Teatrlarımız mütrif yığnağıdır

Публицистика

 
Hansını qoyub, hansını danışasan?
 
Sən demə, maşın yarışının bağlanan küçələrinə, İçərişərin yağmalanmasına, Bakının ağac qətliamına, özündə vəhşilik elenmentləri gizləyən qorxunc tikinti bumuna və sairəyə və sairəyə səbrlə dözən paytaxt sakinləri iki-üç nəfərlik kiçik bir teatrın verdiyi “narhatlığa” dözməyib. Dözməyib və aidiyyəti orqanlara mütraciət edib. 
 
İndi gəl adamla söhbət edərkən xayalarını qaşıyacaq qədər cəsarətli olan Azərbaycan polisinə ANDEQRAUNDdan danış! İlqar Cahangirin kim olduğunu ona başa sal.
 
Özünə bir KAMERA, bir ZİRZƏMİ də çox görülən İlqarı.
 
Bir dəfə bəstəkar Cavanşir Quliyev dedi ki, Azərbaycanda heç vaxt ROK musiqisi təşəkkül tapa bilməz. Səbəb çox sadədir: Azərbaycan sənətçilərinin mütləq əksəriyyəti yaltaqdır.
 
Mən bu dəhşətli ittihama qarşı bircə İlqar Cahangiri üzümə tutub çıxa bilərəm. Bir çiçəklə yaz olmaz deyirsiniz?! Olar... Gəlin riyakar və qorxaq atalarımızın söylədiyi bu xöşqeyrət ifadəni yadımızdan çıxaraq. Yaz həmişə elə birinci çiçəkdən başlamırmı? 
 
Başqa bir misalı ömründə bircə dənə qısametrajlı film belə çəkməyən böyük rejissorumuz Fehruz Şamıyevdən çəkəcəm. O, sənətşünas Aydın Talıbzadənən məşhur bir fikrinə istinadla Azərbaycan teatrlarını mütrif yığnağı adlandırmışdı. Bu ifadəyə qarşı böyük təpkilər oldu. Ən böyük etirazı isə indi Azərbaycan-Türkiyə arasında girinc qalan Cahangir Zeynalov etdi. Yapma yaa, əfəndim?! Şərq yaltaqlığından rişələnən teatr mütrif yığnağı deyil də nədir? Siz ya əsl teatrın nə olduğunu anlamırsız, ya da bizi dolayırsız. Tamaşa vəzifəli-imkanlı adamlara yarınmaq yolunu tutursa mütriflikdir, təlxəklikdir! Xeyr, “Hamlet” əsərindəki kimi, həqiqəti günahkarın sifətinə çırpırsa, əsl sənətdir. Bu qədər bəsit...
 
İlqar Cahangir teatrı anlayan birisidir.
 
Və təxminən elə Allah olmağı bacaran Şekspirin bu ilahi həqiqətinə arxa çevirməyə vicdanı yol vermir.
 
Bu onun ən böyük problemidir!
 
Ağır səslənməsin, bədbəxt olması üçün yetərli səbəbdir.
 
Ona mütrif olmamağın “mükafat”ını verirlər və ömrü boyu verəcəklər.
 
Bizimki belə gəldi...
 
Bir gün Sabirin heykəlinin qəflətən alınını əlinin içinə söykəyib hönkürdüyünü görsəm təəccüblənmərəm!  
 
Bunlara daş da dözməz!
 
Şərif Ağayar
 
qafqazinfo.az
Kultura.az | Developed by Samir Yahyazade