Cırtdanın nağılı

Литература

 
Söhbət isveç yazıçısı Per Lagerkvistin “Cırtdan” romanının qəhrəmanından gedir. 
 
İyirmi altı düymlük “balaca” adam. Rəhbərin şər aləti. O biri cırtdanlar təlxəkdir. Amma o, yox. O, təlxək deyil, sadəcə cırtdandır. Təlxəkliyi alçalmaq hesab edir. O, adi insanlardan biri olmadığını iddia edir; insanlığın ən qədim irqinə mənsubdur, deyə fəxr edir.
Sahibi onun xətrini çox istəyir. Cırtdan bununla qürur duyur. Cırtdanın gözündə hersoq dünyanın ən ağıllı və ən güclü insanıdır. Amma hələ ki. Nə qədər ki, cırtdanın xidmətindən istifadə edirlər.
 
O, ağasının tapşırığı ilə ona rəqib olanları, sevmədiklərini asanlıqla öldürə bilir. Çünki heç kəs bu “balaca” adamdan təhlükə gözləmir. Heç kəs onun içindəki şərdən xəbərdar deyil. 
 
Amma bayırda insanlar onu qəfil gördükləri zaman qorxurlar. Bu qorxunun izahını cırtdan özü hamıdan yaxşı verir: Onlara elə gəlir ki, məndən qorxurlar. Əslində, onlar özlərindən qorxurlar. Mən onların hər birinin içindəki cırtdanam – meymun sifətli, insanabənzər məxluq, ki onların iç dünyasının dərinliklərindən tez-tez boylanır. Ona görə qorxurlar ki, batinlərində tamam başqa bir vücudun yuva qurduğundan xəbərsizdirlər. Onların içlərindən, ruhlarındakı üfunətli girdabların hansındansa qəfil çıxan, onların yaşadığı gündəlik həyata heç bir dəxli olmayan, mövcudluğunu ağıllarına belə gətirmədikləri hər şeydən qorxurlar. Nə qədər ki, həmin nəsnə üzə çıxmayıb, heç nə onların vecinə deyil. Lakin iç dünyalarında daim mövcudluğundan xəbərsiz olduqları başqa bir məxluq həyatını sürür, onlarsa, özləri də bilmədən, bir neçə həyatı eyni zamanda yaşayırlar. Onlar möhkəm maskalanıblar, onlar anlaşılmaz və çoxüzlüdürlər.
 
Cırtdan mizantropdur. İnsanlara nifrət edir. Heç kim haqqında sabit bir fikri yoxdur. İnsana xas olan hər şey onu iyrəndirir. Hətta təbii ehtiyacın ödənilməsi belə onda ikrah duyğusu yaradır. 
 
O, sevməyi bacarmır. Odur ki, sevgiyə də nifrət edir. Sevə bilən insanları ölümcül dərəcədə qısqanır, onları axmaq, sevginin özünü isə gülünc və cəfəng hesab edir. Sevişmək isə ən böyük günahlardan biridir onun üçün. Qapı arxasından eşitdiyi seks iniltiləri onu əsəbiləşdirir, ruhi sarsıntıya salır. Hersoginyanın məşuqunu bəlkə də buna görə daha artıq zövqlə öldürür. Elə bu üzdən, hersoqun qızını sevgilisi ilə yataqda gördükdə dərhal vəzifəsini yerinə yetirir: hersoqa xəbər verir. Hersoq da öz vəzifəsini yerinə yetirir: gəncin başını bədənindən ayırır. 
 
Cırtdan heç nəyə təəccüblənmir, onun o balaca ürəyini heç nə riqqətə gətirmir. Sevgilisinin ölümünə dözməyib intihar edən hersoq qızı ölümündən öncə məktub yazır. Təxminən bu məzmunda: Siz məni sevirsiniz, bilirəm. Amma həyatımda mənə ilk dəfə xoşbəxtlik yaşadan insanı məndən aldınız. Bax, bunu anlaya bilmirəm. 
 
Bu məktub dildən-dilə dolaşır. İnsanları kədərləndirir. Cırtdan isə hər dəfə bu sözləri eşidəndə qıcıqlanır. Ona gülünc gəlir ölüm və məhəbbət haqqındakı söhbətlər. 
 
Bu “balaca” adam hersoqun köləsi olmaqdan zövq alır. Çünki o, yalnız ağasının sayəsində dəyərlidir. Ağasından kənarda o bir heçdir. İlahi! Hersoq ona bir sirr söylədiyində o, necə vəcdə gəlir! Hətta gündəliyinə belə yazmır bu sirrin nə olduğunu. O sirr cırtdan üçün dəyərin ölçü vahididir. 
 
Cırtdan gücə pərəstiş edir, hakimiyyəti sevir. Əlinə düşən anlıq hakimiyyətini də qəddarcasına sürür. Nədir bu hakimiyyət? Sirlərindən istifadə edib insanları zəif anlarında yaxalamaq. Hersoginya və kameristka ilə olan səhnələrdə biz bunu aydın görürük. Onlara mənəvi işgəncə verməkdən necə zövq alır!
 
Cırtdanın tanrı inancı qətidir. Amma tanrının günahları bağışlamasına tərəfdar deyil. O inanır ki, insanlar ən adi günahlarına görə də cəzalandırılmalıdırlar tanrı tərəfindən. Daha doğrusu, o buna yalnız inanmır, həm də belə olmasını istəyir. Çünki o, insanlara nifrət edir. Günah bağışlanılmamalıdır! İsa önündə diz çöküb dua edən qadın ürəyində öz sevgilisini düşünürsə, o, mütləq tanrının cəzasına düçar olmalıdır. 
 
Fiziki cəhətdən balaca olan bu adam daxilən də cılızdır, rəzildir. Və o bu cılızlığın, rəzilliyin fərqindədir. Bəlkə də, nifrətinin, şərbazlığının kökündə elə bu dayanır. Rəzillik bir bəladır ki, giriftar olmayan bilməz. 
 
O, xalq-hersoq davasında hersoqun tərəfindədir. Xalq etiraz edir, çörək tələb edir. O isə qara kütlənin hersoqu narahat etdiyinə görə hirslənir. Düşünür ki, belə şeylərə fikir vermək hersoqa yaraşmaz. Qara kütlə çığırmağa həmişə bəhanə tapır.
 
Cırtdan şərin dostudur. Müharibəni sevir. Sülhə nifrət edir. Döyüş adı gələndə çiçəyi çırtlayır. Hersoq ona döyüşmək icazəsi vermədikdə, o, məyus olur. Amma öz aləmində qəhrəmanlıq etməyi bacarır. Düşmən tərəfdən olan, heç bir təhlükə daşımayan sısqa bir cırtdanı yalqız yaxalayır və balaca xəncərini zavallının qarnına soxur. Cırtdan qan ləkəsini fəxr əlaməti olaraq xəncərində gəzdirir uzun müddət. 
 
Cırtdan sənətə, mədəniyyətə də xor baxır. Mayestro Bernardonun (Leonardo da Vinçinin əsərdəki obrazı) öz rəsmi qarşısında günlərlə dayanmağını anlaya bilmir. Ona ikrah hiss ilə yanaşır. Amma Bernardo müharibə üçün texnikalar, hücum vasitələri ixtira etdiyinə görə Rəhbərin rəğbətinə sahibdir. Odur ki, cırtdan da özünü Bernardonun dahiliyinə inandırmağa çalışır. 
 
Nağıl dili yüyrək olar. Elə bir gün gəlir ki, cırtdan daha heç kimə lazım olmur. Sirrini gəzdirdiyi hersoginya ölür. Daha müharibə yoxdur. Saraydakı rəqiblər daha əngəl deyillər. Cırtdan o qədər boz və cılızdır ki, sarayda xidmətə yararsız olan kimi həyatı bir heçə çevrilir. Yeganə dəyəri bu idi, o da daha yoxdur. Və başqa bir gün bizim bu balaca adamı hersoginyanın ölümündə ittiham edirlər. Cırtdanı, bu zəhərli ilanı, əlahəzrət hersoqun şər dühasını elə əlahəzrətin öz ali iradəsi ilə sarayın qaranlıq zirzəmisində ömürlük həbsə məhkum edirlər.
 
Cırtdan elə hersoqun özüdür. Hersoqun başqa tərəfidir. Cırtdan “balacaların” rəmzidir, daxili dünyaları cılız, şərə qulluq edən diktatorların və onların ətrafındakı güc düşkünlərinin rəmzidir, insanlığa düşmən olanların rəmzidir. Cırtdan özü də bunu bilir: Bəli, mən zəhər verdim onlara, bəs kim buyurmuşdu bunu etməyi? Bəli, mən öldürmüşəm don Rikkardonu, bəs onun ölümünü kim idi arzulayan? Bəli, hersoginyanı mən qamçılamışam, bəs kim yalvarırdı bunu etməyim üçün?... Mən onsuz da sarayın ayrılmaz bir parçasıyam.
 
Cırtdan bunu bilir və buna görə də arxayındır hersoqun onu nə vaxtsa azad edəcəyinə. Çünki hersoqun ona yenidən ehtiyacı olacağından əmindir. 
 
Rəşad Səfər
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade