Alatoran Yayınlarından yeni kitab - "Yasəmən"

Литература

 
Bundan öncə oxucular “Günah keçisi” romanıyla tanış olmuşdular. Bu romandan tanıdığımız Nurinin 15 il sonra başına gələnlər “Yasəmən”də öz əksini tapıb. Hadisələr bilavasitə 1967-ci ildə, tarixdə altı günlük müharibə adlandırılan İsrailin ərəb qonşuları ilə toqquşmasından və Şərqi Qüdsün və digər ərəb torpaqlarını ələ keçirməsindən sonrakı aylarda cərəyan edir. İordaniyalı xristian ərəb ailəsinin yeganə qızı, Parisdə təhsil alan Yasəmən tətilə öz vətəninə gəlir, ancaq gömrükdə onu İsrail əsgərləri qarşılayır. Yasəmən yəhudilərə qarşı nifrətlə dolub daşır, atasının xahişi ilə gənc dostu, keçmiş İraq köçgünü yəhudi Nuri ona yardım etmək istədikdə belə hər zaman tərsləyir, yəhudilərə olan bütün nifrətini onun üzünə söyləyir. Ancaq hadisələr irəlilədikcə bu nifrət dostluğa, ən sonda isə sevgiyə çevrilir. Əsər yəhudi-ərəb münasibətlərini əks etdirmək baxımında çox qiymətli mənbədir. Ərəb dilini mükəmməl bilən, ərəb mədəniyyətinə bağlı olan və onu  sevən baş qəhrəman Nuri, yəhudi olmasına baxmayaraq, ərəblərin haqlarını savunmaqdadır. Yasəmən də onun bu səmimiyyətinə inanır və sevgisinə qarşılıq verir. Ancaq bu sevgi ayrılığa məhkumdur. Tətilini başa vurub Parisə qayıdan Yasəmənin Nuriyə yazdığı məktubda ayrı-ayrı dinlərə mənsub olan iki sevgilinin nə qədər böyük faciə ilə üzləşdikləri öz əksini tapıb: 
 
“Nuri, sevgilim! Məktubumu aldıqda Parisdə olacağam. Sənə oradan ayrıl¬mağa qərar verdiyimi üz-üzə durub deməyə gücü özümdə tapa bilmədiyim üçün utanıram, buna görə çox məyusam. Deyəsən, adama yuxu kimi görünən səfərimiz bir ayrılıq səyahəti idi.
 
…Bir il əvvəl buraya evimə gəldim, təyyarədən düşdükdən qısa müddət sonra sizin ordu postunuzdan keçməyə məcbur oldum. İki gün əvvəl evə dönmək üçün yenə postdan keçməyə məcbur qaldım. Hər şey mənim üzümə bağlıdır. Səninlə olub şəxsiyyətim¬dən imtina etsəm belə məni hansı gələcək gözləyir?
 
…İstəsəm də özümdən qaça bilmərəm. Sənin üçün mən Yasəmənəm, amma bundan əlavə yəhudilərin ölkəsində bir ərəbəm. Evim olan bu ölkəyə uyğunlaşa biləcəyimi düşünməklə necə də böyük bir sadəlövhlük etdim. Mənim burada kim olduğumu Kibutza getməzdən əvvəl də göstərən zərbədən sənə danışmamışam. Qısa  müddət əvvəl gənclik kəndində könüllü olaraq on aya qədər işlədikdən sonra müdirin yanına gedib maaşlı işçi olmaq istədiyimi dedim. “Ah, madmazel Yasəmən, bizdə işləməkmi istəyirsiniz? -  deyə müdir cavab verdi, sanki indiyə qədər Somalidə işləyirdim.  - Sadiq bir işçisiniz və bizimlə işə davam etsəniz şad olaram...”  Amma iki həftəyə qədər məni get- gələ saldıq¬dan sonra bildirdi:  “Madmazel Yasəmən, üzr istəyirəm, deyəsən alın¬mayacaq, yəni, uşaqların ana-ataları nə deyərlər sənin...”  Dayandı və  “ərəb” sözünü kobud bir sözmüş ya da gizlədilməli olan bir cinayətmiş kimi deməkdən çəkindi. Könüllü işlədiyim vaxt ərzində bu faktın problem yaratmadığına fikir belə vermədi.
 
Hər kəsin onun kimi olmadığını bilirəm, amma aranızda yaxşı niyyətli olanlarınız belə hiss etmədən ya da istəmədən belə olsa bizə yuxarıdan aşağı baxırlar, sanki bizə yaxşılıq edirlər. Aid olmadığın ölkədə yaşamaq bir təhqirdir. İkinci dərəcəli, bəlkə də daha aşağı bir vətəndaş olmaqdır.
 
…Sevgilim, səndən və məndən söz açmaq istəyirəm, amma söz gedib ümumi məsələyə çıxır, mövzudan mövzuya keçirəm. Hər şeyi başa düşmürəm. Məktubu evə gəldikdə yazmağa başladım, əvvəlcə bir qaralama, sonra daha bir qaralama, hər şey başımda qarmaqarışıqdır, boğazımda düyümlər yarandığını, sözlərin çıxmasına mane olduğunu və şüurumla döyüşdüyünü hiss edirəm. İlk və yeganə birlikdə olduğumuz gecədə ağrıdan və həzm edə bilmədiyim xoşbəxtliyimdən ağladım, indi də tərk edirəm... 
 
…Səni istədim, səni sevdim, mənə ürəyin günəşi və göz yaşları ol¬dun. İdrak etdiyimiz sevgimizi hiss edirəm və dadını heç unut¬mayacağam. Hər şeyi buraxıb sevginin arxasınca getməyi xəyal etdim, amma Kibutzda səhnədə dayanıb mənim adıma danışaraq bir növ məni təmsil etdikdə mənim olmadığını və heç bir zaman da ola bilməyəcəyini anladım, sən öz millətinə və ölkənə aidsən.
 
Mənə nə qalır? Sənin mahnın, Um Kultumun mahnısı: 
 
Özümə ziyan elədim
Və səni tərk etdim…”
 
Son dərəcə təsirli bir eşq hekayəsidir “Yasəmən”. Eyni zamanda İsrail dövləti və ərəb dünyası arasındakı münasibətləri anlamaq baxımından qiymətli bir qaynaqdır.
 
Müəllif haqqında: Əli Amir 1937-ci ildə Bağdadda anadan olmuş, uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köç etmişdir. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirmişdir.  80-ci illərdə ədəbiyyat dünyasına atılan Əli Amir tezliklə böyük şöhrət qazanmış, qələmə aldığı “Göyərçin uçuran”, “Günah Keçisi” və “Yasəmən” romanları böyük səs-küy doğurmuşdur. “Yasəmən” yazıçının ən məşhur əsəridir. Əli Amir geniş ictimai fəaliyyəti olan bir yazıçıdır, öz həyatını İsrail dövlətində yəhudilərlə ərəblərin qarşılıqlı münasibətləri probleminə həsr etmişdir, ölkəyə yeni köç edənlərin təlim və təhsili məsələlərini həll etməklə məşğul olmaqdadır. 
 
“Yasəmən” bütün Yaxın Şərq ölkələrində ən çox satılan kitablar siyahısındadır.  
 
Kitabı Azərbaycan dilinə Yasəmən Abbasova tərcümə edib.
 
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade