post-title

Y. V. Çəmənzəminlinin "Studentlər" romanı haqqında

Müsabiqə üçün yazı

 

“Vəlibəy qədəhini qaldırıb Rüstəmbəyin nitqinin sonunu gözləyirdi. Nitq bitər-bitməz:

-Ukraynanın şərəfinə içək, - dedi, - qoçaq adamlar yetişdirmişdir.

Rüstəmbəy səmimi bir halda qədəhinə yapışdı və ukraynaca : “İşşe ne vmerla Ukraina!” –deyib içdi.”

Təsadüf elə gətirdi ki, kitabı oxumağım Ukraynadakı hadisələr və BDU tələbələrinin etiraz aksiyasının baş verdiyi vaxtla üst-üstə düşdü. Buna görə də onu daha böyük maraqla oxuyub bitirdim. Etiraf edim ki, indiyə qədər  Azərbaycanlı  gənclərin XX əsrin əvvəllərində  bu cür aktiv olduqlarını, dövrün ictimai-siyasi həyatında fəal iştirak etdiklərini düşünmürdüm. Bu baxımdan yazıçı təsəvvürlərimi büsbütün dəyişdi. Rüstəmbəy, Qulu, Bəhram kimi bəy, tacir, məmur ailəsindən çıxan gənclərlə yanaşı Səlman kimi kasıb ailələrin övladları da xarici ölkələrdə təhsil almış, birlikdə təşkilatlar yaratmış, qurultaylar keçirmiş, müsamirələr təşkil etmiş etmişlər. Yazıçı oxucunun gözləri önündə 1905-ci il inqilabından sonra Ukraynada tələbə həyatı və I Dünya Müharibəsinin sonlarına yaxın cəbhədə hökm sürən ümidsizlik, çarəsizlik, 1917-ci il inqilabı ilə gələn özbaşınalıq, nizamsızlıq, Ukrayna xalqının rus əsarətindən çıxma cəhdləri, cümhuriyyət qurmaları və bolşeviklərlə mübarizədə bunu itirmələri, Azərbaycanlı gənclərin öz milləti ilə bağlı ideya və  fəaliyyətinin gözəl təsvirini yaratmışdır.
Əsərin baş qəhrəmanı Rüstəmbəydir, yazıçının həyatı barədə oxuyandan sonra gəldiyim qənaət bu oldu ki, Rüstəmbəylə öz prototipini yaratmışdır. Bu  obraz vasitəsi  ilə yazıçı özünün din, millətçilik, sosializm barədə fikirlərini oxucularına çatdırır. Uşaqlıqda atası ilə birlikdə namaz qılan, oruc tutan Rüstəmbəyin sonradan din barədə söylədiklərindən belə nəticə çıxardım ki, bəli, ən gözəl din elə kitablar və davamlı mütaliədir, məhz bunlar insanı kamilləşdirir, həyatda doğru yol göstərir. Burada qısa bir haşiyə çıxmaq istəyirəm. Oxuduğum Tibb Universitetində dərs deyən müəllimlərdən yalnız ikisini həmişə ehtiramla xatırlayıram. Bu müəllimlərin hər ikisi ateist idi və həyatın yalnız bu dünyada mövcud olduğunu söyləyirdilər. Hər dəfə mühazirələrində “Bizi kim yaratdı?” sualına “Allah!”  cavabını alan həmin müəllimlərdən biri təmkinini pozmadan “Xeyr, hüceyrələr” deyərdi. Hər dəfə onların dərsdə ironiya ilə dediklərinə qarşı dörd bir tərəfdən “Əstəfullah!” cavabı gəlirdi. Bütün bunlara baxmayaraq, yalnız bu iki müəllimdən həyat barədə doğru şeylər öyrəndik, heç kimdən rüşvət almadığını gördük, elmi nə qədər sevdiklərini, həyatlarını yalnız elmə sərf etdiklərini gördük, bizdən əvvəl təhsil almış tələbələrin də onları necə ehtiramla yad etdiklərini gördük. Yalnız bu iki müəllimimdən qalan bir neçə kitab indi mənim kitab rəfimi bəzəyir və hər dəfə o kitabları götürüb vərəqləyənlər müəllifin hansı dini görüşlərə sahib olduğunu bilmədən kitab haqqında “Maraqlı yazıb” deyirlər. Ömrünü oxumağa, mütaliəyə sərf edənlər pis insan ola bilməzlər, bunu Rüstəmbəyin timsalında da görürük. Sofya Sergeyevna ilə münasibətdə də Rüstəmbəy daha dürüst davranır, ehtirasının deyil, ağlının, vicdanının diqtə etdiyinə əməl edir.

Əsərdə iki qadın surəti diqqətimi daha çox çəkdi: Fatma xanım və Sayad bacı. Fatma xanım yazıçının təsvir elədiyi kimi, Kiyevə gələn ilk müsəlman talibəsi idi və tələbələr onun xətrini çox istəyirdilər. “Millət qızı” adlandırdıqları bu xanım hamının hörmətini qazanmışdı və qurultay öncəsi tutuqlananda belə cəsarətli və soyuqqanlı davranmışdı. Sayad bacı isə Qulamrzanın arvadı idi və çarşab altından, cəhalətdən, savadsızlıqdan qurtulan azsaylı Azərbaycanlı qadınlardan biri idi. Həvəslə yazma-oxuma öyrənir, sonradan elmin müxtəlif sahələri ilə maraqlanır və Rüstəmbəyin və digər Azərbaycanlı gənclərin təşkil elədikləri iclaslarda iştirak edir. Romandan bu kiçik çıxarışa diqqət edək.

“ Qulamrza yoldaşına fəxrlə baxıb:

-Rüstəmbəy, dedi-, Sayad siyasətlə çox maraqlanır. Axır vaxt coğrafiyanı şövqlə öyrənir. Gecə-gündüz Rusiya xəritəsindən əl çəkmir.

Rüstəmbəy:

-Çox gözəl! Çox gözəl! –deyə təsvib etdi. - Türk qadınları xam torpaqdır, bilgi üçün əlverişli bir zəminə malikdirlər. Nə etməli ki, çarşab altında çürüyürlər”

Məncə bu iki müsəlman qadını obrazı ilə yazıçı oxucunun şüur altısına “savadlı qadın” anlayışını uğurla yeridir. Əsərdə bu iki qadına hörmət edirlər, onlarla fəxr edirlər, qürur duyurlar. Savadlı qadın həm də savadlı övlad yetişdirəcək, savadlı övladlar sağlam, düzgün cəmiyyət təşkil edəcək. Beləliklə, savadlı qadın cəmiyyətin formalaşmasında birbaşa iştirak edir, maarifpərvər bir yazıçı kimi Yusif bəy də bu ideyaları əsərində uğurla təmsil edib.

Romanın əvvəllərində tələbələrin Mircəlal və Əlinin ərizəsi ilə bağlı məsələləri müzakirə etmək üçün məhkəmə heyətinin ayırması, Mircəlalın özünü müdafiə üçün dedikləri, tələbə vəkillərin söylədikləri xüsusilə maraqlı idi. Ümumiyyətlə roman sadə, oxunaqlı dildə yazılıb, oxucunu yoracaq mürəkkəb təsvirlər yoxdur. Tələbəliyə hazırlaşan və hal-hazırda tələbə olanların bu əsəri oxuması xüsusilə vacibdir, çünki bununla tələbəlik həyatını daha faydalı və səmərəli keçirməli olduqlarını anlayacaqlar.

Yusif Vəzir Çəmənzəminlinin həyatı barədə oxuduqlarım məni bir qədər sarsıtdı. Yaşadığı dövrü tarix kimi romanlara köçürən, gənc yaşlarından cəhalətə, savadsızlığa qarşı vuruşan, bir neçə qiymətli əsərin müəllifi olmuş bu yazıçıya qarşı keçmiş nəslin etdiyi haqsızlıqları, cinayətləri biz bu gün əsərlərini oxuyub təbliğ etməklə yuya bilərik.

Günay Abbasova

Kultura.az

Yuxarı