Keçiləsi bir yol

Литература

 
 
“Studentlər” əsərində XX əsrin əvvəllərində Kiyevdə təhsil alan tələbələrin ictimai-siyasi həyata atılmaq cəhdlərindən, bu yöndə fəaliyyətlərindən bəhs olunur. Burada hər təbəqədən hər məzhəbə qulluq edən tələbəyə rast gələ bilərsiniz. Məzhəb çox, təşkilat çox, əqidə çox. İndiyə kimi bu qədər fikir müxtəlifliyi mühitinə düşməmiş gənclər qarşılarında açılan bu imkanlar qarşısında çaş-baş qalır, doğru yolun hansı tərəfdə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.  
 
“…Bunları bir-birinə bağlayan nə xüsusi dоstluq vardı, nə də şəxsi həyat. Hərəsi bir şəhərdən gəlmiş, təsadüfən Kiyеvdə görüşmüş və ruhən biri digərinə yabançı qalmışdı. Buna baxmayaraq, milli hiss bunları milli kоmitə ətrafına tоplaya bilmişdi; lakin bunların milli hissləri də müəyyən bir xüsusiyyətə malik idi. Ailə və çоcuqluq mühitləri bu hissi bunlara vеrməmişdi. Оrada оnları bəsləyən yalnız dini məfkurələr оlmuşdu. Dеməli, milli ruh bunlarda üzvi dеyil, təqlid qanunu vasitəsilə dоğmuşdu. Kiyеvdə pоlyak studеntlərinə rast gələrək, оnların rus dilini bоykоt еtmələrini, milli ənənə və tarixlərinə sarılmalarını görmüşdülər; yəhudi, gürcü, еrməni və başqalarının milli təşkilatları ilə aşina оlub aydın bir məfkurə yоlunda çarpışmalarının şahidi оlmuşdular... Özgələri təqlid еdərək: “Bizim də bir mənəmliyimiz оlmalıdır”, – dеmişdilər.“ 
 
Bu gənclərin içində parlayan bir lider vardır. Müxtəlif fikirlərin daşıyıcıları olan bu gəncləri Rüstəm bəy milli komitə ətrafında toplaya bilmişdir. Lakin müəllif  Rüstəm bəyin özünün də dəqiq bir yola sahib olmadığını göstərir. Biz əsər boyu onun daima axtarışda olduğunu, gah bolşevik, gah müsavat ideyaları ilə maraqlandığını, ölkəsinin müstəqilmi, yoxsa federasiya şəklindəmi daha tərəqqqi edə biləcəyi konusunda bir qərara gələ bilmədiyini görürük. 
 
Çox güman ki, Rüstəm bəy obrazını yazıçı hardasa özünü nəzərdə tutaraq yaratmışdır. Yusif Vəzirin həyatı ilə bağlı məqamları oxuduğum zaman “Studentlər” əsərindəki Rüstəm bəyin elə onun özü olduğu qənaətinə gəlirdim. Rüstəm bəyin iztirabları, milləti üçün doğru yol axtarmaq çapaları, göstərdiyi fəaliyyətlər bizə Yusif Vəziri xatırladır. Elə Yusif Vəzir Çəmənzəminlini 1937-ci ildə məhz “Studentlər” əsərinə görə ittiham edirlər, xalq düşməni kimi qələmə verirlər. Tənqidçi Hidayət Əfəndiyev 1936-cı ilin noyabrında mətbuatda “Studentlər” əsərinə yüksək qiymət verərək  təriflədi. Bundan 5 ay sonra isə bu əsəri oxumadan haqqında müsbət fikirlər söylədiyini "boynuna almış" və yazıçını “Oktyabr sosialist revolyusiyasına, bu revolyusiyanı yaradan qəhrəman rus proletarlarına və revolyusiya hərəkatının Lenin və Stalin kimi dahi rəhbərlərinə sağlam dünyagörüşü ilə yanaşmamaqda, daha doğrusu, bunları bizə düşmən cəbhədən qiymətləndirməkdə” ittiham etmişdir.
 
Əsərdə bir çox dəyərlərlə və dəyər hesab etdiklərimizlə bağlı maraqlı fikirlər var. Bu fikirlər o qədər çoxdur ki, onların hamısını kiçik bir yazıda qeyd etmək mümkün deyil (və ən azı buna görə əsəri mütləq oxumağı tövsiyə edirəm). Amma dinlə bağlı bir-iki məqamı qeyd etmək istərdim. İllər boyu dinin, cəhalətin əsiri olan bu gənclər bir az bu təsirdən kənar mühitə düşən kimi fikirləri, düşüncələri müsbət yöndə ciddi şəkildə dəyişir. (Bunun əksini biz  cəmiyyətimizdə XX əsrin sonunda müşahidə etdik – illərlə dindən uzaq tutulmuşların dinə doğru can atmalarını. Hansı ki, hələ də davam edir). Əsərdə Rüstəm bəy və yoldaşları arasında dinlə bağlı polemikalar və gəlinən nəticələri hazırkı gəncliyimizin dünyagörüşü ilə müqayisə etdikdə daha mütərəqqi olduğunun şahidi oluruq.  
 
“Avrоpada dünyaya hədsiz-hеsabsız mütəfəkkirlər gəlmiş, оrada böyük filоsоflar, gеniş məlumatlı alimlər оlmuş; ancaq Avrоpa tarixində din icad еdənlərə rast gəlmədim. Lütеr və Qalvin kimi din islahatçıları оlmuş, yеni din uyduran оlmamışdır. Amma bizim Şərqdə iki еşşəyin arpasını bölməyə qadir оlmayanlar bеlə pеyğəmbərlik iddiasına düşmüşlər…avam dinində möhkəm оlar və ayrı dini öz dininə tərcih еtməz; arif və kamillərin də dinə еhtiyacı yоxdur. Оnlar dinsiz də yaşayışın yоlunu tapmışdırlar…Amеrikanın yеni dinə еhtiyacı yоxdur. Amеrikanın dini sənayе və ticarətdən ibarətdir. Amеrikada xalq о qədər işə məşğuldur ki, başlarını qaşımağa bеlə macalları yоxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü о qədər işsizliklə, xəyal və mövhumatla kеçiririk ki...” Bu Rüstəm bəyin gəldiyi qənaətdir. 
 
Əsəri oxuyanlar burada özlərini mütləq görə bilərlər. Keçən əsrin əvvəllərində Kiyevdə təhsil alan bu tələbələr biz özümüzük. Ürəkdən millət üçün yanan, onun cəhalətdən çıxması üçün yollar arayan, hansı firqə ilə bu yolu getməyin daha düzgün olduğu barədə bir qərara gələ bilməyən Rüstəm bəy,  onunla eyni ideyaları paylaşan, amma bir qədər mübarizə aparmaqdan uzaq olan, Salmanın dili ilə desək “inqilabi ruhu olmayan” Çingiz, tacir balası olan və oxumağa da sərvət sahibi olmaq üçün gələn, ictimai hadisələrə tacir təfəkkürü ilə yanaşan Qulu, “çar rəsminin altında dünyaya gəlmiş, оnun qarşısında böyümüş” məmur oğlu Həsən, təhsil ala bilmək üçün hər cür işlə məşgul olan, pul alıb, əvəzində yoldaşlarının yerinə imtahana girən Bəhram, işi-gücü rus qızlarını bişirmək olan arvadbaz Cəfər, Fərəməz, kasıb təbəqədən çıxmış, bolşevik ideyalarını dəstəkləyən dəllək oğlu Salman, özünü Allah adlandıracaq qədər azad olan İskəndər, dinlərlə, müxtəlif təriqətlərlə bağlı nəticəsiz, mənasız mübahisələrin iştirakçısı olan Eli, təbiətən bədbin, heç nəyə və heç kimə inanmayan, hamıya istehza ilə yanaşan Cəfər, milli komitənin adı altında pərdələnib şəxsi mənfəətləri ilə məşgul olan İmran, Həsənoğlu və bir də Tapdıq. 
 
"Tapdıq bizim hamımızın ən son ümid yerimizdir. Tapdıq yaxşı günün deyil, pis günün dayağıdır. Onun bizim ideyalarımızla işi yoxdur, ola bilsin buna elmi, savadı çatmır, biz onu dəli, lotu, dələduz, əhli-kef, qəribə adam adlandırırıq. Yaxşı günlərimizdə o bizim heç yadımıza da düşmür, onu adam yerinə qoymuruq. Amma elə ki, əlimiz hər yerdən üzülür, dost sandıqlarımız bizə arxa çevirir, getməyə yerimiz, sığınmaga adamımız olmayanda, “Nə edək? Haraya gedək?” deyə fikirləşəndə birdən qışqırırıq: - Tapdıq!" Bəli, bu həmin Tapdıqdır. Yusif Vəzir onu elə belə də adlandırmışdır. 
Bütün bu tiplər elə biz özümüzük. Həmin təfəkkür, həmin düşüncələr, həmin mənasız mübahisələr, dartışmalar ve sonda yalan, xəyanət. Amma bütün bunlara baxmayaraq, tələbə həyatı yaşanmalı bir həyatdır, keçilməli bir yoldur. Bu yol onları müstəqil həyata aparan yoldur. Bu yolda sevinc var, kədər var, məğlubiyyət var, qalibiyyət var, yalan var, səmimiyyət var, xəyanət var, sadiqlik var. Bu yol studentləri bərkidən, mübariz edən, yaşamaq, yaratmaq həvəsi oyadan bir yoldur. Cəhalətin kor etdiyi gözləri açan, təfəkkürləri inkişaf etdirən, ziyalı yetişdirən bir yoldur. Məhz bunlara görə bu yoldan keçməyə dəyər. İllər sonra geriyə dönüb baxdığımızda fikirləşirik ki, dəyərdi…
 
Məhəmməd Nuray
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade