post-title

Nobel mükafatçısı: "Bəşəriyyətin xəstə olduğuna şübhəm yoxdur"

Azərbaycan oxucusunun elə də yaxşı tanımadığı, Nobel mükafatlı ingilis yazıçısı Uilyam Qoldinq 19 sentyabr 1911-ci ildə Solsber yaxınlığında müəllim ailəsində anadan olub. 1935-ci ildə Oksford universitetinin ingilis dili və ədəbiyyatı ixtisasından məzun olan Qoldinq bir müddət əyalət teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb.

 
Uilyam Qoldinq ədəbiyyata 1934-cu ildə kiçik şeirlər kitabıyla gəlib və onun bu ilk addımı, demək olar ki, uğursuz olub. İyirmi illik fasilədən sonra, 1954-cü ildə isə U.Qoldinqə dünya şöhrəti gətirən “Milçəklər kralı” romanı çap olunub.
 
Müharibənin dəhşətlərini görmüş Qoldinqin insanlara deməyə sözü var idi. Yazıçı özü də etiraf edir ki, onu yazmağa vadar edən səbəb müharibə olub. Müharibə onun dünya və insanlar haqda olan təsəvvürlərini alt-üst etmişdi, Qoldinq belə bir nəticəyə gəlmişdi ki, bəşəriyyət hansısa bir pis xəstəliyə yoluxub. O, xəstəliyin simptomlarını hər yerdə, hətta özündə və bütövlükdə sivlizasiyada görürdü.
 
Qoldinq yazır: “Bəşəriyyətin xəstə olduğuna mənim şübhəm yoxdur və bu fikri başımdan çıxara bilmirəm. Ona görə də var gücumlə yazıb aləmə car çəkir, insanlara deyirəm: “Baxın, baxın, baxın, görün dünyada ən təhlukəli heyvan olan insanın təbiəti necədir”.
 
Fəlsəfi eyham-pritca janrı U.Qoldinqin yaradıcılığında ən yüksək zirvəyə qalxmış və bunun da ən gözəl nümunəsi “Milçəklər kralı” romanıdır. 
 
Qoldinqin “Milçəklər kralı” romanında hadisələr uzaq bir adada cərayan edir. Bununla da Qoldinq məhz İngilis ədəbiyyatına xas olan “ada-məkan” ənənəsinə sadiq qalıb. İngilis pritcalarının əsas xüsusiyətlərindən biri ondan ibarətdir ki, müəllif məntiqə və sağlam təfəkkürə hörmətlə yanaşır, personajların hansı vəziyyətə duşməsindən asılı olmayaraq, hadisələrin inkişafı məntiqi və təbiət qanunlarına uyğun olaraq cərəyan edir, səbəb-nəticə əlaqələrinə riayət olunur, ölçü və mütanasiblik gözlənilir. 
 
İkinci Dünya müharibəsinin dəhşətlərindən keçmiş, çox şeyləri öz gözləriylə görmuş Qoldinq “Milçəklər kralı” əsərində sözün dar mənasında götürərlərsə,  belə bir suala cavab vermək istəyir: “Yüksək mədəniyətə malik olan qədim bir xalq (Alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb, dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrildi və bu hadisə illər boyu davam edirdi?” Sözün geniş mənasında isə, “Milçəklər kralı” pritçasında Qoldinq immanet insan bədxahlığı fenomenini tənqid edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli paradoksal bir varlıqdır, o həm qəhramandır, həm də xəstə. 
 
Əsərdə “parıltılı, bədxah azğınlıqla” “çaşıb qalmış ağıl” qarşı-qarşı qoyulub. “Çaşıb qalmış ağıl” deyəndə Qoldinq təkcə təhsili nəzərdə tutmur, buraya həm də təhsilin arxasında dayanan ictimai quruluş və onun bütün sosial mexanizmiləri, dəyərlər şkalası və davranış sistemi də daxildir. “Parıldayan bədxah azğınlar” dünyası qalib gəlir, “çaşıb qalmış ağıl” dünyası məğlub olur. “Milçəklər kralı” pritçasının “təcrübə tarlası”nda barbarlıq sivilizasiya üzərində qalib çalır, demokratiya simvolu olan balıqqulağı  sal qayanın üstünə düşüb çilik-çilik olur.
 
“İnsanların bir-birlərinə nələr edə biləcəyini biləndən sonra həyatım boyu dəfələrlə sarsılmışam, az qalıb ağlım başımdan çıxsın. Bəşəriyyətin xəstə olduğuna şübhəm qalmır..Mən o xəstəliyi axtarmışam” - Qoldinq yazırdı.    
 
 
Ramiz Abbaslı (Kitabı Azərbaycan dilinə tərcümə edən)
 
Kultura.az
 
Yuxarı