post-title

İsmayıl bəy Qutqaşınlı – Axundovun dostu, general-yazıçı

“Mən Quba əyalətindən süvarilər toplamaq işinə idarəmdəki xüsusi tapşırıqları yerinə yetirən Pavlovsk polkunun ştabskapitanı Qutqaşınlını ezam etmişəm. Hörmətli Zaqafqaziya bəyləri ailəsindən çıxan bu adam mənə özünün dərin düşüncəsi və sədaqəti ilə məlumdur”.

Qafqazın baş hakimi baron V.Q.Rozenin knyaz Çernişevə göndərdiyi 1837-ci il 10 dekabr tarixli məktubu.
 
Onu hamımız “Rəşid bəy və Səadət xanım” adlı fransız dilində yazdığı uzun hekayə ilə tanıyırıq. Azərbaycanın ilk generalı olduğu da söylənilir, rus ordusuna sadiq hərbçi, Azərbaycan millətinin maariflənməsini hədəf götürmüş yazıçı kimi də qeyd olunur. Mənbələr azdır, bu azlıq içərisində onun həyatından bəzi nümunələri diqqətinizə çatdıracağam.
 
O, 1809-cu il yanvarın 27-də Qurban bayramı günündə Qutqaşında zadəgan Nəsrullah Sultan oğlunun ailəsində doğulub. İsmayıl adının da Qurban bayramına görə qoyulduğu ehtimal olunur. Anasının adı Bədircahan idi. Uşaqlıqda dini təhsil alıb, ərəb və fars dillərini öyrənib. Azərbaycan çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlanılsalar da, gələcəkdə hansısa qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Bu öhdəliklərdən biri də bəylərin övladlarından birinin Rusiyaya təhsil almaq üçün göndərilmələri idi.
 
Yazılanlara görə, Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı Nəsrullah ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsilini uğurla bitirən İsmayıl bəy Qafqaz korpusundakı Gürcüstan qrenadyor alayında hərbi xidmətə başlayır, praporşik rütbəsi qazanır.
1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peterburq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır. Onunla birlikdə Varşavaya gedənlər arasında Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı.
 
Hərbidə qazandığı uğurlar sonucunda 1838-ci ildə ona mayor, 1839-cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik, 1850-ci ildə dekabrın 6-da isə topçu-general-mayoru rütbəsi verilir. 1851-də ildə iki min manat gümüş pul miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit kimi fəaliyyət göstərir, müəyyən hərbi işlərdə çalışır. İstefasından sonra Şamaxıda və Qutqaşında pedaqoji fəaliyyətlə məşğul olur. 1850-ci ildə Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvlüyünə seçilir. Həmin coğrafiya cəmiyyətinin digər üzvlərindən biri Mirzə Fətəli Axundzadə idi.
 
Səfərləri zamanı İsmayıl bəy rus ziyalıları ilə münasibətlər qurur, Avropa mədəniyyətinin üstünlüklərini anlayıb,  öz xalqına mütərəqqi ideyaları aşılamağa çalışır.
 
Onun azərbaycanlı dostları isə M. F. Axundzadə, Qasım bəy Zakir, A. Bakıxanov olub. O, Dağıstan valisi, Tarku şamxalının dul qadını, Usmiyevlərdən olan Bikə xanımla ailə həyatı qurub.
İsmayıl bəy haqqında ilk məlumatları  verən Salman Mümtaz onun haqqında yazırdı: “…Öz vaxtında fövqaladə ehtiram və nüfuza malik olan bu zatın türkcə qeyri-mətbu bəzi əsəri və fransızca da həyatımıza dair mətbu bir hekayəsi vardır”.
 
General Əliağa Şıxlınski xatirəsində yazır ki, o, Bum və Qutqaşın kəndlərində olarkən İsmayıl bəyin tanınmış şair olduğunu qardaşı Məhəmmədağa Şıxlınskidən eşidib. İsmayıl bəy “Miskin” təxəllüsü ilə şeirlər yazıb. Onun adının ilk dəfə çəkildiyi ədəbi qaynaq Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuə”dir. Həmin məcmuədə verilmiş “Mədəd” adlı mürəbbedə Qasım bəy Zakir oğlu və qardaşı oğlu ilə bağlı bir problemlə bağlı İsmayıl bəyə müraciət edib.
İsmayıl bəy 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayə edib, müəllim və xidmətçilərin maaşlarını ödəyib, istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi fəaliyyət göstərib. İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri maraqlı xatirələr danışıblar. Qohumlarından birinin dediyinə görə, həccdən qayıdarkən o, özü ilə bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək, yeni həyat qurmalarına səbəb olub. Digər bir, əhvalata görə İsmayıl bəy İstanbulda olarkən, bir alverçidən şabalıdın qiymətini soruşub, lakin alverçi onun görkəminə baxıb deyib ki, “bu sənin xörəyin deyil”. Qüruruna toxunduğundan İsmayıl bəy Qutqaşına xəbər yollayıb ki, 40 dəvə yükü şabalıd göndərsinlər. Şabalıd gətirilib və İsmayıl bəy onu camaata paylayıb. Sultana xəbər çatdığında o bunun səbəbi ilə maraqlanıb, həmin alverçini cəzalandırılıb.
 
Heç kimin ayağına durmağı sevmədiyindən, həmişə evinə gələnlər onun ayaqüstə olduğunu görərmişlər, daima nökəri Çərkəzə kasıblara taxıl paylamaq göstərişi verərmiş.
 
“Rəşid bəy və Səadət xanım”
 
Bu uzun hekayə fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Qəbələ xanlarının nəslindən olan Səadət xanımla, Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edilən, AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. Axundzadə rus dilində bu cümləni yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram”.
 
15 mart 1846. Mirzə Fətəli”.
 
Əlyazmanı uzun zəhmətin bahasına ilk dəfə Salman Mümtaz əldə edib. Salman Mümtaz öz məqaləsində, kitabın izinə necə düşdüyünü, uzun illərdən sonra nəhayət Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib, bu müddətdə isə Xasay xan Vladiqafqazda vəfat edib, əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan  Dövlət Muzeyinə elmi işçi təyin olunub, xoş təsadüfdən məlum olub ki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb.
 
Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-da “Ədəbiyyat qəzeti”ndə türkcəmizdə dərc olunub. 1956-da isə ilk dəfə olaraq kitab formasında çap olunub. Salman Mümtaz həmçinin İsmayıl bəyə məxsus “Tutu” adlı əsəri də tapıb, lakin sürgünə göndəriləndən sonra kitabxanası dağıdıldığına görə günümüzə çatmayıb.
 
“Səfərnamə”
 
1852-ci ildə İsmayıl bəy xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əli əfəndi və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşüb. “Yol qeydləri” və ya “Səfərnamə” adlanan əsərində getdiyi yerlər haqqında İsmayıl bəy məlumat verib. Onun iki dəfə həcc ziyarətinə getməsi, yol boyunca görüşdüyü şəxsiyyətlər nəzərə alındığı üçün irsinin tədqiqatçıları fərqli fikirlər söyləyiblər. Daha çox qəbul edilən fikrə görə, gənc yaşlarında çar ordusunun medallarından gözləri qamaşan hərbçilər müdrik çağlarında yanlışlıqlarını dərk edərək öz xalqı və dini qarşısında günahlarını yumaq üçün xeyriyyəçiliklə məşğul olub, Kəbəni ziyarət edib.
 
İsmayıl bəy, Rus-Türk müharibələrində rusların tərəfindən müharibə apardığına görə gələcəkdə bu hadisədən peşmanlıq duyduğu ehtimal olunur. İsmayıl bəyin bu fikrə düşməsində böyük qardaşı Qutqaşınlı Şeyx Yəhya Əfəndi Dağıstaninin rol oynadığı söylənilir.
 
“Səfərnamə”nin bir nüsxəsi Şıx baba pirindən tapılıb, həmin nüsxəni İsmayıl bəyin dostu Hacı Əli əfəndi üzünü köçürüb, bir çox kitabların məhv edildiyi dönəmdə, əsərin qorunması üçün xalqın inam bəslədiyi pirdə gizlədilib.
 
Salman Mümtaz İsmayıl bəyin sufi yolçusu deyil, kamil müsəlman olduğunu yazır. İsmayıl bəyin Məkkə səfərinin kəşfiyyat xarakterli olduğu barədə də ehtimallar mövcuddur. Onun bu səfər əsnasında Osmanlıya bağlı ərazilərdə hərbçilərlə görüşməsi bu fikri qüvvətləndirir.
“Yol qeydləri”ndə kimlərlə görüşməsi, hansı əraziləri gəzməsi qeyd olunub. Hətta 1854-cü ilin aprelində Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Lakin bu məktub erməni polkovniki M.T. Loris-Məlikovun casuslarının əlinə keçib. Buna görə də 1855-ci ildən etibarən çar hökuməti İsmayıl bəyi nəzarətə götürüb.
 
İ.Qutqaşınlı 1861-ci il avqustun 14-də Ağdaş karvansarasında dincələrkən zəhərlənərək vəfat edib. Onun hökumətin əli ilə ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur.  Ağdaşdan Qutqaşenə gətirilərək Sultan baba qəbiristanında dəfn olunub.
 
Dilqəm Əhməd
 
Kultura.az
Yuxarı