Turxan Qarışqa: "Atam övlad kimi məndən razı idi, sonra da vətəndaş kimi"

Интервью

 

Qarışqa imzası hardan gəlir?
 
- Səhv etmirəmsə, Mikayıl Müşfiq də "Qarışqa" imzasıyla yazıb. İndiki zamanda hamı oxucunu ASLAN, QARTAL, Begemot, Zürafə imzasıyla qorxutmağa çalışır. Bu ad özü cəmiyyətə etirazdı. Həm də çox işləməkdən gəlir. Qarışqa güc deməkdir. Onların qarşısını almaq çox çətin olur.
 
Sosial şəbəkədə nə zamandan populyar olmağa başladın?
 
- Nə bilim... 3-4 il olar. Mən 4-5 il əvvəl “feysbuk”da qeydiyyatdan keçmişəm. “Feysbuk”u könüllü Azərbaycan dilinə tərcümə edənlərdənəm. Daha sonra bir neçə gənc tərcüməçini də tərcümə prosesinə qoşmuşam. Pis-yaxşı, “feysbuk” azərbaycanca hazırlanıb. Düzdü, məndən başqa da xeyli adam bu prosesdə iştirak edib. Amma mən çalışmışam, bunu komanda şəklində təşkil edim. Özü də 2008-ci ildə. O zaman yerli və xarici mətbuat bu haqda informasiyalar dərc etmişdi. Elə o vaxtdan bilirdim ki, “feysbuk” bütün TV-ləri geridə qoyacaq. Ona görə bu işi böyük həvəslə görürdüm. Populyarlığa gəldikdə isə bu, daimi olmur. Populyarlıq hansısa bir vəziyyətə göstərdiyin münasibətdən asılıdır. Əgər pis bir hadisə baş veribsə, sən bunu müsbət qiymətləndirirsənsə, eşşəyin öldü! İnsanlar realda olduğu kimi “feysbuk”da da adamı daşa basır, üzünə tüpürür.
Orda ictimai qınaq real cəmiyyətdən çoxdu. Virtuallıqdansa reallığa bircə addımdır.
 
"Feysbuk"un Azərbaycan şəbəkəsində özünə rəqib olaraq kimi görürsən? Özündən daha tirajlı sosial media istifadəçisi tanıyırsanmı? Əgər varsa, kimdir?  
 
- “Feysbuk”da rəqibim Tağı Əhmədov və Hacıbala Abdutalıbovdu. Onlar virtuallıqda daha güclü və məşhurdurlar. Ağsaqqallarımızın yanında biz kimik ki?
 
"Feysbuk"da populyar olmaq sənə nə qazandırıb?
 
- Çox şey. Çoxlu tanışlarım var. Mən tanımasam da, məni çox tanıyırlar. Nazirliklərdə, banklarda, müxtəlif ofislərdə mənim izləyicilərim var. Bir dəfə Milli Bankın yanından evə taksiylə gedirdim. Taksi sürücüsü məni pulsuz apardı. Niyəsini soruşdum. Dedi ki, mən sənin "feysbuk" izləyicinəm. Belə hadisələr çox olub.
 
Özünü daha çox jurnalist hesab edirsən, ya bloqçu və ya fotoreportyor?
 
- Bu sahənin sərhədləri get-gedə itir. Əsas nəsə yazmaqdı. Trotski demiş, yaza bilmirsənsə də, yaz. Amma məncə, daha çox fotobloggerəm. Özümü daha çox fotoya yaxın hiss edirəm. Mənim çəkdiyim fotolar “CNN”də, “Röyter”, “Assoşieyted Press”də çap edilib. Türkiyənin “Hüriyyət” qəzeti, “Sabah” qəzeti də fotolarımı dərc edib. Hə, mən fotobloggerəm.
 
Vaxtı ilə atan Elxan Kərimovun fotomüxbir olmağının sənin seçiminə təsiri nə qədərdir?
 
- Başqalarından fərqli olaraq, tez-tez ay atam belə edib, ay atam elə edib, demirəm. Yəni atamın kursunu-zadı yürütmürəm. Sadəcə, maraqlıdır bu sahə, ona görə bu sahədə çalışıram. Ola bilər, gələcəkdə musiqi sahəsində çalışım.
 
Bəs, ümumiyyətlə, jurnalistikaya gəlməyində atanın rolu nə qədərdir?
 
- Uşaqlıq illərim ağır keçib, azad seçki görməmişəm. Amma bunu bu sahəyə aid etmək olmaz. Uşaqlıqdan evdə şair, yazıçı, musiqiçi görən adamam. Qəzetçi ailəsindən gəlmişəm. Uşaqlıqda evdə qəzet buraxıb, elə evdəkilərə də satmışam. Sadəcə, özümə maraqlı gəldiyi üçün bu işlə məşğulam.
 
Atan səndən razı idi?
 
- Atam övlad kimi məndən razı idi. Sonra da vətəndaş kimi.
 
Qardaşın da fotolar çəkir, sən də. Hansınız daha peşəkardır?
 
- Mən hər zaman kölgədə qalmağı sevirəm. İstəmirəm gün məni yandırsın. Əziz daha peşəkardı. Onun işləri daha çox xarici KİV-lərdə dərc olunur. Onu xaricdə Azərbaycandakından çox tanıyırlar.
 
Özünü müxalif sayırsanmı?
 

- Mən özümü azad hiss edirəm. Azad adam da hər zaman çalışır azadlıq nitqləri söyləsin. Adını unutduğum bir müdrik deyir ki, insanlara köləlik yox, azadlıq haqda danışın. Azad adam həm də müxalif adamdı.
 
Öz medianı qursan, hansı jurnalistlərlə birgə işləmək istəyərsən?
 
- Mən daha çox vətəndaş jurnalistləriylə işləmək istərdim. Azərbaycan mətbuatı, oxucusu haqda düşünürəm. Saytların səviyyəsi aşağı düşüb. Bu, məqsədli şəkildə edilir. Bütün saytlar daha çox şou xəbərlərinə qaçırlar. Jurnalistlər oxucunu “Aygün Kazımova ilə necə yatdım” kimi başlıqlı xəbərlərlə aldatmamalıdılar.
Onsuz da bu xalqı hamı aldadır. Heç olmasa, jurnalistlər bunu etməməlidir.
 
Fəaliyyətinlə bağlı təhdidlər olubmu?
 
- İstər azad, istər müxalif, istərsə də hakimiyyət jurnalistinə edilən təhdidi öz üzərimdə hiss edirəm. Bu sahəyə barmaq silkələmək, təhdidlər etmək istəyənlər adamı iyrəndirir. Jurnalistlər öz işlərini görürlər. Onlara mane olmaq yox, işləmələri üçün imkan yaratmaq lazımdır.
 
Jurnalistikada ixtisaslaşma var. Məsələn, siyasətdən yazan və ya çəkiliş hazırlayan incəsənətdən və idmandan material hazırlamır. Səni isə hər yerdə görmək olur - həm mitinqdə, həm futbol oyununda və s. Bu, nə ilə bağlıdır?

 
- Fotoqrafın gözü hər yerdə olmalıdır. Çünki hər yerdən xəbər doğa bilər.
 
Jurnalistikada pul qazanmaq sənin üçün nə dərəcə önəmlidir?
 
- Pul önəmlidir. Amma mən uzun zaman pulsuz çalışıb, çox şey öyrənmişəm. İndi də pis qazanmıram.
 
Nə zamansa öz medianı qurmağı düşünürsən?
 
- Hər şey vəziyyətdən asılıdır. Planlar, ideyalar, düşüncələr çoxdur. Sistemli və dağınıq formada olanları var. Siz burda, biz burda yaşayıb görərik. Amma indinin özündə mənim “feysbuk” profilim elə media orqanı kimi bir şeydir. Hətta bir dəfə statusumda pullu reklam da etmişəm.
 
Sosial media ilə bağlı arzun nədir? Əlində olsa, nəyin reallaşmasını istəyərdin?
 
- Ən böyük arzum... “Feysbuk”da tüpürmək, güllə atmaq “düymə”sinin olmasıdı. Düşünün ki, daş atmaq funksiyası var. Maraqlı olar, deyilmi?

axar.az

 

Kultura.az | Developed by Samir Yahyazade