post-title

Fahişəlik, faşizm, qəddarlıq və ya cəhənnəmin astanasında

SALO VƏ YAXUD SODOMUN 120 GÜNÜ

 
 
 
 
Cəhənnəmin astanasında İnsan qəddarlığının tarixi fahişəliyin tarixindən daha qədimdir. Fahişəlik insanlar tərəfindən qınansa da, fahişələr demək olar ki, bütün cəmiyyətlərdə öz yerini tutmuş bir zümrədir: bu və ya digər formada onlar öz varlıqlarını sürdürürlər (söhbət təkcə cinsi fahişəlikdən getmir). Bəs qəddarlıq? Qəddarlıq fahişəlikdən də qorxulu bir məfhumdur. Qəddarlıq bütöv bir insan cəmiyyətini, bütöv bir ölkəni çökdürə biləcək bir şər əməlidir. Adolf Hitler – Avropanın düz göbəyində dünyaya göz açan bu adam, bütün planetin üzünə ləkə salmış, alman xalqını tarixdən heç bir zaman silinməyəcək bir rüsvayçılığa düçar etmiş, milyonlarla insanın nifrət obyektinə çevrilmişdir. Onun qayəsi – bir irqin digər irqlər üzərində alçaldıcı hegemonluğu, bir xəstə təxəyyülü olan əzici sistemin qurulması idi. Və yenə də qəddarlıq - belə şizofrenik ideyaları həyata keçirmək üçün sivil üsullar yetərli deyil. 
 
Söhbətimi bir az uzaqdan başlasam da, mövzuya aidiyyatı var.  Pazolininin 1975-ci ildə çəkdiyi “Salo, yaxud Sodomun 120 günü” adlı filmə yəgin ki çoxunuz baxmısınız. Ağır filmdir, rejissorun nə üçün belə qeyri-adi, fantastik bir üsluba müraciət etməsi çoxlarına qaranlıq görünə bilər. Əslində film bir növ Markiz de Sadın əhvalatlarının dekonstruksiyası, çağdaş don geyindirilmiş təcəssümüdür. Prezident, hakim, hersoq və yepiskop öz mənfur ideyalarını həyata keçirmək üçün belə deyək, bir ritual keçirir və öz qızlarını bir-birinə ərə verirlər. Bu bir “qardaşlaşma” ritualı olmaqla bərabər həm də  cəhənnəmə aparan yolun astanasıydı. 
 
Bu bir faşizmdirmi? 
 
Pyero Pazolininin bu filmi haqqında yazanların bir çoxu dillema qarşısında qalırlar: bu bir faşizmdən bəhs edən filmdirmi? Cavab – bəli faşizmdir. Bu müəlliflərin öz suallarına verdiyi cavabdır, ancaq məncə burada daha köklü səbəblərdən söhbət açmaq olar. Yazımın başlanğıcında da söylədiyim kimi, filmin süjeti Markiz de Sadın romanından götürülmüşdür, ancaq tarixi məkan və zaman dəyişdirilmişdir. Markiz de Sad “Sodomun 120 günü” romanını seksual cinayət törətdiyinə görə zindana salınandan sonra yazmışdır. Əsər onun ölümündən sonra çap olunmuşdur. De Sad insanlara özünün individualizm fəlsəfəsinin psixopatik sonsuzluğunu təlqin edirdi. Onun fəlsəfəsinə görə insanlar ürəyi istəyən hər şeyi etməkdə azad olmalıdırlar. Mərhəmət, qayğı – bu bir yanlışlıqdır, bunu zəiflər düşünüb tapıblar ki, onlar hər zaman güclülərdən bu minvalla istədiklərini ala bilsinlər. İnsanlıq onun təmrininə görə iki sinifə bölünür: zülm edənlər və zülm olunanlar. İnsan bu siniflərdən hansına aid olduğunda özü seçim etməlidir. De Sad əmin edirdi ki, bu fəlsəfə onu xoşbəxtliyə gətirib çıxarmışdı. 
 
Qayıdaq filmə - hadisələr İtaliyanın şimalında yerləşən Salo şəhərində cərəyan edir. 1943-cü ildə bu şəhərin yerləşdiyi əyalətdə almanların bilavasitə köməyi ilə başda Mussolini olmaqla italyan faşistləri tərəfindən Salo Respublikası elan olunmuşdu. Ancaq bu fakt Pazolininin filmində əsas arqument kimi götürülməmişdir: o, de Sadın məşhur romanındakı fantastik hadisələri real dünya ilə motivasiya etmək, dünyanın quruluşuna xəstə təxəyyüllə qadın başlanğıcından qiymət vermək, xeyir və şərin aqoniyasına  erotik prizmadan baxış keçirmək istəmişdi. İnsan, onun daxilən murdar xisləti, bu xislətin materiallaşması, onun metafizikası – bütün bunlar Pazolini düşündürən suallardı; onun çəkdiyi film bu iyrənc mənzərəni canlandırmaq və qabartmaqla insanları düşündürmək, bu sualların cavabını tapmağı onların öz öhdəsinə buraxmaqdır. 
 
Maniyalar dairəsi  
 
Jurnalistlər fransız filosofu Mişel Fukodan mühasibə alan zaman soruşmuşdular ki, bir neçə müasir filmdə faşizmin sadizmlə, yəni transqressiya ideyaları, əxlaqi və seksual eksess  ilə əlaqələndirilməsinə necə baxır. Filosof bu suala belə cavab vermişdi: “Bu çox kobud tarixi bir yanlışlıqdır. Nasizmi iyirminci yüzilin erosa qapanmış  başdanxarab böyük düha sahibləri  ixtira etməmişdilər. Bu ideya darıxdırıcı, iyrənc xislətli, murdar xırda burjua ünsürlərinə aiddir. Himmler hansısa bir aqronom idi, özü də tibb bacısı ilə evlənmişdi. Demək istəyirəm ki, ölüm düşərgələri xəstəxanada işləyən tibb bacısının və quşsaxlayanın təxəyyüllərinin ittifaqından yaranmışdı. Xəstəxana üstəgəl quş hini – ölüm düşərgələrinin arxasında dayanan fantazm budur”. Filmdə sadizm prioritet deyil - əzənlər də əzilənlərin məhkum olduğu prosedurlardan keçirlər: onlar cavan oğlanlarla həm aktiv, həm də passiv seksual əlaqəyə girirlər; qurbanlarına öz nəcislərini yedirdəndən sonra özləri də onların nəcislərini yeyirlər. 
 
Bir sözlə, mənəvi-əxlaqi düşüş filmdə öz apogeyinə çatır. Yüksək vəzifəli insanların çirkin fantaziyaları hadisələrə ironiya ilə yanaşmanın özünü də utopik həddə çatdırır. Sinizm də yüksək həddədir: bütün bu iyrənc ritualları yerinə yetirən mənəviyyatsız adamlar öz aralarında kübar dildə danışır, heç söyüş söymürlər. Onlar hətta boşqablarındakı nəcisi də çəngəl-bıçaqla yeyirlər. 
 
Pazolininin “Salo, yaxud Sodomun 120 günü” filmi – tamaşaçını qəddar seksual deqradasiya və zorlama səhnələriylə şoka salır. Bu – insanın, insanlığın mənəvi-əxlaqı durumuna həddindən artıq depressiv və acınacaqlı bir baxışdır. 
 
Süjet yetərincə sadədir: Qraf de Blangis kral hakimiyyətinin və sinfi ayrılığın simvoludur; Arxiyepiskop satqın, satılmış kilsənin təcəssümüdür; Hakim-magistrat icraedici hakimiyyət, hersoq-bankir isə əli-ayağı yığışdırılmamış kapitalizmin təcəssümüdr. Onlar on altı gənc qız və oğlanı oğurlayaraq əyalət yerində tikilmiş nəhəng bir malikanəyə aparır, orada öz çirkin seksual fantaziyalarını həyata keçirməyə başlayırlar. 
 
Faşizm deyilsə bəs nədir?  
 
Bütün film boyu uzaqdan müharibənin sədaları eşidilir – sanki hansısa nəhəng bir maşın dayanmadan çalışır. Müharibə ilə sistemli işgəncələrin arasında fərq sadəcə olaraq konkret insanların məqsədlərindən asılıdır – Pazolini buna işarə edir. Hadisələrin baş verdiyi məkan insanları faşizmin təbiəti haqqında düşünməyə çağırır, ancaq filmin qəhrəmanlarından biri olan qrafın özü heç də faşist deyil. Faşizmin iyrənc sifəti olsa da, öz dəyərləri var. Qraf və onun ətrafındakıların isə heç bir mənəvi-əxlaqi, insani dəyəri yoxdur. Pazolini burada təkcə belə monstrlar yaratmış mədəniyyəti deyil, bu monstrların yaranmasına qıraqdan baxıb onların qarşısını almayan tamaşaçıları da ifşa edir. Yaxşı, əgər “Sodomun 120 günü” filmində söhbət faşizm və sadizmdən getmirsə, bəs filmin mahiyyəti nədir? Söhbət nədən gedir? Film dörd yerə bölünüb və hər bölümə də bir ad verilib: “Cəhənnəmin astanasında”, “Maniyalar çevrəsi”, “Nəcis çevrəsi” və “Qan çevrəsi”. Yəgin ki, burada Dantenin xristian dininə məxsus cəhənnəm konsepsiyasına bir işarə vardır. 70-ci illərin əvvəllərində Pazolininin “bədən triologiyası” konsepsiyasını yanlış traktovka edərək onu “bədənə ithaf olunmuş nəğmə” oxuyan vəhşi kimi qələmə verirdilər. Yəgin ki, burada Pazolininin özünün homoseksualist olması da başlıca rollardan birini oynamışdır, çünki film boyu tradisional heteroseksual münasibətlərdən çox məhz homoseksual fiziki əlaqələrin bolluğu ilə rastlaşırıq. O ki qaldı bədən üzərində işgəncələr konteksinə, xristian aləmində bu tendensiya lap elə əvvəldən öz kökünü atmışdır: İsanın çarmıxa çəkilməsi, cadugər ovu, tonqalda yandırmalar, inkvizisiyanın bir-birindən çeşitli işgəncə metodları. Bütün bu meyarlar, işgəncə olunana mərhəmət hissini aşılamaq üçün insanın diqqətini daha çox özünə çəkir. Bəlkə də burada rejissor mərhəmətin fədakarlıqla davam olunmasını, bu fədakarlığın isə insan azadlığında, iyrənc fantaziyalardan uzaq fərdi azadlıqda təcəssüm olunmasını istəmişdir. Hər bir ehtimalla filmdə yəgin ki, rejissorun bizə çatdırmaq istədiyi daha çox incə məqamlar vardır. 
 
Yazını filmin son hissəsindən bir epizodu təsvir etməklə bitirmək istəyirəm. Qayda-qanunu pozduğuna görə edama məhkum olunmuş gənci malikanənin həyətində üzüqoylu yerə uzadıb əl-ayağını bağlayırlar. Onu ilk öncə zorlayırlar, sonra isə maraqlı bir hadisə baş verir: cəllad ona yaxınlaşıb gözünün birini çıxarmaq üçün başını qaldıran zaman qurban cəlladının üzünə gülümsəyir. Bu təbəssüm nəyin təcəssümü idi – iradənin, yoxsa etibarın? Bu gənc kim idi – inqilabçı, yoxsa müqəddəs? Bəlkə elə məhz bu gəncin özü hamıdan böyük sadist idi? Bu suallara cavab vermək çox çətindir. Çünki filmin ağırlığı onun haqqında düşünməyə çox az şərait yaradır. Tamaşaçı sadəcə olaraq bu fantastik iyrənc əhvalatların absurduna qapılaraq gedir, son səhnədə isə bütün bu iyrənc mənzərənin sonunda iki əsgərin həzin musiqi sədaları altında rəqs etməyinə baxaraq çaşıb qalır.
 
Fərhad Yalquzaq 
 
1937.az
 
Yuxarı