Rəşad Səfər: Yol əhvalatı - HEKAYƏ

Литература

 

Kütlə isə leş üstünə yığılmış qarğa-quzğun kimi meyitin başına toplaşmışdı. Hərə bir söz deyirdi. Bir-birlərinin çiyni üzərindən boylanaraq danışanın sözünü kəsir, öz mülahizələrini söyləyirdilər. Tük ürpərdici bir uğultu, dəhşətli bir coşqunluq vardı insanlarda. Qəribə bir xoşbəxtlik duyulurdu hərəkətlərində, nitqlərində. Sanki “bu dəfə də biz ölmədik, başqası öldü” deyə sevinc içində idilər. Hətta üzündə buğdanı gizlədəcək qədər dərin qırışlar olan sısqa bir kişi haradansa boylanaraq coşquyla deyirdi ki, guya adam ölməmişdən qabaq son dəfə ona zilləmişdi gözlərini, yalvaran baxışlarla. Başqa biri isə dərhal bu kişinin sözünü kəsdi: “Osturağa basma əə, rəhmətlik yerə düşəndə uje ölmüşdü. ”

Nə isə, söylənənləri bir yerə yığanda təxminən belə bir nəticə hasil olurdu ki, adam avtobusda ölmüşdü. Sonra da arxa qapı açılınca diyirlənib yerə düşmüşdü. Hətta deyilənə görə, kişi avtobusdan yerə diyirlənmədən xeyli qabaq ölübmüş. Hələ öləndən sonra da cansız bədəni ana torpağın üstündə son macərasını yaşamışdı...

***

“Sıxlaş, sıxlaş, bir azca da sıxlaş...”

“Qardaş, yer var ee ortada, bir az da sıxlaş...”

Orta yaşlı bir kişi mindi avtobusa. Zəif bədənli, bəstə boylu. Başdan ayağa səfalət elçisi. Nimdaş bir pencək, kir içində. Siqaret közlərindən deşik-deşik olmuş, ipləri süzülmüş jaket. Köhnə, bozarmış bir şapka, hansı rəngdə olduğu artıq bilinməyən şalvar və təsvirinə aciz olduğum ayaqqabı. Üzündə bütün ömrün keşməkeşi. Və təhqir olunmuş həyatın gözlə görünə bilən nişanələri. Uğursuzluğun və məğlubiyyətin təcəssümü.

Kişi insanların arasından birtəhər sivişərək avtobusun ortasına qədər irəliləyə bildi. Basabasın elə bir nöqtəsindəydi ki, haradansa yapışıb dayanmağa ehtiyac yox idi. İnsanlar özləri səni ayaqda saxlayırdılar. Kişi də beləcə sıxılaraq dayanmışdı ayaq üstə. Gödək boyu da imkan vermirdi ki, başı insanların başına çatsın və pəncərədən gələn işığı görə bilsin.

Sinəsi yaman göynəyirdi. Əslində, köksündəki sancıları səhərdən hiss etməyə başlamışdı. Amma avtobusa mindikdən sonra daha da şiddətlənmişdi ağrılar. Nədən ola bilərdi sinəsindəki bu göynəmə? Bəlkə mədəsi filan ağrıyır, elə bilir ki, ürəyidir? Əşi heç nə olmaz, o gün də ağrıyırdı, keçib getdi. Amma yox, yaman yandırır. Sonra fikirləri köksündəki sancıdan uzaqlaşıb, birini də həll edə bilmədiyi min bir problemin yanına getdi. Nəyi düşünəcəyini bilmirdi. Beynində aləm bir-birinə qarışmışdı. Bir yandan da bu zəhrimara qalmış göynəmə. Kişi bu düşüncələr içərisində ikən qəfil ürəyinə xəncər sapladılar sanki. Dözülməz bir ağrı qopdu sinəsindən. Qışqırmaq istədi. Amma səsi çıxmadı. Soyuq tər basdı. Bədəni xəfifcə titrəməyə başladı. Ürəyi bulandı. Sinəsi isə şiddətlə göynəyirdi. Sanki ocaqdan bir topa köz götürüb basmışdılar köksünə. İndi bircə arzusu vardı: kimsə bir parça buz gətirib qoyaydı sinəsinin üstünə.

Qolları da qurumuşdu elə bil. Sol əlini qaldırıb sinəsini ovxalamaq istədi, amma alınmadı. Gücü çatmadı. Başını azca qaldırıb yuxarı boylandı. Kömək istəyirdi baxışları ilə. Bəlkə də kimsə görsəydi baxışlarını, yardım edərdi. Amma iş onda idi ki, kimsə bu baxışları görmürdü. Bax, elə bu zaman anladı ölümün gəldiyini və bu qədər insanın içərisində ölümlə təkbətək qaldığını. İxtiyarsız gözlərindən yaş süzüldü. Həyatı nə qədər ağır keçsə də, ölümü qəbul etmək o qədər də asan deyildi. Şiddətli ağrılarsa davam edirdi. Ağrı o həddə çatdı ki, artıq kişi yaşamaq üçün deyil, ölmək üçün dua etməyə başladı. Və bu dua çox tez eşidildi. Kişi öldü...

Kişi öldü ölməyinə, amma bu onun avtobusundakı duruşunda heç nəyi dəyişmədi. Sadəcə, başı önə sallandı. Lakin qarşısındakı yekəpərin kürəyi imkan vermirdi ki, çənəsi sinəsinə dəysin.

Beləcə davam etdilər yola. İnsanlarsa hər şeydən xəbərsizdilər həmişəki kimi. Kədərli, yorğun, acıqlı surətlər, nifrət dolu baxışlar. Ağlasığmaz pozalar və ayaq üstə yol gedən ölü. Tanrının möcüzəsi.

Sürücü avtobusu tez-tez saxlayıb insan yığımına davam edirdi. Biri düşür, üçü minirdi. Sıxlaş, sıxlaş, ortada yer var, bir az da sıxlaş...Hər dəfə də yeni adam minəndə yazıq cəsəd addım-addım qapıya yaxınlaşırdı. Azadlığa lap az qalmışdı.

Avtobus Alatavanın girəcəyində bir də saxladı. Ön qapıdan iki adam mindi. Arxa qapıdan isə bir nəfər düşdü. Elə o bir nəfərin ardınca da cəsəd təpəsi üstə asfalta yuvarlandı. Son sərnişinin düşməsi ilə zavallı cəsəd onu ayaqda saxlayan sonuncu dayağını da itirmişdi. Bircə qalırdı son mənzilin tikinti materialı olan torpağa düşmək. Torpaq ki, övladını qoynuna aldı, vəssalam, bütün iztirablara son!

Hə, kişinin cansız bədəni avtobusdan qurtulub yerə yuvarlandı. Avtobusun yan güzgüsündən arxaya baxan sürücü elə zənn etdi ki, adam sərxoşdur, pul vermədən qaçıb gedəcək. Odur ki, ayağa qalxdı, başını qapıdan çıxarıb bağırdı: “Ay oğraş, bəs iyirmi qəpiyi kim verəcək?” Cəsədin təbii ki, səsi çıxmadı. Sürücü bir də qışqırdı. Cavab yoxdur. Sürücü cin atına mindi. Avtobusdan düşüb cəsədə yaxınlaşdı, adamı təpikləməyə başladı. “Ala, ala, piyanska oğraş, ala!” Kişidən səs çıxmır, sürücü isə təpikləyirdi. Axırda yorulub dayandı. Qəfil təşvişə düşdü, adamı öldürəcəyindən qorxmuşdu. Bir az özünü toplayıb cəsədə tərəf yaxınlaşdı...və birdən bağırdı: “Ə, bu ölüb ki!”

Rəşad Səfər

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade