Maslovun piramidası və gerontokratiya

Публицистика

 
Dəyişiklik məcburidir və ilk növbədə insana münasibətdən başlamalıdır. Uzaq tarixi minilliklərə, əsrlərə bölmək mümkündürsə, yaxın tarixin dünya miqyaslı hadisələri onilliklərdə yaranır, hətta illər ərzində baş verir. Keçmişdən fərqli olaraq önəmli bir hadisənin təsiri də anında hiss edilir. 21-ci əsrin ilk 12 ilində baş verənlər əhəmiyyətinə görə bir neçə əsrdə baş vermiş hadisələrlə müqayisə oluna bilər. Yeni sahələr, oyunçular, təhlükələr və fürsətlər meydana gəlir. Sabit ağırlıq mərkəzinə görə öz yolunu müəyyən edən kəndirbazların dövrü keçir. Çin dilində “krizis” heroqlifi “fürsət” və “təhlükə” heroqliflərinin yanyana qoyulması ilə yaranır. Globallaşma adlanan çoxşaxəli prosesin hansı üzünün kimin üçün təhlükə, kimin üçün fürsət olacağı əslində siyasi seçimdən asılıdır.
 
Tarixin başlanğıcında insan cəmiyyətləri yüz minillərlə dəyişmədən, istiqrarlı bir şəkildə mövcud oldular, yaşamaq üçün lazım olan biliklər 
həcmcə az idi və həyat sahəsi kiçik coğrafiya ilə məhdudlaşırdı. Bilgi təcrübədən yaranırdı, təcrübə yaşla toplanırdı. Qəbilənin ən yaşlıları həm də ən bilgili insanlar idi. Bu yaşlılar mövsümlərin dəyişməsinə, təbiət hadisələrinə, ov heyvanlarına, ibtidai tibbə, mərasimlərin keçirilməsinə və alət hazırlamağa dair bilikləri və hakimiyyəti əllərində saxlayırdilar. 
 
İnisiasiya-qəbul mərasimlərində ixtiyar sahibləri idilər. İxtiyar-yaşlı olmaq, qərar verə bilmək demək idi. Deməli ibtidai cəmiyyətlər qaçılmaz olaraq gerontokratik-qocalar tərəfindən idarə olunan cəmiyyətlər idi, istiqrar və status kvonun qorunması cəmiyyəti idarə edənlərin əsas məqsədi idi. Burada iqtisadiyyat, siyasət və din əl ələ verirdi. Fərqlilik arzuolunmaz idi, ən kiçik fərqlilik qəbilənin istiqrarına təhlükə sayılırdı.
 
 Müasir dövrdə Kenyada yaşayan Samburular gerontokratiyaya nümunə göstərilə bilər, burada qocaların hegemonluğu gənclərin 30 yaşlarına qədər heç bir haqqa sahib olmamaları və demək olar ki o yaşa gədər yeniyetmə kimi qalmaları bahasına baş verir, ibtidai cəmiyyətlərdə 10-12 yaş həddinin müstəqillik yaşı olduğu yaddan çıxarılmamalıdır. 
 
Yeniyetməlik dövrünə həbs edilmiş Samburu gəncliyi ibtidai icmalarda xoş qarşılanmayan oğurluğu ucaldan alt-kultura yaradırlar. Qocalar 
konseyinə daxil olmaq üçün bir gəncin yaş və təffəkkürcə qocaldığına tam əmin olmaq lazımdır.
 
SSRİ-nin dağılmasına çox səbəb tapmaq olar, solçuların “ittifaqımızı (xarici düşmənlər ) dağıtdılar ” argumentini nəzərə almamaq olar, əsas səbəb sistemdə mövcud olan gerontokratiya ənənələri idi: 1952-ci ildə 55, 1964-cü ildə 61 olan Politbüro üzvlərinin yaş ortalaması 1980-ci ildə 70 idi. Brejnevin tez tez işlətdiyi ifadələrdən biri “yavaş yavaş” idi. 
 
Astagəllik SSRİ üçün ölum demək oldu, astagəllik indi də ölümcüldür. Dünya sürətlə dəyişirdi və SSRİ rəhbərləri ancaq ölməklə hakimiyyətdən gedirdilər, ölkə skeletləşmiş, sistem tıxanmışdı, dinozavrların iqlim dəyişikliyinə ayaq uydura biməməsi kimi, SSRİ də daxidəki problemləri və xarici müdaxiləni neytrallaşdırmaq imkanında deyildi. Brejnev, Andropov və Çernenko isə arda arda ölürdülər. Biri 18 il hakimiyyətdə qalır, digərlərinin hakimiyyəti heç iki il davam etmirdi. İqtisadiyyatın, elmin və sosial elmlərin qanunlarını xarizma və ona pərəstiş əvəz etmişdi.
 
Gerontokratik cəmiyyətlər bürokratik, ənənəvi, düzxətli, zaman anlayışının olmadığı, insanların Godo-nu gözlədiyi cəmiyyətlərdir. İstər sol, istər sağ və dindar cəmiyyətlər gerontokratikdir, onlar aralarında yüzillərin olduğu ideologiya ya da din qurucularına bağlanıb qalırlar. İstər sol istərsə də dini ideoloqların doktrinləri sabit cəmiyyət fikrini əsas götürür ki burada orta sinif kimi orta yaş da olmur, yuxarıya doğru sosial hərəkətlilik mexanizmi işləmir. Halbuki təbiət və cəmiyyət müxtəliflik tərəfdarıdır, monotonluq müxtəlifliyi, çox rəngliliyi boğur. İrəliləmə, inkişaf, yaradıcılıq, iştirak ancaq plüralist cəmiyyətlərdə mövcuddur, ancaq belə cəmiyyətlərdə təbii seçmə ən “qocalar”-ı deyil, qabiliyyətliləri seçir. Vertikal, yuxarıdan aşağı əmr alan qruplar yerinə üfüqi təşkilatlanıb qrup şüuru ilə hərəkət edənlər daha çox uğur qazanırlar. 
 
Gerontokratiyadan danışıb Maslovun ehtiyaclar hiyerarxiyasını yada salmamaq olmur. Çünkü gerontokratik cəmiyyətlər zorakı cəmiyyətlərdir, əngəllənmiş duyğuların və arzuların, özünü reallaşdırmamış insanların cəmiyyətidir. Belə cəmiyyətlərdə insanlar əlavə dəyər yaratmaq əvəzinə bir birlərini didirlər. Ancaq yaradıcılığın yaranması üçün güvən atmosferi şərtdir, təhlükəsizlik insanın əsas ehtiyaclarından biridir. Yaradıcılıq isə bilikdən də önəmlidir.
 
Bilinir ki Maslov insan ehtiyaclarını bir hiyerarxiya şəklində təqdim edir, bu ethiyacların qarşılanması insanın motivasiya səbəbləridir. Ancaq ehtiyaclar vacibliyinə görə vertikal düzülür və aşağıdakının ödənilməsiylə yuxarı pillədəki ehtiyac yeni motivasiya qaynağı olur. Ən 
vacib ehtiyaclar fiziyolojidir, piramidanın ən aşağısında yerləşənlərdir, bunlar təmin olunduqca insanda özünü tapmaq, təsdiq etmək, özü olmaq, hörmət görmək ehtiyacı yaranır. Öz fikri, seçmək, bəyənməmək, imtina etmək azadlığı olsun istəyir. Öz ideyalarını həyata keçirmək, özünü reallaşdırmaq, yaradıcılıq nümayiş etdirmək istəyir. Onunla əlaqədar qərarları özü vermək istəyir. Lakin gerontokratik cəmiyyətlərdə bu mümkün olmur, o yaşa qədər ki artıq onun sabit fikirləri, doqmaları qəbul etməkdən başqa çarəsi qalmır. O vaxta gədər ki o artıq sistem üçün lazımınca ‘köhnəlir’, özünəməxsusluğu qalmır və təhlükəsiz olur.
 
Gerontokratik cəmiyyətlər həm də nəzarət cəmiyyətləridir, Corc Orvellin “böyük qardaşı” həm də yaşlıdır. Belə cəmiyyətlər yeniyetməlikdən birbaşa qocalığa keçirlər, insan həyatının ən məhsuldar dövrü olan gənclik və orta yaş dövrünü yaşamırlar. Nəticədə insanları pessimist, etimad duyğusundan uzaq, dözümsüz-doyumsuz insanlar olurlar, həqiqi məmnunluqdansa özlərini başqalarının gözündə axtarırlar. İnsanlar məhrumiyyətlərinin səbəblərini öz yan yörəsindəki insanlarda görürlər. Ölkə isə özünü zaman keçdikcə mənasızlaşan ənənələr uğruna ciddi insan potensialından məhrum edir. Qocalar ənənələri, ənənələr onları dəstəkləyir, nəticədə cəmiyyət reallaşmamış, ‘baş tutmamış’, kompleksli insanlar yığınına çevrilir.
 
 Dövlət həm də xaricdə hərb uğrunda-geniş mənada-daxildə sülhdür. Belə dövlətin vətəndaşlarının başları birbirlərini didməyə qarışır, cinayətlər və intiharlar artır və dünya yaddan çıxır. Dəvəquşu başını quma soxur. Budda bu hala “ölkənin zənginliklərinin israfi” deyirdi. Dövr isə sürətlə düşünənlərin, beynəlxalq miqyaslı yaşamaq uğrunda mübarizədə bütün vətəndaşlarını yaradıcı əməkdaşlığa cəlb edə bilənlərin yaşaya bildiyi dövrdür.
 
Yalçın İslamzadə
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade