post-title

İki məktub, iki tale

Bu gün sizə iki məktub, iki tale haqqında yazacam. Məktublar və onların arxasındakı talelər fərqlidir. Amma oxşarlıqları da az deyil. Hər iki məktubun ünvanı “xalqlar atası” İosif Stalindir.

 
 
Hər iki məktubun müəllifi yazıçıdır.
 
Hər iki məktub çarəsizlikdən, məşəqqətdən doğmuşdu.
 
Başlayaq birinci məktubdan. Onu Yusif Vəzir Çəmənzəminli yazıb.
 
Çəmənzəminli Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra mühacirətə, Parisə yollanır. 1925-ci ildə onun yeganə qardaşı ağır xəstələnir, çox keçmədən vəfat edir və bu, yazıçını dərindən sarsıdır.
 
Çəmənzəminli artıq Parisdə qala bilməyəcəyini anlayır, onu qarşıda gözləyən təhlükədən xəbərdar olduğu halda, Azərbaycana dönmək qərarı alır.
 
Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. Musabəyov Yusif Vəzirin məktubunu Sovet Azərbaycanının o vaxtkı rəhbəri Kirova çatdırır. Kirov Çəmənzəminlinin qayıtmaq niyyətini alqışlayır.
 
Bir il sonra Ümumittifaq İcraiyyə Komitəsinin qərarı ilə yazıçı sovet vətəndaşlığına qəbul edilir. 1926-cı ilin yazında Çəmənzəminli mühacirətdən vətənə qayıdır.
 
Onun Stalinə ünvanladığı məktub isə 11 il sonra yazılır, həmin məktubda yazıçı Sovet Azərbaycanına qayıtmasının səbəbini belə izah edirdi: “Mənim üçün Vətən, dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir liman kimidir”. Daha sonra yazıçı düşdüyü çarəsiz vəziyyəti anladır, Yazıçılar İttifaqındakı işindən çıxarıldıqdan sonra üzləşdiyi ağır durumdan bəhs edir və iş istəyirdi.
 
Bəs Stalinin cavabı? Cavabsızlıq.
 
Nəhayət, 1938-ci ildə bir elanla rastlaşır, elanda Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan edildiyi bildirilirdi. Yazıçı sənədlərini toplayıb Urgənc şəhərinə göndərir.
 
Müsabiqədən keçib rektorluqdan dəvət alır. Urgəncə yola düşür və institutda baş müəllim, eyni zamanda, institut kitabxanasına müdir təyin edilir.
 
Stalin repressiyası onu iki il sonra yaxalayır, bəzi elm və mədəniyyət adamlarının “etirafedici ifadələri” əsasında Azərbaycana gətirilir, burada 6 ay həbsdə saxlanıldıqdan sonra sürgünə göndərilir.
 
Cəmi üç il sonra isə onun Nijni Novqoroddakı bir həbs düşərgəsində aclıqdan öldüyü xəbəri gəlir.
 
Haqqında danışacağımız ikinci məktubun müəllifi isə Bulqakovdur, onu da Sovet rəhbərliyinə müraciət etməyə düşdüyü çarəsiz durum sürükləmişdi.
 
Məktub belə başlayırdı: “Əsərlərimə qadağa qoyulduqdan sonra, yazıçılıq fəaliyyətimlə tanış olan xeyli sayda vətəndaş mənə eyni bir məsləhəti verməyə başladı: ”Kommunistsayağı pyes" yazmalı (sitatları dırnaq arasında göstərirəm), eləcə də SSRİ hökumətinə tövbə məktubu ilə müraciət edib bədii əsərlərimdə dilə gətirdiyim əvvəlki baxışlarımdan imtina etməli və bundan sonra kommunizm ideyasına sadiq poputçik-yazıçı kimi işləyəcəyimə təminat verməliyəm. Məqsəd: təqiblərdən, kasıblıqdan və bunun nəticəsində qaçılmaz ölümdən yaxa qurtarmaqdır".
 
Bulqakov məktubunda bu məsləhətə qulaq vermədiyi üçün düşdüyü acınacaqlı mənəvi və sosial durumu anladır, özünə və arvadına SSRİ-dən çıxıb getməsi üçün icazə istəyir, əgər bu da mümkün deyilsə, xahiş edir ki, işlə (ştatlı rejissor, hətta statist!) təmin edilsin. “Əgər bu da mümkün deyilsə, Sovet Hökumətindən xahiş edirəm mənimlə necə bilir elə də davransın, amma bundan öncə mənim beş pyes müəllifi, SSRİ-də və onun hüdudlarından kənarda tanınan bir dramaturq kimi bu dəqiqə, - kasıb, evsiz-eşiksiz və məhvə məhkum olduğumu nəzərə alsın” - Bulqakov məktubuna belə nöqtə qoymuşdu.
 
Nəticə? Nəticəsizlik.
 
Dörd il sonra Bulqakov arvadı ilə birgə ölkəni tərk etmək üçün pasport verilməsini xahiş edir, aldığı cavab isə belə olur ki, pasport lazım deyil, çünki pasportlar havayı olacaq və istəsələr, sabah gedə bilərlər! Amma bu cavabdan sonra da onlara pasport verilməsi hər gün ertələnir, ən axırda isə deyilir ki, pasport verilməsindən birdəfəlik imtina olunur. Bulqakov izahat istəyir. Cavab: “Özünüz  bilirsiniz ki, bunu kim belə istəyir”.
 
Beləcə, Bulqakov SSRI-də qalmalı oldu. Stalinlə barışmaqdan başqa əlacı qalmamışdı. Odur ki, onun 60 illiyi şərəfinə “Batum” pyesini yazır. Pyes Stalinin inqilabi gəncliyindən bəhs edirdi. Amma “dahi rəhbər” yazıçını yenə bağışlamadı.
 
Bulqakov Çəmənzəminlidən fərqli olaraq sürgündə ölmədi. Hətta son nəfəsində başda SSRİ Yazıçılar Ittifaqının sədri Fadeeyev olmaqla, bir çoxları gizlicə onun görüşünə də gəlirdilər.
 
Amma “dahi rəhbər”in qəlbindən qovulduqdan sonra hər yer soyuq sürgün, katorqa idi.
 
Bu “qızıl qayda” heç indi də dəyişməyib...
 
Elnur Astanbəyli
 
"Azadliq" qəzeti
Yuxarı