post-title

Andrey Platonov: Qayıdış (hekayə)

Qvardiyaçı kapitan Aleksey Alekseyeviç İvanov, ordudakı qulluğunu bitirib, evinə buraxılmışdı. Bütün müharibə boyu qulluq elədiyi hərbi hissədə onu, dərin təəsüflə–başqa cür ola da bilməzdi–sevgi ilə, sayğı ilə, musiqi ilə, içki ilə yola saldılar. Ən yaxın dostları, tanışları İvanovu dəmiryol vağzalına kimi yola saldılar, sağollaşdılar, sonra onu burada yalqız qoyub getdilər. İvanovun gözlədiyi qatar isə gecikdikcə gecikir, qatarın gəlməli olduğu deyilən ən sonuncu vaxt da çatanda, bu gecikmələr yenidən başlayır, acı bağırsaq kimi uzanıb gedirdi.

 
Payız olduğu üçün, axşamüstü hava çox soyudu; dəmiryolu vağzalı müharibə vaxtı dağıldığından, gecələməyə bir yer də yox idi, ona görə də, İvanov yol keçən maşınlardan birinə oturub, yenidən hərbi hissəyə qayıtmalı oldu. Ertəsi gün İvanovun qulluq yoldaşları onu yenidən yola saldılar; yenə də birlikdə mahnı oxudular, dostluqlarının unudulmaz olacağını bildirmək üçün bərk-bərk qucaqlaşdılar, ancaq bu dəfə yola salanlar gözəçarpacaq qədər az idi, həm də onlar artıq dünənki kimi coşqulu da deyildilər.
 
İvanov ikinci dəfə vağzala gəldi; burada isə onun gözlədiyi qatarın indiyə kimi də gəlib keçmədiyini dedilər, bu durumda ən yaxşısı, yenidən keçmiş hərbi hissəsinə qayıdıb, orada gecələmək olardı. Ancaq üçüncü dəfə yola salınmağa, dostlarını bunun üçün rahatsız etməyə İvanovun üzü gəlmədiyindən o, asfalt perronun üstündə gəzişərək, darıxmağa üstünlük verdi. 
 
Vağzalın qatarları qarşılamaq üçün olan meydançasındakı keşikçi köşkündən müharibənin dağıntıları yan keçmişdi. Köşkün yanındakı oturacaqda sırıqlı gödəkcə geyinib, başına qalın yaylıq bağlamış bir qadın oturmuşdu; İvanov bu qadını dünən də, bütün günü bu oturacaqda, yük bağlamalarının yanında oturub qatar gözləyən görmüşdü. Dünən gecələməyə gedəndə İvanov bu qadını da çağırıb, özü ilə hərbi hissədə gecələməyə aparmaq istəmişdi, düşünmüşdü, qadın burada yalqız qalıb bütün gecəni soyuqdan titrəməkdənsə, qoy tibb bacılarının yanında, isti otaqda gecələsin, burada qalarsa, çox ola bilsin, onu qızınmaq üçün heç keşikçi köşkünə də buraxmasınlar. Ancaq dünən hərbi hissəyə sarı gedən maşın axtaranda, başı qarışdığından, qadını çağırmağı unutmuşdu.Qadın yenə də dünənki yerində, tərpənmədən oturub qalmışdı. Onun bu dayanıqlığı ilə dözümlüyü, qadın ürəyinə xas olan sədaqətlə dönməzlikdən soraq verirdi–indiki durumda bu duyğular özünü, qadının qayıdıb getdiyi evinə bağlılığında, öz evi üçün daşıyıb apardığı yükləri göz bəbəyi kimi qorumağa çalışmasında üzə çıxmışdı. İvanov qadına yaxınlaşdı, düşündü, ola bilsin, qadın da təklikdən bezibdir, onunla baş-başa verib yalqızlığın daşını atsalar, darıxmazlar. Qadın üzünü ona sarı çevirəndə İvanov onu tanıdı. Bu gənc bir qız idi, ona “hamamçı qızı Maşa” deyərdilər, deyilənə görə bu söz qızın öz ağzından çıxdığından onu belə çağırırdılar, demə, doğrudan da onun anası vaxtilə hamamda işləyirmiş, işinin adı da yuyunmağa gələnlərə dəyişək ağları paylamaq imiş. Müharibənin gedişində İvanov aradabir bu qızı görərdi, Maşa onda İvanovun arasıra getdiyi aerodromların birindəki yeməkxanada günəmuzd aşpaz köməkçisi işləyirdi.
 
Təbiəti saraldıb solduran payız, yanyörədə olduqca darıxdırıcı, qüssəli bir görüntü yaratmışdı. İvanovla Maşanı buradan aparmalı olan qatar, haradasa çox uzaqlardakı bir boşluğun içində itib batmışdı, gəlib çıxmaq bilmirdi. Belə bir duruma düşən insan ürəyini ancaq başqa bir ürəklə isnişmək ovuda bilərdi.İvanov Maşa ilə danışmağa başlayan kimi, ürəyi açılmağa başladı. Maşanın gözəl üzü, sadə ürəyi var idi, onun işləməkdən kobudlaşmış əlləri ilə iri gövdəsi də gənc qızın yaraşığını pozmurdu. O da buradan həmişəlik ayrılıb, öz evinə qayıdırdı, buçağacan işlədiyi hərbi hissəyə çox bərk bağlandığından, bundan sonrakı mülki həyatını necə yaşayacağından baş aça bilmirdi; gənc qız özünün hərbi qulluqda olan rəfiqələrinə alışmışdı, elə onu böyük bacıları kimi sevən, gündəlik şokolad bağışlayan, iri gövdəsinə, uca boyuna, həm də onların hamısına qızırğanmadan göstərdiyi bacılıq sevgisinə görə, qızı “qocaman Maşa” deyə çağıran hərbi təyyarəçilərə də üzü-gözü öyrəşmişdi. İndi isə artıq çoxdan yadırğadığı doğmalarının yanına qayıtmaq onun üçün qəribə, anlaşılmaz, bir az da qorxunc görünürdü.
 
İvanovla Maşa ikisi də ordudan ayrılmaqla, elə bil, yetim qalmışdılar; ancaq İvanov belə qüssəli-üzüntülü duruma düşməyi heç sevmirdi; belə durumunda ona elə gəlirdi, kimsə uzaqdan onun bu qara gününə baxıb gülür, onun kədərinə sevinir, onu maymaq sayır. Ona görə də, İvanov belə bir sıxıntılı duruma düşəndə, bundan qurtulmaq üçün, tez-tələsik bir yol arayıb tapmağa çalışırdı–özü üçün, əlüstü, sevinc gətirəcək bir məşğuliyyət düşünüb tapır, yazıq kimi görünməkdən canını qurtarmağa çalışırdı. 
 
O, oturacaqda özünü sürüşdürüb, Maşaya qısıldı, sonra isə ondan yanağından öpmək üçün icazə istədi. 
 
–Mən elə-belə, kiçik bir öpüş istəyirəm,–İvanov dedi,–yoxsa bu qatarın gecikməyindən lap ürəyim sıxılır.
 
–Ancaq elə qatarın gecikməsinə görəmi bunu istəyirsiniz?–Maşa soruşub, diqqətlə İvanovun üzünə baxdı.
 
Keçmiş kapitana üzdən otuz beş yaş vermək olardı; onun–küləyin qarsdığı, gün işığının qaraltdığı üzü tünd qəhvəyi rəngə çalırdı; İvanovun Maşaya baxan gözlərindən bir az ciddiyyət, bir az da utancaqlıq yağırdı, o açıq danışsa da, ancaq səsindən nəvaziş və sayğı duyulurdu. Onun yaşlı kişiyə xas olan batıq və xırıltılı səsi, bir yandan güclü olduğunu gözə çarpdıran, başqa yandan yardıma gərək duyduğu sezilən kobud, qarabuğdayı üzü Maşanın xoşuna gəlmişdi. İvanov tütün çəkdiyi çubuğun odunu baş barmağı ilə söndürdü, belə görünürdü, bu barmağı artıq öyrəncəli olduğu üçün istini duymurdu, sonra köks ötürüb sual dolu baxışlarını qıza dikdi. Maşa oturacaqda bir az qırağa çəkildi. Keçmiş kapitanın üst-başından çox güclü tənbəki iyi, qızardılmış çörək iyinə qarışmış içki qoxusu gəlirdi,–bunların hamısı oddan törəyən nəsnələr olduğundan, özləri də insanın ehtirasını alovlandıra bilərdilər. Görünür, İvanov son günlər ara vermədən tütün çəkmiş, yemək-içməyi isə: suxarı, pivə və çaxır olmuşdu.
 
İvanov bir də xahiş elədi.
 
–Mən lap yavaşcadan, eləcə üzdən öpəcəyəm, Maşa... Elə bilin, mən sizin əminizəm.
 
–Təsəvvür eləyirəm... Ancaq nədənsə mənə elə gəlir, siz mənim atamsınız, əmim yox.
 
–Belə de... Onda icazə versəniz...
 
–Atalar qızlarını öpəndə icazə istəməzlər,–Maşa bunu deyib, ürəkdən güldü.
 
Çox sonralar İvanov hər dəfə özlüyündə heç vaxt unuda bilmədiyi bu anları xatırlayanda Maşanın saçlarından payız meşəsindən duyulan xəzəl qoxusunun gəldiyini düşünərdi... Dəmir yolundan bir az aralıda İvanov kiçik bir tonqal qalayıb, Maşa ilə özü üçün, şam yeməyinə, qayğanaq bişirdi.
Gecə qatar gəlib çıxdı, İvanovla Maşanı götürüb doğma yerlərə sarı apardı. 
 
İki sutka birlikdə yol getdilər, üçüncü sutkada qatar Maşanın iyirmi il öncə doğulduğu şəhərə gəlib çatdı. Maşa bağlamalarından əlinə yerləşənləri götürüb, yerdə qalan kisəni kürəyinə qaldırıb sarımağı İvanovdan xahiş eləyəndə, keçmiş kapitanın öz şəhərinə çatmağa bir sutkadan artıq qalmasına baxmayaraq o, kisəni də götürüb, Maşanı ardınca vaqondan düşdü.
 
Maşa İvanovun bu hərəkətindən həm təəcüblənmiş, həm də bir az kövrəlmişdi. O doğulub boya başa çatdığı, indi isə onun üçün qürbətə çevrilmiş doğma şəhərində yalqız qalmaqdan qorxurdu. Maşanın atası ilə anasını almanlar buradan qovub aparmışdılar, onlar haradasa, çox uzaqlarda ölüb getmişdilər, burada Maşanın ancaq qanının qaynamadığı yaxınları: bir əmsisi qızı, iki xalası qalmışdı.
 
İvanov dəmiryolu komendantlığına gedib, bu şəhərdə müvəqqəti dayanmaq üçün adını yazdıraraq, Maşa ilə qaldı. Əslində ona təcili öz evinə, orada dörd ildir onun yolunu gözləyən arvadı ilə iki uşağının yanına getmək lazım idi. Ancaq İvanov ailəsi ilə görüşün sevinclə həyacan dolu anlarını yaşamağı bir az sonraya saxlamağı kəsdirdi. O özü də niyə belə elədiyini anlaya bilmirdi, ola bilsin, könlündən hələ bir az da ailə qayğılarından uzaq olaraq gəzib dolanmaq keçirdi. 
 
Maşa İvanovun evli olub-olmadığını bilmirdi, həm də utandığından bu barədə İvanovdan nəsə soruşmurdu. Qız özünə xas ürəyi açıqlıqla, heç nə düşünmədən, İvanova güvənmişdi.
 
İki gün sonra İvanov öz doğma yerlərinə sarı yola düşdü. Maşa onu vağzaldan yola saldı. İvanov Maşanı öpüb, bütün qalan ömrü boyunca onu unutmayacağını dedi. 
 
Maşa onun bu sözünü eşidəndə gülümsünüb dedi:
 
–Məni həmişəlik xatırlamaq nə üçün? Buna gərək yoxdur, onsuz da siz məni gec-tez unudacaqsınız... Mən axı sizdən heç nə ummuram, yaxşısı məni unudun getsin. 
 
–Əzizim Maşa! Sən buçağacan haralarda idin, niyə mən səninlə çox-çox qabaqlar görüşməmişəm?
 
–Müharibədən qabaq mən orta məktəbdə oxuyurdum, çox-çox qabaqlar isə hələ dünyaya gəlməmişdim.
 
Qatar gəlib çıxdı, onlar sağollaşıb ayrıldılar. Qatarla uzaqlaşıb gedən İvanov yalqız qalan Maşanın necə hönkürüb ağaladığını görə bilməzdi, iş burasında idi, Maşa istər rəfiqələri, istər yaxın yoldaşları olsun, taleyin onunla haçansa doğmalaşdırdığı heç kimi unutmağı bacarmırdı.
 
İvanov qatarın pəncərəsindən bir də ola bilsin heç vaxt görməyəcəyi bu şəhərin, ötüb keçən evlərinə baxır, düşünürdü: bax başqa bir şəhərdə, bunlara oxşar bir evdə onun arvadı Lyuba uşaqları Petya və Nastya ilə birgə yaşayır, indi onlar orada onun yolunu gözləyirlər; o, hərbi hissəni tərk etməzdən öncə, arvadına göndərdiyi teleqramda, yola düşüb gecikmədən evə gəldiyini, onu və uşaqları öpəcəyi günü səbirsizliklə gözlədiyini yazmışdı. İvanovun arvadı Lyubov Vasiliyevna üç gün dalbadal vağzala gəlib, qərb tərəfdən gələn bütün qatarları qarşılamışdı. Bu günlərdə o, işdən icazə aldığı üçün, öz əmək normasını da yerinə yetirə bilməmişdi, gecələr isə çox yavaş və laqeydliklə işləyən divar saatının kəfkirinin səsinə qulaq asaraq, bitib tükənməyən düşüncələrə dalır, yata bilmirdi. Dördüncü günü Lyubov Vasiliyevna özü işə gedib, vağzala Pyotrla Nastyanı göndərdi, birdən qatar gündüz gəlib çıxsa atalarını qarşılasınlar, axşam isə onları evdə qoyub özü vağzala getdi. İvanov ancaq altıncı gün gəlib çıxdı. Onu oğlu Pyotr qarşıladı; Petruşkanın indi on iki yaşı vardı, ancaq atası ciddi görünüşlü, yaşından böyük görünən yeniyetmə oğlunu çətinliklə tanıya bildi. Pyotr balacaboylu və arıq olsa da, ancaq başının iriliyi, alnının genişliyi ilə seçilirdi, onun üzü, həyatın qayğılarına alışmış 
insanlarda olduğu kimi, sakit idi, ancaq kiçik qonur gözlərində sanki baxdığı hər yerdə ucdantutma səliqəsizlik görən insanlara xas olan bir tutqunluqla narazılıq vardı. Petruşka səliqəli geyinib-keçinmişdi: ayaqqabıları köhnə olsa da ancaq hələ geyiləsi idi, atasının köhnə paltarlarından biçilmiş şalvarı ilə gödəkçəsi köhə idi, ancaq əyninə kip otururdu–gərəkən yerlərdən büzmələnmiş, yamaqlar vurulmuşdu, bu geyimi ilə Petruşka balaca, yoxsul, ancaq işləri yoluna düşmüş bir kişiyə oxşayırdı. Atası onu görəndə təəcüblənib, köksünü ötürməkdən özünü saxlaya bilmədi.
 
–Ata, bu sənsənmi? – İvanov gözlənilmədən Petruşkaya yaxınlaşıb, onu qucaqlayıb, ayaqların yerdən üzərək, öpməyə başlayanda, yeniyetmə həyəcanlanla səsləndi. – Səni tanımaq olmur!
 
–Mənəm, atanam... Salam, Pyotr Alekseyeviç!
 
–Salam... Gəlməyin nə uzun çəkdi? Biz də neçə gündür yolunu gözləyirik.
 
–Qatar gecikdirdi, Pyotr, çox yavaş sürürlər... Ananla Nastya necədirlər, sağ-
salamatdırlarmı? 
 
–Yaxşıdırlar,–Pyotr cavab verdi.–Neçə orden ala bilmisən?
 
–İki ordenim, üç medalım var.
 
–Biz də burada anamla düşünürük, yəqin sənin köksündə orden-medaldan yer olmaz. Anamın da iki medalı var, ona da yaxşı işlədiyinə görə veriblər... Şeylərin niyə belə azdır, vur tut bir çantan var!
 
–Bundan artığı mənə gərək deyildi.
 
–Kim özüylə sandıq gəzdirir, onlar üçün döyüşmək çətin olar?–oğlu soruşdu. 
 
–Elədir, çətin olar,–atası razılaşdı.–Bir dənə çantan olsa döyüşmək də asan olur. Ancaq oralarda heç kim yanınca sandıq gəzdirmir.
 
–Mən elə bilirdim döyüşçülərin sandıqları da olur. Məndən olsa, mən müharibədə də yanımca sandıq gəzdirərdim–yoxsa çox şey vardır, çantaya yığırsan ya əzilir, ya da sınır.
 
O atasının yük çantasını götürüb evə sarı yollandı, atası da onun arxasınca addımladı.
 
Lyubov Vasiliyevna onları evin artırmasında qarşıladı; o bu gün də işdən icazə alıb gəlmişdi, elə bil, ərinin bu gün gələcəyi onun ürəyinə dammışdı. Zavoddan çıxıb evə gəlmiş, buradan da vağzala getmək istəyirdi. Qadın birdən, gözlənilmədən, Semyon Yevseyeviçin onlara gəlib çıxacağından qorxurdu: axı onun aradabir onlara gündüzlər gəlməyi də olurdu; onun belə bir öyrəncəsi vardı–günün günorta çağı gələr, beş yaşlı Nastya ilə, Petruşka ilə orurub başını qarışdırardı. Düzdür, Semyon Yevseyeviç heç vaxt əliboş gəlməzdi, hər dəfə gələndə uşaqlar üçün nəsə gətirərdi–konfet, qənd, ağ bulka, ya da görərdin sənaye mağazasından nəsə almaq üçün talon gətirərdi. Lyubov Vasiliyevna onun evlərinə ayaq açamasında pis heç nə görmürdü; tanış olduqları son iki ildə Semyon Yevseyeviç ona çox yaxşılıqlar eləmiş, uşaqlarla isə, doğma ataları kimi, lap desən bir az da artıq davranmağa çalışmışdı. Ancaq bu gün Lyubov Vasiliyevna ərinin Semyon Yevseyeviçi görməsini istəmirdi; o, işdən qayıdan kimi, otaqlarda, mətbəxdə yır-yığış eləmişdi, gərək əri gəlib evdə bir təmizlik, doğmalıq görəydi. Sonra, sabah-birisigün o özü ərinə hər şeyi yerli-yataqlı danışacaqdı. Xoşbəxtlikdən bu gün Semyon Yevseyeviç onlara gəlməmişdi. İvanov yaxınlaşıb arvadını qucaqladı, onu uzun müddət qollarının arasında saxlayıb, doğma bir insanın bədəninin tanış gələn, ancaq yadırğadığı hənirini duymağa çalışdı.
 
Balaca Nastya da evdən artırmaya çıxmışdı, o öncə, atasının ayaqlarından tutub dartmağa, onu anasından ayırmağa çalışdı, sonra isə hönkürüb ağlamağa başladı. Petruşka, çiynində atasının çantası, dinməzcə atası ilə anasının yanında dayanmışdı; bir az gözləyəndən sonra dilləndi: 
 
–Bəsdirin daha, görürsünüz, Nastya nə baş verdiyini anlamadığından ağlayır.
 
İvanov arvadından ayrıldı, qorxusundan ağlayan Nastyanı qucağına götürüb, ovutmağa çalışdı.
 
–Nastya!–Petruşka onu səslədi.–Özünə gəl,–mən kimə deyirəm! Bu bizim atamızdır, özgəsi deyil!..
 
İvanov evə keçib yuyundu, stolun arxasında oturdu. O, ayaqlarını uzadıb gözlərini yumdu və ürəyində xəfif bir sevinc, bədənində isə bir toxtaqlıq duymağa başladı. Müharibə qurtarmışdı. Bu illər ərzində o, ayaqları ilə minlərlə kilometr yol keçmişdi, üzünə, üzücü yorğunluğun saldığı izlər–qırışlar düşümüşdü, yumulu gözlərində bir göynərti vardı–gözləri də indi, alatoranlıqda, qaranlıqda dincəlməyə, ovunmağa can atırdı. O oturduğu müddətdə ev adamları mətbəxlə ona bitişik otağın arasında vurnuxur, onun gəlişini bayram eləmək üçün açacaqları bayram süfrəsinə hazırlıq görürdülər. İvanov evə göz gəzdirib, avadanlıqların necə yerləşdiyini seyr eləməyə başladı–divar saatları, qab-qaşıq yığmaq üçün dolab, divara vurulmuş termometr, stullar, pəncərənin önünə düzülmüş gül dibçəkləri, həm evi isidən, həm də yemək bişirmək üçün olan rus sobası... Bu ev avadanlıqları da uzun illər onu görməmiş, onun üçün darıxmışdılar. İndi o qayıdandan sonra, onların hər biri ilə hal-əhval tutur, onlara da özündən ayrı, yoxsulluqla kədər içində yaşamış doğmaları kimi yanaşırdı. O, evə çökmüş doğma qoxu ilə ciyərdolusu nəfəs alırdı–odun yanığının qoxusunu, öz uşaqlarının hənirini, peçin qarşısındakı közdən qalxan his iyini duyurdu. Bu qoxular, dörd il bundan qabaqkından seçilmirdi, onlar bu uzun müddətdə uçub getməmiş, dəyişməmişdilər. İvanov müharibə illərində neçə-neçə ölkələrdə, yüzlərlə evlərdə olsa da, bu qoxunu heç yerdə duymamışdı; oralardan–ruhuna doğma gəlməyən, ona öz evini andıra bilməyən qoxular gəlirdi. Bu yerdə İvanov Maşanın saçlarının qoxusunu da xatırladı; ancaq onun saçlarından meşə xəzəlinin qoxusu gəlirdi, bu yenə də, öz evində duyduğu qoxunun yerini verə bilməzdi, o qoxuda– insanı öz dincliyindən ayırıb, uzaq mənzillərə sarı aparan bir yolun qırağında bitən bir ağacın qoxusu vardı. Görəsən indi Maşa–“hamamçı qızı” mülki həyatda necə yaşayır, yeni həyata alışa bilirmi? Bu daha mənlik deyil, allah amanında olsun...
 
Evdə hamıdan çox Petruşkanın diribaşlığı gözə çarpırdı. Təkcə özü işləməklə qalmayıb, o həm də anası ilə Nastayaya da tapşırıqlar verir, onlara–nəyi eləyib-eləməməyi başa salır, görəcəkləri işləri necə düzgün yerinə yetirməyi öyrədirdi. Petruşkanın dediklərini sözsüz yerinə yetirən Nastya daha atasından qorxmur, ona isnişməyə başlayırdı; Nastyanın ciddiyyətlə doğruculluq oxunan üzündən həm də bir ürəyigenişlik də duyulurdu–bunu onun, üstünə səsini qaldıran Petruşkadan inciməməsindən bilmək olurdu.
 
–Nastka, dolçadan kartof qabığını boşalt, mənə qab gərəkdir...
 
Nastya dinməz-söyləməz dolçanı boşaltdı, yuyub Petruşkaya verdi. Anaları isə tez-tələsik, acıtmasız xamırdan tezbişən piroq hazırlamaqda idi, Petruşka isə piroqu bişirmək üçün artıq sobanı qalamışdı.
 
–Kündəni yeyin yay, ana, diribaş ol!–Petruşka buyururdu.–Görürsən artıq sobanı qalamışam. Qurdalanıb vaxt itirməyə öyrəşmisiniz!
 
–Bu dəqiqə, Petruşka, indi qurtrarıram,–anası üzüyolalıqla dilləndi.–Qoy biraz kişmiş də qoyum, atan çoxdandır kişmiş dadmayıb yəqin. Bunu neçə vaxtdır onun üçün qoruyub saxlamışam.
 
–O, kişmişin görməmişi deyil,–Petruşka dedi.–Bizim ordu əsgərlərinə kişmişinəcən verir. Görmürsən bizim döyüşçülər necə cüssəlidirlər, onlar gündəlik ət də yeyirlər... Nastka, sən niyə oturmusan–yoxsa bura qonaq gəlmisən? Bir az da kartof soy, günorta yeməyinə qızardarıq... Təkcə piroqla qarın doyurmaq olmaz!
 
Anası piroqu hazırlayana kimi, Petruşka od boş-boşuna yanmasın deyə, böyük maşa ilə boyat sup ilə dolu qazanı götürüb, ocağın üstünə qoydu, sonra da sobanın üstünə çımxırmağa başladı:
 
–Bu nədir belə, dağınıq yanırsan, alovunu ora-bura yayırsan? Özünü topla! Yeməyi qızdır, meşədən odunu havayı vermirlər bizə... Sən, Nastya, bu nədir talaşaları necə gəldi qoymusan bu sobaya, mən səni neçə dəfə öyrətməliyəm? Bu necə kartof soymaqdır hə?–yenə də qabığını qalın soyursan, nazik soysana, kartofun özəyini qabığa qatıb soymazlar: gör hələ nə qədər yeməyimizi çölə atırıq... Adama neçə dəfə deyərlər, sonuncu dəfə deyirəm, bir də belə eləsən, qapaz yeyəcəksən!
 
–Nə olub, yenə də düşmüsən Nastyanın üstünə, ay Petruşka,–anası işə qarışdı.–Nə istəyirsən ondan? O sənin üçün üzqırxan parikmaxer deyil ha, kartofun qabığını özəyindən qatqısız ayıra... Neçə illərin ayrısı atamız gəlib çıxıb, sən yenə də deyinməyindən qalmırsan!
 
–Mən deyinmirəm, mən iş üstündə danışıram... Ata müharibədən qayıdıb, onu yedirib-içirmək gərəkdir, ancaq siz burada ərzağı korlayırsınız... Bizdə bu kartofun qabığını düzgün soymamaqdan bir ildə nə qədər yeməyimizi öz əlimizlə çölə atırıq?.. Yenə də donuzumuz olsaydı, onu bu kartof qabığı ilə bəsləyib sərgiyə göndərərdik, inanın, bizim donuza orada medal da verərdilər... Onda bilərdiniz ərzağa qənaət eləmək nədir, yoxsa sizi başa salmaq olmur!
 
İvanov oğlunun belə böyüyəcəyini gözləmirdi, indi oturub onun iti ağlına baxaraq təəcüblənirdi. Ancaq ona daha çox balaca, incə Nastyaya baxmaq xoş gəlirdi, onun artıq işə alışdığı duyulan əlləri ilə ev işlərinə əl yetirməsi adamın ürəyini açırdı. Belə çıxır, onlar iş görməyə çoxdan başlayıblar, yoxsa belə öyrəncəli olmazdılar.
 
–Lyuba,–İvanov arvadına üz tutdu,–sən niyə ağzına su alıb durmusan–heç danışmırsan mənsiz necə yaşayırdınız, canın-başın necədir, harada işləyirsən?..
 
Lyubov Vasiliyevna ərindən nişanlı qız sayağı utanırdı: qadın öz kişisinə yadırğamışdı. Əri onunla danışanda qızarıb pörtürdü, lap gəncliyində olduğu kimi, üzündə utancaqlıq, çəkingənlik yaranırdı, onun bu görkəmi İvanovun çox xoşuna gəlirdi.
 
–Heç nə Alyoşa... Günümüzü yola verirdik də. Uşaqlar az xəstələnirdilər, onları böyüdüb boya-başa çatdıra bildim... Bir şey pisdir, mən onlarla ancaq gecələr bir yerdə oluram. Kərpic zavodunda presləyəci işləyirəm, evdən çox uzaqdır, gedib çıxmaq olmur... 
 
–Harada işləyirsən?–İvanov onun dediyindən bir şey anlamayıb, bir də soruşdu.
 
–Kərpic zavodunda, presləyici işləyirəm. Mənim axı sənətim yox idi, öncə qara fəhlə işlədim, sonra məni öyrədib presləyici qurğuyla işləməyə göndərdilər. İşim yaxşıdr, ancaq uşaqlar tək qalırlar... Görürsənmi, necə böyüyüblər? Lap böyüklər kimi hər şeyi özləri eləyirlər,–Lyubov Vasiliyevna səsini alçaltdı.–Alyoşa, heç özüm də bilmirəm belə yaxşıdırmı?..
 
–Baxaq görək, sonrası nə olur, Lyuba... İndi hamımız bir yerdə yaşayacağıq, nəyin yaxşı, nəyin pis olduğunu sonra aydınlaşdırarıq... 
 
–Səninlə hər şey yaxşı olacaq, mən təklikdə bacarmıram, bilmirəm nə yaxşıdır, nə düzgündür, sözün düzü yanılmaqdan çox qorxurdum. İndi sən yaxşı bilərsən, uşaqları necə böyütməliyik...
 
İvanov ayağa qalxıb, mətbəxin yanındakı otağa keçdi. 
 
–Demək işləriniz pis deyilmiş burada, eləmi?
 
–Elədir, işlərimizi yola verə bildik, dözə bildik, yaman günlərimiz arxada qaldı. Darıxmağımız təkcə səndən ötəri idi, səndən yana çox qorxurduq, düşünürdük, birdən sən də–iraq olsun!–o qara kağızları gələnlər kimi ölüb gedərsən, qayıtmazsan...
 
Lyuba piroqu formalı qaba qoymuşdu, indi o danışdıqca ağlayır, göz yaşları xamırın üstünə tökülürdü. Bir az öncə kündələyib iki ədəd formalı qaba qoyduğu xamırlardan birinin üzünü yumurta ilə islatmışdı, indi də bu bayram piroqunu göz yaşları ilə isladırdı.
 
Nastya əlləri ilə anasının ayaqlarından tutaraq, üzünü onun donuna sıxdı, qaşlarının altından atasına acıqla baxmağa başladı.
 
Atası ona sarı əyildi.
 
–Nə oldu sənə?.. Nastya, bir mənə bax. Yoxsa məndən incimisən?
 
Nastyanı qucağına götürüb, saçlarını oxşamağa başladı.
 
–Sənə nə oldu, qızım? Sən deyəsən məni tamam unutmusan, mən axı müharibəyə gedəndə sən lap balacaydın...
 
Nastya başını atasının çiyinlərinə qoyub ağlamağa başladı.
 
–Nastya, bu nədir, niyə ağlayırsan, qızım?
 
–Anam ağlayır, mən də ağlayacağam.
 
Sobanın qarşısında dayanıb nə baş verdiyini yaxşı anlamayan Petruşka narazı görünürdü.
 
–Nə olub sizə? Hamınızın birdən kefi pozulub, burada isə soba soyuyur. 
 
Yenidənmi soba qalayasıyıq, odunu talonla alıdığımızı unutmusunuz yoxsa? Nə almışıqsa hamısını yandırmışıq, anbarda on dənəyəcən kötük qalıb yandırmağa, o da ağcaqovaqdır... Tez ol, ana, nə qədər ocaq soyumayıb, piroqu qoy bişsin.
 
Petruşka sobadan sup qazanını çıxarıb, közü bir yerə topladı, Lyubov Vasiliyevna, oğlunu acıqlandırmamaq üçün, tələsik, ikinci piroqu yumurta ilə islatmağı unudub, onların ikisini də sobaya qoydu. 
 
Öz doğma evi İvanova yad və anlaşılmaz görünürdü. Arvadı yenə öncələrdəki kimiydi–gözəl, utancaq, ancaq onun gülər üzünə bərk bir tutqunluq çökmüşdü; uşaqlar da özününkülər idi, düzdür, bu keçən illərdə böyümüşdülər. Ancaq, elə bil, nə isə İvanovu öz evinə qayıdışdan ürəkdolusu sevinməyə qoymurdu,–çox ola bilsin, o evdə ailəsi ilə yaşamağa çox yadırğadığından, buradakı doğma olan insanların davranışları ona anlaşılmaz görünürdü. O indi çox böyümüş, özünün ilki olan Petruşkaya baxırdı, onun anasına, kiçik bacısına iş buyurmağına, öyüd verməyinə göz yetirirdi, sonra isə özlüyündə oğluna bəslədiyi atalıq qayğısının yetərincə olmadığını düşünüb, utanırdı. İvanov işin-gücün çoxluğundan üzgün görünən çəlimsiz Petruşkaya baxanda, öz oğluna qarşı belə soyuqluğu onu bir az da çox utandırırdı. Bir də İvanov, özü burada olmayanda ailəsinin necə yaşadığını sonacan bilmədiyindən, indi Petruşkanın nədən belə bir xarakterdə olduğunu da heç cür anlaya bilmirdi.
 
Stolun arxasında, ailəsi başına yığışıb oturandan sonra, İvanov nə eləməli olduğunu anlamağa başladı. O gərək nə qədər bacarırsa tez işə düzəlsin, pul qazansın, bununla yanaşı, arvadına uşaqları düzgün böyütməkdə yardım eləsin–onda hər şey yavaş-yavaş yoluna düşəcək, yaxşılığa doğru gedəcək, Petruşka da daha sobanın yanında dayanıb, əlində maşa tutub, buyuruq verməyəcək, yaşıdları 
ilə oynamağa gedəcək, dərsləri ilə başını qarışdıracaqdı. Petruşka stolun arxasında hamıdan az yedi, sonra qarşısındakı piroq qırıntılarını toplayıb ağzına atdı.
 
–Bu nədir, Pyotr?–atası ona üz tutdu,–qırıntıları yeyirsən, ancaq qabındakı piroqu sonacan yemirsən... Ye qurtar! Qoy anan sənin üçün bir az da piroq kəssin. 
 
–Yeməyi nə qədər desən tıxmaq olar,–Petruşka qaşqabaqlı dilləndi,–ancaq mənə bu qədəri də yetir. 
 
–O qorxur, birdən çox yesə, Nastya da ona baxıb çox yeyər,–Lyubov Vasiliyevna ürəyini açıb tökdü,–yeməyə qızırğanır.
 
–Sizin üçün heç nəyə qızırğanmıram,–Petruşka soyuqqanlıqla dilləndi.–Mən istəyirəm, sizlərə çox yemək çatsın.
 
Ata ilə ana duruxub, biri-birinin üzünə baxdılar, oğullarının sözü onları bərk kövrəltmişdi.
 
 –Sən niyə belə az yeyirsən?–atası balaca Nastyadan soruşdu.–Sən Pyotra baxma, doyunca ye, yoxsa elə belə balaca qalarsan, böyüməzsən...
 
–Mən artıq böyümüşəm,–Nasyta dilləndi.
 
Nastya piroqun kiçik bir parçasını yedi, qalan böyük parçanın üstünü salfetlə örtüb, boşqabı qırağa itələdi. 
 
–Sən niyə belə eləyirsən?–anası ondan soruşdu.–İstəyirsən, sənin piroqunu bir az da yağlayım?
 
–İstəmirəm, mən doymuşam...
 
–Ye, görüm... Niyə qabını qırağa itələdin? 
 
–Semyon dayı gələcək. Mən bunu onun üçün saxlamışam. Sizin piroqunuz deyil ha, nə qədər yeməyi mən özüm bilərəm. Mən indi aparıb onun üstünü yasdığımla basdıracağam, qoy soyumasın...
 
Nastya stolun arxasından qalxdı, salfetə bükdüyü piroq parçasını çarpayının yanına gətirib, yastığın altına qoydu.
 
Anası Biri May bayramı üçün bişirdiyi piroqu, Semyon Yevseyeviç gələnəcən soyumasın deyə, yastığın altına qoyduğunu xatırladı.
 
–Bu, Semyon dayı kimdir?–İvanov arvadından soruşdu.
 
Lyubov Vasiliyevna bunu necə anladacağını bilməyərək, dilləndi:
 
–Düzü, mən özüm də yaxşı tanımıram... İki il olar, bizə ayaq açıbdır. 
 
Uşaqlar tək olanda gəlib onlarla oturur, onun arvadı ilə uşaqlarını almanlar öldürüblər, indi bizim uşaqlara isnişib, aradabir gəlib onlarla oynayır.
 
–Necə yəni oynayır?–İvanov təəcübləndi.–Onlar burada nə oynayırlar belə? Onun neçə yaşı var?
 
Petruşka baxışlarını cəld anasına sarı döndərdi; anası dinmirdi, qüssə yağan gözləri ilə Nastyaya sarı baxıb susurdu, atası isə qaba bir tərzdə gülümsünərək, papiros yandırıb çəkməyə başladı.
 
–Bu Semyon dayı deyilənin sizinlə oynadığı oyuncaqları gətir bir baxım,–atası üzünü Petruşkaya tutdu.
 
Nastya stuldan düşdü, dolabın yanındakı stula dırmaşdı, oradan bir oyuncaq kitab götürüb atasına gətirdi.
 
–Bax, bu oyuncaq kitabdır,–Nastya atasına dedi,–Semyon dayı bu kitabı mənim üçün bərkdən oxuyur: burada çox gülməli bir Mişka var, o oyuncaqdır, özü də bu kitabın içində yaşayır...
 
İvanov qızının ona uzatdığı oyuncaq kitabı götürüb baxmağa başladı: burada ayı Mişkadan, oyuncaq topdan, nəvəsi ilə kətan toxuyan Domna nənədən danışılırdı.
 
Petruşka sobanın tüstüçəkən yolunun siyirməsini bağladı, yoxsa istilik evdən uçub gedirdi. Siyirməni bağlayandan sonra atasına dedi:
 
–Semyon Yevseyeviç yaşda səndən böyükdür!.. O bizə həmişə əlidolu gəlir, qoy gəlsin də, burada pis nə var?.. 
 
Petruşka birdən qayğılanıb pəncərədən bayıra boylandı, göy üzündə sentyabr ayına uyuşmayan buludlar üzürdü.
 
–Nəsə bu buludlar xoşuma gəlmir,–Petruşka dilləndi,–qurğuşun rənginə çalırlar–deyəsən qar yağacaq! Bir də gördün, sabah qış gəldi, qapını kəsdirdi. Onda işimiz necə olacaq?–kartofu tarladan yığa bilməmişik, qışa bir tədarükümüz yox... Gör hələ nə gündəyik!..
 
İvanov oğluna sarı dönüb baxdı, onun sözlərinə qulaq asdıqca ailəsi qarşısında bir utancaqlıq duymağa başladı. O indi arvadından Semyon Yevseyeviçin kimliyini bir az da geniş soruşub öyrənmək istəyirdi, onun bu son iki ildə bura niyə gəldiyini aydınlaşdırmaq istəyirdi–görəsən o bura gözəl bir qadının görüşünə gəlir, yoxsa dorudan da Nastya ilə oynamağa?–ancaq Petruşka artıq Lyubov Vasiliyevnanın başını təsərrüfatla bağlı sorularla qatmışdı:
 
–Ana, sabahın çörək talonunu, elə o biri talonları da mənə ver. Kerosin talonunu da unutma–birisigün vaxtı çıxır, gərək kömürlə odunumuzu da götürəm, sən də bu yandan çuvalı itirmisən, oraya gərək öz qabınla gedəsən, bilmirəm, o çuvalı hara qoymusan, axtar tap, ya da köhnə-kürüşşdən başqasını tik, ver mənə, çuvalsız qala bilmərik, demək olar, hər gün gərəyimiz olur. Nastyaya da tapşır, 
sabah qapıya su üçün gələnləri geri qaytarsın, yoxsa quyunun suyunun daşıyıb qurudurlar: bir azdan qış gəlir, quyunun suyu aşağı düşsə, sənəklərimizi sallayan ip suya çatmayacaq, başqası da yoxumuzdur, su üçün qar əritmək də havayı deyil, gərək filan qədər odun yandırasan.Petruşka danışdıqca sobanın yanında vurnuxur, mətbəx avadanlığını yığışıdırıb yerbəyer eləyirdi. Sonra o, sobadan sup dolu çuqun qazanı çıxardı.
 
–Bir az piroqla qəlyanaltı elədik, indi də çörəklə ətli sup yeyəcəyik,–Petruşka qazanı göstərib dedi.–Sən isə, ata, sabah ertədən dur, hərbi komissarıqla rayon sovetinə get, qeydiyyata düş–qoy sənin üçün də talon ala bilək.
 
–Gedərəm,–atası üzüyolalıqla dilləndi.
 
–Ertədən dur get, yoxsa yatıb yuxuya qalar, unudarsan.
 
–Yox, yox, unutmaram,–ata oğluna söz verdi.
 
Ailənin, müharibədən sonra hamılıqla bir yerə yığışıb yediyi ətli supdan ibarət günorta yeməyi səssizlik içində keçirdi, Petruşka da səssizcə yeməyini yeyir, o da elə ata-anası kimi, gözlənilməz sözlə bu susqunluğu pozmağa ürək eləmirdi.
 
Yeməkdən sonra İvanov arvadından soruşdu:
 
–Lyuba, paltar sarıdan işləriniz nə yerdədir–yəqin əyinbaşınız tökülmüş olar?
 
–Köhnədən qalma nə vardısa onunla keçinirdik, sonra bir az əynimizi təzələdik,–Lyubov Vasiliyevna gülümsündü.–Mən sənin bütün geyimlərini kəsib-doğrayıb, onların əyninə təzə paltar biçmişəm, sənin iki kostyumunu, sonra iki şalvarını, alt paltarlarını da onların əyninə biçib düzəltmişəm. Bilirsən, artıq pulumuz yox idi, uşaqların geyimini də necəsə yola verməli idim... 
 
–Düz eləmisən,–İvanov dilləndi,–uşaqlardan heç nə əsirgəmək olmaz.
 
–Mən də heç nə əsirgəməmişəm, sənin mənə aldığın paltonu da satmışam, indi sırıqlıda gəzirəm.
 
–Onun sırıqlısı çox qısadır, soyuqlamasa yaxşıdır,–Petruşka dilləndi.–Çalışıram, hamamda ocaqçı işinə düzələm, götürsələr, gərək ilk donluğumdan anama bir palto alam. Bazarda əldə satırlar, gedib baxmışam, anamın əyninə gələn birini də gözaltı eləmişəm artıq. 
 
–Sənin pulun olmadan da bir təhər keçinərik, özünü darıxdırma,–atası dedi.
 
Günorta yeməyindən sonra Nastya burnunun üstünə iri bir gözlük taxıb, anasının indi işdə geyindiyi təkbarmaqlı əlcəyini yamamağa başladı–payız olduğundan tezliklə soyuqlar düşəcək, bu əlcək anasına gərək olacaqdı. Petruşka bacısına baxıb, onun üstünə çımxırdı:
 
–Bu nə özbaşınalıqdır eləyirsən, niyə Semyon dayının gözlüyünü taxmısan?..
 
–Mən gözlüyün üstündən baxıram, şüşəsindən yox.
 
–Yalan danışma! Mən görürəm, sən necə baxırsan! Gözünü kor eləyərsən, sonra bütün ömrünü əlil kimi pensiyayla yaşayarsan. Bu dəqiqə gözlüyü qoy yerinə–səninlə deyiləm! Əlcək yamamaq da sənin işin deyil, qoy qırağa, ana özü yamayar, ya da mən vaxt tapıb baxaram. Get dəftərini götür, cızıq çəkməyi öyrən,–çoxdandır əlinə qələm almırsan!
 
–Nastya, məktəbə gedir?–atası soruşdu.
 
Anası Nastyanın məktəbə yaşının çatmadığını dedi, ancaq Petruşka ona dəftər-qələm alıb, o da hər gün cızıq çəkməyi öyrənir. Petruşka hər gün biraz, balqabaq tumları ilə, onu hesabdan çalışdırır, Lyubov Vasiliyevna da Nastayaya oxumağı öyrədir.
 
Nastya əlcəyi qırağa qoyub, dolabdan dəftər, bir də qələmlə mürəkkəbqabı çıxarıb, yazmağa başladı, hər şeyin öz dediyi kimi yoluna düşdüyündən razı qalan Petruşka anasının sırıqlısını geyinib həyətə, sabah sobanı qalamaq üçün odun doğramağa getdi; Petruşka doğradığı odunları gecə evə gətirib sobanın yanında qalaqlayardı, belə olanda odunlar səhərəcən quruyur, daha yaxşı yanıb, istiliyi də çox verirdi.
 
Lyubov Vasilyevna şam yeməyini ortaya tez gətirdi. O, uşaqları tez yatırmaq, əri ilə təklikdə oturub danışmaq istəyirdi. Ancaq uşaqlar şam yeməyindən sonra yuxuya gec getdilər; taxta divanda uzanmış Nastya uzun uzadı yorğanın altından oğrunca atasına baxdı, həmişə olduğu kimi rus sobasının üstündə yatan Petruşka isə uzun sürədə yerində qurdalandı, inildədi, nə isə mızıldandı, sonra yuxuya getdi. Gecədən xeyli keçmiş Nastya baxmaqdan yorulan gözlərini qapayıb uyudu, Petruşka isə, sobanın üstündə xoruldamağa başladı.
 
Petruşka gecələr çox ayıq və narahat yatardı: o həmişə yuxuda olanda, gecə nəsə bir gözlənilməz olayın baş verəcəyindən qorxardı–birdən ev yanar, qapıya oğru-quldur gələr, birdən anası qapının cəftəsini yaxşı bağlamaz, qapı açılar, ev soyuyar. Bu dəfə Petruşka mətbəxə bitişik otaqda oturub danışan ata-anasının qaldırdıqları səs-küyə ayıldı. Saat neçə olardı–gecə yarısı idi, yoxsa səhərə yaxın idi–o bunu anışdıra bilmədi, ancaq atası ilə anası buçağacan yatmamışdılar.
 
–Alyoşa, sən səs salma, uşaqlar oyanar,–anası toxdaq səslə danışırdı.–Onu burada söyməyə gərək yoxdur, o, sənin uşaqlarını ürəkdən sevir...
 
–Onun sevgisi bizə gərək deyil,–atası dedi.–Mən özüm öz uşaqlarımı sevirəm, onlara bu da yetər... Buna bax, özgəsinin uşaqlarını sevən tapılıbmış! 
 
Mən sənə oradan əsgər ailəsi kimi yardım almaq üçün arayış göndərmişdim, sən isə gedib özün də işləməyə başlamısan–bu Semyon Yevseyeviç sənin nəyinə gərək olmuşdu? Yoxsa qanın qaynayıb səni dinc oturmağa qoymurdu?.. Eh, Lyuba, Lyuba! Mən orada sənin haqında başqa cür düşünürdüm. Demək sən məni axmaq yerinə qoymusan...
 
Atası susdu, sonra çubuğunu yandırmaq üçün kibrit alışdırdı.
 
–Sən nə danışırsan, Alyoşa!–anası bu dəfə kükrədi.–Mən uşaqları yaxşı dolandırmaq üçün işləməyə getmişəm, onları xəstələnməyə qoymamışam, özün də görürsən, görkəmləri heç də pis deyil...
 
–Nə olsun!..–atası dedi.–Başqasının dörd uşağı arvadı ilə qalıb, hamısı da bizimkilərdən də yaxşı böyüyüblər. Sənin qayğınla böyüyən o Petruşkaya bax–qoca kişilər kimi danışır, oxumağı da buraxıb.
 
Petruşka köks ötürdü, sonra, onun oyaq olduğunu bilib danışığı kəsməsinlər deyə, yalandan xoruldamağa başladı. “Yaxşı,–yeniyetmə düşünürdü,–qoy mən lap qoca kişiyə oxşayım, sənin orada yemək-içməyin qarşına hazır gəlib, sən haradan biləsən biz burada nə çəkmişik!”
 
–Bunun qarşılığında o indi həyatda ən çətin, ən gərəkli nə varsa hamısından baş aça bilir!–anası dedi.–İşlər yoluna düşsün, oxumaqdan da qalmaz.
 
–Sənin bu Semyonun kimdir axı? Yetər mənə dişini qıcadın,–atası dedi.
 
–O yaxşı insandır.
 
–Yoxsa, sən onu sevirsən?
 
Ardı var...
 
Rus dilindən çevirdi: Araz Gündüz
Yuxarı