Çərənləmək üzrə doktorlar

Публицистика

 
İnsafən düz deyirlər. Biz özümüz adi gözlə qaranlıq yerdən göyə baxanda ulduzları daha yaxşı görürük. Hətta quyunun dibindən günün günorta çağı kosmosda uçan əcinnələri, şeytan və qulyabanıları müşahidə eləmək mümkündür. Telekanalizasiya zəhmətkeşləri istəsələr o quyunun yerini deyərəm. 
 
Uzun sözün qısası, işıq da alimlərə problem yaradır. Bəs indi hökumətimiz neyləsin? İşığı söndürsün? Siz göyə baxıb ordan nə tapacaqsınız ki? Ancaq işıq sönsə ölkəmizdə sabitlik pozular. 
 
Ümumiyyətlə, mən bu qənaətə gəlmişəm ki, alimi özbaşına qoymaq olmaz. Yoxsa hərəsi cürbəcür mənasız işlərlə məşğulluq edəcəkdir. Bunlardan birini rabitə nazirinin müavini Elmir müəllim “Bakutel-2013" sərgisinə həsr edilən tədbirdə deyibdir (Adından göründüyü kimi, həmin sərgidə telini yan darayıb Bakıya gələnlər iştirak edəcəkdir). Deyir, Azərbaycan səslə idarə olunan kompüter yaradıbdır, bundan görmə qabiliyyəti zəif insanlar yararlanacaqdır. Rəhmətliyin oğlu, bu haçandan sizin yaratdığınız bir şey oldu? Dünyada səslə idarə olunan kompüterlər, robot texnologiyaları yalan olmasın min ildir var. Ümid edirəm bu gedişlə heç olmazsa velosiped təkərini təzədən kəşf etməzsiniz. 
Halbuki, Azərbaycanda yapokratiyanın ixtirası olan analoqsuz texnologiya var, bundan danışan yoxdur. O texnologiya səs, fıştırıq kimi şeylərə ehtiyac duymayan, pulla idarə olunan insanabənzər robotlardır. Pulun ucunu göstərirsən, bu tiplər anasını da satır. Beş manat verirsən, seçkini saxtalaşdırır, məhkəmədə üzə durur, ekranda həyasız yalanlar danışır. Belə robot-yappilərdən ölkəmizdə minlərlə dolaşmaqdadır. 
 
Elmə bivec münasibət humanitar sahədə xüsusilə dözülməzdir. Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqda qərəzsiz və şişirtməsiz, emosiyasız və boşboğazlıq edilməmiş ədəbiyyat tapmaq çox çətindir. Demək olar yoxdur. Ancaq baxırsan dilçilik, tarix, folklor və sairə üzrə min cür elmi institutlar, bu obyektlərdə avaralanan yüzlərlə tiplər var. Təzəlikcə başıma gələn faktı yazım, mənimki də boşboğazlıq olmasın. 
 
Demək, uşaqların elm öyrənməsi üzrə öz prinsipim var, heç vaxt uşaq dərslə bağlı nəsə soruşanda birbaşa cavabı demirəm. Çalışıram yol göstərim, cavabı özü tapsın, müftəxorluğa öyrəşməsin. Bu yaxında uşaq “Kitabi Dədə Qorqud” dastanı haçan yazılıb deyə bir sual verdi. Evdə dastanın latın qrafikası ilə nəşri var. Götürdüm verdim, dedim ön sözü oxu, orda sənə lazım olan hər məlumat var. Kitab ölkənin ən bərkgedən dilçilərinin əliylə hazırlanıb, içində AMEA-dan tutmuş yalan olmasın ölkə prezidentinə qədər min cür şəxsin adı var, o üzdən qəti əmin idim ki, ön söz mükəmməldir. Az keçmir, uşaq deyir: “Burda elə şey yoxdur”. İnanmıram, deyirəm təzədən oxu. Hətta onu diqqətsizliyə görə danlayıram. Alıb kitabı baxıram və görürəm uşaq haqlıdır. Ön sözü yazan gülməşəkər filologiya elmləri doktoru burada Dədə Qorqudun saqqalından tutmuş dəvə qutabına qədər min şeydən dastan açıb, ancaq normal və qısa şəkildə, elmi formada məlumatları yazmayıb. 
 
Bu, böyük bəladır. Ürək ağrıdan problemdir. Görürsən biri Hüseyn Cavid haqda kitab yazır, özü də Allah heç qoymasa elmlər doktorudur. Ancaq kitab sudan ibarətdir - heç sıxmağa ehtiyac yoxdur, arasını aç, üstün yaş olacaq. 
 
Başqası tarix kitabı yazır, içində özünün kənddə qoyun otarmağından bəhs edir. Guya bu qoyun otaranda yaxınlıqdakı qalaya çox baxırmış, o qala tariximizə aparır və sairə. 
Üçüncüsü fizika və riyaziyyatı imamlardan sitat gətirməklə təbliğ eləyir. 
İndi düşünürəm bizim rəsədxananın adı da simvolikdir: “pir qulu”.
 
Zamin Hacı
 
musavat.com
Kultura.az | Developed by Samir Yahyazade