Nisyə dərman verilmir!

Сеймур БАЙДЖАН

 
Xeyli vaxtdır bir sual məni bərk narahat edir: görəsən, Azərbaycanda elə bir qadın varmı ki, həyat yoldaşının evə gətirdiyi pulun necə, hansı yolla qazanılması haqqında düşünür? Bahalı hədiyyələr aldıqda, parıltıyla, təmtaraqla təmin olduqda, düşünürmü ki, bütün bunlar başqasının haqqını yeməklə, başqasının torpağını əlindən almaqla, başqasına əzab verməklə əldə olunub? Heç düşünürmü ki, görəsən, ərim kimin evini yıxıb, hansı yetimin haqqını yeyib, kimə işgəncə verib, kimə yaltaqlanıb, hansı yalanları danışıb? Bahalı restroranda əylənərkən düşünürmü ki, bütün bunlar başqasının çörəyini əlindən almaqla əldə olunub? Yoxsa onları evə gələn pulun necə və hansı yolla qazanılması heç maraqlandırmır? 
 
Pul, hədiyyə, gəzinti, restoran, əyləncə olsun... daha bunlar necə əldə olunur, bu haqda düşünməyə, qan qaraltmağa dəyməz. Yəqin belə düşünürlər. 
 
Təki başqaları onların geyiminə, bər bəzəyinə paxıllıq etsin, daha pulun qazanılması haqda düşünmək nəyə lazım... Yəqin münasibət belədir. 
 
Yəqin ki, onlar özlərini çox xoşbəxt hiss edirlər. Zatən ölkədə vəziyyət necədi bilirik. Ötənlərdə rayonlardan birində, aptekdə ağ kağıza yazılmış üç söz ölkənin mənzərəsini tam göstərirdi: NİSYƏ DƏRMAN VERLMİR.
 
Daha roman yazmağa, dastan danışmağa gərək yoxdu. Bu üç kəlmə söz insanların hansı şərtlər altında yaşadığını açıq-aydın ortaya qoyur. Mən o ağ kağıza yazılmış üç kəlməni oxuyanda, sarsıldım və düşündüm ki, axı niyə belə olmalıdır? Axı niyə neft ölkəsində aptekdə belə bir söz yazılmalıdır? 
 
Heç kim duran yerdə elə bir elan yazmaz. Deməli, gerçəkdən də adamlar gəlib nisyə dərman istəyiblər və aptek müdiri belə bir elanı yazıb divara yağışdırmağa məcbur olub. Həddindən ziyadə pis oldum. Bütün günü özümə gələ bilmədim. Aptekə gəlib nisyə dərman istəyən və ala bilməyən adamlar haqqında düşündüm. Onların ağrısını hiss etdim və bu yazını yazmağa qərar verdim. 
 
Bəli, bəzi adamlar deyəcək ki, Seymurun kişilərə gücü çatmır, yenə qadınlardan yazır. Doğrudur, gücüm çatmır. Mənim o rüşvətxorlara, bütün insani sifətləri itimişlərə, bütün bəşəri dəyərlərə tüpürmüşlərə, sözə zorla cavab verənlərə gücüm çatsaydı, bu yazı yazılmazdı. Bu yazı elə mənim və mənim kimilərin acizliyinin nəticəsidir. Amma bu o demək deyil ki, bizi basıb əzməlidirlər. Tutaq ki, aptekdən nisyə dərman istəyən o adamlar öz hüquqlarını tələb edə bilmirlər, savadsızdırlar, qorxurlar. Bu o demək deyil ki, onları əzmək, qul kimi idarə etmək, tapdalamaq, təhqir etmək lazımdı. Tutaq ki, bir insan gücsüzdü, fikrimi kobud ifadə etsəm, əlildi və özünü müdafiə edə bilmir, bu o demək deyil ki, biz öz gücümüzü onun üzərində sınamalıyıq. Bəs mərhəmət, bəs vicdan, bəs Tanrı, bəs bizi ədalətə səsləyən kitablar necə olsun? Bir insanı aptekdən nisyə dərman istəməyə məcbur etmək, onu bu vəziyyətə salmaq, güclü bir adamın şikəst, özünü heç cür müdafiə edə bilməyən adamın üzərində gücünü sınaması, onu təhqir etməsi, dolaması deməkdir. Bunun başqa adı yoxdur. 
 
"Çörək yoxdursa, piroq yeyin", - demək asandı. Oxuduqlarımıza və eşitdiklərimizə görə qadın daha mərhəmətli, daha zərif varlıqdı. Axı qadın anadı. O, başqalarının dərdini, ağrısını, iztirabını daha dərindən hiss etməlidi. Bir ana öz uşağını ən ləziz yeməklərlə yemlədiyi, ən bahalı paltarlarla geyindirdiyi halda, başqa bir ananın öz uşağına bir boşqab sup yapa bilmədiyini, necə hiss etmir görəsən? Yoxsa onlar ölkədə nəyin baş verməsindən həqiqətən xəbərsizdilər? Bəlkə onların bahalı maşınlarının şüşələrindən ətrafda baş verənlər görünmür? Bəlkə onlar görməmək üçün gözlərini, eşitməmək üçün qulaqlarını yumublar? Mən heç də tarixdə baş verənlərlə təsəlli tapmaq istəmirəm, sadəcə onu xatırlatmaq istəyirəm ki, ötən əsrin əvvəllərində neft milyonçuları vardı, pulları, qızılları, var-dövlətləri yerə-göyə sığmırdı. Axırı necə oldu? Axırda o oldu ki, övladları bir boşqab supa möhtac qaldılar. Çünki xalqa zülm etmişdilər, pullarını xalqa xərcləməmişdilər. Ona görə də xalq onları müdafiə etmədi. Bir-ikisinin adı guya xeyriyyəçi kimi çıxıb. Boş söhbətdi. Xalqa xərclədikləri, əyləncəyə xərclədiklərinin yanında qəpik-quruşdu. Mirzə Cəlil boş yerə onları "General kokardası almaq üçün xeyriyyəçiliklə məşğul olanlar" adlandırmırdı. 
 
Əlavə dava salmaq üçün detallı yazmıram. İstəmirəm. Ötən əsrin əvvəlində baş verənlərdən az-çox məlumatı olanlar söhbəti bilirlər. Həyat çox əclaf şeydi. Heç kim yarım saatdan sonra nəyin baş verəcəyini bilə bilməz. Bu gün özünə sığışdırıb yemək yemədiyin restoranda sabah qabyuyan, xadimə işləyə bilərsən. Heç kim bundan siğortalanmayıb. Bir adam tanıyırdım pulu yerə-göyə sığmırdı. Bir gün bazara gedəndə gördüm ki, bazarın qabağında dayanıb, əlində də üç dəstə petruşka... Onda bildim həyat çox fanidi. Bu fani dünyada insanın ən böyük amallarından biri, bir tikə çörəyi halal yolla, başqasının haqqını yemədən, başqasını əzmədən qazanmaqdı. 
Dostoyevskini ilk dəfə oxuduğumda, bir cümlə yaddaşımda çox rahatlıqla özünə yer tapdı: "Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin bir damcı göz yaşı axacaqsa, o saray mütləq tar-mar olacaq".
 
Seymur Baycan 
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade