Mənim həqiqətim

Сеймур БАЙДЖАН

 
Bu mənada hər bir insan özünü yetişdirə bilər. Həyatı rəsm dəftəri kimi təsəvvür etsək, orda ümumi cizgilər çəkilib, cizgilərin içini hansı rənglərlə rəngləmək isə bizdən asılıdır. Zəkanın qarşısında dayanmaq olmaz. Kitab insanı o qədər güclü edə bilər ki, bu güc insanı hər bir işi görməyə qadir edər. Həm yaxşı, həm də pis mənada. Məsələn, Oskar Uayldın "Dorian Qreyin portreti" əsərini hər iki halda oxumaq lazımdı. Həm şeytan olmaq, həm də şeytandan qorunmaq üçün. 
 
Bir insanın atadan qalma puluna hardasa paxıllıq etmək olar. Ki, balaca bir ev məni nə qədər problemdən uzaqlaşdırardı. Qalsaydı, yaxşı olardı. Bir insanın boyuna paxıllıq etmək olar. Amma zəhmətə paxıllıq etmək olmaz. Zəhmətə paxıllıq etmək adamın naqisliyindən xəbər verir. Oxuduğum memuarlarda xeyli faydalı fikirlərlə, əsərlərlə tanış oldum. Həyat təcrübəsi qazanmış adamlar öz hikmət xəzinəsini açmışdılar. Bu böyük səxavətdir. Elm və mərifət paylaşdıqca çoxalır, azalmır. Siz elə bir bank təsəvvür edirsinizmi ki, açsın anbarın ağzını, adamlara desin: "Gəlin nə qədər istəyirsiniz götürün". Bax, maddiyat və mənəviyyat dünyasının da fərqi bundadır. Bu xəzinələrdən bacardıqca götürdüm. Bu gün də hərisliklə oraları sözün həqiqi mənasında çapıb talamaqdayam. Əgər həcmi balacadırsa, günə bir roman, əgər həcmi böyükdürsə üç günə bir roman oxuyuram. Yazıçının üslubu, əsərin dili oxuma sürətimə təsir etsə də, daha çox oxumaqla bu problemi həll edirəm. Harda gəldi, nə gəldi  oxuyuram. Yol gedəndə kənd adlarını, restoranda menyunu, konfet kağızının üstündəki yazıları da oxuyuram… Oxumağa vaxtım  yoxdur deyən adamları səmimi qəbul etmirəm (bu haqda “Oxuma mədəniyyəti” adlı yazımda yazmışam). 
 
Haqqımda gəzən söhbətlərə əhəmiyyət vermədim. Onların paxıllığı və qərəzi öz üzərimdə daha çox işləməyə, daha çox öyrənməyə, daha çox oxumama növbəti bir səbəb oldu. Yalnız zəhmətlə onlara cavab vermək qərarına gəldim. Bizim ölkədə bir çox istedadlar öz istedadlarına arxayın olaraq, zəhmət çəkmək istəmədilər. İstedadları onların qəbrinə çevrildi. Əslində isə istedad insana verilmiş borcdur. İnsan öz zəhməti, tutduğu yolla bu borca layiq olduğunu sübut etməlidir. Necə deyərlər, alim olmaq üçün hər şeydən əvvəl oturmağı bacarmaq lazımdır. Bizim ölkədə bir çox insanlar otura bilmədiklərinə görə məhv oldular. Danışdılar, yaza bilmədilər. Ədəbiyyatda lətifələrlə qalmağı üstün tutdular. Bu gün bəziləri görüntüylə baqaj yığmaq istəyir. Başa düşmür ki, baxdığı film rejissor versiyasıdı. Sən əsəri oxumursan, əksər hallarda bir rejissorun versiyasına baxırsan. Burda kəsə yol yoxdur. Zəhmət çəkməlisən. Oturub oxumalısan. Vəssalam.
 
Gərək həyatı elə yaşayasan ki, həm rəsmlərə baxa biləsən, həm də qaşıqdakı yağ dağılmasın. Rəsmlərə baxa bildim, amma qaşıqdaki yağı dağıtdım. Həyatım alt-üst oldu. Düzəltmək də çətin məsələdi. Bir az tanınmaq çaşdırdı. Bir az zarafatın reallığa çevrilməsi məni karıxdırdı. Bir neçə ciddi səbəb üst-üstə düşdü. Oturub fikirləşdim, rast qaşıqdaki yağ dağılıbsa, heç olmasa qoy rəsmlərə daha diqqətlə baxım. Beləliklə, qərara gəldim ki, məşğul olduğum işlə daha ciddi məşğul olmalıyam. Daha çox oxumalıyam. Dayanmadan işləməliyəm. Çox rahatlaşdım. Bu gün əsrləri və qitələri aşaraq müxtəlif dövrlərdə yaşamış böyük yazıçıların iztirablarını hiss etməkdəyəm. Mən Qoqolun qorxularını, Lermontovun, Runeskonun, Platonovun, Tomas Vulfun iztirabların hiss etməkdəyəm. Ona görə, Orxan Pamuk kimi burjua kədərini bəşəri iztirab kimi adamlara satan sintetik yazıçılarla həqiqi yazıçıları ayırd edə bilirəm. Heç bir tiraj, heç bir mükafat məni qorxutmur. Bəli, Orxan Pamukun yaradıcılğı Kuprinin "Ömür Yolu" hekayəsinə həqiqi ədəbiyyat tərəzisində kəskin uduzar. Sintetik ədəbiyyatla həqiqi ədəbiyyatın sərhədini müəyyən edə bilməyənlər istədikləri qədər etiraz edə bilərlər. Heç nə deməyəcəm. Bu mənada həqiqət ifadə edilməzdir. Sənin vəziyyətin ətrafdakılar üçün faciəvi görsənir, sən isə onları görmürsən. Ona görə də, bu dəqiqə kiminsə məni bəyənib-bəyənməməsi bir qram da vecimə deyil. Kiminsə mənim istedadlı olub-olmamağımı təsdiq etməsinə ehtiyacım yoxdur. Zatən bu camaat hələ özünə yazıçı seçə bilmir. Ona gərək hakimiyyət desin ki, yazıçı filankəsdir. Kimdə bir istedad görmüşəmsə həvəsləndirmişəm, kitab vermişəm, bacardığım qədər mənbə göstərmişəm. Heç vaxt kiminsə mənə rəqib olacağından qorxmamışam.  Ətrafındaki adamlar nə qədər hazırlıqlı olsalar, səni də formada qalmağa vadar edərlər. Güclülər ətrafına güclüləri yığır, zəiflər zəifləri.  Məndən imkanlı adamların paxıllığın hiss edəndə sevinmişəm. Amma  eyni problemlərin məngənəsində sıxılan adamların paxıllığından incimişəm. Dostoyevski deyirdi ki, nəinki toxun acdan, hətta acın da acdan xəbəri yoxdur. Sağ ikən itirdiklərimizin necə mənəvi deqradasiyaya uğradıqlarına təəssüf edirəm. Mənəvi böhranın başlanğıcı var, amma sonu yoxdur. Batdıqca batırsan... 
 
Evlənmədim. Burda da bir neçə səbəb üst-üstə düşdü. Zəhmətlə qazandıqlarıma kiminsə özünü şərik qoşmasına imkan vermədim. Çünki buna layiq deyildilər. Qapımı açıq qoydum. Dedim kim istəyir gəlsin. İstəmədim kiməsə azadlıq verəm. Nə qədər banal səslənsə də, azadlıq verilmir, azadlıq alınır. Hər bir insan, hər bir xalq azad olmağa layiq olduğunu sübut etməlidir. 
 
Sevildim. Öz də necə lazımdırsa. Bu haqda “Səmavi sevgi" yazımda yazmışam. Təkrar etmək istəmirəm. Möcüzəni öz gözümlə gördüm. O göstərdi ki, möcüzə var. Əgər sən möcüzəni görməmisənsə, bu o demək deyil ki, möcüzə yoxdur. Var. Gördüm. Başa düşdüm ki, bizim sənətkar vasitəsi ilə tanıdıqlarımızın çoxu əslində şöhrətin üstünə qonublar. Həqiqi fədakarlardan, həqiqi qurbanlardan adamların xəbəri olmur. Həyat, tale özü belə düzüb-qoşur. Fədakar qadınları yalnız əsərdə yazılmayanları oxumaq qabiliyyəti qazanmışlar tanıya bilərlər.  Hər bir qəribə həyatda belə bir adam olur. O, mənim ayaqlarımı göz yaşları ilə yuyub saçları ilə quruladı. Bu dəhşət idi. Sadəcə dəhşət. Bu ifadə edilməzdir. Susuram.
 
Düzdür, bir çox səhvlərim, bir çox hərəkətlərim mənə vicdan əzabı verir. Bunun özü də vicdanın həssaslığı ilə bağlıdır. Vicdan nə qədər həssas olarsa, günah da bir o qədər  böyük olar. Başqalarının fəxr etdikləri əməllər mənə əzab verir. Eybi yox. Bəzən günahlar və səhvlər də insanı müqəddəsliyə apara bilər. İndi çox az adamla ünsiyyətə girirəm. Fərdlərə sərf edəcək enerjim və həvəsim yoxdur. Bəzi adamlar niyə onlarla ünsiyyətə girmədiyimi qanmırlar. Onlar düşünürlər ki, filankəsdənsə, mən Seymurla Dostoyevskiden, Tolstoydan daha yaxşı danışaram, niyə mən yox, başqası? Mən səmimiyyətə üstünlük verirəm. Kimin statistika naminə oxuduğunu, kimin yalandan kitabla gəzdiyini, kimin kitab alıb oxumadığını, kimin kitabın bir əvvəlini, bir də axırını oxuduğunu yaxşı bilirəm. Kim yazılarımı oxuyub faydalanırsa, nişan verdiyim kitabları tapırsa, özünə yaxşılıq edir. Etiraf edim ki, eqoistliyim, şöhrətpərəstliyim bir tərəfdən faydalı oldu.  Onsuz da bizim camaat hər şeyi dayandıqları yerdə qazanıblar. Kimsə bunlara jurnal açıb, kimsə akademik musiqi yaradıb. Bircə dəfə proses olaraq xalq hərakatında iştirak ediblər. O hərəkat da kəndli üsyanı kimi bir şey idi. Axırda da lideri siyasət meydanından birbaşa doğulduğu kəndə qaçdı...
 
 Hazır olmadığım imtahana girmək istəmirəm. Adam bildiyi işlə məşğul olmalıdır. O qədər də ciddi iş görməsəm də, hər halda kifayət qədər faydalanmaq olar. Fədakarlıq etmirəm. Yazdıqlarıma iş kimi baxıram. Gedib hansısa idarədə səhər saat səkkizdən axşam saat yeddiyə qədər işləsəydim, ən yaxşı halda 500-600 manat maaş alacaqdım. Yalan danışmaq, yaltaqlanmaq istəmirəm. Düzdür, buna görə qarşıma xeyli problemlər çıxsa da, əvəzində rahatam. Həyatımda xeyli hadisələr baş versə də, xeyli əzab və iztirab çəksəm də xoşbəxtəm. Bunun özü belə mənə qəribə gəlir. Volterin təbirincə desəm, bir daha dünyaya gəlsəm, bilib bədbəxt olmaq, yoxsa bilməyib xoşbəxt olmaq sualı qarşısında qalsaydım, bu qədər əzaba, iztiraba, səhvə, kədərə ,ağrılara, çətinliklərə baxmayaraq, yenə də bilib bədbəxt olmağı seçərdim. 
 
Bunları ona görə yazıram ki, yazılarımı oxuyaraq, mənə minnət qoymaq istəyən, bəyənmirəm, yaxud bəyənirəm, ilk dəfədir razılaşıram deyənləri görmürəm. Onlar çox uzaqdadırlar. O qədər uzaqdadırlar ki, onların həqiqətən də mövcud olub-olmadıqlarını müəyyən etməkdə bəzən çətinlik çəkirəm…         
 
Seymur Baycan
 
Kultura.az
      
Kultura.az | Developed by Samir Yahyazade