliksizlikdə yaşayan uşaqlar üçün cinsi aləmlə tanışlıq şok effekti yarada bilər, narahatlığa səbəb olar, gerçək həyata adaptasiya olunmaqda çətinliklərlər törədər. İstənilən biliksizlik növü təəssüf doğurur, fəqət cinsəl aləmdə biliksizlik əməlli-başlı təhlükəyə aparır.

Uşaqlara seksdən danışmağın gərəkdiyini deyəndə, ancaq fizioloji faktları sadalamağı nəzərdə tutmuram, onlara bilmək istədikləri hər şeydən danışmaq lazımdır. Böyükləri olduqlarından daha tərbiyəli göstərmək, ya da seksin ancaq evlilikdə mümkün olduğu təsəvvürünü yaratmağa çalışmaq lazım deyil. Uşaqları aldatmağa heç bir bəraət yoxdur. Adətən ənənəvi ailələlərdə uşaqlar valideynləri tərəfindən aldanıldıqlarını aşkarlayanda, özlərinə bütün inamlarını itirirlər və valideynlərinə danışdıqları yalanlara görə özlərinə bəraət qazandırırlar. Elə faktlar var, zorla uşağın beyninə yeritmək lazım deyil, amma ona yalan danışmaqdansa hər şeyi olduğu kimi danışmağı üstün tutaram. Nəzəriyyədən çox təcrübədə sübut edir, seksual mövzularda tam açıqlıq, uşağın bu mövzuda hədsiz çox, rəzil və ağrılı şəkildə düşünməsinin qarşısını alır, həmçinin bu uşağa cinsi əxlaqı mənimsətmək üçün zəruri ilkin şərtlərdən biridir.

Yetkin insanların seksual davranışlarına baxsaq, hər birinin nə isə əsası olan, bir-birinə zidd baxışlarında rasional güzəştə getməyin çətin olduğunu görərik. Əlbəttə, fundamental çətinlik qısqanclıq impulsu ilə seksual rəngarəngliyə (partnyoru dəyişməyə) canatma arasında münaqişədən doğur. Bu iki impulsadan heç biri universal deyil: elə insanlar var (az da olsa) heç vaxt qısqanmırlar və elələri də var (həm kişilər həm qadınlar arasında belələri var) heç vaxt meyllərini seçdikləri partnyordan başqasına salmırlar. Bu iki tipdən birisi universal olsaydı, hər tərəfi razı salacaq davranış qaydaları tapmaq asanlaşardı. Lakin, həm bu, həm digər tipin məhz onun üçün yaradılmış şərti qaydaların hökm sürdüyü mühitdə çox yayılacağını qəbul etmək lazımdır.

Tam seksual əxlaqı təhlil etmək üçün danışılası çox şeyimiz qalıb, amma məncə daha çox təcrübə qazanmamış bu haqda nə isə əhatəli bir şey danışmağımız doğru olmaz, çünki həm fərqli sistemlərin, həm də rasional təhsilin seksə təsiri altında nəticələrin dəyişməsi fərqli effektlər yarada bilir. Aydındır ki, uşaqların olduğu halda ailə institutu dövləti maraqlandırmalıdır, uşaqlarsız isə o tərəflərin şəxsi məsələsi kimi qalmalıdır. Həmçinin uşaq varsa belə, dövlət ancaq təmiz maddi məsələ kimi, atalıq vəzifəsinin yerinə yetirilməsi ilə maraqlana bilər.

Skandinaviyada olduğu kimi boşanma asan başa gələndə, adətən uşaqlar ananın yanında qalır, beləliklə ataxaqanlıq ailəsi ənənəsi silinməyə üz qoyur. Əgər bu muzdlu işçi ailələrdə, get-gedə daha tez-tez baş verərsə, dövlət əvvəlki ailə başçısı vəzifəsini üzərinə götürmək məcburiyyətində qalacaq, nigah hansısa şüurlu əsasa sahib olmayacaq və ehtimal ki, ancaq varlılar və dindarlar arasında qalacaq.

Hələliksə, qadın və kişilərin seksual münasibətlərdə və nigahda, təmkin, xeyirxahlıq, düzgünlük və ədalətlilik kimi məziyyətlərin gərəkliliyini yadda saxlamalı və təcrübədən keçirməlidirlər. Lakin, kim ümumi normalara əsasən seks sahəsində tam kamilliyə çatırsa, adətən başqa bütün sahələrdə özünü insanca aparmaqdan azad olmuş kimi düşünür. Bir çox əxlaq nəzəriyyəçiləri seks mövzusuna o qədər mübtəla olmuşdular ki, başqa ictimai xeyirli davranış qaydalarına, etik nöqteyi-nəzərdən hər kəsin hörmətinə layiq olacaq normalara çox az vaxt ayıra bilmişdilər.
 

Bertran Rassel

Çevirdi: Namiq Hüseynli

Kultura.az | Developed by Samir Yahyazade