Sarı kostyumlu adamın misteriyaları

Литература

 
Sakit, kiçik bir sahil şəhərciyində yaşadığınızı təsəvvür edin. Hər kəsin bir-birini tanıdığı balaca, amma bir az da darıxdırıcı, olaylardan yoxsul bir şəhərcik. Bu şəhərcikdə rahat-rahat yaşayıb, ölümü gözləmədən ölümə sarı yavaş-yavaş yaxınlaşmaqdasınız. Bu şəhərin insanları hüzura o qədər öyrəşiblər ki, hətta bir gəncin müəmmalı intiharı belə əksəriyyətinin rahatlığını pozmur. Və bir gün tanımadığınız, qəribə görkəmli, 28-29 yaşlarında gənc bir adam peyda olur. Əlində skripka futlyarı, əynində sarı kostyum. Bu gənc adam sahilə düşdüyü andan ətrafdakıların diqqətini cəlb edir. Günlər ötdükcə isə öz hərəkətləri, düşüncələri, fərqliliyi və haqqında dolaşan şayiələri ilə aləmi qatır bir-birinə, həyatınızı alt-üst edir. 
 
Kimdir bu sarı kostyumlu adam? Yuhan Nilsen Nagel. İnsanlara yalnız adı bəllidir. Elə oxucuya da. Amma heç bu adın da dəqiq olduğunu bilmirik. Haradan gəlib? Bilmirik. Nəçidir? Onu da dəqiq bilmirik. Birinə aqronom, digərinə isə köhnə əşya kolleksioneri olduğunu söyləyir. Niyə gəlib? Bilmirik. Bunu yəqin ki, Nagelin özü də bilmir. Haradansa harayasa gedərkən bu balaca şəhərin cazibəsi qəfil onu özünə çəkir. Vəssalam. 
 
Nə qəribə insandır bu Nagel! Knut Hamsun bütün yaradıcılığı boyunca bu tip insanların mənəvi dünyası ilə maraqlanır. Onların dünyadan və özlərindən nə istədiklərini öyrənməyə çalışır. Nagelin qəhrəman olduğu “Misteriyalar” romanı bu axtarışın zirvəsidir. Gəl ki, 93 illik ömür sürən nəhəng yazıçı bu romanı vur-tut 33 yaşında yazıb, az qala yaradıcılığının lap əvvəlində. 
Nagel tipli insanlar bizim həyatımıza da zaman-zaman daxil olurlar. Çox vaxt biz onların fərqində olmuruq. Bəzən onların missiyaları yarımçıq qalır. Bəzənsə işlərini bitirib həyatımızdan birdəfəlik yox olurlar. Bu tip insanlar və onlardan bəhs edən əsərlər haqqında yazıçı Seymur Baycan “Ezop şahzadələri” adlı məqaləsində ətraflı yazıb. (http://kulis.az/news/3916) Çox üzərində dayanmadan keçirəm misteriyaların müəllifi, həyata da misteriya kimi baxan Nagelə. 
 
Çox ziddiyyətli insandır Nagel. Psixikasımı yerində deyil, yoxsa iradəsizdirmi, ya doğrudan da nə isə mistik bir qüvvə dolaşır başı üzərində? İlk baxışdan bunların hər hansı birini düşünməyiniz normaldır. O, sizə çox mükəmməl yalan uydurar, elə bir neçə dəqiqə sonra yalan söylədiyini çox səmimi bir şəkildə etiraf edər, ən sonda isə bunların hər ikisini öncədən planladığını, sizin xoşunuza gəlmək üçün etdiyini söyləyə bilər. Və siz də hansının doğru, hansının uydurma olduğunu ayırd edə bilməyib çaş-baş olarsınız. Hətta üstündə gəzdirdiyi futlyarın da içinin pal-paltarla dolu olduğunu, onu insanlarda təəssürat yaratmaq üçün gəzdirdiyini, ümumiyyətlə, heç skripka çala bilmədiyini söyləyər. Amma bir gün bir məclisdə qəfildən skripkanı əlinə götürüb valehedici bir şəkildə ifa edər.
Yaxud, dayandığınız bir məkana girər və birdən-birə “bura əvvəllər aptek olmayıb ki?” deyə soruşar. Siz də məlul-müşkül təsdiqləyərsiniz. Əslində, o, bu məkanda ilk dəfədir olur, bu haqda heç nə eşitməyib və məkanın apteki xatırladacaq ən xırda bir nişanəsi də yoxdur. Bəs haradan bildi? Nagelin özünə də qaranlıq qalır bu duyğular. 
 
Roman boyunca belə mistik hadisələr, anlaşılmaz situasiyalar, Nagelin insanı özündən çıxaran hərəkətləri dayanmadan davam edir. Knut Hamsun romanda elmlə mistikanı üz-üzə qoyur, cavabını bilmədiyi və bilmədiyimiz suallar verir. Amma tibdən xəbərsiz olmadığını da göstərmək bir doktor obrazı yaradıb. Doktorun dilindən baş verənlərin elmi səbəblərini izah etməyə çalışır. Amma üstünlüyü kimə verir, nəticədə hansı qalib gəlir, ümumiyyətlə, bu döyüşdə qalib gələn olurmu suallarına cavabı hər kəs əsəri oxuduqdan sonra öz anladığı qədər tapacaq. 
 
Mənə görə, Knut Hamsun Nagelin tərəfindədir. Nagel elə bir tipdir ki, sənin daxilində qismən də olsa, onun kimi bir insan yaşamasa, onun iç dünyasını yarada bilməzsən. Onun hallüsinasiyalarını, beyninin içində yaşanan çaxnaşmaları sadəcə yazıçı olaraq uydurmaq, məncə, mümkünsüzdür. Yəni dediyim odur ki, Nagelin düşüncələri təkcə bir ədəbi obrazın düşüncələri deyil, elə Knut Hamsunun özünündür. 
 
Dediyim kimi, ziddiyyətli insandır Nagel. Çox xeyirxahdır, həm də xeyirxahlığın gizli qalmasını, göstəriş üçün olmamasını söyləyir. Amma bəzən etdiyi xeyirxahlığın arxasınca elə hərəkət edir ki, ayırd edə bilmirsən, xeyirxahlığı hiylə idi, yoxsa səmimi. Yaxud, qəddardır. Bəzən ən sevdiyi insanın belə qəlbini qırmaqda tərəddüd etmir, amma bəzən də istəmədən incitdiyi bir itin başını sığallayaraq ağlayacaq qədər ürəyiyumşaq olur.
 
Hər şeyə, hər kəsə qarşı çıxmağı sevir. Xüsusilə də, “böyük” adlandırılanlara. Tolstoyu, Hüqonu, İbseni yıxıb-sürüyür. O, hər kəsin bir-birini dümsükləyib göstərdiyi böyüklərdənsə, kiçik, heç kəsə məlum olmayan dahilərə, erkən vəfat etmiş gənclərə, parıldayan işıldaquşlara üstünlük verir. Kainatla müqayisədə zərrə boyda olan dünyanın üzərində gəzənlərin özlərini böyük adlandırması, özlərinə böyük seçməsi ona gülünc gəlir. Həm də belə “böyük seçmə” həvəsinin sonda “çox böyüyün” yaranmasına gətirib çıxaracağından əmindir. “Çox böyük”lərinsə başımıza nə oyun açdıqları tək Nagelə deyil, hamımıza məlumdur. 
 
Bununla belə, böyük insanların yalnız özünü, onların böyüklüyünü tənqid edir. Yaradıcılıqları iləsə problemi yoxdur. O, Tolstoyu sevmir, amma “Hərb və Sülh”ü, “Anna Karenina”nı sevir. 
“Misteriyalar”da Nageldən başqa da kifayət qədər maraqlı və mükəmməl yaradılmış obrazlar var. Məsələn, liliput, təlxək, zəif və xəstə Dəqiqəcik. Nageldən sonra ən maraqlı tip Dəqiqəcikdir. Saf və zəif olduğuna görə bütün şəhərdə Nagelin ən çox rəğbət bəslədiyi insan da elə Dəqiqəcikdir.
 
Nagelin fərqliliyi qadınların qəlbini fəth etməkdə ona kömək edir. Amma həm də çox uğursuz aşiqdir. Xarakterindən və düşüncələrindən dolayı son nəticədə istədiklərinə nail ola bilmir. Ümumiyyətlə, planlı yaşamaq, planlı hərəkət etmək ona uğursuzluq gətirir. Hətta hər şeydən bezib özünü öldürməyə qərar verəndə belə. Həmişə üstündə gəzdirdiyi zəhərlə özünü öldürməyi planlaşdırır. Amma alınmır. Sonda isə heç nə planlamadan, yerindən qalxaraq sakitcə sahilə gəlir və özünü dənizə atır. Bu da son. İçi-çölü təlatüm dolu bir insanın səssiz ölümü. Sözün həqiqi mənasında. Ölümünü göstərən tək nişanə suyun üzərində bir neçə qabarcıqdır.
 
Sonda nagelfason bir etiraf edim. İstər romanın özəyini, istərsə də Nagelin daxili dünyasını çox az anladığımı düşünürəm. İllər sonra bu əsərə yenidən qayıtmalı olacağam. Amma tam anlamadığım əsərdən necə təsirləndim və bu yazını niyə yazdım, dəqiq bilmirəm. Yəqin ki, görüntü xatirinə. 
 
Rəşad Səfər
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade