post-title

Mamed əmininin iztirabları

Bir arvadı, üç oğlu və bir baldızı vardı Mamed əminin. Bir damın altında yaşayanları nəzərdə tuturam. Qonşu idilər bizə. Eyvanımız aradakı hasardan hündür olduğundan, Mamed əmigildə baş verənlər bizim də həyatımızın bir parçası idi.

 
 
Boğuq, xırıltılı səsi vardı. Həmişə ucadan danışardı. Elə oğlanları da, elə arvadı da, elə baldızı da...hamısı ucadan danışardılar. Üstəlik, hər gün bir neçə seans dava-mərəkə. Sovet vaxtında nə işlədiyini bilmirəm, amma aləm qarışandan sonra dalğalar Mamed əmini də sağa-sola çırpıb, aparıb atmışdı evin küncünə. Olmuşdu gərəksiz bir ailə...“başçısı” deməyə də dilim gəlmir; gərəksiz bir kişi. İşi rus kanallarında əvvəl xokkeyə, sonra xəbərlərə baxmaq, sonra da çıxıb bir ağız Rusiyanı, bir ağız Amerikanı, bir-iki ağız da Azərbaycanı söyməkdi. 
 
Yoxsulluq isə öz işini görməkdə idi. “Bir stəkan düyü”, “iki çimdik un”, “beş-altı dənə qənd” deyə ağız açmadıqları qonşu qalmamışdı. Amma arvadı meydana atılıb, biznesini qurmağa başlayandan sonra işlərinin çəmini tapdılar. 
Rayonda ölən, xəstələnən, yaralanan qoyun, inək, toyuq, əlinə nə heyvan keçsə gətirib Bakıda kafelərə, restoranlara satırdı arvadı. İş böyüdükcə öhdəsindən tək gəlmək çətinləşdi. Odur ki, Mamed əmi də qoşuldu bu biznesə. Ölü heyvanların ətini evdə yuyur, bir az sodalı suda saxlayır, gecəyarısı da qatarla gətirirdilər Bakıya. Biz də öz payımızı alırdıq bu biznesdən: hər gün yuyulub hasarın üstünə sərilən qanlı əskilərin üfunəti. 
Pul-para artmağa başlamışdı. Sonra dükan açdılar, sonra maşın aldılar, sonra evi böyütdülər. Hamısı da ölü heyvanların hesabına. İndi də ucuz bir kafedə yemək yeyəndə, dükandan kolbasa filan alanda, eyvandan gördüyüm o səhnələr gəlir dayanır gözlərimin önündə, burnumda da o dəhşətli qoxu... 
 
***
 
Bir dəfə şadyanalıq idi həyətlərində. Hamısının kefi kök, yeyib-içmək də öz yerində. Anam nə baş verdiyini soruşdu hasarın üstündən. Sən demə, bir gün əvvəl qatar qəza edir, relslərin ətrafında otlayan bir sürü qoyunu vurub öldürür. Arvad da bundan xəbər tutan kimi tez yollanır hadisə yerinə. Deyilənə görə, təcili yardımdan, polisdən daha tez çatıb. Hadisə yerində də təcili təxirəsalınmaz tədbirlər gördükdən sonra otuz-qırx baş ölü, yaralı qoyunu yığıb gətirir evə. 
 
***
 
Başqa bir gün isə, səhər tezdən bir də gördük, arvad anamı haylayır: “Ay qız, bu uşağı səhər tezdən qarğa poxun salmamış niyə çıxarmısan balkona?” 
“Nə olub, ay Əminə?”
“Az heç nə, tezdən mal dalınca gedirdim, uşaq da o tərəfdən tək asqırdı. Mənə də tək düşmür axı, bilirsən. Geri qayıdası oldum. Mal çıxdı əlimdən. Day eybi yox, sabah gedərəm. ”
 
***
 
Pulları çoxaldıqca Mamed əminin oğlanları bir-bir evlənib ev-eşik olmağa başlamışdılar. Böyük oğlu Yədullanın bir qızı da olmuşdu hətta. Amma uşaq bir yaşına çatmadı heç. Bir gün anası zavallı körpəni atasının yanında qoyub həyətə düşür. Yədullanın da çəkisi ən az 120 kilo olardı. İkisi bir divanda. Adam yuxuya gedir, elə yuxuda ikən yerində çevrilir, uşaq qalır altında. Yazıq körpənin canı o andaca çıxır. Qıy-qışqırıq qopur həyətdə. Biz də hay-küyü eşidib anamla getdik Mamed əmigilə. Körpəni qoymuşdular döşəmənin üstünə, ağlaşırdılar. Mən də o vaxtlar kinoda filanda çox görmüşdüm, ölən adamın ağzından tutub üfürürdülər, sonra da adam dirilirdi. Cumdum körpənin üstünə, başladım ağzından içəri nəfəs verməyə. Uşağın burnunu tutmaq ağlıma gəlmədi. Tutmaq lazım olduğunu da bilmirdim. Mən nəfəs verən kimi körpənin burnundan çıxan fırtıq topası ilə üzümə yapışdı. İndi də xatirimdə canlı-canlı duyuram o səhnəni; körpənin solğun üzü, hələ də qanı üstündə olan dodaqları və üzümdəki fırtığın istisi. Mamed əmi isə gözündə iki gilə yaş, kənarda dayanıb baxırdı. Dəhşət kədərlənmişdim həmin gün. Bəlkə də tanrı ilə aramızdakı sevgiyə ilk çat elə həmin gün düşmüşdü. 
 
Nə isə, qayıdaq Mamed əmiyə. Beləcə, yaşayırdılar özləri üçün, cibləri və qarınları dolu. Arvadının müdhiş icadı olan “ölü ətin” sayəsində. Mamed əmi də babat “kişiləşmişdi” o aralar. Hərdən hirslənib “mal dalınca” da getmirdi. Deyirdi, oğlanlarını göndər, getsinlər. Qırğın-mərəkə də əskik olmurdu. Arvadı Mamed əmini söyür, Mamed əmi ona bir təpik ilişdirir, sonra da oğlanları gəlib Mamed əmini döyürdülər. Hərdən söhbətə baldız da qarışırdı. Ara yerdə bir-iki şapalaq da ona dəyirdi. Artıq öyrəncəli olmuşduq. Düzdür, bizdə də az olmurdu səs-küy, dava-qırğın, amma onlara çata bilməzdik. 
Bir gün yenə də vay-şivən qopdu həyətlərində. Amma bu dəfə nəsə fərqli idi. Ağlaşma hissəsi daha çox idi, nəinki söyüş, yumruq-təpik. Əsas da arvad dil deyib ağlayırdı. Sonra, bütün qonşular yığışınca, arvad hər şeyi danışmağa başladı. Neçə vaxt imiş Mamed əminin mədəsi yaman ağrıyırmış. Bir həftə əvvəl həkimə aparmışlar. İndi də məlum olub ki, kişinin mədəsində “pis xəstəlik” var, özü də lap pisindən. Artıq gecmiş, dava-dərmanın, müalicənin xeyri yoxmuş, yazığın iki-üç ay ömrü qalırmış...
Arvad bunları gah ağlayaraq, gah kədərli, solğun baxışlarla gözlərini bir nöqtəyə zilləyərək, gah da dul və qürurlu qadın obrazı yaradaraq söyləyirdi. Mamed əmi özü də divanda uzanıb bunlara qulaq asırdı. “Qulaq asırdı” demək bilmirəm nə qədər doğrudur, çünki üzündəki ifadədən tamam başqa dünyada olduğu aydın hiss edilirdi. Bəlkə də, arvadı artıq özünü dul və qürurlu qadın rolunda təsəvvür etdiyi kimi, bu da özünü artıq o biri dünyada təsəvvür edirdi.
Üç ay belə ağlaşma mərasimləri ilə keçdi. Demək olar ki, hər gün beləcə yığışırdılar kişinin başına, iki bacı ağlaşırdılar, ağı deyirdilər, oğlanları da doluxsunmuş gözlərini zilləyirdilər kişiyə sarı. Hərdən Mamed əmi halsız-halsız dillənəndə ki, a bala, durun gedin, həkim deyən dərmandan alın, ağrı öldürür məni, hamısı bir-birinin üzünə baxıb gözləyərdilər. Sonra qırğın düşərdi, sən get, yox, sən get, deyə. Axırda, arvad durub özü gedərdi ki, uşaqların arasında söz-söhbət düşməsin. 
 
Çox keçmədən hamının gözlədiyi baş verdi. Mamed əmi öldü. Ya da, nənəmin təbiri ilə desəm, gordan evə getdi. Hamı cuşa gəlmişdi. Daha elə də ağlaşma filan yox idi. Hərdən baldızının xəfif ciyiltisi, bir də arvadının saxta hönkürtüsü gəlirdi.  Hər kəs bir işlə məşğul idi. Oğlanları da elə bil canlanmışdılar. Hətta ən tənbəli ortancıl oğul belə şövqlə su daşıyırdı samovarlara, iri vedrə ilə. O vedrə ki, təxminən bir il əvvəl adəti dava zamanı qolazlamışdı atasına sarı, vedrə gedib papaq kimi keçmişdi kişinin başına... Arvad da tez-tez həyətə düşüb ona-buna göstəriş verir, böyük oğlunu çağırıb qəbir-kəfən məsələsini tez həll eləməyi tapşırırdı...
 
***
 
Yaddaş əcaib şeydir. Nəyi necə və niyə xatırladığını hər zaman anlamaq olmur. İndi yaddaşımı qurdaladıqca Mamed əminin səsini, yerişini, istifadə etdiyi sözləri, hətta o tər və siqaret qarışığı qoxusunu belə xatırlayıram. Amma üzünün görkəmini xatırladacaq bircə cizgi belə yadıma düşmür. Sanki qəfil qarşıma çıxsa, tanıya bilmərəm. Bəlkə də onu gördüyüm son səhnə digər görüntüləri sıxışdırıb yaddaşımın bir küncünə, çıxmağa imkan vermir: Mamed əmi öldüyü gün onu yumaq üçün evlərinin bizə tərəf olan tinində yuyacaq düzəltmişdilər. Ətrafına da pərdə çəkmişdilər. Yaman külək vardı həmin gün. Biz uşaqlar da eyvandan qonşunun həyətinə boylanmaqdan boynumuz uzanmışdı, ölü görmək marağı ilə. Birdən külək pərdənin baş tərəfini qaldırdı, sonra da ayaq tərəfini. Əvvəlcə, Mamed əminin tük basmış çiyinlərinin altında göyərmiş kürəyini, sonra da ayaqlarının ortasında büzüşmüş, qıvrım tüklərin arasında yana doğru əyilmiş penisini gördük... 
 
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı