"7 hekayə" - Cəbr və həndəsəyə giriş

Литература

 

Ya da Bernard Luis kimi oxunaqlı, təsvirləri bol olan tarixçi alimlərin qalın-qalın kitablarını da ədəbiyyat sayardıq. Bir zamanlar sayılardı, amma indi saymırıq. Çünki ədəbiyyat nə qədər inkişaf etsə də, nə qədər bu “izm”dən başqa bir “izm”ə tullansa da, duyğulara xitab etmək və bu duyğular vasitəsilə də düşüncəyə ayaq açmaq özəlliyini özündə saxladı. Bu, əsas xəttə çevrildi və digər elementlər köməkçi mövqeyə keçdilər. Hətta ədəbiyyatı bütün vəzifələrdən uzaq tutan “nəhənglər” də bundan qaça bilməyiblər. Zatən qaçsaydılar, bu gün onları tanımazdıq, maraqla oxumazdıq. Taqorun deyimi ilə desək, ədəbiyyatın meyarı mətnin nədən bəhs etməsində deyil, həqiqi duyğuları əks etdirmə gücündədir.

Bu söhbətlər - ədəbiyyat nədir, ədəbi mətn necə olmalıdır kimi söhbətlər uzun illərin müzakirələrindən keçib. Yeni bir şey söyləmirəm. Məşhur ədəbiyyat nəzəriyyəçisi Terri İqltonun fundamental nəzəriyyə kitabı olan “Ədəbiyyat nəzəriyyəsi”ndə də uzun-uzun bu haqda danışılır. Çox kreativ bir reklam mətninin, ya da çox əyləncəli bir anekdotun niyə ədəbiyyat sayılmadığı izah olunur.
Yeri gəlmişkən, bu Terri İqltonun bir romanı var. Daha doğrusu, cəmi bircə romanı var. Yanılmıramsa, bir-iki pyes də yazıb, amma romanı daha məşhurdur. Deməli, İqlton bu romanda Vitqenişteyni, Rasseli, Baxtini, “Ulis”in Blumunu bir yerə yığıb. Adını da qoyub “Müqəddəslər və alimlər”. Bu insanların həyatlarındakı maraqlı faktlardan, bilicisi olduğu nəzəriyyədən və dünya ədəbiyyatından, fəlsəfəsindən istifadə edərək fərqli bir əsər yaradıb. Amma böyük ədəbiyyat nümunələri ilə müqayisədə, alınmayıb məncə. İntellektual bir oyundur sadəcə. Fəlsəfə, ədəbiyyat, siyasət haqqında əyləncəli bir oyun. Oxuduqca içində “vay, bu nə cümlə idi” deyə biləcəyim cümlə olan bircə parçaya da rast gəlmədim. O boyda ədəbiyyat bilicisi bütün bilgilərinə rəğmən möhtəşəm bir roman yarada bilməyib.

İndisə gələk əsas mətləbə. Daha doğrusu, Əli Novruzovun yüz il ərzində yazdığı “7 hekayə” kitabına. Belə bir söhbət var ki, zavallı yazıçının aylarla, illərlə yazdığı kitabı oxucu bir neçə günə oxuyur. Bu mənada, Əli bəyin kədəri daha ağır olmalıdır. Cəmi yarım saat çəkdi kitabı oxumaq. Hələ bir neçə yerdə fikrim dağıldı, səhifəni yenidən oxumalı oldum.

Xırda-para texniki qüsurları, səhifə-sətir “xalturaları”nı qoyaq bir kənara. Bunlar mətndən kənar məsələlərdir. Müəllif hekayələrdə maraqlı və fərqli mövzulara toxunub. Oxuduqca hiss olunur ki, Azərbaycan dilini yaxşı bilir. Cümlələri səlis və anlaşılandır. O da hiss olunur ki, dünya ədəbiyyatından, ədəbiyyat nəzəriyyəsindən məlumatlıdır. Bunu qabartmaqdan da çəkinmir. Olsun, burda utanılacaq bir şey yoxdur. Elə “Yayı olmayan il” hekayəsində də intellektual oyun qurmağa cəhd edib. Bilməyənlər üçün ədəbiyyat tarixindən bir əhvalat danışım, hekayə bir az aydın olsun. Deməli, 1816-cı ilin yağışlı bir yay günündə yazıçı Meri Şelli ve sevgilisi Persi Şelli Corc Bayronun villasına qonaq gəlirlər. Oradan-buradan söhbət edirlər. Birdən söhbət gəlir qalvanizmin üzərinə. Ölü bədəni və ya ölü bədənin üzvlərini bir yerə yığıb həyata qaytarmağın mümkünlüyü haqqında müzakirə aparmağa başlayırlar. Fantastik əhvalatlar nəql edirlər. Birdən Bayron təklif edir ki, hərə təbiətüstü bir hekayə yazsın. Meri Şellinin yazdığı qısa hekayə sonra böyüyüb olur "Frankenşteyn". Bayron isə oradan-buradan eşitdiyi vampir əfsanələri əsasında kiçik bir fraqment yazır. 1819-cu ildə Con Polidari bu fraqmentdən istifadə edərək "Vampirlər"i ortaya çıxarır. Bu 1816-cı il o ildi ki, Tambora vulkanı nəticəsində yay üzünə həsrət qalmışdı. Bütün il yağışlı, şaxtalı, soyuq keçmişdi. Buna görə də həmin il "yayı olmayan il" adlanır tarixdə. Yuxarıdakı qəhrəmanları da bu tutqun, soyuq, yağışlı yay havası ilhamlandırmışdı. Bu da, “yayı olmayan il”də baş verənlərin əsl versiyası. Anladığım qədər, Terri də elə yuxarıda haqqında danışdığım professor Terri İqltondur.

Müəllif hər hekayəni aid olduğu bölməyə uyğunlaşdıra bilib. Yəni fərqli mövzularda və üslublarda yaza biləcəyini nümayiş etdirmək istəyib. Sonuncu, plagiat hekayədə də əcnəbi hekayənin süjetini milliləşdirməyi bacarıb. Amma...

Amma hekayələri oxuduqca məndə belə bir hiss də yarandı ki, sanki xətkeşlə cümlələrin uzunluğunu ölçməyə, kalkulyatorla hərflərin sayını hesablamağa Əli Novruzovun başı o qədər qarışıb ki, ən adi insani duyğuları, hekayəni sevdirəcək, oxucuya doğmalaşdıracaq və qayəsini aça biləcək xırda təsvirləri verməyi yaddan çıxarıb. Hiss olunur ki, müəllif yazmazdan öncə nə demək istədiyini və necə deyəcəyini  bilirmiş. Amma yazarkən tez-tez bunlardan hansınısa unudub. Bircə “Qara” hekayəsini istisna hesab edirəm. Bu hekayədə isti, səmimi nə isə vardı. Digərləri isə qupquru. Elə suya həsrət “Şəhər” kimi. Digər hekayələrdəki obrazlar tanış gəlmədi mənə. Ciddi təsbitlərdən, maraqlı müşahidələrdən də kasad idilər. Kitabın heç bir hekayəsi nə insanın öz daxilində, nə də kənarda heç bir müzakirə yaratmır. Halbuki, seçilən mövzular, nəql edilən hadisələr bunlara çox yaxşı imkan verərdi.

Bəlkə də, müəllifin ilk kitabı olduğundan özünün iddia etdiyi “riyazi dəqiqliyin” yanına “gərəkli olanları” qoya bilmək üçün təcrübəsi yetməyib. Bəlkə də gələcəkdə Əli Novruzovdan tamam fərqli mətnlər görəcəyik. Amma hələ ki, vəziyyət belədir. Şəxsən bir oxucu kimi, duyğudan, səmimiyyətdən, mənə maraqlı ola biləcək təsbitlərdən arınmış, cəbr və həndəsə qoxusu gələn ədəbi mətnləri oxumaq mənə yalnız bir neçə saatlıq mütaliə keyfi verə bilər. O da peşəkarların ifasında olarsa.

Hər bir halda, ədəbiyyatımızda fərqli bir yazı cəhdidir. Kitabın, ədəbiyyatın quyunun dibində eşələndiyi bir vaxtda bu cəhdin özü belə təqdirəlayiqdir. Bizə düşən ilk iş isə kitabı alıb oxumaq və müəllifə uğurlar diləməkdir. Tənqid və ya tərif sonrakı mərhələdir.

Rəşad Səfər

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade