post-title

Bizə verilən və bizim verdiyimiz tərbiyə

Təxminən üç ilin söhbətdi. Yay fəslində restoranlardan birinin həyətində yaxın tanışlarımdan birini gördüm. Oğluyla bir masa arxasında oturmuşdu. Yaxınlaşdım. Görüşdük. Hal-əhval tutduq.

 
Dedim, deyəsən, ata-bala oturub yeyib içirsiniz? 
 
Tanışım çəkdi məni kənara. Dedi ki, mən heç vaxt evdə uşağa söz demirəm. Uşağa evdə söz deyəndə danlaq kimi qəbul edir. Çıxarıram bayıra. Gəzirik. Restoranda oturub yeyib-içirik. Arada da deyirəm ki, filan işi etməsən yaxşı olar. 
 
İki daşın arasında öz tərcübəsini bölüşdü. Baxdım ki, ağıllı fikirdi. Məqam düşdü, indi tirajladım. 
 
Həqiqətən də sözü harda və necə deməkdən çox şey asılıdı. 
 
Yaxınlarda Konçalovskinin bir filminə baxdım. 
 
Həyatda özünə yer tapa bilməyən gəncə bir yaşlı kişi deyir: "Bu həyatda yaşamaq üçün bizə üç şey lazımdır: inam, sevgi və ümid". 
 
Belə baxanda adi sözlərdi, amma qoca bu sözləri elə bir səmimiyyətlə deyir ki, gənc tamam sarsılır. 
 
Makarenko ən ipə-sapa yatmayan, oğru, xuliqan uşaqlara ən önəmli tapşırıqlar verirmiş. 
 
Taqor öz puluyla məktəb tikdirmişdi. Hətta deyilənlərə görə, bunun üçün arvadının qızıllarını belə satmışdı. 
 
Çexov xəstələri pulsuz müalicə edirdi. Ona görə yazdıqları ilə həyatı üst-üstə düşən yazıçı deyirlər ona. 
 
Deyilənə görə, Üzeyir bəy həftədə bir dəfə kasıb tələbələrə evində plov qonaqlığı verirmiş. 
 
Nəcəf bəy Vəzirov ahıl çağında qadın rolu oynamağa məcbur olmuşdu. 
 
Tarixdə belə fədakarlıqlar çoxdu. Əgər bir az detallara varsaq, görərik ki, bu fədakarlıqların mənbəyi inam, sevgi və ümiddir. Bu üç sehirli və səmavi sözdən güc almayan insan fədakarlıq edə bilməz. Sadəcə belə fədakarlıqlardan kim nə dərəcədə öz payını götürür, kim nə dərəcədə xəcalət çəkir, kimin nə dərəcədə vicdanı oyanır, bu başqa söhbətin mövzusudu. Onsuz da təmənnasız sevgi və təmənnasız fədakarlığın vəhdətindən doğan nur layiq olduğu qəlblərə işıq salır... 
 
Ötən yazımda da qeyd etmişdim ki, tənbəllik şərq xalqlarının ən böyük bəlalarından biridi. Tənbəllik adlı bu bəla uşaqlara verilən tərbiyədə də özünü göstərir. 
 
Məktəblərdəki dərsliklərdə heç bir dəyişiklik yoxdu. Müasir dünyanın mənzərəsi bizim dərsliklərdə görünmür. Uşaqların seçim imkanı, seçim azadlığı yoxdu. Əzbərçilik hamını eyniləşdirir. Hamı eyni cür düşünür. Heç kim fikrini ifadə edə bilmir. Bizim məktəblərdə uşaqlara ancaq oxuma-yazma öyrədirlər. Çox vaxt heç buna da nail ola bilmirlər. Müəllimlər standartlara cavab vermir. Bundan əlavə, müəllimin nüfuzu yoxdur. 
 
Çexov deyirdi ki, bir milləti məhv etmək üçün onun müəllimini gözdən salmaq kifayətdir. Müəllim özünü inkişaf etdirməyə ərinir. 
 
Tənbəllik valideynlərin uşaqlara qarşı münasibətində də özünü büruzə verir. Valideyn uşağı başa salmaq, öyrətmək əvəzinə qısa və asan yolu seçir. Qışqırır. Acıqlanır. Qadağalar qoyur. Hətta vurur. Ən pisi də odur ki, bu, norma kimi qarşılanır. Adam eşidir ki, qonşuda ər arvadını, yaxud ata oğlunu döyür. Səs-küy qalxıb. Hər şey ola bilər. Bunu norma kimi qəbul edir. Narahat olmaq əvəzinə qulağını divara dirəyib davanın səbəbini öyrənmək istəyir. Yekə-yekə kişilər araqdan içib atalarının onları necə döyməsini nostalji hissiylə xatırlayırlar. 
 
Toyda tamadalar şeir deyirlər: "İstəyirəm səhvim üstdə döyəsən məni, əllərinə qurban olum ay ata!". 
 
Ayıbdı! Bu nə ibtidailikdi? Bu nə qəbilə təfəkkürüdü? Adam da öz döyülməyini belə iştahla xatırlayarmı? 
 
Atam məni bir-iki dəfə vurub. Hələ də yadımdadı. Bağışlamıram. Qiyamət günündə də desələr ki, sən bu kişini bağışlayırsan? Deyəcəm, yox. Bağışlamıram. Hərçənd başqaları ilə muqayisədə bizimlə xeyli yumuşaq davranırdı. 
 
Öz uşaqlarını məftillə, trosla, çomaqla, şlanqla döyənlər var idi. Uşağı ayağından asırdılar. Başından tutub divara vururdular. Lüt soyundurub bayıra atırdılar. Yemək vermirdilər. İşlədirdilər. Hovuza salırdılar... 
 
Əgər söhbət uşağı yeməklə və paltarla təmin etməkdən gedirsə, o zaman bunu hətta şüursuz canlılar belə edirlər. Bir çox insanlar düşünür ki, onun vəzifəsi hardan və necə olursa-olsun pul əldə edib uşaqları yemləməli və geyindirməlidir. Bunun üçün hətta başqalarının balalarını parçalayıb ətini öz balalarına yedizdirir. Əsl cəngəllik davranışı nümayiş etdirir. 
 
Bizim valideynlər uşağa vaxt və enerji sərf etmək istəmirlər. Uşaqla söhbət etmirlər. Dəfələrlə müşahidə etmişəm, başqa xalqların nümayəndələri uşaqla söhbət edirlər. Uşaq suallar verir, cavablar alır. Bəlkə uşaqla söhbət etməyə də masonlar imkan vermir? 
 
Bir şahmat oyununu uşağa öyrətmək uşağı nə qədər irəli atır. Ən azı uşaq oturmağı, qərar verməzdən əvvəl düşünməyi öyrənir. Hər bir valideynin vəzifəsi uşağın istedadını müəyyən edib, onu həmin istiqamətə yönləndirməkdi. Hər bir uşaq istedadlıdı, onun istedadını müəyyən etmək valideynin işidi. Təəssüf ki, bizim valideynlər hətta öz övladlarının tipini müəyyənləşdirə bilmirlər. Uşaq rəsm çəkmək istəyir, aparıb verirlər karate müəlliminə. 
 
Bayaq atamın məni vurmağını qeyd etdim. Başqa tərəfini də demək borcumdu. Ədalət naminə. Nə vaxt kitaba-dəftərə filan qədər pul lazımdı demişəmsə, sorğusuz-sualsız, artıqlaması ilə verib. Bacardığı qədər təmin edib. Bir neçə dəfə kinoya aparıb. Onsuz da özümüz istənilən vaxt kinoya gedə bilirdik. Klub uzaqda deyildi. Aparan adam da nə qədər desən. Ətraf avarayla doluydu. Amma atamla getmək bir başqa həzz idi. Əgər ətrafdakıları nəzərə alsaq, bu, balaca hərəkət deyildi. Qərəz, bunu qiymətləndirmək borcumdu. 
 
Uşaqlarda oxuma vərdişini yaratmaq valideynin borcudu. Avropada insanları uzun müddət uşaq romanları ilə tərbiyə ediblər. Məlumunuz olsun ki, elmdə və texnikada böyük nailiyyətlər əldə etmiş adamların çoxu uşaqlıqda fantastik əsərlər oxuyublar. Hətta ən nəhəng yazıçılar və fikir adamları öz memuarlarında uşaqlıqda oxuduqları romanları həyəcanla, sevgiylə xatırlayırlar. Məsələn, Nobel mükafatçısı, Fransa yazıçısı Fransua Moriak öz memuarında uşaqlıqda oxuduğu "Ailəsiz" romanını böyük sevgiylə, həyəcanla xatırlayır. Yazır ki, hətta bu yaşımda bu kitabı vərəqləyəndə mənə elə gəlir ki, uzun müddət yaşadığım, yaxşı tanıdığım evin otaqlarında gəzişirəm. Təxminən belə...
 
Seymur Baycan
Reytinq qəzeti
Yuxarı