post-title

Çəmənzəminli Mirzə Cəlil haqda: "Söylədikləri məntiqsiz ifadələrdən ibarət idi”

Çəmənzəminli Mirzə Cəlil haqda yazır:

 
 
“...bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım.
 
Mənə onun söhbəti olduqca sıxıntılı, məlumatı çox az göründü:
 
--Himm?.. hə... Deməli, belə...
--Hə?.. Nə olar ki?.. Hə...
 
Bütün axşam söylədikləri qırıq, məntiqsiz, rabitəsiz ifadələrdən ibarət oldu”
 
BÖYÜK YAZIÇININ ÖMRÜNƏ KİÇİCİK BAXIŞ
 
(Yazıda Kamran Məmmədovun “Məşələ dönmüş ömür” monoqrafiyasından da faktlar istifadə edilib)
 
MİN KİTABLIQ ÖMÜR YOLU
 
(Üçüncü yazı)
 
 
Əziz oxucum! Etiraf edim ki, əvvəlcə Yusif Vəzir haqqında cəmi bir hissəlik yazı yazmaq fikrim vardı.
 
Amma həyatı ilə yaxından tanış olduqca fikrim dəyişdi.
 
Bu, min  kitablıq ömür yoluydu! İkinci hissəni yazandan sonra da depressiyaya düşdüm.
 
Sanki onun keçirdiyi sarsıntılar mənə ötürüldü. Yuxum qaçdı. Özümü günahkar sayırdım. Elə bil əziz bir adamım min cür qovğadan keçib, zülümlər çəkib, sürgündə ölüb, amma mən ondan xəbərsiz xoşbəxtcəsinə yaşamışam...
 
Bir şeyin də fərqinə vardım. Çəmənzəminlinin simasında necə şəxsiyyət itirdiyimizin... Həm də vaxtsız!
 
Fikrimcə, Azərbaycan ədəbiyyatında bu çəkidə, bu mədəni səviyyədə, bu qədər tolerant, həm də milli, Vətənininə bu qədər vurğun yazıçı olmayıb...
 
Bu mənada o ancaq böyük Həsən bəy Zərdabi ilə müqayisə oluna bilər...
 
MƏRKƏZDƏ 24 KV-LIQ İKİOTAQLI MƏNZİL!
 
İl - 1926. Ay - 3 aprel. Yusif Vəzir 7 illik vətənsizlikdən sonra “nicat sahilinə” yan alır.
 
İnanmıram ki, onu Bakı vağzalında kimsə gül-çiçəklə qarşılasın... Amma nə fərqi? Əsas olan illər həsrətlisi Vətənə qovuşmaq deyilmi?
 
Onu elə Bakıya gəldiyi həmin ayda işə götürürlər. 1926-cı  ilin aprelindən 1927-ci ilin martınadək “Bakı işçisi” kooperativ nəşriyyatında
bədii ədəbiyyat şöbəsinin müdiri olur.
 
Elə həmin il ona mənzil də verilir! Bünyad Sərdarov küçəsindəki 20 nömrəli binada 24 kv-lıq ikiotaqlı mənzil - üçmərtəbəli binanın birinci qatında, amma işıqlı mənzil.
 
Sovet adamına xoşbəxt olmaq üçün daha nə lazım idi ki?..
 
Kamran Məmmədov yazır ki, yazıçı səhəri elə yazı stolunda açırmış. Yay vaxtı küçənin səs-küyü artanda, üstəlik də Bakının cansıxıcı istisi hər yanı qasıb-qovuranda Yusif Vəzir küçəyə çıxar, sal daşın üstündə oturarmış. Qaşlarını çatıb fikrə dalarmış.  
Çöhrəsində bir məhzunluq olarmış. Öz aləmində, sanki bu dünyadan xəbərsiz görünərmiş... Görəsən, Yusif Vəzir əfəndi o vaxtlarda nə düşünərmiş?
 
TURGENEV -  “XAM TORPAQ”
 
Yusif Vəzir həm də gözəl tərcüməçiydi. Gələn kimi ona Turgenevin “Xam torpaq” əsərinin Azərbaycan dilinə tərcüməsini tapşırırlar. O vaxtlar indiki kimi deyildi. Tərcüməyə yaxşı pul verirdilər. Yusif Vəzir düz 7 ay bu tərcümənin üzərində işləyir. Sonda əsəri bitirib nəşriyyata təqdim edir. Nəşriyyat redaktoru tərcümə üzərində işə başlayır və bir az keçəndən sonra yazıçıya bildirirlər ki, tərcümə yoxa çıxıb... O tərcümə əsərini bir daha görən olmur.
 
MİRZƏ CƏLİLLƏ GÖRÜŞ - MƏNMİ YANILIRAM, MOLLAMI QOCALMIŞ?
 
Bakıya gələndən bir ay sonra Yusif Vəzir sevimli “Molla Nəsrəddin”lə görüşmək qərarına gəlir. Fikrini telefonla bildirir. Mirzə Cəlil Yusif Vəzirin iş yerinə gələcəyinə söz verir və ertəsi gün vədinə əməl edir.
 
“Ortaboylu, iri bığlı, çopur burnunun üzəri tüklü, iri əsalı” Mirzə gülə-gülə Yusif Vəzirə: ”sizi çox yaşlı zənn edirdim, cavanmışsınız”—deyir və ayaqüstü  görüşdən sonra onu evinə çağırır.
 
Yaxından tanış olurlar. Yusif Vəzir yazır: “Böyük ədəbi dövr yaradan, ictimai həyatımızda inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım. Mənə onun söhbəti olduqca sıxıntılı, məlumatı çox az göründü:
--Himm?.. hə... Deməli, belə...
--Hə?.. Nə olar ki?.. Hə...
Bütün axşam söylədikləri qırıq, məntiqsiz, rabitəsiz ifadələrdən ibarət oldu”
 
Necə bilirsiniz, bəlkə Molla əmi Yusif Vəzirdən çəkindiyi üçün lal-dinməz qalıbmış? Axı, Həmidə xanım xatirələrində onun təbiətcə çox ehtiyatlı adam olduğunu yazır. Qarşısında bir ay öncə Parisdən qayıtmış, həm də bütün körpüləri yandırıb gəlmiş bir cavan “Avropalı yazıçı”nın oturduğunu görən Mirzə Cəlil bəlkə çəkindiyindən onunla aranı açmayıb?
 
Hər halda bu təəssürat Yusif Vəzirin Mirzə Cəlil haqqında fikrini dəyişməyib: “Molla böyükdür və orijinaldır” - Çəmənzəminli Mirzə Cəlilin ölümündən sonra belə yazıb...
 
EVLİLİK - ÜÇ UŞAQ ATASI
 
1927-ci il Yusif Vəzirin həyatında yaddaqalan olur. O, dekabrın 29-da Bilqeyis Əsəd qızı Acalova ilə evlənir və beş ilin içində iki oğul, bir qız atası olur.  Böyük oğlu Orxan 1928-ci ildə, Fikrət 1929-da, qızı Gülara isə  1932-ci ildə doğulur.
 
Bilqeyis xanımın ailəsi də eynən Yusif Vəzir kimi Şuşadan 1906-cı ildə erməni-müsəlman davası dövründə qaçqın düşmüşdü. Onlar Gürcüstana pənah aparmışdılar. Şuşa Realni Məktəbi ermənilər yaşayan səmtdə olduğundan, Yusif Vəzir təhsilini Bakı Realni Məktəbində davam etdirmişdi. Anası və bacıları isə Aşqabada Yusifin xalasının yanına köçmüşdülər.
 
Bir şeyi də qeyd edim ki, Çəmənzəminlinin indi Əlyazmalar İnstitutunda saxlanan romanlarını, oçerklərini, gündəlikərini, sənədlərini qayınanası Kiçikxanım Acalova “Təzə Bəy” hamamının yuxarısında yerləşən  birotaqlı mənzilindəki sandıqda qoruyub saxlayıb. Ruhu şad olsun o xanımın! 
 
Betti Bleyer yazır ki, kürəkəninin Stalin rejimi ilə problem yaşadığını görən bu müdrik xanım  onu öz sandığında gizlətmək qərarı verib. O xanım olmasaydı... gerisini özünüz tapın...
 
YAZIÇI HARA - PLAN KOMİTƏSİ HARA?
 
Evlənən il onun iş yerini dəyişirlər. Üç il Dövlət Plan Komitəsində (?) ictimai-mədəni bölmənin əməkdaşı, həm də Dövlət Universitetinin aspirantı olur. Universitetdə folklordan mühazirələr oxuyur, tədqiqatlar aparır və bu sahədə saysız kitab çap etdirir. Ədəbi yaradıcılığından da qalmır. Yazdıqlarını sadalasam, bu hissə tamamlanar.
 
Bəzi əsərlərini (“Studentlər”, “Qızlar bulağı”) yenidən işləyib nəşr etdirir.
 
1936-37-ci illərdə “İki od arasında” romanını yazır. Ancaq roman onun sağlığında yox, ölümündən çox sonra “Qan içində” adı ilə çap olunur. “İki od arasında” deyərkən yazıçının Rusiya və İranı nəzərdə tutduğu bu qədər aydınkən  (Kamran Məmmədov bu ad dəyişimini “hansı mülahizəyə əsasən isə o “Qan içində” adı ilə çap olunmuşdur” kimi ifadə edir) Sovet hökuməti bu adı saxlayardımı?
 
Bu illər onun xeyli hekayələr kitabı da nəşr olunur. İş yeri yenə dəyişirilir. 1930-35-ci illərdə Sənaye İnstitutunun dil və ədəbiyyat kafedrasında assisent-müəllim işləyir. “Yoldaş Vəzirov”  təriflənir, mükafatlar alır. İctimai həyatda fəal iştirak edir. Tərcümə ilə məşğul olur. Tolstoyun “Dirilmə”, Qoqolun “Köhnə dünya mülkədarları”  və s. əsərləri dilimizə çevirir. 1935-ci ildən “Azərnəşr”də tərcüməçi, redaktor, “Ədəbiyyat”qəzetində məsləhətçi işləyir.
 
"YAŞADIĞIM MƏNZİL İŞİMƏ YARAMIR"
 
Fasiləsiz iş Yusif Vəzirin səhhətini pozur. Artıq yaş da o yaş deyil: “Yaşadığım mənzil işim üçün qətiyyən yaramır, 24 kvadratda beş adam qalır, birinci mərtəbədir, küçənin gurultusu işimə mane olur. İndiyə qədər mənzil çətinliyini gecə sabahaqədər çalışmaqla həll edirdim, indisə bu olmayır, ürəyim və gözlərim xəstələnmişdir...”.
 
ONU ÇARLİ ÇAPLİNƏ OXŞADIRDILAR...
 
Yusif Vəzir çox şən, deyib-gülən, zarafatcıl adammış. Avropasayaq geyinər, əlinə əsa alar, şlyapa qoyarmış. Bakıda Çarli Çaplinin filmlərinin gedən vaxtında uşaqlar onu Çaplinə oxşadıb arxasınca düşərmişlər.
 
Bir dəfə küçədə anası ilə gedən bir oğlan  uşağı diqqətlə yazıçını süzməyə başlayır.
 
Yusif Vəzir də etmə tənbəllik, küçədə eynən Çaplinsayaq yeriməyə başlayır. Uşaq qorxudan ağlayır. Yusif Əfəndi uşağı sakitləşdirmək üçün onlara yanaşır, Çaplin kimi şlyapasını çıxarıb bığını oynadır. Oğlan daha bərk ağlayır.
 
Anası qayıdır ki, oğlum, ağlama, əmi dəli deyil, yəqin bekardır, işi yoxdur, odur ki, özünü Çaplinə oxşadır. Yusif Vəzir bu əhvalatdan yaman həzz alır, xüsusən də uşağın anasının dediyi:  “bekardır”—sözünü təkrarlayıb gülürmüş...
 
“XOŞBƏXT XALQIN XOŞBƏXT MÜƏLLİMİ”
 
Ailə kitabxanamızda Yusif Vəzirlə bağlı balaca bir kitabça da var. Bu, Hüseyn Şərifin “Xatirələr” kitabıdır.
 
Yazıçı-tərcüməçi olan Hüseyn Şərif ötən əsrdə tanıdığı  yazıçı və şairlər haqqında xatirələr yazıb. “Xalqına vurğun sənətkar” adlandırdığı xatirədə o, Yusif Vəzri çox sadə,  bilikli, mədəni, nurlu ziyalı adlandırır.
 
İş elə gətirir ki, bir kitabda fransızca mətn getməliymiş. Hüseyn Şərif  bu dildə bilən adam axtarır və Yusif Vəziri ona nişan verirlər. O dövrdə Yusif əfəndi “Azərnəşr”də çalışırmış.
 
Onun yanına gedən Hüseyn Şərif qəribə mənzərə ilə qarşılaşır. Əhməd Cavad Yusif Vəzirlə yanaşı oturubmuş. Yusif Vəzir nə isə danışır, Cavad qəhqəhə çəkib gülürmüş.
 
Sən demə, Yusif əfəndi Molla Pənah Vaqifdən maraqlı əhvalatlar danışırmış. İki il sonra “İki od arasında” romanı yazılacaqdı. Yəqin ki, uşaqlığından Şuşada Vaqif haqqında gəzən söz-söhbətləri beynində saxlayan Yusif Vəzir onları romandan öncə Əhməd Cavadla bölüşürmüş...
 
Yeri gəlmişkən, Hüseyn Şərif  “Xatirələr”də Yusif Vəzirin fransızca  bilgisindən də yazıb.  
 
Moskvadan gələn bir mütəxəssisin Yusif Vəzirin fransız dilində olan mətn üzərində necə işlədiyini görüb təəccüblənməsindən, onunla görüşdən sonra: “O fransız dilinə  yaxşı bələddir. Heyf onun əsərlərini orijinaldan oxuya bilmirəm. Belə müəllimi olan xalq xoşbəxtdir”—dediyini yazıb.
 
”Xoşbəxt xalqın xoşbəxt müəllimi” isə “Azərnəşr”də redaktor kimi çalışır, hətta hərdən tanınmamaq üçün başını ülgüclə qırxdırır da... Çəmənzəminlinin Bakı bağlarında çəkilmiş belə bir şəkli var. Oğlu Orxanın dediyinə görə, atası  tanınmamaq üçün belə edirmiş... KQB-nin gözündən bu üsulla qaçmaq olardımı?
 
YENİDƏN VƏKİLLİYƏ... "KƏRƏM DƏDƏ KİMİ YANIRAM!"
 
1937-ildə onu Yazıçılar Birliyindən çıxarırlar.Ondan əvvəl mətbuatda yazıçını qaralayan yazılar çıxır. Onun yazdıqlarını (“Studentlər”i) “kontrrevolyusyon  sarsaqlama” adlandırırlar. Və... işdən “ixtisar” adı ilə azad edirlər!
 
1938-ci ildə Yusif Vəzir köhnə sənətinə - vəkilliyə qayıtmalı olur...Üç aydan sonra oradan da ixtisara düşür. Yazıçı yuxarı təşkilatlara üz tutur:
 
“...Talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Bunların günahı nədir, bilmirəm...Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam...”
 
M.C.Bağırova, daha sonra İ.V.Stalinə məktub yazır. Heç yerdən cavab gəlmir. Ədib mütaliəyə girişir. Kamran Məmmədov yazır ki, onun 1937-38-ci illərdə oxuduğu kitabların siyahısına baxanda, adamı heyrət bürüyür...
 
1938-ci ildə yazıçı “Kommunist” qəzetində bir elan görür. Özbəkistanın Ürgənc şəhərində Xarəzm Pedaqoji İnstitutunda rus dilindən dərs demək üçün müsabiqə elan olunub. Sənədlərini Ürgəncə göndərən Yusif əfəndi müsabiqədən keçir. Ailəsini Bakıda qoyub Ürgəncə gedir. Ürgəncdə “yüksək mədəniyyət sahibi”, “mükəmməl bilikli müəllim” kimi ad çıxarır. Oradan ailəsinə  məktublar göndərir:
 
Sanmayınız atanız Ürgəncdədir.
Özüm hər yerdə mən,
Könlüm sizdədir...
 
Ancaq burada 1940-cı il yanvarın 25-dək çalışa bilir. Onu  Ürgəncdə həbs edib Bakıya gətirirlər. Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı il iyulun 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnoe (quraq ve susuz) stansıyasına sürgün edilir. Kamran Məmmədov hətta 1988-ci ildə çıxan kitabda belə ”sürgün” sözünü işlətmir (bəlkə də, işlətməyə qoymurlar), “sürgün”ü “köçürülür” sözü ilə əvəz edir...
 
Sevda İsmayıllı
 
Oxu Zalı
 
Yuxarı