Andrey Platonov: Qayıdış (hekayə II hissə)

Литература

 
–Alyoşa, sən səs salma, uşaqlar oyanar,–anası toxdaq səslə danışırdı.–Onu burada söyməyə gərək yoxdur, o, sənin uşaqlarını ürəkdən sevir...
 
–Onun sevgisi bizə gərək deyil,–atası dedi.–Mən özüm öz uşaqlarımı sevirəm, onlara bu da yetər... Buna bax, özgəsinin uşaqlarını sevən tapılıbmış! 
 
Mən sənə oradan əsgər ailəsi kimi yardım almaq üçün arayış göndərmişdim, sən isə gedib özün də işləməyə başlamısan–bu Semyon Yevseyeviç sənin nəyinə gərək olmuşdu? Yoxsa qanın qaynayıb səni dinc oturmağa qoymurdu?.. Eh, Lyuba, Lyuba! Mən orada sənin haqında başqa cür düşünürdüm. Demək sən məni axmaq yerinə qoymusan...
 
Atası susdu, sonra çubuğunu yandırmaq üçün kibrit alışdırdı.
 
–Sən nə danışırsan, Alyoşa!–anası bu dəfə kükrədi.–Mən uşaqları yaxşı dolandırmaq üçün işləməyə getmişəm, onları xəstələnməyə qoymamışam, özün də görürsən, görkəmləri heç də pis deyil...
 
–Nə olsun!..–atası dedi.–Başqasının dörd uşağı arvadı ilə qalıb, hamısı da bizimkilərdən də yaxşı böyüyüblər. Sənin qayğınla böyüyən o Petruşkaya bax–qoca kişilər kimi danışır, oxumağı da buraxıb.
 
Petruşka köks ötürdü, sonra, onun oyaq olduğunu bilib danışığı kəsməsinlər deyə, yalandan xoruldamağa başladı. “Yaxşı,–yeniyetmə düşünürdü,–qoy mən lap qoca kişiyə oxşayım, sənin orada yemək-içməyin qarşına hazır gəlib, sən haradan biləsən biz burada nə çəkmişik!”
 
–Bunun qarşılığında o indi həyatda ən çətin, ən gərəkli nə varsa hamısından baş aça bilir!–anası dedi.–İşlər yoluna düşsün, oxumaqdan da qalmaz.
 
–Sənin bu Semyonun kimdir axı? Yetər mənə dişini qıcadın,–atası dedi.
 
–O yaxşı insandır.
 
–Yoxsa, sən onu sevirsən?
 
–Alyoşa, mən sənin uşaqlarının anasıyam...
 
–Sonra! Mənə sözün düzünü de!
 
–Mən ancaq səni sevirəm, Alyoşa! Mən anayam, mən ancaq səninin qucağında özümü qadın saymışam, bu da elə çoxdan olub, indi lap unutmuşam.
 
Atası susub, qaranlıqda közərtisi görünən çubuğunu tüstülətməyə başladı.
 
–Mən səndən ötrü darıxmışam, Alyoşa... Düzdür, uşaqlar yanımda olub, ancaq onlar sənin yerini verə bilməzdilər, mən bu uzun illər boyunca səni gözləmişəm, səhərlər sənin yanımda olmadığını görməmək üçün yuxudan da ayılmaq istəmirdim.
 
–O, nə işdə olur?
 
–O, bizim zavodda təchizat işlərinə baxır.
 
–Aydındır. Demək fırıldaqçının biridir.
 
–O fırıldaqçı deyil. Olsa da, mən onu belə tanımıram... Uşaqlarını Mogilyovda almanlar öldürüblər, üç uşağı varmış, qızı ərdə imiş.
 
–Bu önəmli deyil, ancaq görürsən, gəlib burada özünə hazır uşaqlar tapıb–üstəlik də, gənc, gözəl bir arvad da ələ keçirib, özünü isti yuvaya təpə bilibdir. Anası susdu. Otağa səssizlik çökdü, ancaq çox keçmədən Petruşka anasının hıçqırıq səslərini eşitdi.
 
–O, uşaqlara səndən danışırdı, Alyoşa,–anası belə deyəndə, Petruşka doluxsundu, iki damla iri göz yaşı gözlərində donub qaldı.–O, uşaqlara sənin müharibədə bizi qorumaq üçün necə igidliklə döyüşdüyündən danışırdı, sənin bu yolda necə böyük ağrı-acılar çəkdiyindən söz açırdı... Onlar sənin niyə belə elədiyini soruşanda o, deyirdi: axı sizin atanız yaxşı insandır, ona görə...
 
Atası güldü, sonra çubuğunun külünü boşaltdı.
 
–Hə, deməli sizin o Semyon-Yevsey belə yaxşı insan imiş! Ömründə məni görmədən, yaxşılığıma danışırmış! Gör nə böyük insan imiş ha!
 
–Düzdür, o səni görməmişdi. Ancaq uşaqlar səni unutmasınlar, bir ata kimi sevsinlər deyə, bu sözləri özündən uydurub deyirdi. 
 
–Bu onun nəyinə gərək idi? Səni ələ keçirmək üçünmü? Sən mənə de görüm, o bütün bunları nəyə görə eləyirdi?
 
–Mənə elə gəlir o, yaxşı insan olduğu üçün belə eləyirdi, Alyoşa. Yoxsa ona nə düşmüşdü, uşaqlarına səni öysün? 
 
–Axmaqsan sən, Lyuba. Bu qabalığıma görə məni bağışla, ancaq heç kim qazanc güdmədən, elədiyinin qarşılğını istəmədən nəsə eləmir.
 
–Semyon Yevseyeviç hər gələndə uşaqlara nəsə bir pay gətirərdi, konfet, ağ un, qənd, bu yaxınlarda Nastya üçün keçə çəkmə gətirmişdi, ancaq ayağına kiçik oldu. Onun bizdən bir umacağı yoxdur. Bizə onun gətirdiyi bu pay-püş gərək deyildi, biz onsuz da keçinirdik, ancaq onun deməsinə görə, uşaqlara nəsə alıb gətirəndə ürəyi açılır, bununla, özünün öldürülmüş uşaqları üçün çəkdiyi acısını ovudur. Gələr, özün də görərsən–o, sən düşündüyün kimi deyil...
 
–Dediklərin hamısı boş-boş sözlərdir!–atası dedi.–Sən mənim başımı piyləmə... Səninlə qalmaq mənim üçün çox darıxdırıcı oldu, Lyuba, mən isə yaşamaq istəyirəm.
 
–Qal, bizimlə yaşa, Alyoşa...
 
–Mən sizinlə olum, sən də o Senka-Yevseyka ilə olasan, eləmi?
 
–Daha bir də Semyon Yevseyeviç olmayacaq, Alyoşa. O bir də bizə gəlməyəcək, mən ona deyərəm, daha bizə gəlməz.
 
–Deyirsən daha bir də Semyon Yevseyeviç olmayacaq, deməli, qabaqlar olub, indi daha olmayacaq, sənin deməyindən bu çıxmırmı?.. Eh, Lyuba, demə sən beləymişsən, siz qadınlar elə hamınız beləsiniz.
 
–Siz çoxmu yaxşısınız?–anası inciklik duyulan bir səslə soruşdu.–Siz hamınız beləsiniz nə deməkdir? Mən elə deyiləm... Mən gecə-gündüz yorulmaq bilmədən işləmişəm, biz paravozların ocaqları üçün odadavamlı kərpic düzəldirdik. Mən arıqlayıb bir dəri, bir sümük qalmışam, üzümə baxılası deyil, elə yazıq görkəmə düşmüşəm, dilənçilər də məni özlərindən bilir, məndən pay istəmirlər. Mənim üçün də ağır idi, uşaqlar evdə tək qalırdılar. İşdən yorğun-arğın qayıdıram, soba qalanmayıb, yemək bişirən yox, uşaqların evdə bağrı çatlayır, onlar sonradan, çıxılmaz qalıb, işə-gücə öyrəndilər, balaca idilər, iş bacarmırdılar, Petruşka da uşaq idi. Bax onda Semyon Yevseyeviç bizə ayaq açdı. Mən evdə olmayanda gəlir, uşaqlarla otururdu. “Olarmı,–məndən soruşur,–aradabir sizə qonaq gəlim, bir az qızınım?” Mən ona deyirəm, evimiz soyuqdur, odun yaşdır, yaxşı yanmır, o isə mənə deyir: “Onsuz da mənim bütün ruhum buz bağlayıb, mənim soyuqdan qorxum yoxdur, qoyun mən uşaqlarınızın yanında oturum, sobanı qalamasanız da olar.” Mən də ona dedim: nə olar, gəlin, necə olsa uşaqlar sizin yanınızda qaranlıqdan qorxmazlar. Sonra mən də ona öyrəşdim, o bizə gələndə bizim hamımızın ürəyi açılırdı. Mən ona baxanda səni xatırlayırdım, düşünürdüm, bizim atamız var... Sənin olmamağın, bilsən necə kədərli, necə pis idi; qoy barı bir başqası evə gəlsin, fikrimiz dağılsın, vaxt tez ötüşsün. Sənin yanımızda olmadığın vaxtın bizim üçün dəyəri olmadığından, onun necəsə tez keçməyini istəyirdik!
 
–Sonra, sonra nə oldu?–atası onu tələsdirməyə başladı.
 
–Sonra heç nə. İndi də sən gəlib çıxmısan, Alyoşa.
 
–Yaxşı, tutalım, sən deyən kimidir,–atası dedi.–Daha gecdir, yatmaq gərəkdir.
 
Ancaq anası yenə də danışmaq istəyirdi:
 
–Yatmağa tələsmə. Gəl bir az da danışaq, sənin gəlişinə elə sevinirəm, özümə yer tapa bilmirəm.
 
“Bunlar toxdamaq bilmirlər deyəsən,–Petruşka sobanın üstündə öz-özünə düşündü,–ancaq deyəsən barışdılar; anaya ertədən işə getmək gərəkdir, ancaq o elə sevincək olub, hər şeyi unudub, indi heç olmasa ağlamır, bu yaxşıdır”. 
 
–Bu Semyon səni sevirdimi?–atası soruşdu.
 
–Bir dəqiqə gözlə, gedim Nastyanın üstünü örtüm, gecə yorğanı üstündən sürüşdürüb salır, soyuqlayır.
 
Anası Nastyanın üstünü örtüb mətbəxə keçdi, sobanın yanında dayanıb, Petruşkanın yatıb-yatmadığını yoxladı. Petruşka duyuq düşüb, özünü yatmışlığa vurdu, xoruldamağa başladı. Sonra anası otağa qayıtdı, bir azdan onun səsi eşidildi:
 
–Ola bilsin, sevirdi. O mənə həmişə vurğunluqla baxardı, mən bunu duyurdum, ancaq mən indi nə gündəyəm–özün də görürsən, məndə sevməli bir görkəm qalıbmı? Onun ömrü ağrı-acılarla dolu idi, o gərək kimisə sevməklə özünü ovutmağa çalışaydı.
 
–Aranızda belə isnişmək vardısa, barı onu öpüb eləyirdinmi?–atası şuxluğa saldıb soruşdu.
 
–Sənin də deyəsən sözün qurtarıb! Düzdür, o məni iki dəfə öpmüşdü, ancaq mənim ürəyim bunu istəmirdi.
 
–Sən istəmirdinsə, onda o niyə belə eləyirdi?
 
–Bilmirəm. Onun deməyinə görə, mən biraz onun arvadına oxşayıram, onu xatırlamaq üçün məni öpmüşdü.
 
–Yoxsa sən də onu mənə oxşadırdın?
 
–Yox, o sənə oxşamır. Sən heç kimə oxşamırsan, səndən yoxdur, sən bir dənəsən, Alyoşa.
 
–Mən bir dənəyəm, deyirsən? Elə saymaq da birdən başlayır: öncə bir gəlir, sonra iki.
 
–O mənim dodağımdan öpməyib, ancaq yanağımdan öpüb.
 
–Bunun fərqi yoxdur, öpüş elə öpüşdür. 
 
–Fərqi var, Alyoşa... Sən bizim həyatımızdan nə bilirsən axı?
 
–Necə yəni nə bilirəm? Mən müharibənin başlanğıcından sonuna kimi döyüşmüşəm, ölümü indi səni gördüyümdən daha yaxından görmüşəm...
 
–Sən orada ölümlə üz-üzə olmusan, mən də burada səndən ötrü ölmüşəm, keçirdiyim sarsıntılardan əlim əsməyə başlamışdı, ancaq uşaqları dolandırmaq üçün də, dövlətin almanlarla qarşı döyüşməsi üçün də, var gücü ilə işləmək gərəkirdi.
 
Anası toxdaqlıqla danışırdı, ancaq onun bu danışığından ürək ağrıları açıq-aydın duyulurdu, Petruşkanın anasına yazığı gəlirdi: o, anasının pinəçiyə pul verməsin deyə, onların ayaqqabılarını necə yamadığını da, biraz kartof alıb, qonşunun elektrik peçini düzəltdiyini də görmüşdü.
 
–Mən sənin ayrılığına, həyatın ağırlığına dözə bilmirdim,–anası davam elədi.–Mən bu ağrı-acılarla sona kimi dirəşsəydim, ölərdim, ancaq mən uşaqlara görə ölmək istəmirdim... bütün bunlara dözə bilmək üçün mən gərək nə iləsə fikrimi yayındıraydım, mən nəsə, azacıq da olsa belə, bir sevinc tapıb ovunmaq istəyirdim, Alyoşa. Bir nəfər vardı, o məni sevdiyini deyirdi, ötən çağlarda, lap çoxdan sən mənə necə incəliklə yanaşırdınsa, o da mənə elə yanaşırdı... 
 
–Sən yenə bu Semyon-Yevseydənmi danışırsan?
 
–Yox. O başqasıdır. O bizim həmkarların rayon təşkilatında təlimatçı işləyir, köçgünlərdəndir...
 
–Onun kimliyi cəhənnəmə! Sən mənə de görüm, o necə, səni ovuda bilmişdimi?
 
Petruşka bu təlimatşı barədə heç nə bilmirdi, özünün belə çoxbilmişliyi ilə nə üçün bunu bilmədiyi ona çöçün gəldi. “Sən də ay ana, deyəsən az aşın duzu deyilmişsən”–Petruşka ürəyində deyinməyə başladı.
 
Anası sözünə davam elədi: 
 
–Mən ona isnişə bilmədim, onunla ilişkilərimdən sevinc duya bilmədim, tərsinə, biraz da ağır oldu mənimçün. Mən ruhumu ölümdən qurtarmaq üçün ona sığınmışdım, ancaq o mənə lap yaxınlaşanda, mənimlə cinsi yaxınlıq eləyəndə, mən özümdə ona qarşı büsbütün yadlıq duydum, o mənimlə yaxınlıq eləyəndə mənim fikrim ev işlərinin yanında qalmışdı, bu anlarda onunla yaxınlıq elədiyimə görə özümə acığım tutmuşdu. Mən onda bir daha, ancaq səninlə yaxınlığımdan xoşbəxt ola biləcəyimi, ovuna biləcəyimi anladım. Sən olmasan mən batıb gedəcəyəm, uşaqlar da başsız qalacaqlar... Qal, bizimlə yaşa, Alyoşa, birlikdə yaşasaq hər şey yaxşı olacaq!
 
Petruşka atasının necə çarpayıdan qalxıb kətilin üstündə oturduğunu, çubuğunu doldurub, çəkməyə başladığını eşitdi.
 
–Sən dediyin o adamla, neçə dəfə yaxınlıq eləmisən?–atası soruşdu.
 
–Ancaq bircə dəfə,–anası dedi. Bundan sonra onunla görüşmədik. Səncə, hər şeyi anlaya bilməyim üçün bu azdır?
 
–Özün bilərsən, neçə dəfə istəyirsən, bu sənin öz işindir,–atası dilləndi.–Onda bayaqdan o nə sözdür mənə deyirsən, sənin uşaqlarının anasıyam, nə bilim özünü ancaq mənimlə yaxınlıq eləyəndə qadın sanırsan...
 
–Mən sənə doğrusunu deyirəm, Alyoşa...
 
–Sən hansı doğruluqdan danışırsan? Axı sən onunla yaxınlıq eləyəndə də özünü qadın sanmısan!
 
–Yox, sanmamaışam, düzdür, mən bunu istəyirdim. Ancaq ola bilmədim... 
 
Mən artıq sənsiz yaşaya bilmirdim, mən itib-batmamaq üçün kiminləsə özümü ovutmaq istəyirdim, mən büsbütün sarsılmışdım, ürəyimi qara-qura duyğular sarmışdı, mən artıq öz uşaqlarımı sevməyi bacarmırdım, sən bilirsən, mən onlardan ötrü nəyə desən dözərəm, öz varlığımdan da keçərəm, təki onlara bir şey olmasın!..
 
–Dayan bir görüm,–atası onun sözünü kəsdi.–Sən deyirsən, özünün bu yeni Senka-Yevseykana bağlanmaqda yanılmışdın, o səni ovundura bilmədi, onunla yaxınlıqdan sevinc duymadın, habelə belə sözlər, onda necə oldu itib-batmadın, ölmədin, sağ qaldın?
 
–Düzdür, mən sağ qaldım, yaşayıram,–anası pıçıldadı.
 
–Deməli, sən məni aldadırsan! Sənin dediklərin doğru deyil!
 
–Bilmirəm,–anası pıçıldadı.–Mən bu işlərdən baş aça bilmirəm.
 
–Yaxşı. Ancaq mən belə işlərdən çox yaxşı baş açıram, mən səndən qat-at çox ağrı-acılar yaşamışam,–atası dedi.–Mən səni belə bilməzdim, sən qancıq imişsən, qurtardı getdi. Anası dinmirdi. Atasının tez-tez, çətinliklə nəfəs aldığı duyulurdu.
 
–Bax budur, mən qayıdıb evimə gəlmişəm,–atası dedi.–Müharibədən sağ çıxdım. Ancaq sən məni ürəyimdən yaraladın... Nə olar, bundan sonra da bu Senka ilə Yevseyka ilə yaşamağına davam elə! Sən məni ələ saldın, məni gülünc gününə qoydun, ancaq gərək biləydin, mən insanam, oyuncaq deyiləm...
 
Atası qaranlıqda paltarını geyinib, çəkmələrini ayağına keçirməyə başladı. 
 
Sonra o neft lampasını yandırıb, stolun arxasında oturdu, saatını qolundan açmadan qurmağa başladı.
 
–Saat dörddür,–o öz-özünə dilləndi.–Hələ qaranlıqdır. Düz deyirlərmiş, bu yer üzündə qadın çoxdur, ancaq evləniləsi biri yoxdur. Evə səssizlik çökdü. Taxta divanda uyuyan Nastya mışıltı ilə yatmışdı. Petruşka yasdığı qucaqlayıb düşüncəyə dalmışdı, o artıq özünü yuxuluğa vurub, xoruldamalı olduğunu da unutmuşdu. 
 
–Alyoşa!–anası yalvarış dolu bir səslə deyirdi.–Alyoşa, məni bağışla!
 
Petruşka öncə atasının iniltisini, sonra şüşə cingiltisini eşitdi; pərdənin arasındakı yarıqdan baxıb, ata-anasının olduğu otağa qaranlıq çökdüyünü gördü, ancaq lampanın fitili hələ yanırdı. “Atam, lampanın şüşəsini yumruğu ilə sındırdı,–Petruşka işin nə yerdə olduğunu anlamışdı,–indi heç yerdə lampa şüşəsi yoxdur.”
 
–Sən əlini kəsmisən,–anası dilləndi.–Qan axır, dolabdan dəsmal götür, qanı –Səsini kəs!–atası anasının üstünə qışqırdı.–Mən sənin səsini də eşitmək istəmirəm... Uşaqları oyat, bu saat oyat!.. Sənə deyirəm, oyat! Mən istəyirəm, onlara necə anaları olduğunu danışam! Qoy onlar da sənin kim olduğunu bilsinlər! Nastya səs-küydən dikisinib, yuxudan ayıldı.
 
–Ana!– deyə çağırdı.–Olar, mən sənin yanına gəlim?
 
Nastya gecələr oyanıb, anasının çarpayısına gələr, ona qısılıb qızınmağı sevərdi.
 
Petruşka qalxıb yatağında oturdu, ayaqlarını sobanın üstündən aşağı salladı, sonra hamıya eşitdirərək dedi:
 
–Gecə keçir, niyə yatmırsınız! Məni niyə oyatdınız? Hələ səhərin açılmağaına çox var, bayırda qaranlıqdır! İşığı niyə yandırmısınız?
 
–Nastya, yat, hələ səhərə çox var, mən indi özüm sənin yanına gələcəyəm,–anası Nastyaya səsləndi.–Sən də Petruşka uzan yat, danışığı kəs.
 
–Onda siz nə üçün danışırsınız? Atam nə istəyir?–Petruşka deyinməyə başladı.
 
–Sənin nə işinə qalıb, mən nə istəyirəm?–atası çımxırdı.–Burada sənin kimi serjantımız çatmırdı elə!
 
–Sən mənə de görüm, nə üçün lampanın şüşəsini sındırırsan? Anamı nə üçün qorxudursan? O onsuz da işləməkdən üzülüb, arıqlayıb bir dəri, bir sümük qalıb, evə də gəlir, kartofu yağsız yeyir, yağ payını Nastyaya verir.
 
–Sən bilirsənmi anan burada nə işlərlə məşğul olub?–atası, balaca uşaqlar kimi, şikayət dolu bir səslə qışqırdı.
 
–Alyoşa!–Lyubov Vasiliyevna qınaq dolu baxışlarla ərinə baxdı.
 
–Mən bilirəm, hamısını bilirəm!–Petruşka dilləndi.–Anam gecə-gündüz sənin üçün ağlayırdı, səni gözləyirdi, hamısı mənim gözümün qabağında olub, indi sən gəlmisən, o yenə ağlayır. Sən özün heç nə bilmirsən!
 
–Sən hələ belə şeyləri anlamazsan!–atası acıqlanıb özündən çıxdı.–Bunun boyuna bax, danışığına bax hələ.
 
–Mən hamısını çox gözəl anlayıram,–Petruşka sobanın üstündən dilləndi.–Sən başa düşmək istəmirsən. Bizim işimiz-gücümüz var, gərək yaşamaq üçün əlləşib vuruşaq, siz isə burada axmaqlar kimi ağız-ağıza verib dalaşırsınız...
 
Petruşka susdu; o başını yastığına sıxıb, gözlənilmədən, səssizcə ağlamağa başladı.
 
–Evin böyüklüyünü öz üzərinə götürmüsən, atanı saymırsan,–atası dilləndi.–Özün bilərsən, mənim üçün daha fərqi yoxdur, necə istəyirsən elə də yaşa...
 
Petruşka göz yaşlarını silib atasına dedi:
 
–Eh, ata, ata! Gör bu yaşında necə danışırsan, hələ müharibədə də olmusan... 
 
Sabah get əlillərin kooperativinə, orada Xariton dayı var, dükanda işləyir, talonla gələnlərə çörək doğrayıb verir, özü də çəkidə kimsəni aldatmır. O da müharibədə olub, sonra evinə qayıdıb gəlib. Get onun özündən soruş, o bunu kimsədən gizləmir də, özü hamıya danışır, mən özüm də onun dilindən eşitmişəm. Onun arvadı Anyuta, Xariton müharibədə olanda burada sürücülük öyrənmişdi, indi də çörək maşınında işləyir, yaxşı qadındır, çörək oğurlamır. O da əri davada olanda burada biri ilə dostluq eləyirdi, onun evinə gedirdi, bir yerdə yeyib-içirdilər. Onun tanışının çoxlu ordeni var, qolunun biri də yoxdur, ancaq dükanda işləyir, tək qolu ilə yük boşaldır...
 
–Sən nə orda boş-boş sözlər danışırsan, yaxşısı yıxıl yat, birazdan hava işıqlanacaq,–anası ona dedi.
 
–Qoyursunuz yatmağa... Hələ işıqlanmağa çox qalıb onsuz da. Hə, onu deyirdim, bu təkqol Anyuta ilə dostluq eləyirdi, günlərini xoş keçirirdilər. Xariton isə müharibədə idi. Xariton müharibədən gələndən sonra onların dostluğunu bilib, Anyuta ilə savaşmağa başlayır. Bütün günü dalaşır, axşamlar da çaxır içib yemək tıxır, Anyuta isə ağlayır, heç nə yemir. Savaşdı, söydü-söyləndi, sonunda toxdadı, Anyutanı incitməkdən əl çəkib ona dedi: mən olmayanda sənin bir dənə o təkqolun olub, ancaq bir bax gör, mən sənsiz olanda neçə dostlarım olub: Qlaşkam olub, Aproskam, Maruskam olub, sənin adaşın Anyuşkam da olub, hələ üstəlik Maqdalinkam da. Bunu deyib, ürəkdən gülür. Anyuta xala da ona qoşulub gülür, sonra da başqa qadınların yanında öyünüb deyir, mənim Xaritonumdan yaxşısı yoxdur bu yer üzündə, gedib almanları da öldürüb, neçə-neçə qadınlarla dostluq da eləyib, bugün də üz versə, qadınlar yaxasından qopmazlar. Xariton dayı, biz çörək almağa gedəndə, maşından çörək qəbul eləyəndə, özü bunları bizə danışır. İndi isə arvadı ilə barışıblar, yaxşı da yaşayırlar. Xariton dayı bilirsənmi bizə gülə-gülə nə 
 
deyir: “Mən Anyutamı aldadırdım, mənim heç vaxt qadın dostum olmayıb, nə Qlaşka ilə, nə Anyuşka ilə, nə də üstəlik Maqdalinka ilə dostluğum olub, əsgər–yurdun döyüşən oğludur, onun əylənməyə, axmaq işlərə baş qoşmağa vaxtı nə gəzir? Onun çalışıb-vuruşmağı yağıları öz torpağından qovmaq üçündür. Mən qəsdən Anyutanı qorxudurdum...” Uzan yat, ata, işığı da söndür, lampanı şüşəsiz yandırıb evi hisə verirsiniz...
 
İvanov Petruşkanın danışdığı olaylara təəcüb içində qulaq asırdı. “Bax gör, bu köpək oğlu nə danışır hələ!–ata öz oğlu haqqında düşündü.–Elə bildim, indi mənim Maşa ilə dostluğumu da açıb qoyacaq ortaya...”
 
Petruşka susdu, bir az keçmiş onun xorultusu gəlməyə başladı; bu dəfə o doğrudan yatmışdı.
 
Petruşka yuxudan ayılanda hava tamam işıqlanmışdı, ona görə də, yuxudan qanıqara oyandı–iş-güc tökülüb qalıb ortalıqda, o isə yatıb yuxuya qalmışdı.
 
Evdə təkcə Nastya idi. O, döşəmənin üstündə oturub, anasının çoxdan aldığı şəkilli kitabı vərəqləyirdi. Qızcığaz bu kitabı hər gün vərəqləyərdi, çünki bundan başqa bir kitabı yox idi, barmaqlarını da, sanasan kitabı oxuyurmuş kimi, hərflərin üstü ilə sürüşdürərdi.
 
–Nə olub səhər çağı kitabı kirlədirsən? Qoy onu yerinə!–Petruşka bacısının üstünə çımxırdı.–Ana hanı, işə gedib?
 
–Hə, işə gedib,–Nastya yavaşca dedi, sonra kitabı bağlayıb yerinə qoydu.
 
–Ata hara getdi?–Petruşka mətbəxə, qonşu otağa göz gəzdirib soruşdu.–O, çantasını götürüb getdi?
 
–Hə, gedəndə çantasını götürüb getdi,–Nastya cavab verdi. 
 
–Gedəndə sənə bir söz demədi?
 
–Yox, heç nə demədi, ancaq mənim dodağımla gözlərimdən öpdü.
 
–Demək belə,–Petruşka mızıldanıb, dalğınlaşdı. Sonra birdən başını qaldırıb bacısına dedi:
 
–Qalx ayağa, indi səni yuyundurub geyindirəcəyəm, sonra gəzməyə gedəcəyik...
 
Onların atası isə bu vaxt vağzalda oturmuşdu. O indicə iki yüz qram araq içib, hələ də qüvvədə olan, evə buraxılan hərbçilərə verilən yol talonu ilə qəlyanaltı eləmişdi. O hələ gecə ikən düşünüb daşınmış, Maşanı qoyub gəldiyi şəhərə getməyi, onu tapıb həmişəlik onunla yaşamağı kəsdirmişdi. Ancaq, saçları meşə xəzəli qoxuyan bu hamamçı qızından yaşca çox böyük olması onun pisinə gəlirdi. Bunun necə qutaracağı birgə yaşayanda bilinər, indidən bununla başını 
 
ağrıtmağa dəyməz, deyə düşündü. Maşanın onu görəndə az da olsa sevinəcəyinə inanan İvanov, elə bunu da özü üçün indilikdə yetərli sayırdı; onun gözəl, şən, geniş ürəkli bir doğma adamı olacaqdı. Sonrasına isə baxarıq, görək nə olur!Çox keçmədən, onun dünən Maşanı qoyub gəldiyi şəhərə sarı gedən qatar gəlib çıxdı. O, yük çantasını götürüb, qatara mindi. “Maşa, sözsüz, mənim qayıdacağımı gözləmir,–İvanov düşündü.–O, mənim onsuz da onu unudacağımı, bir də heç vaxt görüşməyəcəyimizi deyirdi, mən isə indi həmişəlik onunla yaşamaq üçün gedirəm”.
 
O, vaqonun tamburuna keçib orada dayandı, müharibəyə qədər yaşadığı, uşaqlarının doğulduğu bu kiçik şəhərə sonuncu dəfə baxmaq istəyirdi... İndi həmişəlik atıb getdiyi öz evinə də sonuncu dəfə baxmaq istəyirdi, onun evi olan küçənin başında dəmiryolu keçidi vardı, getdiyi qatar da oradan keçib gedəcəkdi. Qatar yerindən tərpənib, stansiyanın yol göstəricilərinin yanından keçərək, şəhərin qırağı ilə, payızın soldurduğu boş çöllüklə getməyə başladı. İvanov vaqonun tambura açılan qapısının dəstəyindən tutaraq, ötüb keçən evlərə, binalara, ambarlara, yanğınsöndürənlərin keşikçi qülləsinə, bir sözlə şəhərin onun üçün çox doğma olan görüntülərinə baxırdı. İki çox hündür borunu görüb, onlardan birinin sabunbişirmə zavodunun, o birisinin isə indi Lyubanın press aparatında işlədiyi kərpic zavodunun olduğunu ayırd elədi; qoy indi o öz istədiyi kimi yaşasın, İvanov da öz bildiyi kimi yaşayacaqdı. Ola bilsin, Lyubanı bağışlaya da bilərdi, ancaq buna gərək var idimi? Onsuz da indi ürəyində Lyubaya qarşı bir kin vardı, ərinin müharibədən gəlişinə qədər darıxmasın deyə, kişilərlə öpüşən, onların yatağına girən qadını bağışlamaq olmazdı. Qaldı, Lyubanın: həyatın ağırlığı, qəm-qüssə, ehtiyac onu bu Semyonla, nə bilim Yevseylə yaxınlaşdırdığını deməsi–bu onun elədiklərini doğrulda bilməzdi, bu yalnız onun ürəyində pozğun duyğularının olmasından soraq verirdi. Bütün sevgilər ehtiyacla darıxmaqdan törəyir; insana nəsə gərək olmasaydı, bir də darıxmağın nə olduğunu bilməsəydi, o heç vaxt başqa 
 
insanı sevə bilməzdi. İvanov bir az düşünüb, vaqonun tambrundan getməyi kəsdirdi, düşünürdü–
 
uşaqlarını qoyub getdiyi evə baxıb qanını qaraltmaqdansa, gedib yatsa yaxşıdır; belə şeylərlə ürəyini ağrıtmağa dəyməzdi. O bir anlığına irəli baxıb, dəmiryol keçidinə nə qədər qaldığını öyrənmək istəyəndə, keçidə lap az qaldığını gördü. Burada dəmir yolunu şəhərin içərisinə doğru uzanıb gedən torpaq yol kəsib keçirdi; bu torpaq yolda yük arabalarından düşüb qalmış ot-küləş qalıqları, quru söyüd çubuqları, at peyini olardı. Bu yol, şənbə-bazar günlərindən başqa, həmişə 
boş, gəl-getsiz olardı; başqa günlərdə, təkəmseyrək, şəhərə sarı otyüklü araba sürüb aparan bir kəndli görərdin, ya da kəndə sarı qayıdan tək-tük arabaçılar gözə çarpardı. Bu gün iş günü olduğundan, kənd yolu bomboş idi; ancaq uzaqdan, şəhər tərəfdən bu yola bitişən başqa bir yolla iki uşağın dəmiryoluna sarı qaçdığı görünürdü; uşaqlardan biri böyük, o birisi isə çox balaca idi, böyüyü kiçiyin əlindən tutub, onu öz arxasınca dartır, tələsdirirdi, ancaq kiçik uşaq, öz balaca ayaqları ilə necə ürəklə qaçmağa çalışsa da, böyüklə ayaqlaşa bilmirdi. Böyük uşaq işi belə görüb, onu az qala öz ardınca sürüməyə başlamışdı. Onlar şəhərin qurtaracağındakı sonuncu evə çatanda dayandılar, dəmiryol vağzalına sarı baxmağa başladılar, davranışlarından ora gedib-getməməyi kəsdirə bilmədikləri duyulurdu. Sonra onlar dəmiryol keçidini ötüb keçən sərnişin qatarını görüb, ona sarı qçdılar, elə bil, qaçıb arxadan ona çatmaq istəyirdilər. 
 
İvanovun olduğu vaqon keçidi ötəndən sonra o, yük çantasını qaldırıb, içəri keçməyə başladı, istəyirdi–başqa sərnişinlər yerlərini bərkitməmiş, onların dincliyini pozmadan, tez yuxarı qatdakı yataqların birində uzanıb yatsın. Birdən onu maraq götürdü: görəsən, o iki uşaq sonuncu vaqona kimi qaçıb çata bildilərmi?
 
İvanov başını tamburdan çıxarıb geriyə baxdı.Əl-ələ tutan uşaqlar hələ də keçidə sarı qaçmaqda idilər. Birdən onların ikisi də yıxıldılar, yenə gecikmədən ayağa durub irəliyə qaçmağa başladılar. Onlardan böyüyü, qaça-qaça, bir əlini İvanovun getdiyi qatara sarı uzadıb, dayanmadan
yelləməyə başladı, elə bil, kimisə geriyə, öz yanına qayıtmağa çağırırdı. O əli ilə kimisə geri dönmək üçün haraylamağa başlayanda, onlar yenə ikisi də birdən yerə yıxıldılar. İvanov diqqətlə baxanda uşaqlardan böyüyünün bir ayağında keçə çəkmə, o birində qaloş olduğunu gördü–elə buna görə də, o belə tez-tez yıxılır, balacanı da dartıb özü ilə yıxıdırdı. 
 
İvanov gözlərini yumdu, o qaçmaqdan əldən düşmüş uşaqların yıxılmaqdan çəkdikləri ağrılarını görmək, duymaq istəmirdi, bu anda onun köksündən yandırıcı bir istilik keçdi, elə bil, buçağacan dustaq olub köksünə gömülən ürəyi bütün ömrü boyu boş-boşuna döyünmüşdü, indi isə ürəyi gözlənilmədən azadlığa çıxıb, onun bütün varlığını isti ilə sarmış, titrətməyə başlamışdı. Ona elə gəlirdi, bu anlarında o, həyatda indiyəcən nə bilirdisə hamısnı, bir də yenidən oyrəndi, ancaq bu, artıq daha dəqiq, daha gerçək biliklər idi. Bundan öncələr o, başqalarının ömrünə özünün mənliyi ilə maraqlarının çərçivəsindən baxmışdı, indi isə bütün bu olub-keçənlərə, bu çərçivəni qırıb atmış ürəyinin bütün genişliyi ilə toxunmuşdu.
 
O, ayağını vaqonun asma pilləkəninə qoyub, qatarın sonuncu vaqonundan o yanda güclə görünməkdə olan uşaqlara sarı boylandı. Artıq bu uşaqların özününkülər, Petruşka ilə Nastya olduğunu anlamışdı. Görünür, onun dayandığı vaqon keşiddən ötüşəndə uşaqlar onu görüb tanımışdılar, ona görə də, Petruşka əl eləyib onu evə, anasının yanına qayıtmağa haraylayırdı, o isə dalğın olduğundan, onlara baxsa da, öz doğma uşaqlarını tanımamışdı.
 
İndi Petruşka ilə Nastya qatardan çox geridə qalsalar da, ancaq yenə də relslərin yanınca uzanan qumsal yolla qaçmaqda davam eləyirdilər; Petruşka yenə də balaca Nastyanın əlindən tutmuşdu, yorulmuş qızcığaz dayanmaq istəyəndə onu dartaraq, arxasınca sürüyürdü. 
 
İvanov yük çantasını vaqondan yerə tulladı, vaqonun asma pilləkəni ilə aşağı düşərək, uşaqlarının ona sarı qaçdığı qumsal yolun üstünə endi.
 
Rus dilindən Araz Gündüz çevirib.
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade