post-title

Axundovun erməni əsilli mütəfəkkir dostu

Mirzə Fətəli Axundzadə bu məktubu ona ünvanlayıb: “Mənim sizə göndərdiyim bütün məktubları əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın. Bu məktublar biz öldükdən sonra gələcək nəsil üçün tarixi və əntiqə sənədlər olacaqdır”.

 
O isə Axundzadəyə belə yanaşırdı:
 
“Siz böyük bir məramın böyük bir atasısınız. Biz isə sizin məramınız uğrunda çarpışan sadə mücahidlərik. Haqq bizim tərəfimizdə olduğundan, mən əminəm ki, tez ya gec bizim səylərimiz böyük nəticələr verəcəkdir. Dünyada hər bir böyük iş böyük maneələrə və əngəllərə rast gəlir. Lakin əminəm ki, bizim əzmimiz bütün maneələrə: axmaqlıq, cəhalət və bədbəxtliklərə qalib gələcəkdir” 
 
Axundovun dostu və əqidədaşı olan bu insan dövrün tanınan mütəfəkkiri, ziddiyyətli bir yaşama sahib  Mirzə Melkum xan idi. 
 
Erməni əslli atanın oğlu
 
Mirzə Melkum xanın atası Akop (sonradan müsəlman kimliyi üçün Mirzə Yaqub adını götürür) Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində erməni ailəsində doğulub, onun İslamı qəbul etməsi ilə bağlı dəqiq məlumatlar yoxdur. Mirzə Yaqub gənc yaşlarında Avropaya səyahət edib, fransız və rus dillərini öyrənib. İrana qayıtdıqdan sonra isə öz siyasi məqsədləri üçün Jan Jak Russo ilə qohum olduğunu iddia edib. 1833-cü ildə doğulan Melkum xanın 10 yaşı tamam olduğunda atası tərəfindən Parisə uzaq qohumlarının yanına göndərilir. Melkum orada əvvəlcə bir erməni məktəbində daha sonra isə, politexnik məktəbdə təbiət və mühəndislik ixtisası üzrə təhsil alır. İrana qayıtdıqdan sonra Xarici işlər Nazirliyində tərcüməçi vəzifəsində çalışır.  
 
1856-cı ildə İranın İstanbuldakı səfirliyində işləməyə göndərilən Mirzə Melkum bir neçə ay orada qaldıqdan sonra Parisə gedir, Ogüst Komtun fikirləri ilə tanış olur, 1857-ci il dekabr ayının 10-da İran nümayəndə heyətinin bir sıra üzvləri ilə birlikdə “Səmimi dostlar” mason lojasına üzv olur. İrana qayıtdıqdan sonra isə tərcüməçilik fəaliyyətinə və İranda ilk teleqrafı qurduğuna görə şahın təqdirini qazanır, buna görə də Nəsrəddin şahın icazəsi ilə 1860-cı ildə Parisdəki farmason təşkilatlarına uyğun olaraq İranda ilk mason lojası olan Fəramüşxananı yaradır. Bu Fəramüşxananın iclaslarında İran üsul idarəsi kəskin tənqid edilir, masonların əsas ideyaları olan “qardaşlıq, bərabərlik, azadlıq” kimi fikirlər irəli sürülür. Lakin tezliklə Fəramüşxananın bilavasitə İngiltərəyə bağlı olması aşkara çıxarıldığı üçün İranda “Vəqaye-ettefaqiyyə” qəzetində bəyənnamə çap olunur, Faramüşxana sözü də qadağan olunaraq onun üzvləri sürgün edilir. Melkum xan isə yenidən İstanbula qayıdır. İstanbula sürgün edilən Mirzə Melkum xan vaxtilə Fəramüşxananın üzvü olmuş İranın İstanbuldakı səfiri Mirzə Hüseyn xan Qəzvininin himayəsinə keçir. Bu dövrdə o, İstanbulun erməni dairələri ilə sıx əlaqələr saxlayır, 1864-cü ilin oktyabr ayında Arakel Topçubaşı adlı varlı İstanbul ermənisinin qızı Hanriet ilə Hayastafanus kilsəsində evlənir. 
 
Melkum xan 1872-ci ildə İranın Londondakı elçisi vəzifəsinə təyin olunur, 18 il bu vəzifədə qalır. 
 
Onun bu vəzifəyə təyin olunması dostu Axundzadənin təəssüfünə səbəb olur. Axundzadə bu barədə Mirzə Yusif xana yazırdı: “İranda tək bircə nəfər hikmət sahibi yazıçı meydana gəlmişdi, təəssüf ki, onun da qədrini bilməyib Londonda həbs etdilər. Onun vəzifəsi öz bilik və arzularını qələmə almaqdır”.
 
1889-cu ildə vəzifədən çıxarıldıqdan sonra “Qanun” qəzetini təşkil edir, ardınca farmason təşkilatlarına bənzər “Adəmiyyət cəmiyyəti”ni yaradır. 
 
Melkum xan 1908-ci ildə vəfat edir, cəsədi vəsiyyətinə uyğun olaraq yandırılaraq külləri varisləri arasında paylaşılır.
 
 
Əlifba islahatında Axundovla çiyin-çiyinə
 
Mirzə Fətəlinin ərəb əlifbasını dəyişdirmək yolundakı fəaliyyəti zamanı maraqlı nüanslardan biri Mirzə Melkum xana ünvanladığı məktublardır. Məktublarda əlifba islahatı yolunda Melkum xanla məsləhətləşmələr, problemin Avropa qəzetlərinə çıxarılması və digər məsələlər əksini tapıb. Məktublardan bəlli olur ki, Melkum xana göndərilən məktubların çatmasında dəfələrlə problem yaradılıb, buna baxmayaraq Axundzadə hər dəfə yeni məktublar göndərib. Məktublarında Axundzadə Melkum xanı ruhul-qüds adlandırır.
 
Axundzadə 1871-ci il 8 mart tarixli məktubunda Mirzə Melkum xana yazır:
 
“Mən və sən əlifbanı dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir. ”.
 
Melkum xan fars dilində əlifba məsələsinə həsr edilmiş iki fundamental əsər yazıb: “Şeyx və Vəzir”, “Məbdəi tərəqqi” (inkişafın başlanğıcı). Bu kitabların hər ikisinin tərcüməsi (ərəb əlifbası ilə türk dilində) 1905-ci ildə Bakıda, 1907-ci ildə Tiflisdə nəşr edilib.
 
Axundzadə Mirzə Melkum xanla 1863-cü ilin may ayında İstanbulda, atası Mirzə Yaqubla isə daha əvvəl 1848-ci ildə Tehranda tanış olub. 1848-də Nəsirəddin şahın taxta çıxma mərasiminə general Şillinqlə birgə gələn Axundzadəyə Mirzə Yaqub Hafizin divanını bağışlayır. Mirzə Melkum xan İran farmasonluğunun atasıdır, İran farmasonluğu Fransadan idarə edilirdi və bu lojaya üzv olanlar əsasən İrandan Avropaya göndərilən səfirlər, diplomatlar və tələbələr idi. İlk iranlı farmason Fransada Napoleon sarayında səfir olarkan Şotlandiyanın “Böyük farmason” lojasına tabe olan Fransanın “Fəlsəfə” lojasına 1808-ci ildə üzv olan Əsgər xan Əfşar Urumi idi. 
 
Mirzə Melkum xanın gizli cəmiyyətlərə üzv olması haqqında M.Ə.Rəsulzadə məqalələrinin birində yazır: “Mirzə Mülküm xan farmazonların qərib "qanunxah"lardan mütəşəkkil bir cəmiyyəti-xəfiyyə dəxi tərtib etmişdir. Cəmiyyəti-məzkurənin ismi "Adəmiyyət" olduğu kimi əzasına da adəm ləfzi itlaq olunurdu. Cəmiyyət nizamnaməsi olmaq üzrə Mülküm xan tərəfindən "Üsuli-Adəmiyyət” deyə bir risalə də qələmə alınmışdır”. 
 
 
İrana Avropanın gətirilməsi yolunda
 
Əqidədaşı Axundzadə kimi Melkum xan da Avropa dəyərlərinin İrana (Qacar hökmranlığı) gətirilməsi uğrunda mücadilə aparıb, əsərlərində bu problemə toxunub. Melkum xan dövlət və qanunvericilik məsələləri haqqında “Dəftəri-qanun”, “Rəfiq və Vəzir”, “Dəsgahi Divan”, “Dəftəri Qanun”, “Siratül müstəqim”, “Nidayi Ədalət”, “Üsuli-tərəqqi” adlı əsərlər yazıb. Melkum xan İranda bank sisteminin qurulmasını təklif edib, lakin üləmalar bunun dövlətin İngiltərəyə borclanmasına xidmət etməsi və Melkum xanın da bu prosesin təşəbbüskarı olmasını bildiriblər. Melkum xanın fəaliyyəti göstərir ki, onun əsas məqsədlərindən biri də Qacarların İngiltərədən asılılığına çalışmasıdır. Belə ki, Nəsirəddin şah Qacarın Avropa səyahətlərini təşkil edərkən Londonda sədrəzəm Hüseyin xanla birlikdə baron Julius Reuterdən külli miqdarda rüşvət alaraq İranın bütün qaynaqlarının 70 illiyə yəhudi sərmayədara imtiyaz olaraq verməsini şahı inandıraraq təşkil edib. Lakin şah İrana qayıtdıqdan sonra məsələnin üstü açılıb, üləmaların və Rusiyanın təzyiqi ilə anlaşma ləğv edilib, Melkum xan xalq tərəfindən dövlət və din düşməni elan edilib. Nəsrəddin şahın Avropaya üçüncü səyahətində Melkum xan onu yenidən aldadaraq İranda lotoreya və digər qumar oyunlarının imtiyazını alıb, lakin üləmalar və Rusiya tərəfindən yenidən basqı sonucunda imtiyaz ləğv olunur, Melkum xan isə teleqrafla aldığı bu xəbəri gizlədərək imtiyaz haqqını başqa bir şirkətə satır, məsələnin üstü açıldıqda isə şirkət onu məhkəməyə verir, hökumət isə elçilik vəzifəsindən azad edir. Buna cavab olaraq Melkum xan “Qanun” qəzetini nəşr etdirərək şah əleyhinə təbliğat aparır, lakin Nəsirəddin şahın ölümündən sonra Müzəffərəddin şahla münasibətlərini bərpa edir, 1908-ci ildə İtaliya səfirliyinə təyin olunur. 
 
Melkum xan 1883-cü ildə yazdığı “Hüquqi-əsasiyi-fərd” və “Seratül müstəqim” adlı əsərlərində insan hüquq və şəxsi azadlıqlarının geniş təhlilini verib. Melkum xan yazırdı: “Hər bir şəxsin canının və malının toxunulmazlığı ölkənin və dünya azadlığının ilk şərtidir. Şəxsi azadlıqlardan məqsəd dil, qələm, əqidə, iş, məslək və ictimai azadlıqlardır”. 
 
Melkum xan “Nidayi-ədalət” əsərində bütün insanlara bərbər hüquqların verilməsinə söykənən qanunların tətbiqinin vacibliyindən bəhs edirdi. “Kitabçeyi-qeybi” adlı əsəri iki hissədən ibarətdir, qərb və şərqin müqayisli təhlili aparılır, ikinci hissədə müəllifin yuxusunun izahı verilir. Belə ki, müəllif yuxuda görür ki, şah yeni qanunlar qəbul edib və ölkədə islahatlar aparır, 180 maddədən ibarət qanun bütün sahələri əhatə edir. 
 
 
İnsanların 7 vəzifəsi
 
Göründüyü kimi Melkum xanın həyatı ziddiyyətlərlə doludur. Onun Fəramüşxana yaratması, İranı kapitalist ölkələrdən asılı hala salmaq istəməsi, öz şəxsi mənafeyini güdməsi kimi hallar olsa da, onun başlıca məqsədi İran xalqlarının Avropa dəyərlərinə sahib olması idi. İran xalqlarının modern qanunlarla idarə olunmasını istəməsi idi. 
 
Cəlil Məmmədquluzadə bir yazısında Melkum xanın “Mən sözümü o kəslərə deyirəm ki, adamdırlar” cümləsini önə çıxarır, özü isə bu şəkildə improvizə edir: “"Mən sözümü o kəslərə deyirəm ki, qulaqları var".
 
Melkum xanın özü isə insanların 7 vəzifəsinin olduğunu qeyd edir, bunların hamısı yerinə yetirən insan kamil adam sayılır:
 
1. İnsan pis əməllərdən çəkinməlidir
2. İnsan yaxşılıq etməyə çalışmalıdır
3. İnsan zülmü dəf etməyə çalışmalıdır
4. İnsan öz həmnövləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır
5. İnsan elm ardınca getməlidir
6. İnsan hər yerdə elmi yaymağa çalışmalıdır
7. İnsan öz qüvvəsi və imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həmfikirləri içərisində qayda-qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
 
 
Qaynaq:
 
1. M.F.Axundov: Əsərləri, III cild, Bakı, 2005
2. Yılmaz Karadeniz: “İran Batılılaşma Hareketinde Mirza Malkum Hanın Rolü”
3. Oruz Baxşəliyev: “Mirzə Melkum xan”, Bakı 1970
 
 
Dilqəm Əhməd
Kultura.az
 
Yuxarı