post-title

Hermann Hesse, “Knulp”, Fanilik Fəlsəfəsi və ya Fərdiyyətçiliyin Manifesti

“Hər şey o zaman baş verdi... O zaman, hələ on dörd yaşındaykən, Franziska mənə oyun oynadığı zamanlar. O vaxt hər şey ola bilərdim. Sonra içimdə bir şey qırıldı, ya da xarab oldu. Bax, o zamandan bəri heç bir işə yaramaz oldum...”

 

Bütün həyatını yollarda keçirən birisi, el-el, oba-oba gəzən, hər şəhərdə, hər kənddə bir tanışı olan, elə onlardan başqa da heç bir şeyi – malı, mülkü, ailəsi, pulu olmayan bir insan. Gündəlik dolanışığını qarşılaşdığı adamlar hesabına təmin edən, çox zaman küçələrdə yatan, arada bir də tanışlardan kiminsə evinə sığınan bir kəs. Nə ad verərdiniz beləsinə? Dilənçi? Avara? Səfil? Sərsəri? Bəlkə də sadəcə səyyah? Yox, o sadəcə Knulpdur, Hermann Hessenin qəhrəmanı, yazarın öz həyatından bəzi izləri də daşıyan birisi...

Ümumiləşdirsək...

Hermann Hessenin “Knulp” və ya “Knulpun həyatından üç hekayə” adlandırdığı üç hissədən ibarət romanı, Knulpun payızın soyuğundan qorunmaq üçün dostu gilə sığınması, dostu və onun həyat yoldası ilə münasibətlərinin təsviri ilə başlayır. İkinci hissədə Knulpun bir başqa dostu ilə küçələrdə keçirdiyi günlər dostunun dilindən təsvir edilir, Knulpun şəxsiyyəti, həyata baxışı və düşüncələri açıqlanır. Əsərin son hissəsi isə, artıq xəstlənmiş və ölümü o qədər də uzaqda olmayan qəhrəmanın ata yurduna son səfəri və həyatını tənqid etməsi üzərinədir. Roman qəhrəmanın tanrı ilə öz həyatının dəyəri və mənası üzərinə apardıqları dialoq ilə bitir.

Yadlaşmış qəhrəmanlar və fanilik fəlsəfəsi

Hessenin digər qəhrəmanları kimi “Knulp” da özünə yer tapmayan, cəmiyyətdən uzaqlaşmış, yadlaşmış bir insanın hekayəsidir. Amma bu yadlaşma “Yalquzaq” əsərinin qəhrəmanı Henrinin uzaqlaşmasına bənzəmir, yəni insanlardan, onların davranışlarından, həyat tərzindən küsmə və özünə qapanma deyil bu yalnızlıq. Əksinə, Knulp fərqli sənətlərdəki bacarığı, insanlarla tez isinişməsi, dostlaşması, xarici görünüşü ilə hər kəsdən fərqlənir, o hər kəsin sevimlisi olan bir sərsəridir. Yazarın öz dili ilə desək: “yaxşı bəzədilmiş bir evdə, çalışqan və qayğılı insanlar arasında heç bir işlə maraqlanmayan, dərdsiz və nəzakətli şəkildə dolaşan, hərkəsin də onu müsbət gördüyü gözəl bir pişik...” Qəhrəmanlarındakı bu yalnızlıq Hessenin öz daxili dünyasının səsidir əslində. Bu qəhrəmanlar yurdundan uzaqlarda yaşamış bir yazarın yurdsuzluq və daxili yalnızlığının fərqli rəngləridir sadəcə...

Knulp bütün dünyaya, yaşama müvəqqəti gözlə baxır, hər şeyin fani olduğunu düşünür: “Dünyadakı ən gözəl şey hər zaman içində xoşbəxtliklə bərabər kədəri ya da qorxunu da daşıyan şeydir. Əgər onun bir gün yaşlanacağını və öləcəyini bilməsək, çox gözəl bir qızın bəlkə də o qədər incə olduğunu düşünmərik. Gözəl bir şey sonsuza qədər eyni qalsaydı, bu mənə yaxşı təsir edərdi amma onu daha soyuq şəkildə seyr edərdim... Belə ki, müvəqqəti olan gözəl şeylər haqda hər zaman yalnızca sevinc deyil, acı da hiss edirəm...” İndi, belə fani olan bir dünyada özünə əbədiymiş kimi bir həyat, ev, yurd qurmağın nə mənası var? Daha sonra da qurduqlarının gözünün qabağında hissə-hissə məhv olmağını izləmək, fəlakət deyilmi bu, bir insana bundan böyük nə zülm ola bilər? Belə bir dünyada, heç bir şeyin əbədi sənin olmayacağı bir məkanda ən mənalı olan şey sərsərilik deyil mi? Hər şeydən bir az dadmaq, sənin olmadığını bilərək. Bəllidir ki, hər kəsin içində mütləq bir Knulp, sərsərilik ehtirası, hər şeyi dadmaq istəyi mütləq var. Bu mənada “Knulp” bir fanilik fəlsəfəsidir!

Və ya fərdiyyətçilik fəlsəfəsi,

Amma ifrat olanından. İnsan münasibətlərinə bu qədər soyuq bir baxış, hər bir insanın həyatı boyu tək olduğu iddiası, bəli bu həm Knulpun həyatı, həm də sözləri ilə vurğulanır: “Hər kəsin ruhu özünədir. Heç kim ruhunu başqa bir ruha qarışdıra bilməz. İki şəxs görüşə, bir-biriylə danışa və birlikdə ola bilər. Amma onların ruhları çiçək kimidir, hər biri öz olduğu yerə kök salıb, heç biri digərinə qovuşa bilməz, birləşmələri üçün kökündən qopması lazımdır, bunu da edə bilməzlər...”

Belə bir fərdiyyətçilik içərisində hətta dostluq və sevgi də mənasızlaşır. Yox, yox mənasız demək səhv olardı, təbii ki, də bunlar dəyərlidir, xüsusilə Knulp üçün. Amma gerçək deyil, dadılacaq şeylərdən sadəcə biridir: “Həyatımda iki dəfə aşiq oldum, özü də elə belə yox, əsl sevgi idi. Hər ikisində də bunun sonsuza kimi davam edəcəyinə və sadəcə ölümlə sonlana biləcəyinə inanmışdım. Hər iki sevgim də bitdi amma mən ölmədim...”

Bəli, Knulp üçün həyat tənha insanların öz yollarıyla getdiyi, arada bir müvəqqəti görüşdükləri yollar şəbəkəsidir. Bu mənada “Knulp” yalnızlıq və fərdiyyətçilik manifestidir!

Tanrı ilə görüş və son dialoq...

Və insan həyatının son dəqiqələrində o günə qədər yaşadıqlarına, onun doğruluğuna və mənasına şübhə etməyə başlayırsa necə? Yəqin ki, dünyadakı ən böyük xəyal qırıqlığı olardı bu. Və Tanrı ilə söhbət başlayır, bu, dinlərin Tanrısı deyil əsla, qəhrəmanın öz tanrısıdır.

Knulp yol kənarında qışın soyuğundan donmuş bir halda tanrısına üsyan edir: “niyə on dörd yaşımda canımı almadın? Elə olsaydı, mənim həyatım da yetkin bir alma kimi gözəl və qüsursuz olardı...” Və uzun söhbətdən sonra Tanrı sual verir: “İndi bir bəy, və ya peşə sahibi olmağı, həyat yoldaşın və uşaqlarının olmasını və axşamları evinə gedib həftəlik qəzetini oxumağı istərdinmi? Belə olsaydı əgər, tezcə oradan qaçıb meşədə tülkülərlə yatmağa, quşlarla yuva qurmağa, kərtənkələləri əhilləşdirməyə cəhd etməzdinmi?... Bax, mən səni olduğundan fərqli istifadə edə bilməzdim...” Knulp gülümsəyir və həqiqətən də “hər şey necə olmalıydısa, elə də oldu” deyir.

Son olaraq...

İçində bir çox ideyaları - yalnızlığı, faniliyi, fərdiyyətçiliyi daşıyan, həyatı, yaşamağı, cəmiyyəti hər cümləsində tənqid edən gözəl bir əsərdir “Knulp”. Romanda da vurğulandığı kimi, insan həyatənda bir zaman nəsə baş verir, o, daxildə bir çox şeyləri dəyişdirir və o zamandan sonra heç nə əvvəlki kimi olmur... Bu mənada, “Knulp” oxucuların daxili fərdiyyətçiliklərini formalaşdırmaq yolunda uğurlu bir başlanğıc, gözəl bir hadisədir!

Xəyyam Namazov
Kultura.az
Yuxarı