İki müharibə arasındakı möcüzə: modernizm

Литература

 
Dünya ədəbiyyatı Birinci və İkinci Dünya Savaşları arasındakı böyük intibahı heç bir zaman yaşamayıb. Bu sanki tarixin zərurəti idi. Bir tərəfdə qan-qan deyən və dünyanı yenidən bölüşdürmək üçün insanlıq tarixinin ən böyük qətliamını törədən ideologiyalar və bu ideologiyaları təmsil edən siyasətçilər, digər tərəfdə isə yeni humanist dəyərlərlə çıxış edən, köhnə olan hər şeyi rədd edən, ənənələri heçə sayan və ədəbi janrlarda inqilablar edən dahilər.
 
Onlar hamısı bu gün dünya ədəbiyyatının korifeyləridir və onlar olmasaydı, indiki dünyamız tamamilə inkişaşı durmuş mənəviyyat kasıbı və cılız dəyərlərin sahibi olacaqdı…
 
Rədd olsun realizm
 
İki dünya müharibəsi arasında təməli atılan yeni ədəbiyyatın yaradıcılarının ortaya qoyduqları mənəvi-psixoloji inqilab o qədər böyükdü ki, bundan sonra kimsənin həmin dəyərlərin üzərinə nələri isə əlavə edə bilmələri belə imkansız kimi görünür. Dünya ədəbiyyatının inkar olunmaz dahiləri kimi tanınan, Qərbin fəxri olan Şekspirin və Şərqin qüruru olan Fizulinin yaradıcılıqları belə Ceyms Coysun, Frans Kafkanın, Uilyam Folknerin, Tomas Mannın, Tomas Vulfun, Alber Kamyunun, Semuel Bekketin, Jan Pol Sartrın, Nattalı Sarrotun və təbii ki, Virciniya Vulfun yaradıcılığı yanında çox cılız və kasıb görünür. 20-əsrin birinci yarısında yaranan ədəbiyyat doğurdan bir dünya möcüzəsi idi və bu möcüzə dünyanın mənəvi dəyərlərini yenidən formalaşdırdı.
 
Modernist ədəbiyyatın özəlliyi və uğuru özünə qədər olan bütün ənənələri dağıtması və oxucunun maraqlarına  görə deyil, yeni insan yaratmaq uğuruna yola çıxmasıydı. Coys, Kafka və Folkner başda olmaqla modernstlərin yaradıcılığı bir təcrübə laborotoriyası idi və bu təcrübələrin hədəfi «yeni insan» yaratmaqdı.
 
Onlar laboratoriyalarında özlərini Tanrı kimi hiss edirdilər. Ya da Əzrayıl kimi. Köhnə olan bütün ənənələri və hər şeyi öldürürdülər. Yaratdıqlarına əzab verir və bu əzabla insanlığı bir daha xilas etmək üçün cəhd edirdilər. Bir zaman İsa Məsih insanlığı xilas etmək üçün özünü qurban seçdiyi və çəkdiyi əzablarla insanlığa yeni «nəfəs» verdiyi kimi modernistlər də insanlığı və sivilizasiyanı yaratdıqları obrazların dəhşətli əzabları ilə xilas etməyə cəhd edirdilər.
 
Modernistlər ədəbiyyatı əyləncə obyekti olmaqdan çıxardılar. Onlar üçün real olan heç bir şey dəyərli deyildi. Dəyərli olan reallığı yox edib yeni reallıq yaratmaqdı.
 
Modernizmin əsas ştrixləri
 
Modernizmin əsası 20-əsrin əsrin başlanğıcında Pol Elüarın, Lui Aroqonun timsalında şeirlə qoyulsa da, bu beynəlmiləçi mədəni cərəyan nəsrlə inkişaf etdi. Qustav Flöberin «Madam Bavari», Marsel Prustun «İtirilmiş zamanın axtarışında» romanları «yeni romanın» əsasını qoyur. Daha sonra Frans Kafkanın və Ceyms Coysun yaradıcılığı modenizmin əsas sütunlarına çevrilir.
 
Modernizmə qədər realist ədəbiyyatın əsas məqsədi oxucunu cəlb etmək və onu özünün əsirinə çevirməkdi. Əslində realist ədəbiyyat özü oxucunun maraqlarına görə davranır və sənət məfhumunu hardasa dayaz oxucuların maraqlarına görə qurban verirdi.
 
Modernistlər ilkin olaraq oxucu üçün yazmaqdan imtina etdilər. Onlar sənət əsəri yaratdıqlarını və bu sənəti oxucularının maraqlarına təslim etməyəcəklərini bəyan etdilər. İnsanların əyləncə və maraqlarına görə yaradıcılıqdan imtina ideyası isə ilk olaraq rəssamlar tərəfindən irəli sürülmüş, Pikasso və Salvador Dali kimi dahilərin timsalında doğurdan böyük uğura imza atmışdılar.
 
Əslində modernizm Birinci Dünya Müharibəsi ərəfəsində və müharibədən sonra formalaşan ədəbi və mədəni nəslin baş verənlərə qarşı üsyanı idi. Patriotizmi bir mənalı olaraq rədd edən modernistlərin işlətdikləri əsas xammal hansısa ideologiyalar deyil, məhz insanın özü və onun psixologiyasıydı.
 
«Yeni Tanrılar»
 
20-ci əsrin birinci yarsında bir tərəfdə Afrikanının və Asiyanının yarısında ingilis-amerikan kolonializmi, digər tərəfdə Avropanının göbəyində göyərən nasizmin nəhəng və dəhşətli ideoloji konveyeri, başqa bir tərəfdə isə qırmızı kabus olaraq bütün dünyanı ağuşuna alan və proleletarların adına köhnə dünyanı qan çanağına çevirən marksizm-leninizm-stalinzm terroru dünyanı yenidən bölüşdürmək adına dünyanı yox etmək üçün əllərindən gələn hər şeyi edirdilər.
 
Bu üçlu «cəhənnəm atlısı» dünyanı yaxıb yox etdikləri zamanda məhz modernist ədəbiyyatçılar öz «laboratoriyalarında» dünyanı yenidən yaratdılar. Onların hər birinin yaratdığı dünya fərqliydi. Hər kəs öz dünyasını yaratdı və öz insanını…
 
Coysun yaradığılığını Kafkanın yaradıcılığını ən kiçik ştrixdə belə müqayisə etmək mümkün deyildi. Coys yaratdığı insanın hər bir detalını, hər bir vintini dəyişir, onda köhnədən heç bir detal saxlamaq istəmirdi. Elə ona görə də onun yaratdığı insan yerlə göy arasında qaldı və torpağa belə ayaq basa bilmədi…
 
Kafkaya gəlincə isə, hələ də gizli şifrəsi çözülməmiş bu insan-tanrı - dünyanı qan içində boğan siyasətçilərə deyil, Tanrıya savaş açmışdı. Kafkanın bütün yaratıqları yarıheyvan-yarıinsandı və o insanın psixologiyasını dəyişməyi deyil, insanın ilkin təbiətini və proqramlaşdırılmış mahiyyətini dəyişmək istəyirdi. Kafkanın «laboratoriyasında» yaranan insan ilk öncə Tanrını öldürür, sonra özü-özünü yaradırdı…
 
 Öz «laboratoriyasıında» insan beynini qazıyan Folknerin yaradıcılığı isə onları heç bir şeylə təkrarlamırdı belə. Folknerin hədəfi İsa Məsih kimi qəhrəmanlarını dünyanının xilası naminə qurban verib sonra onları yenidən zühur etdirməkdi. Folkner acımasızdı. Amma acımasız olduğu qədər əzabkeşdi və əzab çəkmək üçün acımasız olurdu. Yəni Folkner Tanrı kimiydi…
 
Virciniya Vulf Coysu anlaşılmaz və dəyərsiz hesab edirdi. Psixoloji tarazlığı olmayan bu qadının yaratdığı insanlar «köhnə dünya»nının tarazlığına sığışa bilmədiklərinə görə özlərini həyatın axışına buraxırdılar. Təbii ki, köhnə olan heç bir şeyi özləri ilə götürmədən. Virciniya Vulfun «insanı» hər zaman «təslim olmağa» obyekt axtarırdı, amma tapa bilmədiyinə görə «Tanrıdan küsüb» yoluna davam edirdi…
 
Tomas Vulf isə bütün dünyanı və bütün insanları «iynə dəliyindən keçirmək» üçün əlindən gələn hər şeyi edirdi. Onun insanı gələcəyə keçmişdən baxsa da, keçmişə olan nifrətini açıq şəkildə biruzə verirdi. Amma Tomas Vulfun yaratdığı insan gələcəyi tapa bilmirdi və Vulf «lənətlənmiş dairədən» çıxa bilmək üçün «iynə dəliyi» axtarıdı…
 
Tomas Mann isə  «laboratoriyasında» milyon ildi duran dağları yıxıb yeni dağlar tikmək istəyirdi. Mannın hədəfi bu qədər bəsitdi…
 
Bu «yeni Tanrıları» birləşdirən tək bir şey vardı. Dünyanı yenidən yaratmaq zərurətini hiss etmələri və bunun üçün «yaradıcı» olmağa qərar vermələri. Onlar insanı və dünyanı xilas etmək istəyirdilər və köhnə Tanrıdan fərqli olaraq bunu özlərinə «oyuncaq» yaratmaq naminə etmirdilər, sadəcə mənsub olduqları canlı türləri xilas etmək üçün edirdilər.
 
Köhnə Tanrı bütün dünyaları və yaratdıqlarını özünü isbat etmək naminə yaratmışdı. Sonra oyuncaqlarından usanıb onları tərk edib getmişdi. «Yeni Tanrıların» qarşısında duran vəzifə isə xaosun içinə buraxılanları xilas etmək üçün xammal olmadan onları yenidən yaratmaqdı. Buna cəhd etmək imkansızı başarmağa cəhd etməkdi. Nə qədər başarılı oldular?.. Xaos davam etdiyinə görə tam başarılı ola bilmədilər. Amma dünyaya İsa Məsihin və Məhəmmədin verdikləri yeni «nəfəsdən» daha böyük «nəfəs» verdilər…
 
«Lənətlənmiş dairə»də qalan yarıtanrılar
 
Daha sonrakı nəsil, Kamyu, Bekket, Sartr, Sarrot və onlarla başqaları «Tanrıların» yolu ilə getsələrdə, onlara bənzəmədilər. Onlar sadəcə aldıqları «nəfəsi» yeni nəslə ötürmək üçün fədəkarlıq yapdılar. Amma nə Coys kimi, nə Kafka kimi, nə də Folkner kimi yaratdıqlarını «lənətlənmiş dairə»dən çıxara bilmədilər.
 
Çünki azadlığın olmadığı bir zamanlar «azadlıq» hər şeyi ifadə etsə də, sonra məlum oldu ki, dünyanı yenidən yaratmaq üçün tək azadlıq yetərli deyil. Eyni zamanda daha əvvələr bütün peyğəmbərlərin və onlardan sonra gələn yarıpeyğəmbərlərin (filosofların) iddia etdiyi kimi dünyanı yenidən yaratmaq üçün şüur birliyinə ehtiyac var ki, bunu da azadlığa sintez etmək gərəkirdi.
 
Halbuki, tarix yaranandan bəri bir çox mütəffəkirlər xoşluqla, ya da zorla şüur birliyi yaratmağa cəhd etmişdilər. İsa Məsihin və Məhəmməd peyğəmbərin uğursuzluğu ortada olduğu kimi, Marks və Leninin, həmçinin Hitlerin uğursuzluğu da ortalıqdadır.
 
Modenist ədəbiyyatın fəlsəfəsinə görə şüur birliyi zorla deyil, xoşluqla yaranmalıdır. Yəni fərd insan öz mənini cəmiyyətin və bəşəriyyətin məninə zorla deyil, öz iradəsi ilə hər şeyi anlaqlı bir şəkildə dərk edərək qurban verməlidir.
 
Bütün dilemma şüur birliyini azadlığı öldürərək yaratmaq, yoxsa hər şeyi «tam azadlıq» şəraitində zamanın axarına buraxmaqdan ibarətdi. Birdə orta yol vardı. İdarə olunan azadlıq çərçivəsində şüur birliyi yaratmaq.
 
Modenistlərin ideyası 20-ci əsrin 60-70-ci illərində yeni siyasi və mədəni cərəyanın yaranmasına səbəb oldu. Artıq yarım əsrdir ki, mühafizəkarlarla liberalistlər öz dəyərlərinin savaşını verirlər. Və bu savaş artıq modenist ədəbiyyatın dairəsindən çıxaraq beynəlxalq siyasətin savaşına çevrilib. Orta yol bu gün aparıcı siyasi kurs olaraq seçilib və qanunla təsbit olunan insan haqqları önə çıxarılıb.
 
Ona görə də hesab etmək olar ki, 20-ci əsrin birinci yarısında modernist ədəbiyyat qarşısına qoyduğu məqsədə nisbətən nail olub…
 
Azər Qaramanlı 
 
Kulis.az 
Kultura.az | Developed by Samir Yahyazade