Ədəbiyyatın absurdu...

Литература

 
Məncə bu sözlər bəs etməlidir ki, indi bizim əlinə qələm alıb dağdan, dərədən, nə bilim hələ də banal sevgi münasibətlərindən, güldən, çiçəkdən, böcəkdən yazan yazıçılar cəmiyyətdən və hal hazırkı ideoloji mübarizədən xüsusilə də ədəbiyyatdan nə qədər uzaq düşdüklərini anlasınlar. Onların yazdıqlarını indi özləri ağılda bir neçə adam oxuya bilər, ancaq mübarizə bəhrəsini görəndə bu yazılanların üzünü belə açan olmayacaq, adları da ideoloji mübarizəyə məhəl qoymayıb, qorxub mənasız şeylər yazanlar olaraq qalacaq. Bəli, istisnasız bu belə olacaq, silkələnmək və cəmiyyətə, dolayısı ilə ədəbiyyata bəhrə vermək lazımdır.
 
Dərindən fikirləşəndə əslində bu çeynənmiş mövzulara dönə-dönə qayıdıb biri-birinə oxşar şeirlər yazıb ictimai prosesdən uzaq qalan yazarlardan nəsə xüsusi bir fəallıq, orjinal bir mövzu və yazı üslubu gözləmək də saflıq olardı. Çünki çoxu mütaliəsizdir. Oxumayan, mütaliəsi olmayan insan heç zaman anlaya bilməz ki, azadlıq, demokratiya, bəşəri dəyərlər nə deməkdir. Nə qədər ki, dünya xüsusilə Avropa ədəbiyyatını oxumayıb onun üçün avropa yalnız seriallarda gördüyü Avropa olaraq qalacaq ki, onun adını tutmaq, ona doğru yönəlməkdən də ziyadəsi ilə qorxacaqlar. 
 
Dünyanı dərk etmək geniş anlamda kitablardan başlayır, bir insan bütün günü efirdə xəbərlərə baxsa da anlaya bilməz ki, bu proseslərdə haqlı kimdir haqsız kim, xüsusilə də əgər bizim mənadan məhrum, yaltaq, qeyri dəqiq, qərəzli və vicdansız kanallara baxırsa. Demokratiya niyə lazımdır, azadlıq sadəcə öz himni və bayrağı olmaq deyil, insan hüquqları, söz azadlığı, bu kimi şeylər nəyə xidmət edir. Bunları kitablar öyrədir insana, filmlər aşılayır. Bunlardan uzaq qalan, bir dünya yazıçısının, bir dünya rejissorunun adını bilməyən insan heç zaman sağlam və cəmiyyətə faydalı, tarixdə qalacaq bir şey yaza bilməz, istəsə də alınmaz, bunu bir dəfəlik dərk etmək və ziyanın yarısından qayıtmaq lazımdır. Yoxsa fərd olaraq bu qrup insanların axırları böyük bir puçluq, iri də bir heçlikdir. Çünki əslində cəmiyyət və ideologiyalar sizin yazacağınız ədəbiyyata möhtac deyil, yəni siz yazsanız da yazmasanız da mübarizə sona qədər aparılıb uğur da qazanılacaq, ancaq yaradılan yeni sistem sizin üstünüzdən bir yekə qara xətt çəkəcək. Üstəlik bu qərəzli də olmayacaq. Elmə, maarifə, savada dəyər verən, yüksək intellektə sahib olan, beynində xəzinə daşıyan gənclər çox rahat bir şəkildə anlayacaq ki, bu cəmiyyətin qurulmasında mübarizə aparan, yeri gələndə məhrumiyyətlər və əzablarla üzləşən insanların yanında siz olmamısınız, qorxmusunuz, qınınıza çəkilmisiniz. Onlar sizə bunu bağışlamayacaqlar. 
 
Cəlil Məmmədquluzadənin bir sözü var, deyir hər bir qələmin öz müqəddəs vəzifəsi var, bu vəzifə ilk növbədə millətin xoşbəxt gələcəyi üçün çalışmaqdı. Bax bu banal mövzulardan yazan insanların anlamadığı əsas şey budur. Qələm ya lazımlı şeyi yazmalıdır ya da yazmamalıdır. Boş və mənasız cəfəngiyatla yorub tükətməməlidir insanları. 
 
Bu dediklərim sadəcə ədəbiyyat adamına aid deyil, istənilən yaradıcı insan öz yaradıcılığında ölkəsinin mövcud durumunu əks elətdirməlidir, yatmış və qorxaq kütlənin gözünü açmağa çalışmalı, əsl maarifçi, fikir adamı olmaldır.
 
Bu gün  Nataliya Bondarçuku xatırlamışdım, durub  Solyaris filminə bir daha baxdım, hardasa 4-cü baxışımdır, Tarkovskinin ən çox Stalkerinə baxmışam, hardasa 10 dəfə. Bir daha anladım ki, Tarkovski və ümumən rejimin ədalətsizliyi ilə barışmayan bütün sənət adamları sevilməlidir. Trakovski filmlərinin xüsusilə Solyarisin verdiyi ideloji mesaj səbəbi ilə rejim tərəfindən hər zaman təqiblərə məruz qalmışdır. Ümumən ömrü firavanlıq içində keçən sənət adamı, yazıçı, rejissor, nə bilim rəssam mənə çatmır. Guya cəmiyyətin ən duyarlı fərdləri bu insanlardır, gülün boynu əyri duranda buna üç bənd şeir həsr edə bilirlər, ya bülbül vəd verib bir gün gülüstana gülü görməyə gəlməyəndə bir həftə yata bilmirlər. Bəs bunlar bu qədər duyğulu və həssasdırlarsa, ürəkləri könül buran heç nəyi götürə bilmirsə niyə ölkədə baş verən bunca ağrılı prosesə susqun qalırlar? Bu insanların baş verən haqsızlıqlara, ədalətsizliklərə susması, onu mənsub olduqları sənət vasitəsi ilə göstərə bilməməsi olduqca anlaşılmaz və qəbul edilməz bir haldır.
 
Cəmiyyət bu sənət adamlarını yaxşı mənada yaşatmır. Tarkovskinin Solyarisi indi bizim yaşadığımız mövcud cəmiyyətdir, insanların şüur altını işğal ediblər. Acından şalvarı belindən düşən şəhər sakini deyir ki, belə firavan həyatımıza görə  filankəslərə minnətdarıq, ağlına etiraz etmək, qarşı çıxmaq gəlmir. Yaxşı deyək ki, bu insanlar cahildir, təhsili zəifdir, bəs bu sənət adamlarına nə olub? Onların damı şüur altını ələ keçirib rejim? Keçiribsə öz şüuru, düşüncəsi azad olmayan insan sənəti ilə başqalarına təsir etməyin necə iddiasında ola bilər? Axı bu mümkün deyil, bu onların inqilabı mümkünsüz gördüklərindən də mümkünsüzdür. Hər zaman bizi absurd bir şeyi hədəf etdiyimizi iddia edən bu yaradıcı insanlar indi desinlər görək hansımız daha absurdun iddiasındayıq? İnqilab deyilən şey iri-iri imperiyaları, diktaturaları yıxmışdır, buna tarixin xeyli sayda sübutu var, ancaq dünyada bir nəfər də olsun ruhunu və qələmini satmış yazıçı, ya şair, nə bilim rejissor, rəssam yoxdur ki, onun fikirləri indi də yaşasın, xoş hisslərlə anılsın.  Belə davam edənlərin sonu istisnasız puçluqludur. 
 
Aygül Qurbanova
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade