Elis Manro: Gerçək yaşam (I HİSSƏ)

Литература

 
–Qardaşı sağ olsaydı, ərə getmək onun nəyinə gərək idi? – Millisent belə deyirdi.
 
O belə deməklə nəyə him eləyirdi? Yox-yox, ağlınıza başqa, pis heç nə gəlməsin. Burada heç puldan-dolanışıqdan da söz getmir. Onun deməyi bu idi, Dorri və Albert Bek bacı-qardaşlarının birgə yaşadıqları evdə, onları birbirinə bağlayan çox güclü istiqanlıq, doğmalıq duyğuları var idi; ancaq bütün bunlar,–onların yoxsulluq, pintilik içində keçən yaşamlarında Dorrinin yalqızlıqla üz-üzə qaldığı çağlaracan belə olmuşdu. Çox götürqoylu, çox da gözüaçıq olan Millisent bir sıra olaylara yanaşanda nədənsə kövrək duyğulara qapılmağı sevərdi. O bu yaşında da, cinsi istəklərə bulaşmamış sevginin varlığına inanmaqda idi.
 
Millisentin düşüncəsinə görə,–o buna ürəkdən inanırdı!–Dorri Bek gəlmə adamı stol arxasında çəngəl-bıçağı düzgün işlədə bilməsi ilə özünə vurğun eləmişdi. Elə o gəlmə adam da, çəngəl-bıçağı eyni ilə Dorri kimi işlədirdi. Dorri həmişə çəngəli sol əlində tutar, bıçaqla isə ancaq yeməyi doğrayardı. Burada təəccüblü heç nə yox idi: o gəncliyində Uitbi kollecində oxumuşdu. Bunun üçün, atasından irs olaraq qalan pulları sonadək xərcləyib kolleci bitirə bilmişdi. Elə bu kollecdə o, gözəl xətlə yazmağı da öyrənmişdi, görünür, onun belə gözəl xəttinin olmasının da onların evlənməsində böyük önəmi olmuşdu, necə olsa da, onlar bu gəlmə adamla ancaq bir dəfə üz-üzə görüşmüşdülər, onların bundan sonrakı bütün ilişkiləri ancaq yazışma ilə olmuşdu. Millisent–bu qadın kollecinin adı olan Uitbi sözünə bərk vurulmuşdu, haçağsa öz qızını da oxumaq üçün bu kollecə göndərə bilmək onun ən böyük umacaqlarından biri idi. 
 
Millisent də oxumuş qadın idi. O məktəbdə müəllimə işləmişdi, ərə də çox elə tez getməmişdi. Özündən ondoqquz yaş böyük olan Porterə ərə gedənə kimi, onunla gerçəkdən evlənmək istəyən iki vurğun kişini özündən uzaqlaşdırmışdı; birincisini, anasının xasiyyəti dözülməz olduğuna görə, ikincisini isə, hər dəfə onunla öpüşəndə dilini Millisentin ağzına soxmaq istədiyinə görə yola salmışdı. Porterin üç ferması vardı, o toylarından öncə, evliliklərinin birinci ilindəcə Millisent üçün Vanna otağı düzəldəcəyinə, sonra isə yanında kresloları olan divan alacağına söz vermişdi. Toy gecəsi isə Millisentə demişdi:
 
–Hə, indən belə gərək acı taleyin qarşına çıxaracağı gözlənilməzliklər ilə barışmağa çalışasan.
Millisent onun bu sözü pis anlamda demək istəmədiyini bilirdi.
 
Onlar 1933-cü ildə evlənmişdilər. 
 
Millisent, demək olar, biribirinin ardınca üç uşaq doğmuşdu, ancaq üçüncü uşağı doğandan sonra o tez-tez xəstələnməyə başlamışdı. Porter də onun belə qadın heysizliyinə düşməsinə anlaşıqlı yanaşmış, bacardıqca onunla yaxınlıq eləməkdən çəkinməyə başlaşmışdı.
 
Beklərin yaşadıqları ev Porterin torpağında yerləşirdi, ancaq onların evinin yerləşdiyi bu torpağı Porter onlardan birbaşa satın almamışdı. O bu evin də üstündə yerləşdiyi torpağı, Albertlə Dorrinin öz torpaqlarını satdıqları başqa birisindən almışdı. Ona görə də, Albert və Dorri Beklər, demək olar, özlərinin ata-baba evlərində kirayənəşin kimi yaşayırdılar. Ancaq onlar bunun üçün pul ödəmirdilər, heç Porter də onlardan pul istəmirdi. Bunun qarşılığında isə, Porter çox ağır bir iş görməyə başlasaydı, Albert ona günlərlə bu işdə köməklik eləyərdi; tutalım, ambarın döşəməsinə beton tökəndə, yaxud da otu samanlığa yığanda, Albert bu işlərə qoşulub ürəklə işləyərdi. Dorri də hansısa bir işin qulpundan yapışmağa çalışar, Millisent doğanda, ya da evdə yır-yığış eləyəndə onun işlərinə əl yetirərdi. Dorri fiziki baxımdan çox güclü olduğundan, kişi işlərini də görməyə gücü çatardı: mebelləri yerindən tərpətmək gərəkəndə, yaxud pəncərənin ağır çərçivələrini çıxarıb yenidən yerinə qoyanda, o bunları təkbaşına eləyərdi. Hansısa ağır işə başlamazdan öncə–tutalım, hansısa otağın divar kağızlarını qoparmaq gərəkəndə,–o, öyrəncəsi üzrə, çiyinlərini dikəldər, sevinc duyulan bir görkəmlə dərindən köksünü ötürər, sonra işə başlardı. Dorri çox irigövdəli, həm də güclü idi, yoğun ayaqları vardı; şabalıd rəngli saçlarının bürüdüyü utancaqlıq duyulan üzündə qırmızımtıl çillər gözə dəyirdi. Yaxınlıqda yaşayan bir fermer nəyə görəsə götürüb öz atının adını Dorri qoymuşdu.
 
Dorri, Millisentin evində ürəkdən yıryığış eləməyə çalışsa da, öz evində işləməyi sevməz, evi həmişə törtöküntü içində olardı. Onların Albertlə birgə yaşadıqları ev–qardaşının ölümündən sonra o burada tək yaşayırdı,–çox böyük, içərisi geniş olsa da, döşənəcəksiz və mebelsiz idi. Ancaq nədənsə, Dorri evlərindən danışanda keçmişdən qalma mebelləri xatırlamağı sevərdi: palıddan düzəlmə bufetdən, anasındanqalma paltar dolabından, ayaqlarının başlığında qoza oxşayan yumruları olan çarpayıdan danışardı. Ancaq elə bunun ardınca da deyərdi: “Hamısı dəyər dəyməzinə satılıb sovuldu”. Onun dodaqlarından bu “dəyər dəyməzinə satılıb sovulmaq” sözü, hansısa gözlənilməz bir fəlakətin gəlməsi kimi səslənərdi, tutalım, hansısa tufanla birlikdə gələn daşqın kimi: belə bir durumda isə, sözsüz, insanın əlindən dayanıb baxmaqdan başqa bir iş gəlmir, bütün bunlar qaşısıalınmaz olduğu üçün deyinməyə də, yanıb yaxılmağa da dəymir. Evdə nə bir xalı, nə bir şəkil qalmışdı. Divarda, haçağsa Albertin işlədiyi “Nannların ərzaq satışı” firmasının reklam-təqvimindən başqa heç nə gözə dəymirdi. Evdə, adamın görməyə alışdığı avadanlıqların yerinə isə, gözün öyrəşmədiyi–tələlər, tüfəng, evdovşanı və ondatra dərilərini tarıma çəkmək üçün taxta lövhələr gözə dəyirdi, bu isə otaqların yaşamaq üçün yox, ancaq işləmək üçün olduğu anlamına gəldiyindən, evdə dərin yır-yığış aparmağı da anlamsız eləyirdi. Bir dəfə Millisent onların evinə gələndə, ikinci mərtəbəyə qalxan pilləkənin meydançasında bir yığın it pisliyi görmüşdü. Bu yığın təzə deyildi, ancaq hələ tam qurumadığından iylənirdi, sonradan bu pisliyi kimsə yığışdırmadığından yay boyunca rəngi qəhvəyidən boza çevrilmiş, daşlaşmışdı, daha qoxusunu da itirmişdi; Sonradan Millisent özü də başında dolanan belə bir düşüncəyə mat qalmışdı: bir anlığına ona elə gəlmişdi, belə bir evdə bu sayağı it pisliyinin olmasında təəcüblü heç nə yoxdur. 
 
Bu pisliyi labrador cinsindən törəyən Delayla adlı qancıq it törətmişdi. Delayla maşınların ardınca hürərək qaçmağı çox sevərdi, elə günlərin birində də bu maşınların birinin altında qalıb gəbərmişdi. Albertin ölümündən sonra Delaylanın da, elə Dorrinin də başlarında biraz çaşqınlıq yaranmışdı. Ancaq onlar özləri bunu sezmirdilər. Artıq kiminsə işdən gələcəyini gözləmədiyindən, Dorrinin şam yeməyini də vaxtında hazırlamaq kimi bir qayğısı qalmamışdı. Kirli kişi paltarları olmadığından, ardıcıl olaraq paltar yumaq qayğısı da yox idi. Evdə danışmağa kimsə olmadığından Dorri indi Millisentlə, ya da onunla birgə həm də Porterlə laqqırtı vurmağa başlamışdı. O Albertdən, onun işindən danışardı: Albert “Nannların ərzaq satışı” firmasında kiçik furqonlu maşında işləyirdi, sonra isə elə bu firmanın mallarını bütün ştat boyunca böyük yük maşını ilə daşımağa başlamışdı. Albert də kollecdə oxumuşdu, özü də pis oxumamışdı, ancaq Birinci Dünya müharibəsindən qayıdandan sonra sağlamlığı pozulduğundan, günün çoxunu təmiz havada keçirməyə yol verən bir iş axtarmışdı; beləliklə də o, ərzaq satışı üzrə firmada  sürücülük işinə düzəlmiş, ölənəcən də maşın sürmüşdü. O yük daşımaqdan sonra qalan boş vaxtlarında, yanyörəsindəki insanlarla qaynayıb qarışmağı sevərdi. İşi düşən tanışlarını maşını ilə şəhərdə gərəkən yerlərə aparar, xəstəxanada yatan yoldaşlarını sağalanda evlərinə gətirərdi. İşlədiyi firmanın daimi alıcısı olan bir ağıldan çaşqın qadın günlərin birində az qala onu öldürəcəkmiş; bir dəfə onun üçün gətirdiyi ərzaqları boşaldanda, birdən arxaya dönüb qadının əlindəki baltanı onu başına endirmək istədiyini görmüşdü, Albertin baltadan yayındığını görən qadın isə, hikkəsindən, baltanı yaxınlıqdakı qutuya endirib ondakı yağı yerə calamışdı. Ancaq bu olaydan sonra da Albert onun üçün ərzaq daşımaqdan çəkinməmişdi. Onun bu qadınla bağlı polisə xəbər verməyə də ürəyi yol verməmişdi, belə etsəydi, qadını dəlixanaya sala bilərdilər. Qadın isə daha onun üstünə balta çəkməkdən əl götürmüş, ancaq hər dəfə onu, üstünə şübhəli görünən bitki tumu səpilmiş kekslərə qonaq eləməyə başlamışdı, o isə biraz aralanan kimi, ilk döngədəcə, bu keksləri yanından keçdiyi otluğa atırmış. Başqa qadınlar, belələri az deyilmiş, onun qarşısına çılpaq çıxırlarmış. Birisi isə mətbəxin ortasında çimdiyi təknədən qalxıb onu qarşılayıbmış, Albert isə aşağı əyilərək, gətirdiyi ərzaq bağlamasını onun ayaqları altına qoyubmuş. 
 
–Gör necə əcaib insanlar varmış!–Dorri bunları danışdıqca heyrətlə səslənərdi.      
 
Daha sonra o, Albertin ərzaq daşıdığı bir subay kişidən danışırdı, bu adamın evində siçovullar qaynaşırmış; o ərzağı onlardan qorumaq üçün torbaya yığıb tavanın tirindən asırmış. Ancaq siçovullar da bic imişlər, onlar tavanın tirinə dırmaşaraq, oradan torbanın üstünə sıçrayır, caynaqları ilə torbanı didib ərzaqları yeyirmişlər, sonunda bu yazıq subay yatanda ərzağı çarpayıda bağrına basıb yatmalı olurmuş.
 
–Albert həmişə deyirdi, gərək yalqız adamların durumuna acıyasan,–Dorri belə deyirdi, ancaq sanasan, indi özünün də yalqız olduğunu, bu sözlərin özünə də aid olduğunu unudurdu.
 
Albertin iş başında ürəyi dayanmışdı. Ancaq o, ölümündən öncə maşını yolun qırağına sürüb saxlamağı çatdıra bilmişdi. O çox axar-baxarlı bir yedə ölmüşdü: yolun qırağı ilə göz yaşı kimi dumduru bir irmaq axırdı, onun yatağı boyunca isə, qara oduncaqlı palıd ağacları sıralanmışdı.
 
Birdən Dorrinin öz soylarının keçmişi ilə bağlı Albertdən eşitdiyi olaylardan danışmağı da olurdu. Onların ulu babalarından iki qardaşın çayla üzüb meşəlik bir yerdə, yırtıcı heyvanların çevrəsində necə sudəyirmanı tikdiklərini danışardı. Orada heç indi də yaşayış yoxdur, ancaq onların tikdikləri bəndlə dəyirmanın uçuqları indiyədək də qalıbdır. Onlar burada böyük bir ev tikibmişlər, Edinburqdan oraya mebel daşıyıb gətiribmişlər, ancaq bu fermadan onların heç bir qazancı yox imiş, bu necəsə onların əyləncəsi imiş. Bax onlardan qalma mebellər bu evə də gəlib çıxmışdı, sonradan da yavaş-yavaş dəyər-dəyməzinə satılmışdı. Dorrinin deməsinə görə, bu mebelləri Horn burnunun yanından fırlanıb, Huron gölündən keçərək, çay ilə gətirmişdilər. Ah, Dorri, Millisent demişdi, bu ola bilməz. Sonra da məktəb illərindən qalma köhnə coğrafiya kitabını gətirib Dorrinin yanıldığını ona göstərmişdi. Demək, onda orada hansısa kanal varmış, Dorri tərslik eləmişdi. Mən yaxşı xatırlayıram, Albert onların hansısa kanaldan keçib gəlməyindən də söz açmışdı. Yoxsa Panama kanalı imiş? Çox ola bilsin bu, bu Eri kanalı olub, Millisent demişdi. 
 
–Düzdür,–Dorri razılaşmışdı.–Horn burnunun yanından ötərək, Ern kanalı ilə üzüb keçiblərmiş. 
 
–Kim nə deyir desin, Dorri əsil ledidir,–Millisent, günlərin birində Porterə demişdi; o isə razılaşaraq susmuşdu. O xanımının insanlarla bağlı belə kəskin buyuruqlar verməsinə artıq alışmışdı. 
 
–O bir qadın kimi Müriel Snounu azı yüz xal qabaqlayır,–Millisent özü öz sözünə qüvvət verərək, Dorrini özünün ən yaxın bacılığı ilə tutuşdururdu.–Mən Müriel Snounu ürəkdən sevirəm, ancaq Dorrinin ondan üstünlüyünü də deməkdən çəkinmirəm. 
 
Porter öz xanımından belə sözlər eşitməyə alışmışdı: “Mən Müriel Snounu ürəkdən sevirəm, onu kimsənin ayağına vermərəm”. “Mən Müriel Snounu sevirəm, ancaq bu heç də o demək deyil, onun bütün elədiklərini doğru sayıram”. 
 
Müriel Snou, çox yaman siqaret çəkərdi, deyərdin lap paravoz tüstüləyir. Danışığı da çox qaba idi: “allahın yanına dırmaşasan”, “şalvarını doldurdu”, Az qala şalvarımı batırmışdım”, habelə bunun kimi bayağı sözlər işlədərdi.
 
Millisent heç də birdənbirə Mürieli özünə ən yaxşı bacılıq seçməmişdi. Ərə getdiyi ilk illərdə o, toplumun yuxarı qatlarından olan qadınlarla ilişkilər qurmağa çox çalışmışdı. Vəkillik eləyən missis Nesbitlə, həkim işləyən missis Finniqanla, missis Daudla yaxınlaşmağa çalışmışdı. Ancaq onlar, kilsədəki qadın komitəsinin bütün ağır işlərini ona gördürsələr də, onu heç evlərinə çay içməyə də çağırmamışdılar. Millisentin onlarla görüşü komitənin yığıncaqlarından qırağa çıxmamışdı. Sonra özü bunun niyəsini anlamışdı: burada onun əri Porterin neçə fermasının olması önəmli deyildi, onlar Millisentə fermer arvadı olduğu üçün yuxarıdan aşağı baxırdılar. 
 
Millsent qızı Betti-Cinə fortepianoda çalmağı öyrətmək üçün müəllim axtaranda Müriellə tanış olmuşdu. Müriel musiqi müəllimi idi. O məktəbdə də işləyər, evlərdə də musiqi dərsi deyərdi. Onda çox ağır illər idi, o da ağ eləməzdi, hər dərs üçün vur-tut iyirmi sent götürərdi. Bundan başqa da o, kilsədə orqan çalar, tez-tez ayrı-ayrı xorları çalışdırardı, ancaq bunlara görə pul almazdı. Onlar Millisentlə elə doğmalaşmışdılar, çox keçmədən Müriel onların evində Dorridən heç də az olmayaraq görünməyə başlamışdı, ancaq onun burada Dorridən seçilən öz ayrıca yeri var idi. 
 
Mürielin yaşı otuzu keçsə də indiyədək ərdə olmamışdı. Ərə getməklə bağlı o, açıq-saçıq, zarafatla, biraz da gileyli danışardı, bu konuda ən çox Porterin yanında söz açardı.
 
–Porter, başa düşə bilmirəm, necə ola bilər sənin tanışlarının arasında mənə evlənəcək birisi tapılmasın?–o soruşardı.–Mənim işimə yarayan bir kişi axtarıb tapsana.
 
–Tapmağına taparam,–Porter dillənərdi,–ancaq qorxuram onları sənə bəyəndirə bilməyəm.
 
Yay tətilində Müriel Monreala, bacısının yanına gedərdi, bir dəfə isə heç vaxt üzünü görmədiyi, ancaq məktublaşdığı, əmiqızısı ilə əmioğlusunun yanına, Filadelfiyaya da getmişdi. Oradan qayıdan kimi ilk sözü orada gördüyü, tanış olduğu kişilərdən olmuşdu. 
 
–Bilsəniz necə qorxunc idi! Oralarda çox gənc yaşlarında evlənirlər; hamısı da ucdantutma katoliklərdir, arvadları onlar üçün ara vermədən uşaqlar doğurlar, heç doğuşdan öləni də olmur. Mənim üçün axtarıb bir ər tapmışdılar, ancaq elə ilk görüşdəncə mənimlə onun xasiyyətinin uyuşmayacağını anladım. Bilirsiniz necəydi, bu yaşında hələ də özünü ana uşağı kimi aparırdı. Bir başqası ilə tanış oldum, onda da çox böyük bir çatışmazlıq tapdım. Bu adam ayaq dırnaqlarını tutmağı sevmir. Baxırsan, ayaqlarında elə bil uzun, sarı caynaqları var! İndi siz məndən onun çılpaq ayaqlarını harada gördüyümü soruşmayacaqsınız, deyilmi?
 
Mürielin bütün paltarları göy boyalı olardı, ancaq göy boyanın çoxlu çalarlarını seçməyi də bacarardı. Qadın gərək onun üzünə yaraşan paltar seçməyi bacarsın, yoxsa paltar ancaq elə əyini örtmək üçün deyil, bu onun sözləri idi. Paltar da elə ətir kimidir. Bu sizin varlığınızın ən önəmli göstəricilərindən biridir. Çoxları elə düşünür, göy boyalı paltar sarışınlara yaraşır, ancaq belə deyil. Göy paltarda sarışınlar solğun görünürlər, bu onların görünüşünü korlayır. Göy boyalı geyimlər ən çox Müriel kimi dərisi istiyə dözümlü olan qadınlara yaraşır; belə dərilər gün işığında qaralanda da bu qaraşınlığını ilboyu itirmir. Göy boya şabalıdı saçlı, qonur gözlü qadınlara daha çox yaraşır–yəni Müriel kimi qadınlar üçündür. O paltar almağa heç vaxt pul əsirgəməzdi–əyni üçün qızırğanmağı axmaqlıq sanardı. Dırnaqları həmişə çox parlaq, tez gözə çarpan lakla boyanardı: bu laklar ərik, qanqırmızı, ya da qızılı rənglərdə olardılar. Balacaboylu, yumrubədənli olsa da, ardıcıl fiziki çalışmalarla belinin incəliyini qoruyub saxlaya bilirdi. Onun boynunun ön tərəfində–boğazının sinəsinə birləşdiyi yerdə, elə bil, gözəgörünməz bahalı boyunbağısının bir bahalı daşı kimi görünən xalı vardı, başqa bir xalı isə gözünün küncündə olub, donub qalan göz yaşını andırırdı. 
 
–Sənə “yaxşı görünürsən” demək azdır, sənə gərək “necə də sevimlisən” deyəsən,–bu sözləri bir dəfə, heç özü də özündən gözləmədən, Millisent demişdi.
 
Sonra dediyi sözdən özünü itirib qızarmışdı: deyəsən, lap uşaq kimi danışıram.
 
Müriel də yüngülcə qızarmışdı, ancaq bu, eşitdiyi söz döşünə yatdığı üçün olmuşdu. O öyülmək üçün çalışmış, istədiyini ələ gətirə bilmişdi. Bir dəfə Uollinə konsert verməyə gedərkən o, yolüstü, özünü Millisent ilə Porterə göstərmək üçün qaçıb gəlmişdi.
 
Onun əynində, dalğalandıqca, özü-özündən işıq saçırmış kimi görünən gözəl göy donu vardı.
 
–Bu gördüyünüz hələ hamısı deyil, indilikdə əynimdə nə varsa təzədir, hamısı da ipəkdəndir.
 
Demək olmaz, o özünə kişi tapa bilmirdi. O özünə yaraşan kişiləri çox tez-tez tapırdı, ancaq bu kişilərdən heç biri onu öz evinə qonaq çağıra bilmirdi. O başçılıq elədiyi xorla başqa şəhərlərə gedəndə də özünə gərəkən kişiləri  axtarıb tapmağa çalışırdı. Birdən Torontoya öz yetirmələrindən birinin verdiyi fortepiano konsertlərinə gedəndə də bu onun yadından çıxmazdı. Musiqidən dərs dediyi uşaqların evlərində də bu axtarışlarından qalmazdı. Orada üzləşdiyi əmilərin, ataların, babaların arasından gələcək ərini tapmağa çalışardı; ancaq onlardan heç biri onu ötürəndə Mürielin evinə gəlməzdilər, onu maşından düşürüb əl eləyər, çıxıb gedərdilər–biriləri bunu çəkingənliklə, başqaları utanmadan eləyərdilər–bütün bunların niyəsi isə onların evli olmaqları idi. O birdən oturub düşünərdi: onlardan hansınınsa arvadı yataq xəstəsi ola bilməzdimi? Yaxud içki düşkünü, dözülməz bir ifritə olsa? Bunlar ola bilərdi. Ancaq onların çoxusu öz arvadlarından danışmağı heç sevməzdilər, elə bil, qadınla yox hansısa bir qarabasma ilə yaşayırdılar. Bu kişilər onunla başqa şəhərlərdəki musiqi yığıncaqlarına gedəndə belə, bunu musiqini sevdikləri üçün elədiklərini deyərdilər. Ya da onunla başqa şəhərə gedə bilmək üçün musiqi yarışmasına gedən uşaqlarının kiçik olduğunu deyib, ancaq elə buna görə onunla yoldaşlıq elədiklərini vurğulamağa çalışardılar. Uzaq şəhərlərdə onlar Mürieli günorta yeməyinə qonaq  eləməyi sevərdilər. Müriel onlara “dostlarım” deyərdi. Millisent də bu işlərində onu doğruya çıxarmağa çalışardı. Burada pis nə vardı axı, hər şey adamların gözü önündə deyildimi? Ancaq bu ilişkilərin az qala hamısı pis bir sonluqla bitərdi. Görürdün, günlərin birində, onların xanımları zəng eləyib dedilər: “Missis Snou, bizi bağışlayın, daha uşağa musiqi öyrətmək istəyimizdən daşınmalı olduq”. Birdən heç bu zənglər də olmazdı. Kişilər öncədən razılaşdırılmış görüşə gəlib çıxmazdılar, onlara göndərilən xatırlatma məktubunu cavabsız qoyardılar, bununla da hər şeyi unutmaq gərəkərdi. 
 
–Mən axı onlardan çox şey də istəmirəm,–Müriel deyinərdi.–heç olmasa dost olaraq qalsınlar. Yoxsa görürsən, ömürlük, dönməz bir dost olacaqlarına and içirlər, azca bir qanqaraldıcı durum yaranan kimi izsiz-soraqsız yoxa çıxırlar. Anlamıram, nə üçün belə eləyirlər?
 
–Sən bunu başa düşməlisən, Müriel,–bir dəfə bununla bağlı Millisent ona demişdi,–arvad başqasının ayağına verilə bilməz. Dostluq eləmək yaxşıdır, ancaq evlilik bundan yuxarıda dayanır. 
 
Bu sözlər Mürieli özündən çıxardı. Deməli, Millisent onu buracan əskik birisi sayır? Doğrudanmı, Mürielin bir anlığına da olsa belə, heç bir pis anlamı olmayan əyləncəyə qapılmasına o belə pis yanaşır? Qapını çırpıb gedəndə o, bilərəkdən, qapının ağzında əkilmiş gülləri tapadayaraq öz maşınına sarı atılmışdı. Bu olaydan bir sutka keçmiş Millisentin üzü ağlamaqdan şişib qızarmışdı. Ancaq bu küsülülük uzun sürmədi. Ertəsi gün Müriel göz yaşları içində qayıdıb gələrək, bağışlanmaq dilədi.
 
–Mən özümü lap dəli kimi apardım,–o bunu deyib, qonaq otağına keçərək, pianinonun arxasında oturub çalmağa başladı. 
 
Müriel dinib danışmayanda da Millisent onu başa düşürdü. Mürielin qanı durulanda, bu onun özünə yeni dost tapması demək idi, o, incə, qüssəli mahnılar çalırdı, tutalım, “Meşə çiçəklərini” yaxud da beləsini:
 
 
Onun əynindəki kişi geyimlərindən
 
Ah necə, sadəlik, gözəllik yağır... 
 
 
Ancaq Müriel küskün olanda pianinonun dillərini təbil kimi döyəcləyib, “Gözəl Dandi” sayağı gülməli mahnılar oxuyardı:
 
Başı bədənindən ayrı
Düşənəcən bu kralın,–
Belə dedi Kleyverhaus,–
Gərək çoxlu qanlar axsın.
 
 
Millisent arasıra tanışları üçün şam yeməyi qonaqlığı düzəldərdi(ancaq o, Finneqan, Nesbit, Daud kimi ona saymazyanalıq göstərən tanışlarını bu şam yeməyinə çağırmazdı), onda Dorri ilə Mürieli də bu şam yeməklərinə çağırardı. Şam yeməyi bitəndən sonra Müriel pianinoda çalar, Dorri isə şamdan sonra ona qab-qaşığı yumaqda yardım eləyərdi. 
 
Bazar günlərinin birində, Albertin ölümündən iki il sonra, Millisent yerli ingilis kilsəsinin keşişini şam yeməyinə qonaq çağırmış, bu yaxınlarda ona qonaq gəlmiş dostunu da özüylə gətirməyi xahiş eləmişdi. Keşiş subay olsa da, Müriel artıq çoxdan ondan əlini üzmüşdü. Nə ətdir, nə balıq, Müriel onu belə dəyərləndirirdi. Buna görə hayıfsılanırdı da. Millisent bu keşişi, ən çox da onun səsini çox bəyənirdi. Millisent ingilis kilsə inancına uyğun olaraq böyümüş, ancaq əri Porter(şəhərin bütün adlı-sanlı adamları kimi) uniat kilsəsi ilə bağlı inanca tapındığından, o da sonradan ərinin inancına keçmişdi, ancaq yenə də ingilis kilsəsi ilə bağlı inanc onun daha çox xoşuna gəlməkdə idi. Gecə ibadəti, kilsə zənglərinin səsi, xorla oxumaq, dəhlizi dua oxuyaraq keçmək–bütün bunları, başqa inanclarda olan ayinlərdəki kimi, basabasla içəri doluşub oturacaqlarda oturan kütlə ilə yanaşı qoymaq olardımı? Hələ bu gözəl sözləri deməkdən yaşadığın kövrək duyğular: “İlahi, biz yazıq günahkarları bağışla. Öz günahlarını boynuna alanları yamanlıqlardan sən özün qoru, İlahi. Tövbə edənlərə sonsuzlaradək sürəcək ömür ver. Sənin sözün ilə...”
 
Porter də öz inancı ilə bağlı olan kilsəyə gedərdi, ancaq burada baş verənləri heç bəyənməzdi.
 
Bu şam yeməyinə çox ciddi hazırlaşırdılar. Üstü naxışlı bahalı ipək süfrəni, gümüş salat qaşıqlarını, əl işi olan, üstündə bənövşə şəkli çəkilmiş, qara desert boşqablarını ortaya çıxarmışdılar. Süfrəni ütüləmək, gümüş qaşıqları təmizləmək gərəkirdi, ancaq Millisent, təmizləndikdən sonra da gümüş qaşıqların üstündə ləkə qalacağından, çəngəllərin dişlərindəki boz ərpin sonacan itməyəcəyindən, toy cehizi olan çaynikin boğazındakı sarı ləkələrin gözə çarpacağından qorxurdu. 
 
O günü ertədən Millisentin ürəyində birbiriylə didişən ikili duyğular yer almışdı: həyəcanla məmnunluq, ümidlə, inamsızlıq duyğuları onu üzüb əldən salırdı. Həyəcanlanmağa isə dəyərdi. Birdən bavariya resepti ilə düzəltdikləri marmelad qatılaşmadı?(O çağlar hələ soyuducu olmadığından, yay aylarında ərzaqları zirzəmidə saxlayırdılar.) Birdən biskivit gərəkən qədər şişmədi? Birdən şişdi, ancaq quru alındı? Birdən peçenye kiflənmiş un iyi verər, salata böcək düşər? Artıq saat beşdə Millisent başını elə itirmiş, elə bir uçunmaya düşmüşdü, mətbəxdə onun yanında qalmaq dözülməz olmuşdu. Müriel ona kömək eləmək üçün vaxtından qabaq gəlmişdi, ancaq Millisent onun kartofu incə doğraya bilməmisindən acıqlanmışdı, sonra da o, yerkökünü bıçaqla didəndə əlini yaralayıb ev yiyəsinin qanını biraz da qaraltmışdı; bundan sonra Millisent onun əlindən iş gəlmədiyini deyib, Mürieli pianinoda çalmağa göndərmişdi.
 
Müriel özünün firuzə rəngli krepdən olan donunu geyinmiş, çox sevdiyi ispan duxisi ilə ətirlənmişdi. Keşişdən bir adaxlı olaraq əlini üzsə də, ancaq onun qonağını hələ görməmişdi, nə bilmək olardı, birdən nəsə alındı? O belə uzaq yolçuluğa çıxıbsa, çox ola bilsin ya subaydır, ya da dul kişidir. Görünür həm də varlıdır, yoxsa belə uzaqlara gəlib çıxa bilməzdi. Biriləri onun İngiltərədən, bir başqaları isə Avstraliyadan gəldiyini deyirdilər. 
 
Müriel pianinoda Borodinin “Knyaz İqor” operasından “Qıpçaq rəqslərini” çalmağa başladı.
 
Dorri gecikirdi. Elə işlərin belə başayaq olması da buna görə idi. Ət sousunu yenidən zirzəmiyə düşürməli oldular, yoxsa jele əriyə bilərdi. Biskviti peçdən çıxardıb qırağa qoydular, biraz da qalsa quruyardı. Kişilər üçlükdə artırmada oturub açıq havada qəlyanaltı eləyir, köpüklü limonad içirdilər. Millisent hələ ata evində içki düşkünlüyünün necə acı sonluqla qurtardığını görmüşdü–onun on yaşı olanda atası içkidən partlayıb ölmüşüdü–ona görə də, o toylarından qabaq Porterin boynuna bir də heç vaxt spirtli içki içməyəcəyini qoymuşdu. O, sözsüz içkini büsbütün atmamışdı, onun həmişə ambarda gizli yerdə daldaladığı çaxır butulkası olardı, ancaq Porter içki içəndə arvadından uzaq gəzib dolanardı, ona görə də, Millisent onun içməməklə bağlı verdiyi sözün üstündə dayandığını sanmaqda idi. Bu, o çağlarda fermerlərin hamısı üçün sınanmış bir yol idi: onlar ambarda gizlincə içər, ancaq evdə özlərini ayıq göstərməyə çalışardılar. Burası da var, arvadları onlardan içməməyi tələb eləməsələr, çox ola bilsin, bu kişilərin bir çoxu özlərini içki düşkünü olmaqdan saxlaya bilməzdilər. 
 
Müriel bədənini gözə çarpdıran donunda, dikdaban ayaqqabılarında artırmaya gələndə, kişilərin içdiyi limonadı görüb sevinclə səsləndi:
 
–Oy, nə yaxşı, burada mənim sevimli içkim varmış! Cin qatılmış limonu çox sevirəm!–Ancaq limonadı dadan kimi, üzünü turşudub, Porterə dedi:–Sən yenə öz bildiyini eləyirsən, eləmi? Yenə cin almağı unutmusan demək! 
 
Bundan sonra Müriel keşişi qıcıqlandırmağa başlayıb, ondan üstündə gəzdirdiyi, içki dolu qumqumanın yanında olub olmadığını soruşdu. Keşiş də ya qadına olan sayğısından, ya da darıxmaq ucbatından, özünü çaşdırıb, qumqumasının burada olamamasından təəsüfləndiyini dedi. 
 
Bu an keşişin arxadaşı Müriellə tanış olmaq üçün ayağa qalxıb yaxınlaşdı. O ucaboylu, arıq, sarı-qüssəli üzü qırışlarla dolu olan birisi idi. Müriel onu valeh eləyə bilməmişdi. Müriel qonaqla yanaşı oturub onu danışığa tutmağa çalışdı. Özünün musiqi dərslərindən danışaraq, yerli çalıb oxuyanları ələ salmağı da unutmadı. İngilislərə də ilişməkdən çəkinmədi: bazar günü məktəbində verdiyi konsertdə ingilisdilli aparıcının onun Şopendən musiqi etüdləri çalacağını deyəndə–bəstəkarın adını “Çoppin” kimi səsləndirdiyini xatırlayıb güldü. 
 
Porter bu danışıqların gedişində işlərini görməyi də çatdırırdı, gedib yuyunub-daranmış, kostyumunu geyinmişdi, ancaq aradabir gözünü ambara sarı dikib baxır, elə bil, orada hansısa bir işini yarımçıq qoyduğu üçün darıxırdı. Yaxınlıqdakı örüşdə otlayan inək bərkdən böyürməyə başladı, böyürtünün kəsilmədiyini görəndə Porter qonaqlardan üzr istəyib, nə baş verdiyini öyrənməyə getdi. Sən demə buzov məftil çəpərdən keçmək istəyərkən ilişib qalmış, sonra isə dartınanda yıxılmış, məftillərdən  asılaraq boğulub ölmüşdü. Porter geri qayıdıb əllərini yudu, ancaq buzovun ölməsini danışıb qanqaraçılıq salmaq istəmədi. “Buzov çəpərə ilişib qalmışdı”–ancaq elə bunu deməklə yetindi. O öz ürəyində istər-istəməz bu itkini bugünkü şam yeməyiylə bağladı, bütün bunlara görə iş-gücünü atıb, bəzənib oturmalı olmuşdu, özü də bu nədir?–yeməyi də boşqabları dizlərinin üstünə qoyub yeyirdilər. Heç insana yaraşan şam yeməyi deyildi bu. 
 
–İnəklər balaca uşaqlardan artıq ərköyün olurlar,–Millisent dilləndi.–Bir də görürsən başının bərk qarışdığı yerdə şıltaqlıqları tutur!–Onun balaca uşaqları artıq yemək yemiş, yörəsinə taxta çəpər çəkilmiş uşaq çarpayılarında orurub, mətbəxdən böyüklər üçün daşınan yeməkləri baxışları ilə süzürdülər.–Dorri yaman gecikdi, gəlin biz onsuz başlayaq. Kişilər yəqin indi acından ölürlər. Heç olmasa açıq havada bir tikə yemək yeyək. Biz arasıra, bazar günləri, beləcə açıq havada şam eləməyi sevirik.
 
–Başlayaq, başlayaq!–artırmada qoyulmuş masaya yemək daşımağa kömək eləyən Müriel bərkdən səsləndi. Stolun üstünə kartof, yerkökü salatları, sous, kələm salatı, ədviyyat vurulmuş yumurta, soyutma toyuq, qızıl balıq ətindən qutab, qızdırılmış biskvit, hər cür ədviyyatlar düzülmüşdü. 
 
Hər şeyi yenicə düzüb qurtaranda, evin tinindən, yeyin yeridiyindənmi, yoxsa həyacandanmı, tövşüyərək gələn Dorri göründü. Onun əynində ağ xalları olan göy parçadan tikilmiş, ağ yaxalıqlı yay donu vardı,–belə paltarları ya azyaşlı qızlar, ya da qoca qarılar geyinirlər. Yaxalığının üstündə addabudda sallanan sap qırıqları gözə dəyirdi: görünür, yaxalığa bərkidilmiş krujeva qopduğundan, Dorri onu yenidən tikməkdənsə, qoparıb atmağı üstün tutmuşdu, hava çox isti olsa da üst donunun qollarının birindən alt donunun qolunun ucu görünürdü. Tələmtələsik mazlanmış ağ ayaqqabıları, yeridikcə, otların üzərində ağımtıl bir iz buraxırdı. 
 
–Mən gecikməzdim,–Dorri dedi,–bir vəhşiləşmiş pişik vardı, onu güllələməli oldum. Evimizin yanında veyillənirdi, özünü aparmağından quduz olduğunu anladım. 
 
Şam yeməyinə qonaq çağırıldığı üçün Dorri saçlarını isladaraq sancaqlarla bərkidib, dalğalandırmağa çalışmışdı. Belə saç düzümü və ənliklə qızartığı işıldayan yanaqları ilə o, başı farfordan, bədəni saman təpilmiş parçadan düzəlmə gəlinciyə oxşayırdı. 
 
–Qabaqca elə bildim pişik kürsəyə gəlib,–Dorri olayı anlatmağa başladı,–ancaq sonra gördüm buna oxşamır. Mən kürsəyə gələn pişikləri çox görmüşəm: onlar qarnı üstə sürünür, döşəmənin üstündə yumbalanırlar. Bunun isə ağzının suyu axırdı. Mən düşündüm, ən yaxşısı elə bunu gülləməkdir. Sonra onu torbaya salıb verdim Fred Nanna, xahiş elədim onu Uollidəki baytara aparsın. Bilmək istəyirəm, bu pişik doğrudanmı quduz idi, yoxsa yox, Fredə gəlincə o allahdan istəyir bir iş düşsün, maşınını harasa sürüb getsin, deyən kimi razılaşdı. Bu gün bazar günü olduğundan, ola bilsin, baytar evdə olmasın, Fredə demişəm onu evdə tapmasa torbanı evinin kandarında qoyub gəlsin. 
 
–Yaxşı, bu yazıq baytar haradan biləcək bu sovqatı ona kim göndərib?–Müriel soruşdu.
 
–Qorxusu yoxdur. Mən torbanın üstünə kiçik bir məktub yazıb bərkitmişəm. Ancaq onun ağzından su axmağını öz gözlərimlə görmüşəm.–Dorri barmağını ağzına aparıb pişiyin ağzından necə su axdığını göstərməyə çalışdı.–Bizim yerlər necədir, bəyənirsinizmi?–Dorri birdən gözlənilmədən artıq bu şəhərdə dörd ildir yaşayan, iki il öncə onun qardaşını dəfn eləmiş keşişə sarı dönüb soruşdu.
 
–Dorri, sən deyəsən biraz qarışdırdın, keşiş yox, mister Spirs bizim yerlərə ilk dəfə gəlib.–Millisent dilləndi.
 
Dorri sayğı ilə başını yelləyib qonaqla salamlaşdı, ancaq buraxdığı yanlışdan özünü itirmədi. O yenə danışmağa başlayıb, bu pişiyi öncə vəhşi pişik sandığını dedi, bunun da tükləri onlarınki kimi çox sıx imiş, vəşhi pişiklər də quduz olmayınca insanlara yaxınlaşmazlar. 
 
–Hər halda mən qəzetdə elan verəcəyəm, sözsüz, bu kiminsə ev pişiyidirsə, onda yazıqlar olsun. Mən bunun necə ağır itki olduğunu üç ay bundan öncə Delayla adında itciyəzimi itirəndə duydum. Onu maşın vurmuşdu. 
 
Çox iri gövdəli bir it olan Delaylaya bu “itciyəz” sözü heç yaraşmırdı, bu it gün uzunu Dorrinin yanında dolanardı, Dorri haraya getsə o da arxasınca qaçar, aradabir sevinirmiş kimi atılıb düşər, birdən də yolla keçən avtomibillərin arxasınca qaçıb hürərdi. Dorri Delaylanın ölümünə görə yasa batmamışdı; onun deməyinə görə itinin belə bir sonluqla öləcəyini çoxdan gözləyirmiş. Ancaq o indi Delaylanı “itciyəzim” adlandıranda Millisent Dorrinin öz itinə olan sevgisini də, onun ölümündən kədərləndiyini də, onlardan gizlətdiyini düşünməyə başladı. 
 
–Gəlin, öz boşqabınıza yemək qoyun, yoxsa biz indi hamımız acından yıxlıb öləcəyik,–Müriel mister Spirsə dedi.–Siz qonaqsınız. Gərək birinci siz başlayasınız. Birdən yumurtanın sarısı gözünüzə tünd dəysə qorxmayın sizi zəhərləməz, bu toyuqların yeminə görə belə olub. Salat üçün yerkökünü özüm didmişəm, elə ürəklə didirdim, coşqunluğumdan barmağımı da didməyə başlamışdım, birdən salatda qan görsəniz mənimki olduğunu biləsiniz. Yaxşısı susum, yoxsa Millisent indi məni öldürər. 
 
Millisent isə biraz acıqla gülüb, çımxırdı:
 
–Düz deyil! O əlini didib eləməyib!
 
Mister Spirs Dorri danışanda onun dediklərinə çox diqqətlə qulaq asırdı. Ola bilsin, elə buna görə də, Müriel özünü belə gözə çarpdırmağa çalışırdı. Dorrinin davranışları yəqin mister Spirsə çox qeyri-adi görünür, Millisent düşünürdü,–o öncələr belə bir, əlində tüfənglə gəzən, gördüyünü güllələyən, vəhşi kanadalı qadını heç yerdə görməyib. Görünür, Dorrinin danışdıqlarına həm də ona görə qulaq kəsilib, sonradan İngiltərəyə qayıdanda bunları tanışlarına danışıb onları əyləndirmək istəyir. 
 
Dorri yemək yeyəndə susurdu, özü də çox yeyirdi. Mister Spirs yeyəndə hər iki ovurdunu doldururdu, Millisent bunu sezib gülümsədi, bu qonaq deyəsən çox da elə danışmağı sevən adam deyildi. Danışığı qızışdıran keşiş idi: o yenicə oxuduğu “Oreqona gedən yol”1 adlı kitabdan söz açmışdı. 
 
–Necə ağır, qorxulu bir ömür sürürmüşlər!–keşiş dedi.
 
Millisent bu kitabla bağlı eşitdiyini dedi:
 
–Mənim Oreqonda qandaşlarım yaşayır, ancaq orada hansı şəhərdə yaşadıqlarını unutmuşam artıq,–o dilləndi.–Görəsən onlardamı ora bu yolla gəliblər?
 
–Bu yolla gəliblərsə, onda bu haradasa yüz il bundan öncə baş verib,–keşiş dedi.
 
–Oy, mən bunun belə çoxdan olduğunu düşünməzdim,–Millisent dedi.–Onların soyadı Rafferti olmalıdır.
 
–Bir tanışım vardı, onu da Rafferti deyə çağırardılar, o göyərçin saxlayırdı,–Porter gözlənilməz bir qızğınlıqla bu danışığa qoşuldu.–Bu lap çoxdan olub, onda bu işə baş qoşanlar çox imiş. Bu göyərçinlərlə yaxşı pul da qazanmaq olurmuş. O bunu necə elədiklərini bizə başa salmışdı: göyərçinlərin bir şıltaqları var, onlar göyərçin damına birbaşa uçub girmirlər, ona görə də, yoxlama üçün qoyulmuş məftilə toxunmadan yuvalarına girdiklərindən bu gəliş quşsaxlayanlar arasındakı mərclərdə uduş sayılmazmış. Mərci udmaq üçün gərək göyərçin birbaşa uçub dama girsin və yoxlama məftilinə toxunub keçsin. Bu adam görün neyləyib: kürt yatan göyərçinin altındakı yumurtalardan birini götürüb, içini büsbütün boşaldaraq, ora böcək buraxıbmış. Böcək yumurtanın içində elə səs-küy salıbmış, göyərçin tezliklə yumurtadan bala çıxacağını gözləməyə başlayıbmış.
 
Sonra göyərçini bayıra çıxarıb buraxanda o güllə kimi uçub quşdamına girmiş, yoxlama üçün qoyulan məftilə toxunmuşdu. Beləliklə də Rafferti olduqca böyük bir pul qoyulmuş bu mərci, öz dostu ilə birgə, udmuşdu. Bunlar o hələ İrlandiyada yaşayanda olmuşdu, həmən o Raffertinin bu mərcdən udduğu pullar ona Kanadyadək gəlib çıxmağa da yetmişdi.
 
Millisent söz açılan adamın Rafferti olduğuna inanmırdı, ona elə gəlirdi, Porter danışığa qoşulmaq üçün bu adı özündən uydurubdur.
 
–Demək, siz evdə tüfəng saxlayırsınız?–keşiş Dorridən soruşdu.–Yoxsa, avaralardan, oğrulardan çəkinirsiniz?
 
Dorri çəngəl-bıçağı boşqabına qoyub, ağzındakı tikəni yavaşca çeynəyib udandan sonra dilləndi:
 
–İşimə yaradığı üçün saxlayıram.
 
Biraz susandan sonra o dillənib, özünün göstəbəklərlə dovşanları necə ovlamağından danışmağa başladı. Vurduğu göstəbəkləri o, şəhərin o biri başında olan samur fermasına aparıb onlara satırmış. Dovşanların isə dərisini soyur, bu dəriləri taxta lövhələrin üstündə tarıma çəkib qurudur, sonra isə Uolli şəhərinə aparır, orada turistlər bu dəriləri onun əlindən qapıb alırlar. O özü dovşan ətinin soyutmasını da, qovurmasını da çox sevir, ancaq vurduğu dovşanların ətinin çoxu artıq qaldığından bunların içalatını təmizləyib, cəmdəklərini yoxsul ailələrə paylayır. Çoxları dovşan ətini yemək istəməyib, onun verdiyi paydan boyun qaçırırlar,–onlara elə gəlir, dovşan əti yemək it ya da pişik əti yemək kimi bir şeydir. Ancaq onun bildiyinə görə, Çində it-pişik yemək adi bir şey sayılır.
 
–Bunu düz deyirsiniz,–mister Spirs dilləndi.–Mən onların ikisindən də yemişəm.
 
–Elə bilirəm, siz yaxşı bilirsiniz,–Dorri onun sözünə qüvvət verdi.–Belə düşünmək ağılsızlıqdır.
 
Mister Spirs dərilərlə bağlı ondan soruşmağa başladı, onları soymaq üçün ustalıq gərəkdiyini dedi; Dorri onunla razılaşıb, bunun üçün həm də yaxşı bıçağın da önəmli olduğunu bildirdi. Dorri həvəslə, bu işə başlayanda, soyulacaq heyvanın göbəyini necə çərtməyi göstərməyə çalışıb, bunu hər adamın bacarmadığını da dedi.
 
–Ondatra ilə bir az çətindir,–onun xəzi çox dəyərli sayılır, gərək soyanda çox səliqəli davranmağa çalışasan. Onların xəzi çox sıx olduğundan suyu buraxmır. 
 
–Ondatraları siz güllə ilə vurmursunuz, eləmi?
 
Yox-yox, Dorri aydınlaşdırdı, onları tələ ilə tuturam. Hə, onları tələ ilə tutmaq düzgün yoldur, mister Spirs razılaşdı, Dorri isə özünün üstündə işləyib təkmilləşdirdiyi sevimli tələsindən danışmağa başladı. Deməyinə görə, o istəyirmiş bu təkmilləşmə ilə bağlı patent alsın, ancaq sonra bu işə baş qoşmağı artıq saymışdı. Dorri çayların daşmağa başladığı çağlardan, yanyörəni su basanda yaranan sayıbilinməz irmaqların arasında bütün günü necə gəzməyindən söz açdı, bu çağlar qar ərisə də ancaq ağaclar hələ yarpaqlamırlar; bax onda ondatranın xəzi ən yaxşı olur. Millisent Dorrinin ovçuluqla bağlı işlərini bilirdi, ancaq onun bu yolla çörəkpulu qazandığını indi eşidirdi. Dorriyə qulaq asdıqca, gördüyü bütün bu işlərin onun ürəyincə olduğu duyulurdu. Görürsən, ilk mığmığalar uçuşmağa başlayır, soyuq su çəkmələrinə dolur, birdən qarşına suda boğulmuş siçovullar çıxır, Dorri özünün ov başagəldilərini danışmaqda davam eləyirdi. Mister Spirs isə lap qoca ovçu tazısı kimi qulaq asırdı: oturub, yarıyumulu gözləri ilə baxır, mürgüləyir, elə bil, ancaq tərbiyəsi onun burada xoruldayaraq yatmasının qarşısını alırdı. Budur, birdən burnuna tanış iy dəyibmiş kimi göz qapaqlarını geniş açır, burun pərələri qabarır, o danışılan olayın gözəl, həm də qorxunc keçən anlarını duymağa başlayır. Sonra o Dorriyə üz tutub, onun bir gündə neçə mil yol keçdiyini, suyun neçə metrə kimi qalxdığını, ondatranın çəkisinin ən çoxu nə qədər olduğunu, tələ ilə bir gündə onlardan ən azı neçəsini tumaq olduğunu, dovşan dərisini soymaq üçün olan bıçaqla onların da dərisini soymaq olub-olmadığını soruşmağa başladı.
 
Müriel keşişdən siqatret alıb yandırdı, bir iki qullab vuraraq onu, bavariya salatı yediyi boşqaba basıb söndürdü.
 
Ardı var..
 
 Rus dilindən Araz Gündüz çeviribdir.
 
Kultura.az
 
 
Kultura.az | Developed by Samir Yahyazade