Ədəbi məmur Anara açıq məktub

Литература

 

Ədəbi ictimaiyyətin də mətləbdən xəbərdar olması üçün məlumat verim: “İmpuls” qəzetinin 04.06.1999 və 11.06.1999 tarixli saylarında getmiş “Yazıçılar İttifaqı ədəbiyyatımıza fayda veribmi?” başlıqlı məqalə “Sovet dövründə Azərbaycan ədəbiyyatı” adlı monoqrafiyamdan parçadır. Nə siz, nə də R. Rza onun predmeti deyildi. Ona görə sizin yazdığınız, lakin “Azərbaycan Yazıçılar Birliyinin katibliyi” imzası ilə çıxan yazıya bu cavabın səbəbkarı da sizsiniz və sizin aqressiv təəssübkeşliyinizdir.

Sovet dövründə yaranan ədəbiyyatı necə təqdim etmək məsələsi indi elmi bir problemdir. Bir çox müəlliflər sovet ədəbiyyatı anlayışına şübhə ilə baxırlar. Elə buna görə sovet dövründə yaranmış konyuktur və “saray” ədəbiyyatı ilə xalqın bədii fikrini zənginləşdirmiş həqiqi Azərbaycan ədəbiyyatının fərqləndirilməsi məsələsi ortaya çıxıb.

Mənim fikrimcə, saray ədəbiyyatı həmişə olub, var və olacaqdır. Lakin sarayda da həqiqi ədəbiyyat yarana bilir. Bir çox klassik şairlər, o cümlədən S. Vurğun, S. Rüstəm də oraya yaxın olub. Bu gün, həmçinin, Anar Rzayev də, bir növ, məliküşşüara məqamındadır. Məlumdur ki, sovet dövründə ədəbiyyat mühitində saray təsirinin mənbəyi və səbəbkarı Yazıçılar İttifaqı idi. Sovet dövründə Azərbaycan ədəbiyyatının tədqiqinə həsr olunmuş monoqrafiyamın bir fəsli elə buna görə sovet dövründə ərsəyə gələn ədəbiyyatın yaranmasında Yazıçılar İttifaqının roluna həsr edilib.

Bəs “Ədəbiyyat qəzeti”nin 02.07.1999-cu il tarixli nömrəsində çıxmış “Yalan və böhtanlara cavab” adlı məqalə nəyə etiraz edir? Sovet ədəbiyyatının tarixinə dair partiyalı stereotiplərin dağıdılmasına?! Xeyr. Ancaq və ancaq R. Rza və Anarla bağlı tənqidlərə. Bu cavab Anarın İttifaqda vəzifəsindən istifadə edib qurmaqda olduğu “bizim ailə” deyilən mifin şişirdilməsinə xidmət edir.

İndi imkan yaranıb ki, sovet dövründə təşəkkül tapan Azərbaycan ədəbiyyatının həqiqi tarixi ortaya gəlsin: o cümlədən, partiya direktivlərindən, mədəni inqilabdan törəyən, Rusiyada yaranan bolşevik ədəbiyyatına, V. Mayakovskiyə, vətəninə qarşı çıxması ilə şöhrətlənmiş Nazim Hikmətə təqlid kimi yaranan ədəbiyyat arıdılıb obyektiv qiymət alsın. Məlumdur ki, Azərbaycan ədəbiyyatının minillik ənənələrini inkar edən, bu ənənələri “Ənənəçi donuz” adlı şeirində təhqir edən R. Rza bu “ədəbiyyatın” lideri olmaq istəyirdi. Rəsul Rza nə üçün klassik şeir mədəniyyətini gözdən salmaq istəyirdi? Çünki bu ənənələrin tələb etdiyi şairlik istedadından məhrum idi!

Siz insan hikkəsinin miqyasına baxın! Adi qafiyə tuta bilməyən adam zorakılıqla şair adlanmaq üçün bütün minillik Azərbaycan şeirini danmaqla şairlər siyahısına girmək təşəbbüsü edir. Bu, ədəbi şantaj idi. R. Rzaya məxsus özünütəsdiq, ədəbiyyatçılığın üsulu idi.

1. Allahın Azərbaycana verdiyi qənimət Anar!

Bu qiyməti sizə Maqsud İbrahimbəyov 1977-ci ildə mənimlə söhbətində verdi. Onda mən də bu qiymətlə razı idim. Tələbə olanda “Ağ liman”ı oxumuşdum və xoşlamışdım. Sonralar 1976-cı illərdə çıxan ilk məqalələrimdə mənim proqram ideyalarım sizi və digər altmışıncıları Asif Əfəndiyevin “mikromühitdən makromühitə” tənqidlərindən müdafiə idi. Asif Əfəndiyev altmışıncıların (Əkrəm, Elçin, S. Süleymanov və b.) nəsrində həyat materialının cılızlığını görür və “mikromühit” anlamında tənqid edirdi. Mən isə ədəbiyyatın yalançı sosiallıqdan, müsbətliyi vəzifəsindən ibarət olan qəhrəmanlardan təmizlənməsini nəsrin təzələnməsi üçün bir yol sayırdım.

Sonra 1979-cu ildə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı haqda “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi bir həvəslə yazdığım resenziyam çıxdı. Sizi tərifləyib xırda tənqidlər demişdim. Siz küsdünüz, məni görəndə üzünüzü kənara çevirməyə və məni görməməyə başladınız. Camal Yusifzadəyə danışdım vəziyyəti. Dedi: “Onlara əl öpənlər lazımdır, sən isə şəxsiyyət kimi yazmaq istəyirsən.” Bu sözlər mənə təskinlik oldu. Tənqidçinin sadəlövh xeyirxahlığı yazıçının kobud eqoizminə dəyib çilik-çilik oldu. Əgər “qənimət Anar” da tənqidi “xidmət” kimi görmək istəyirsə, onda “qoca feodallar”la bu cavanların fərqi nə oldu?

Asif Əfəndiyev vəfat edəndən sonra mən onun qırxı münasibətilə yazdığım məqalədə (“Rezonans” qəzetində) onun “mikromühit” konsepsiyasını yanlış tənqid etdiyimi etiraf etdim. Altmışıncılardakı mikromühit həm də çox səthi həyat biliyinin ifadəsi idi. Bu həyat biliyi, məsələn, Mirzə İbrahimovdan, İlyas Əfəndiyevdən irəli getmirdi. Dörd il əvvəl “Ədəbiyyat qəzeti”ndə “Qalib əsgər – dollar” adlı yazım çıxdı. Dolların balaca dövlətlərin maliyyə sistemlərini dağıtmasını tənqid etmişdim. Bir-iki nömrə sonra həmin qəzetdə yazıma uzun bir təkzib dərc olundu. O vaxtkı redaktor Sabir Əhmədovdan soruşdum ki, dolları müdafiə edən vəkil haradan çıxdı: dedi ki, Anarın təzyiqi ilə verməli oldum.

Fikirləşdim ki, Anar yəqin ABŞ səfirliyindən də hörmət alır.

2. Kosmopolit novator Anar!

Hələ 20 il əvvəl Avropa ədəbiyyatına təqlidlə məşğul olanda, heç olmasa saqqal saxlamaqla daxilini gizlətmək istəyəndə, “Qobustan” jurnalında özünə süni qərbpərəst imici yaradanda bir resenziya əhvalatı ilə mən sizi oxudum: siz nəinki novator və demokratik ziyalı deyildiniz, siz ədəbi tənqidi ev nökəri kimi təsəvvür edən feodal təbiətli bir insan idiniz. Çünki şəxsi maraqlarınıza azacıq toxunan kimi azad və müstəqil tənqidi ədəbi fikir sizi qeyzləndirdi və bu gün də qeyzləndirir.

“Yalan və böhtanlara cavab”ı oxuyanda yadıma bir əhvalat düşdü: 1976-cı ildə Əli Kərimin üçcildliyi haqqında məqalə yazmışdım və “Ədəbiyyat və incəsənət” qəzetində çıxmışdı. Bir neçə gün sonra mənimlə birgə həmin qəzetdə işləyən Ağacavad Əlizadə yaxınlaşıb dedi: “Deyirlər, S. Vurğunun əleyhinə danışmısan, demisən ki, guya o, zəif şairdir!”

Mən bu sözlər qarşısında quruyub qalmışdım, qəzetdə də hələ lap təzə işləməyə başladığımdan bilmədim nə deyim. Bu, şantaj idi. Həm də Əli Kərim haqda məqalə ilə bağlı idi.

Novator Anar! Mənim “Yazıçılar İttifaqı ədəbiyyatımıza fayda veribmi?” məqaləmi “Yalan və böhtan” adlandırmaq cəhdi öz məntiqinə görə Ağacavad Əlizadənin 1976-cı ildə dediyi şantajla eyniyyət təşkil edir (Sizin “novator”luğunuzdan 1999-cu ildə elə bu qalıb).
Bəs bu eyniyyət nədəndir? Mərhum Ağacavad Əlizadənin şantajı R. Rzanın klassik poeziyamıza qarşı “Ənənəçi donuz” tipli cızma-qaralarındakı şantajın tərs üzü idi. R. Rzanın “novatorluğu”nun əxlaqi bəhrəsi idi bu: ədəbi mübahisəni şantaj səviyyəsində aparmaq R. Rzanın Azərbaycan ədəbi əxlaqına və polemika ekologiyasına gətirdiyi mənəvi zəhər idi.

Siz öz cavabınızda guya S. Vurğunu müdafiə edirsiniz, özü də məndən! S. Vurğunu tutdurmaq üçün dəfələrlə donoslar yazan R. Rzanın oğlunun səmimiliyinə kim inanar?! Mərhum akademik Ziya Bünyadov, yazıçı Süleyman Vəliyev and içirdilər ki, 1948-ci ildə Gülhüseyn Hüseynoğlu qrupu haqda cinayət işi R. Rzanın donosları nəticəsində başlandı. Gülhüseyngilin millətçi tələbə qrupunun rəhbəri kimi S. Vurğunu bada vermək istəyən R. Rzanın planı baş tutmadı. Səmədə güc çatmadı, amma tələbələr dörd il əvvəl yazdıqları məktubun badına getdilər.

Deyirlər hər gözəlin bir eybi olur: R. Rzanın da eybi – onun S. Vurğuna – Azərbaycanın ən böyük milli şairinə paxıllığı idi. O, hər iclasda, yığıncaqda S. Vurğuna iftira və böhtanlar yağdırırdı, onu zəif şair kimi qələmə verirdi. Oxuduğu mətnlərdə S. Vurğunun adını görən kimi qəzəblənir və qarşısına sual işarələri qoyur, rəngi-rufu əhəng kimi ağarırdı. Bu, yalan-böhtan deyil, qızıl-qırmızı tarixi həqiqətdir və bütün ədəbi ictimaiyyətə gözəl məlumdur.

S. Vurğun və R. Rza münasibətləri Azərbaycan ədəbiyyatının Motsart və Salyeri dastanıdır. S. Vurğunun sərhədsiz şöhrəti, sağ ikən klassik kimi bütün xalq tərəfindən pərəstiş obyekti olması R. Rza psixologiyasında psixi travma (“zədə”) yaratmışdı (patoloji dərəcəyə çatan paxıllıq psixiatriya elmində “psixi zədə” formalarından sayılır). Ədəbiyyata müharibədən sonra Cənubdakı milli hərəkatın mənəvi təsirindən qanadlanaraq gələn Adil Babayev, İ. Səfərli, Atif Zeynallı, Davud Ordubadlı, Qasım Qasımzadə, o cümlədən Ağacavad Əlizadə səmimi qəlbdən pərəstiş etdikləri S. Vurğuna qarşı R. Rzanın apardığı eqosentrik düşmənçilik və inkarçılıq kampaniyasını görür və bundan qəzəblənirdilər.

Rəsul Rzanın antisəməd və antiklassika təbliğatındakı və dəstəbazlığındakı hikkə və kin-küdurətin bütün ağlauyğun hədləri keçməsi hətta xalq şairi Məmməd Rahimi də qəzəbləndirmişdi və “Novator eşşək” şeirinin ortaya gəlməsi ilə nəticələnmişdi. Şairin seçdiyi obraz təsadüfi deyildi: sadəcə, R. Rzanın şantajı və klassik irsi inkarı tərs bir inadkarlıqla özünütəsdiq üsulu seçməsini uğurlu şəkildə ümumiləşdirir, obrazlaşdırır və ifadə edirdi.  

3. Obyektiv ziyalı Anar!

Bütün ədəbi ictimaiyyət Anarı obyektiv, təmkinli, susmağı və ölçü hissi ilə danışmağı bacaran bir şəxs kimi tanıyır. Vəzifədə olmayanda o, illərlə Yazıçılar İttifaqına gəlməzdi, yazıçı dedi-qodusundan yüksəkdə olmağa çalışırdı.

Sənin keçirdiyin qurultaylardan əvvəl dostlardan biri sənin sədrliyin əleyhinə danışmağı təklif edəndə, sənin şəxsiyyətindən xoşum gəlməsə də, mən  səndən hər hansı hipotetik sədrdən daha az ziyan gələcəyini əsas tutaraq nə əleyhinə, nə lehinə danışmamışam, yazmamışam, heç bir qrupda da olmamışam.

Hərçənd ki, bütün ayıq ziyalılar bilir ki, sən 1988-1992-ci illərdə olan Qarabağ hərəkatını Yazıçılar İttifaqının kandarından içəri qoymamısan və bunu vəzifəni saxlamaq üçün etmisən. Nəticədə yazıçı kütləsi sivil şəkildə xalqın hərəkatında iştirak etmək imkanından məhrum oldu.

Obyektiv Anar! Sən susmağı bacarırsan. Ermənilər 7 rayonu, ərazimizin 20 faizini işğal etdilər. Sən öz müdrik sükutunu pozmadın, Natəvan klubunun qıfılı açılmadı, mövqeyin bilinmədi. Ermənilər Bakını tutsa da, sən susacaqsan. Bəxtiyar Vahabzadənin başını edam kötüyünə qoyub kəsəndə sən susa bilərsən. “Ədəbiyyat qəzeti”, “Azərbaycan” jurnalları yerli-dibli çıxmasa, sən susa bilərsən. Sən hər ay ittifaqdan maaşını, ezamiyyət haqqını alıb xidməti maşını ailənin xidmətinə verib obyektiv Azərbaycan ziyalısı kimi susa bilərsən.

Fəqət, ən kiçik bir qəzetdə R. Rzanın ünvanına kiçik bir tənqid görən kimi sənin kosmik təmkinin yox olur, daha doğrusu, kosmik bir aqressivliklə əvəz olunur. Sən yubanmadan “vay, ədəbiyyat təhqir olundu” deyə, katiblik, idarə heyəti çağırıb ailənizin son yüz ildə repressiya olunmasından danışıb, Ələviyyə Babayeva demişkən, Seyid Əhməd əli ilə ilan tutmağa başlayırsan. R. Rzanın şantaj taktikasını işə salıb əks-hücuma keçirsən. Mətbuat sənin, Ələviyyə xanım düz deyir, Rəsul Rzadan beş qat aqressivliklə təşkil etdiyin ədəbi şantaj məqalələrin ilə doludur. Bunlarda bir məqsəd izlənir – “bizim ailə”nin əzabkeş obrazını yaratmaq!

Lakin hamı bilir ki, sən 20 yaşından Cəfər Cəfərovun parnikində gül tək küləkdən, istidən və soyuqdan uzaq bir şəkildə bəslənmisən. Şikəst istixana bitkisi olduğuna görə əsərlərində həyat rayihəsindən başqa hər şey var. Sənin ağzından süd iyi gələndə sənin üçün C. Cəfərov “Qobustan” jurnalını açdı, Bakıda, Moskvada oxudun, ssenari yazdın, rejissorluq etdin. Hamısı ortabab oldu. Sənin haran əzabkeşdir? Bütün qapılar üzünə açıq olub.

Mənim yazıçı iddiam yoxdur, amma alim iddiam var. Ona görə aşağıda sənin R. Rzadan beş qat aqressivliyinin elmi formulasını tapmışam  və formulanı psixologiya elminə öz əlavəm sayıram: “Salyerinin oğlu kompleksi!” Doğrusu, bu, nadir kompleksdir. Amma kompleksdir.

Yalnız “Salyerinin oğlu kompleksi” sənin fövqəladə təmkininlə kosmik təmkinsizliyin arasındakı ziddiyyəti izah edir. Sən atanın ünvanına heç bir tənqidi fikir və faktlara təkzib yolu ilə cavab vermirsən: sən şantaj edirsən. Sənin və atanın ünvanına yazılan tənqidləri repressiyaların davamı, kampaniya, yalan və böhtan, atılan daş elan edirsən. Bu cavablar yazıçıları yox, ədəbi ictimaiyyəti şantaj etmək mahiyyətindədir. Bu, sizin ailəyə məxsus üsuldur.

Rəsul Rzaya deyəndə ki, adi qafiyə tuta bilmirsən, əziz oxucu, sizcə, o, nə cavab verirdi? Deyirdi ki, klassik poeziya poeziya deyil. Məntiqə fikir verin: Azərbaycan Salyerisinə deyirlər ki, yazdığın şeir zəifdir. O isə deyirdi ki, bütün klassik şeir pisdir. Yəni, ancaq mən şairəm. Mənə qədər nə olubsa, ənənəçilik və “donuzluq”dur. Bu, ədəbi fikri, mədəniyyəti şantaj deyildimi?!

Mən elmi faktlar əsasında tədqiqat aparıb Yazıçılar İttifaqının ədəbi-əxlaqi tarixini yazmışam, sən məqalədəki faktları təkzib etmək əvəzinə məqaləni yalan və böhtan adlandırırsan. Məqaləni yox, müəllifi qaralayırsan. Yəni şantaja əl atırsan.

Ələviyyə Babayeva soruşur ki, sən nə üçün iki müddət İttifaqda sədr olandan sonra üçüncü müddətə qalmaq üçün İttifaqın Nizamnaməsində dəyişiklik etdin? Sən nə cavab verirsən? Deyirsən ki, Ələviyyənin əri yəhudi olub. Əcəb məntiqdir. Axı Ələviyyə demir ki, sənin arvadın, tutaq ki, ermənidir. Sən, kosmopolit Anar, səksən yaşında, 18 roman müəllifi olan qadını şantaj edirsən, başından vurmaq, ağzına daş basmaq istəyirsən.

Atan və sən eyni şantajdan, eyni “mübahisə” üsulundan istifadə edirsiniz. Məqsəd birdir: ictimai, ədəbi fikrin diqqət mərkəzində qalmaq, ədəbi fikir tarixində “iz” qoymaq təşəbbüsüdür. Sən Yusif Səmədoğlu haqda məqalə yazırsan, yubileyini təşkil edirsən. Bəs nə üçün onun İttifaqda sədr olmasına razı olmadın? İki müddət oturmuşdun, üçüncüdə qoyaydın Yusif işləyəydi. Yusif axı sənin dostun idi. Sən Y. Səmədoğlunun İttifaqda sədr olmaması üçün əlindən gələni etdin: çünki sən şüurlu surətdə S. Vurğun ailəsinə düşmənçiliyi (oxu: Salyerinin oğlu kompleksini) davam etdirdin. Ailənizə xas psixi zədə və komplekslər üzə çıxanda sənin müvazinətin, obyektivliyin, hətta kosmopolitliyin də itir. Axı kosmopolit ziyalı üçün 80 yaşlı qadının ərinin yəhudi olması ilə şantaj etmək şərəfsizlik, vəhşi bir mədəniyyətsizlikdir. Sən “Yalan və böhtanlara cavab” adlı yazıya “Azərbaycan Yazıçılar Birliyinin katibliyi” imzası qoymaqla, Çingiz Abdullayevi, Arif Məmmədovu da ailənizə məxsus komplekslərinizdən gələn şərəfsizliyə və mədəniyyətsizliyə, antisemitizmə şərik etmisən.  

4. Ədalətli və millətçi Anar!

“Qobustan” jurnalında 20 il dünya təsviri incəsənətini, Azərbaycan Salyerisinin təqlid etdiyi kosmopolit Komintern sənətçiliyini populyarlaşdıran Anar 80-ci illərin əvvəllərindən millətçilər cəbhəsinə keçdi, “Milli mədəniyyət” tərəfdarı olub elmi kəşf iddialı məqalələr yazmağa başladı. Onun planı var idi: atasının zəminsiz və vətənsiz poeziya yaratmaq təşəbbüsü baş tutmayandan sonra milli mənsubiyyət konsepsiyası cəbhəsinə keçib kosmopolit keçmişini unutdurmaq. Lakin milli cildə girməklə kifayətlənmir, atasının ömrü boyu mübarizə apardığı xəlqi ədəbiyyat tərəfdarlarının lideri olmaq istəyirdi.

O, plagiat səciyyəli məqaləsinin birində kəşf etdi ki, azərbaycanlılar oğuzdur. O, bu kəşfini əsil alimlik pretenziyası ilə edirdi. Amma ən savadsız ədəbiyyat müəllimləri də bilir ki, Azərbaycan dili türk dilinin oğuz-səlcuq qrupuna daxildir. Burada “milli” təbliğatlıq nə var! Ancaq özünüreklam var.

Sonra Anar “Dədə Qorqud”a əl atdı. Çünki yazıçı kimi tükənmişdi. Fəqət xalq dastanı əsasında adi süjet qura bilmədi, personajları danışdıra bilmədi, çünki Anar ədəbi fantaziyadan məhrum olmaqdan başqa, iki kəlmə dramatik replika yazmaq qabiliyyətindən də məhrumdur. Ona görə onun dramaturqluğu kino və teatr mühitində cavan istedadları sıxışdırmaqdan başqa heç nə vermədi.
Milli görünmək üçün Anar Mirzə Cəlil hekayələrini səhnələşdirməyə başladı. Bununla o, həm özünü milli ənənələrə yamayır, kosmopolitizmdən milliyə keçir, həm də pul qazanırdı. Lakin nəticə eyni idi: Anar adi kompozisiya qura bilmir, çünki yazıçı fantaziyası yoxdur. O, Mirzə Cəlilin mətnlərini kəsib yapışdırır, montaj edir, xəcalət çəkmədən altında öz imzasını qoyur. Bu, Salyeri oğlunun millətçiliyi idi.

Mirzə Cəlil öz halal pulunu xərcləyib öz xalqı üçün jurnal buraxırdı. Bəs Anar nə edir? O, “Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”nin nəşri üçün ayrılmış büdcə vəsaitini özünə və ailəsinə xərcləyir. Arif Məmmədov üçün “xidməti volqa” alır, 50 nəfərlik aparat saxlayır. Axı bu, büdcədən pul oğurlamaq deməkdir, yetim malı yeməkdir. Bu, Mobil Quluzadələrin, Mirzə Hüseynzadələrin dərman pulunu, çörək pulunu oğurlamaqdır.

5. Milli qeyrət təbliğatçısı Anar!

Sən bastalamadığın ocaq başı qoymamısan. Klassiklər, milli xadimlər haqda yazdıqların konkret əməllərinlə düz gəlmir. Sən millət atalarından biri olan Üzeyir Hacıbəyov haqda da uzun ssenari yazmısan. Fransız kübar həyatını təsvir edən filmə təqlid etmisən.
Son 10 ildə ədəbi ictimai mühitdə sənə qarşı tənqidi münasibət güclənir. Bəlkə sən bunları böhtan adlandırmaqdan geri durub papağını qabağına qoyasan və fikirləşəsən: ədəbi gəncliyin nə üçün səni görməyə gözü yoxdur? Rəhim Əliyev heç – mən ədəbiyyata nifrət edirəm – bəs Əkrəm Əylisli, bəs dünənki dostun Kamil Vəliyev, bəs qəzetlərdə Yazıçılar İttifaqını tənqid edən yazılar? Bəs səndən üz döndərən digər dostların – onların siyahısınımı verim? Bəlkə sən bütün bunları – mütərəqqi Anarın obrazının cəmiyyətin gözündə aşınmasının səbəbləri haqqında fikirləşəsən? Tutaq ki, mən və daha 5-6 nəfər böhtançıdır. Axı hamı böhtançı ola bilməz. Həyatda belə olmur, bir fikirləş.

Səbəb sənin əməllərindir: İttifaqın sonuncu qurultayında neçə yüz yazıçını Şəhriyar klubuna yığdın, amma qurultay əvəzinə əvvəlcədən ssenarisi yazılmış, konfliktsiz tamaşa keçirdin. Yuxarıların xoşuna gəlmək, yazıçı kütləsini narahat edən məsələlərin müzakirə olunmaması üçün. Özünütəsdiqi vəzifədə görmək yazıçıya, iddialı yazıçıya yaraşmaz.

Sən Ayaz Vəfalını “Ədəbiyyat qəzeti”nə redaktor qoymaqla bütün nəcib məqalələrinin üzərindən xətt çəkmisən, bunu anlayırsan?
A. Vəfalı kif iyi verən, bu qəzetdə 35 illik fəaliyyətinin amalı çörək pulu olan, azad və müstəqil fikirdən oddan qorxan kimi qorxan bir adamdır. Sən məqalələrində Mirzə Cəlilin, İttifaqın sədri kimi əməllərində isə Ayaz Vəfalıların əqidədaşısan. Ədəbi gənclik bunu sənə bağışlamır, sənin nəcib niyyətli məqalələrini və işlərini qeyri-səmimi hesab edir.

A. Vəfalı üçün müdir Allahdan irəlidir. Bu gün o, Rəsul Rzanı qorumaq üçün cızma-qara yazıb sənin göstərişinlə altına Bəxtiyar Vahabzadənin imzasını qoyur. Sabah Ələviyyə Babayeva İttifaqın sədri olsa, Ayaz bu dəfə R. Rzanın əleyhinə yazıb B. Vahabzadənin imzasını təşkil edəcək. Onun üçün ancaq rəisin fikri var. O, müti bir xidmətçidir və sən 70 illik tarixi olan qəzeti ona vermisən, çünki şəxsən sənə sərf edir.

Sən Yazıçılar İttifaqında bank açmısan, 800 yazıçıya verilmiş binanın ən yaxşı otaqlarını faktiki olaraq satmısan. “Azərbaycan” və “Ulduz” jurnallarını isə binanın çardağına köçürmüsən. Bunlar böhtandır? Sən Yazıçıları İttifaqını gəlirli firmaya çevirmisən, çörək ağacına çevirmisən. Bəlkə bankdan şapka alırsan? Bilmirəm. Hər halda bank sənin üçün “Azərbaycan” və “Ulduz” jurnallarından əzizdir. Bunu sən əməllərinlə təsdiq edirsən və hamı da bunu görür.

Sən Ərtoğrul haqda 50 təzə oçerk də yaza bilərsən. Lakin heç nə Yazıçılar İttifaqında bank açmış Anar haqqında formalaşmış fikri təkzib edə bilməz. Adamlar kor deyil!

Şantaj məntiqi ilə yalan və böhtan adlandırdığın şeylərin belə kökləri var. Ələviyyə xanım və mən ərizə verib Yazıçılar İttifaqından çıxa da bilərik. Lakin sənə qarşı, sənin danışdığın və yazdığın sözlərlə ziddiyyət təşkil edən əməllərinə müqavimət get-gedə artacaq. Həqiqətin, azad mətbuatın ağzına daş basıldığı vaxtlar keçmişdə qaldı.

Bir fikirləş: bəlkə səndə də səhvlər və günahlar var?!

Hörmətlə,
Rəhim ƏLİYEV,
Filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar İttifaqının 1983-cü ildən üzvü


P.S. Əzizim Rzayev Anar! Sən İttifaq sədrliyinə də, deputatlığa da təyin olunmusan, seçilməmisən. Özün də bilirsən ki, bizdə seçki olmur. Mən isə elmlər doktoru dərəcəsini elmi zəhmətimlə almışam, sənin istehzana baxmayaraq, onun fəxrlə qeyd edirəm.

16.07.1999

“İmpuls” qəzeti.

 

Kultura.az | Developed by Samir Yahyazade